Əli bəy Hüseynzadənin tədqiqatlarında Türk mənşəli Amerika hinduları

 

Azərbaycanın görkəmli mütəfəkkiri, alimi, bütövlükdə, Türk dünyasında ictimai fikrin seçilən nümayəndələrindən olan Əli bəy Hüseynzadə öz çoxşaxəli fəaliyyətində həm də türklərin tarixinin öyrənilməsi, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı qiymətli fikirlərin, məqalələrin müəllifi kimi tanınır. Vaxtı ilə onun türklərin mənşəyi, yaşayış coğrafiyası ilə bağlı toxunduğu bir sıra məsələlər aktual olmaqla yanaşı, elmdə az tədqiq olunmuşya heç toxunulmamış mövzular idi. Əli bəy Hüseynzadənin diqqətini cəlb edən belə məsələlərdən biriAmerika qitəsində yaşayan hinduların bir qisminin türk mənşəli olmasını təsdiq edən faktlar və onların əsasında aparılan ilkin tədqiqatlar idi. Türk milli şüurunun oyanmasında böyük rolu olan Ə.Hüseynzadə bu məsələyə böyük diqqət göstərib, bununla bağlı Azərbaycan mətbuatında məqalələrlə çıxış edib, fikirlərini geniş ictimaiyyətə çatdırıb.

KOLUMBMU, YOXSA TÜRKLƏRMİ?

Qeyd edək ki, Amerika qitəsi sakinlərinin bölgədə məskunlaşması ilə bağlı bir çox fərziyyələr mövcuddur. Daha geniş yayılan fikrə əsasən, Amerika hinduları vaxtilə Berinq boğazından keçərək Amerika qitəsində məskunlaşan ovçu tayfaların nəslindəndir. Sonralar onların keçdikləri qurunu su basdığına görə geri qayıtmaq mümkün olmayıb. Bu qədim ovçuların tarixi keçidinin yaşının üzərində də mübahisələr gedir. Bəzi alimlər onların 10 min il, bəziləri 20 min il, bəziləri isə daha da irəli gedərək insanların buraya 50-100 min il əvvəl, hələ buzlaşma dövründə köçdüklərini yazırlar.

Tədqiqatçı Maya Qordeyeva 1976-cı ildə nəşr olunan “Onların baxışı: Gənc amerikalılar SSRİ-də” kitabında Amerikadan gələn hindu hüquqşünas Cek Raşinqin sözlərini verir: “Mənim tayfam olan movaxların (moqalxq) mənşəyinə gəlincə, mövcud rəvayətlərə əsasən deməliyəm ki, biz buraya başqa yerdən - Yer kürəsinin o biri tərəfindən gəlmişik. Antropoloji dəlillər var ki, 50 min il əvvəl, çox ehtimal, buraya biz indiki Azərbaycan ərazisindən köçüb gəlmişik. Çünki o zamanlar indiki Berinq boğazından ovçuların ardıcıl köçüb gəlməsi baş vermişdir. Onlar buraya Xəzər sahillərindən, Sibir ərazisindən, Qazaxıstan və Özbəkistandan köçüb gəlmişlər. İndi də bizdə Azərbaycan xalqının adətləri və sözləri ilə uyğun gələn xeyli oxşarlıqlar qalmaqdadır...”.

Qeyd edək ki, bu məsələyə Azərbaycanda ilk diqqət ayıran alimlərdən biri məhz Əli bəy Hüseynzadə olub. O, hələ 1905-ci ildə “Həyat” qəzetində “Kristofor Kolumbmu, yoxsa türklərmi?”, 1906-cı ildə isə “Amerika vəkillərinə mülaqiat” məqalələrində Meksikada yaşayan hindu qəbilələrinin türk mənşəli olmasına dair Fransada çıxan “Fiqaro” qəzetindəki materiala istinad edərək türklərin Kolumbdan əvvəl artıq Amerikanı kəşf edib orada məskunlaşdıqlarından bəhs edirdi.

Tədqiqatçı Azər Turan 2008-ci ildə dərc olunan “Əli bəy Hüseynzadə” kitabında qeyd edir ki, Ə.Hüseynzadə sözügedən məqaləsində yazırdı: “Məlumdur ki, Amerikanın kəşfi şərəfi Kristofor Kolumba aiddir. Bir neçə millət vardır ki, bu şərəfə iştirak iddiasında bulunuyorlar... Lakin... türklərin Kolumbdan çox əvvəl Amerikaya getmiş olduqları anlaşıyor”.

