Azərbaycan-İtaliya əlaqələri
dərin tarixi köklərə əsaslanır
İki ölkə arasındakı əməkdaşlıq bütün istiqamətlərdə yüksək səviyyədə inkişaf edir
Xəbər verildiyi kimi, İtaliyanın “İl giornale d’İtalia” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi dərc edilib. Səfir müsahibəsində Azərbaycanın sürətli iqtisadi inkişafı, ölkəmizin iştirakçısı olduğu enerji layihələri, İtaliya ilə əlaqələri barədə məlumat verib.
Diplomat qeyd edib ki, dərin tarixi köklərə əsaslanan Azərbaycan-İtaliya əlaqələri bütün istiqamətlərdə, o cümlədən, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində yüksək səviyyədədir. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub: “Münasibətlərimizin daha da dərinləşdirilməsi üçün geniş potensial var. Xeyli sayda italiyalı iş adamı Azərbaycana tez-tez səfər edərək ölkəmizdəki mövcud əlverişli biznes mühitindən yararlanmaq imkanı qazanır”.
İtaliya ilə Azərbaycan arasındakı əlaqələr xüsusi önəm kəsb edir
Azərbaycan iqtisadiyyatının inkişafında enerji sektorunun xüsusi əhəmiyyətini vurğulayan səfir İtaliya ilə əlaqələrimizin bu baxımdan da önəm kəsb etdiyini bildirib. Qeyd olunub ki, uzun illərdir ölkələrimiz bir sıra enerji layihələrinin birgə iştirakçısıdır. Hazırda müvafiq istiqamətdə ən önəmli tədbirlərdən biri Trans-Adriatik (TAP) boru kəməri layihəsinin həyata keçirilməsidir. TAP-ın reallaşması nəticəsində marşrut boyu yerləşən ölkələrdə yeni iş yerlərinin açılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrildiyini deyən səfir respublikamızın bu sahədə də İtaliya ilə birgə işlər görməkdə maraqlı olduğunu vurğulayıb.
“Bakı-2015” ilk Avropa Oyunları haqqında danışan səfir Vaqif Sadıqov qeyd edib ki, Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Tarixdə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədə imkanlarını nümayiş etdirməsi baxımından əhəmiyyətlidir. Bu cür mötəbər tədbirə hazırlıqların yüksək səviyyədə aparıldığını deyən səfir Azərbaycanda “Bakı-2015” ilk Avropa Oyunlarının uğurla təşkil olunacağına əminliyini bildirib.
Beləliklə, səfir Vaqif
Sadıqovun müsahibəsində də bildirildiyi kimi,
İtaliya Respublikası ilə Azərbaycan Respublikası
arasında dərin dostluq telləri, geniş əməkdaşlıq
münasibətləri və strateji əhəmiyyət
daşıyan möhkəm siyasi-iqtisadi tərəfdaşlıq
mövcuddur. Respublikamızın dövlət
müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri
içərisində ən yüksək səviyyədə
iqtisadi əməkdaşlığı və siyasi münasibətləri
gücləndirən ilk dövlətlərdən biri, məhz
İtaliya olub. Xatırladaq ki, İtaliya Respublikası Azərbaycan
Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci il tarixində
tanıyıb. Eyni
zamanda, 8 may 1992-ci il tarixində iki ölkə
arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya
Respublikasının Azərbaycanda, 2003-cü ilin dekabr
ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi
təsis edilib. Azərbaycan Respublikası
ilə İtaliya Respublikası arasında indiyədək 30 sənəd
imzalanıb. İki ölkə arasında əməkdaşlıq
rəsmi səfərlər sayəsində daha da möhkəmlənib.
Ümummilli lider Heydər Əliyevin İtaliya
Respublikasına ilk rəsmi səfəri 24-27 sentyabr 1997-ci ildə
baş tutub. Prezident İlham Əliyev isə
2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada rəsmi səfərdə
olub. Eyni zamanda, 2 iyun 2011-ci il tarixində
İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə,
Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak
etmək məqsədilə, Prezident İlham Əliyev həmin
ölkəyə səfər edib. Onu da qeyd edək ki,
2013-cü ilin 5-6 mart tarixində Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
İtaliyada səfərdə olub və “Romada Bakıya
uçuş. Müasir Azərbaycan incəsənəti”
sərgisinin açılışında iştirak edib.
Qarşılıqlı səfərlər
parlament və hökumət nümayəndələri səviyyəsində
də davam etdirilib ki, bu da Azərbaycanla İtaliya arasında əlaqələrin
bütün sahələr üzrə inkişafına təkan
verib.