Sonra yenə 1905-ci ildə Amerikadan Bakıya gəlmiş mətbuat vəkilləri mister Hovard Tomson, Feliks Kerson ilə söhbətində Əli bəy yenə də həmin məsələyə diqqəti cəlb edirdi. Amerikalı həmkarları ilə söhbətində Əli bəy alimlərin “... Baykal gölü mavərasında “Orxon mədəniyyəti” namilə qədim bir türk mədəniyyəti kəşf etmiş olduqlarını və digər tərəfdən Sibiryanın ... Şərqi-şimali müntəhasına qədər yakuti qəbilələri kibi ancaq türk əqvamının müntəşir bulunduğunuAmerikaya min-əl-qədim Berinq boğazı vasitəsilə ancaq Sibiryanın müntəhasından yol olduğunu” nəzərə aldıqda, məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirirdi. Qeyd olunur ki, Əli bəyin qonaqları, xüsusən Hovard Tomson da bu fikri dəstəkləyib və bildirib ki, Amerika alimlərindən Kuşinq Meksikadakı yerlilərin yaşayışı ilə maraqlanaraq bir müddət hinduların arasında yaşayıb: “Bu alim Meksikadan evə dönəndə özü ilə bir çox asari ətiqə, üzərində heroqlif yazısı olan daşlar, rəsmlər, fotoqrafiyalar və sairə gətirdi. Bu asar bu gün cəmahiri-müttəfiqə paytaxtı olan Vaşinqtonda əqvam muzəsində hifz olunmaqdadır”.

Müxtəlif maddi mədəniyyət nümunələri toplamaqla yanaşı, Kuşinq hindulara məxsus rəvayətlər, şifahi xalq ədəbiyyatı nümunələri də toplayıb. “Bunların cümləsi vasitəsilə isbat etmişdir ki... Zuni nam qövmi Berinq boğazından keçib Meksikaya ... gəlmişlərdir. Hətta bunların hekayət və mənaqiblərində gəldikləri yollara dair işarət və məlumat vardır. Bu qövmün şayani-diqqət adətlərindən biri də xanələrini dik qayalar başlarında daşdan tikmələridir”, deyə məqalədə bildirilir.

Nəhayət, bu məsələ ilə əlaqədar fikrini yekunlaşdıran Ə.Hüseynzadə türk xalqları ilə mədəni bənzərlikləri olan hinduların mədəniyyətinin daha yaxşı öyrənilməsi üçün Meksikaya alimlərin ezam olunmasının əhəmiyyətini vurğulayıb.

Kitabda qeyd olunur ki, Ə.Hüseynzadənin həmin məsələlərə həsr olunmuş yazılarından 70-80 il sonra Amerikada qızıldərililərə məxsus Araz, Bərdə, Alma, Çala, Çənə, Sapul, Kara, Kara Ayaq, Keçə, Törə kimi 800-ə yaxın yer adını öyrənən bugünkü elmin də müəyyən mənada Əli bəy Hüseynzadənin nişan verdiyi yola çıxdığını düşünmək olar.

Beləliklə, XX əsrin əvvəllərində KuşinqBelmond kimi, Əli bəy Hüseynzadə də zunilərin Berinq boğazı vasitəsi ilə Amerika qitəsinə keçmiş Sibir türkləri olduğunu yazırdı.

Burada haşiyəyə çıxaraq bildirək ki, hazırda ABŞ-ın Nyu Meksiko ştatında əsasən, rezervasiyalarda yaşayan, sayları təxminən 10 min nəfərdən çox olan zunilər də bütün yerli tayfalar kimi orta əsrlərdə avropalıların gəlişindən böyük zərər görüblər. Bir faktı qeyd edək ki, XVI əsrdə hazırda, ABŞ-ın cənub ştatlarını əhatə edən ərazilər boyunca qızıl axtaran və qarşılaşdıqları yerlilərlə yaşanan münaqişələrdə yüzlərlə hindunun ölümünə səbəb olan konkistador Fransisko Vasko de Koronadonun başçılıq etdiyi ispanlardan ibarət dəstə bir gün zuni tayfasının yaşadığı kəndlərdən birinə çatır. Axtardıqlarını tapmayan ispanlar yerlilərdən sığınacaq və ərzaq tələb edirlər. Zunilər buna razı olmadıqda, ispanlar hücum edərək kəndi ələ keçirirlər və bir neçə ay orada qalırlar. Qızıl tapmaq istəyindən əl çəkməyən Koronadonun dəstəsinə sonradan ya Viçita, ya da Pavni tayfasına mənsub olduğu güman edilən bir qızıldərili bələdçilik etməyə başlayır. Maraqlıdır ki, ispanlar həmin yerlini görünüşcə türklərə bənzətdikləri üçünTürk” deyə çağırırdılar. Yadellilərin hindulara ölüm və əsarət gətirdiyini görən Türk Koronadonun dəstəsini “qədəhləri və kasaları qızıldan olan Quivira ölkəsi”nə aparmaq adı altında, uzun müddət təhlükəli və yaşayışın olmadığı çöllərdə gəzdirir. Sonda, onun qızılaxtaranları aldatdığı məlum olurKoronadonun göstərişi ilə öldürülür. Bu günTürk” ləqəbli hindunun həyatı bahasına başa gələn riskli əməli vətənpərvərlik və qəhrəmanlıq nümunəsi kimi qəbul edilir.

TÜRKDİLLİ QIZILDƏRİLİLƏR

Amerika qitəsində yaşayandilinin lüğət tərkibində çoxlu türk sözləri olan yerli qızıldərili qəbilələr haqqında məlumat türk oxucusunatürk cəmiyyətinə demək olar ki, ilk dəfə məhz Əli bəy Hüseynzadə tərəfindən çatdırılıb. O, “Kristofor Kolumbmu, yoxsa türklərmi?!” məqaləsində yazır ki, Meksikanın dil alimləri bu ölkənin ərazisində yaşayan bəzi hindu qəbilələrinin türkcə danışdıqlarını aşkara çıxarıblar. Şübhələrinin nə dərəcədə əsaslı olduğunu aydınlaşdırmaq üçün həmin alimlər ticarət məqəsdilə Meksika şəhərində yaşayan istanbullu bir tacirə özləri ilə bərabər türkcə danışan qəbilələrin yanına getməsini təklif ediblər: Rus taciri dəxi təklifi qəbul edib oraları üləmanın rəfaqətində ixtiyari-səfər etmiş və qəbilə əfradı tərəfindən söylənən sözlərin tamamilə türkcəyə müşabeh olduğunu müşahidə eyləmiş və bir az qəbilənin şivəsilə kəsbi-ülfət etdikdən sonra Meksikanın bədəvi ilə türkcə təkəllümə başlayıb kəmali-sühulətlə təatiyi-əfkar eyləmişdir”.

Bənzər hadisələr Amerika qitəsi ilə gediş-gəlişin yarandığı dövrlərdə dəfələrlə qeydə alınıb. Belə ki, XVII əsrdə bir çox səyyahlar, tədqiqatçılar hindularla Sibir xalqlarının xarici oxşarlıqlarını qeyd edirdilər. 1638-ci ildə qardaşı ilə Amerikaya gələn ingilis C.CosselinŞimali Amerika hindularının dillərinin türk dillərinə oxşadığını qeyd edirdi. Bir müddət siu-xoka hinduları arasında yaşayan C.Cosselin Londona döndükdən sonra 1672-ci ildə çap etdirdiyiYeni İngiltərənin nadir yönləri” adlı kitabında yazır ki, onlar (hindular - H.M,) görkəmlərinə, hərəkət və adətlərinə görə türk dilində danışan “tatar”ları xatırladırlar.

Ə.Hüseynzadənin Amerika hindularının dili ilə bağlı əsaslandığı faktlar bu gün də aktuallığını qoruyur. Həmçinin, digər hindu tayfalarının da türk xalqları ilə dil bənzərlikləri üzə çıxarılır. Məsələn, tədqiqatçı Y.İ.Tsarenko keçua tayfasının dilinin altay dil ailəsinə xas qrammatik qaydaları olduğunu etiraf edib. 1935-ci ildə Romada Şərqşünasların XIX Beynəlxalq Konqresində B.Ferrario adlı uruqvaylı professor keçua dilinin türk, altay dillərilə qohumluğunun mümkünlüyünü qeyd edir.

1967-ci ildə İsveçinEthnos” dərgisində Upsal universitetinin şərqşünası vaxtilə Türkiyədə də olmuş Stiq VikavderinMayya dil qrupunun Altay dil ailəsi ilə əlaqəsi varmı?” adlı yazısında qeyd edir ki, “birinci dəfə mayyalıların danışığını eşidəndə, onların dilinin türk (Türkiyə türkcəsi - M.H.) dili ilə oxşarlığı, bundan əvvəl İstanbulda eşitdiyim ahəngin eyniliyi məni heyrətə saldı. Belə təəssürat, əlbəttə, aldadıcı da ola bilərdi. Onda mən mayya dilini, dil mətnlərini öyrənməyə başladım və türk dilindəkilərlə eyni olan çoxlu sayda sözlə rastlaşdım”.

S.Vikanderinin gəldiyi nəticə maraqlı idi: “MayyaAltay dilləri həm fonetik, həm də leksik mənada çox yaxındırlar. Bu da onların keçmişdə ümumi mənşəyinin olmasından xəbər verir”. Bu yerdə müəyyən təsəvvür yaratmaq məqsədilə mayyalıların dilindən bəzi örnəklər gətirmək istərdik: “yaş” - təzə, yaşıl; “kün” - gün, günəş; “” - ; “ik” - iki; “çalan” - ilan; “tur” - durmaq, dayanmaq, dur; “tüy” - tük; “bağır” - sinə, köks, bağır (qara ciyər anlamında); “kil” - gəl; “baldız” - baldız; “bil” - bil, bilmək; “boya” - boya, rəng və s.

Beləliklə, Əli bəy Hüseynzadənin Amerika hinduları ilə türk xalqları arasındakı dil və mədəniyyət oxşarlığına dair fikirləri olduqca maraqlı olmaqla yanaşı, bu sahədə yeni tədqiqatlar üçün möhkəm əsas yaradır.

 

Hülya MƏMMƏDLİ

Yazı Azərbaycan Mətbuat

Şurasının və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Əli bəy Hüseynzadə

Türk dünyası” mövzusunda

keçirdiyi müsabiqəyə təqdim olunur

Yeni  Azərbaycan.-2014.-22 aprel.- S.6.