“Əsrin
müqaviləsi”nin imzalanması iki ölkə
arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə
inkişafına təkan verib
Bu məqamda onu da xüsusi olaraq qeyd etmək yerinə
düşər ki, ümumiyyətlə, zaman-zaman birgə əməkdaşlığa
dair mühüm razılaşmaların əldə olunması
İtaliya Respublikası ilə Azərbaycan Respublikası
arasında qarşılıqlı münasibətlərin
güclənməsinə əlverişli zəmin yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının
işlənməsində İtaliya şirkətlərinin təmsil
olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin
yeni mərhələdə inkişafına təkan verib.
Enerji sahəsində əməkdaşlıqla
yanaşı, siyasi, iqtisadi, sosial, humanitar, elmi-mədəni, təhsil,
səhiyyə, turizm və digər bölmələrdə
intensiv əlaqələrin inkişafı İtaliya-Azərbaycan
münasibətlərində yeni dinamikaya səbəb olub. İtaliya
Respublikası ilə Azərbaycan Respublikası arasında
yaradılmış hökumətlərarası komissiyanın
intensiv fəaliyyəti hər iki dövlətin siyasi-iqtisadi
münasibətlərinə yeni dinamizm elementləri əlavə
edib. Son illərdə möhkəm təməllər
üzərində dərinləşən Azərbaycan-İtaliya
əlaqələri öz növbəsində, ikitərəfli
münasibətlər çərçivəsindən kənara
çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq
fazasına qədəm qoyub. Hər iki
dövlət Trans-Avropa enerji şəbəkəsinin
formalaşmasında həlledici rola malik olmaqla strateji əhəmiyyət
kəsb etməyə başlayıb. İtaliya
Respublikası ilə Azərbaycan Respublikası arasında
iqtisadi münasibətlərin əsas prioriteti neft və qaz
sahəsində əməkdaşlıqla bağlıdır.
Belə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri
ilə nəql olunan neftin əsas alıcılarından biri
İtaliyadır. Hazırda Avropa
bazarlarına nəql olunan neft resurslarının böyük
bir hissəsi məhz İtaliya limanları vasitəsilə
Avropa İttifaqı (Aİ) ölkələrinə
çatdırılır. Bu dövlət
ölkəmizə məxsus neftin 40 faizini öz ərazisi ilə
Avropaya tranzit edir. İtaliya Respublikası
Avropa İttifaqında yüksək nüfuza malik dövlət
kimi regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığın
möhkəmlənməsinə töhfə verməsi ilə
diqqəti cəlb edir. Rəsmi Roma öz
enerji siyasətini həyata keçirərkən Azərbaycan
Respublikası ilə uzunmüddətli və davamlı xarakterə
malik strateji layihələri prioritet kimi qəbul edir.
Məlum olduğu kimi, İtaliya Respublikası neftlə
bərabər, qaz resurslarının da əsas
alıcısıdır. Xatırladaq ki, hələ 2007-ci ilin
dekabr ayında Azərbaycanla İtaliya arasında qaz sektorunda əməkdaşlığa
dair protokol imzalanıb. Əlavə edək
ki, “Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə elan edib
ki, “Şahdəniz-2” layihəsindən hasil ediləcək qaz
həcmlərini Yunanıstan, İtaliya və cənub-şərqi
Avropadakı müştərilərə çatdırmaq
üçün Trans-Adriatik boru kəmərini (TAP)
seçib. 13 fevral 2013-cü ildə
Yunanıstan, İtaliya və Albaniya hökumətləri
Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası
saziş imzalayıblar. Bir sözlə,
İtaliya Azərbaycanın şaxələndirmə siyasətini
dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin
yaradılmasında təşəbbüs göstərən əsas
dövlətlərdən biridir. Və
görünən odur ki, enerji əməkdaşlığı
formatı gələcəkdə daha geniş coğrafi miqyas
alacaq. Azərbaycanın müəllifi
olduğu, Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin
coğrafiyası daha da genişlənəcək və
Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi
nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi
yaranmış olacaq. Yanacağın Azərbaycandan
Türkiyə və Yunanıstana, oradan isə İtaliyaya,
Balkan yarımadasına və başqa Avropa ölkələrinə
ixracı üçün regionda ən iri qaz marşrutu
mövcud olacaq. Eyni zamanda, bu enerji sistemi
şaxələnərək Mərkəzi Avropanın bir
çox dövlətlərini əhatə edəcək.
Yanacağın sözügedən marşrut
üzrə Xəzər hövzəsindən, Orta Şərqdən
və Mərkəzi Asiyadan Avropaya çatdırılması
nəzərdə tutulur. Gələcəkdə,
həmçinin, Qazaxıstanın və Türkmənistanın
da qaz resurslarının bu dəhlizlə nəqli mümkün
sayılır. Bu amil İtaliya ilə Azərbaycan
arasında iqtisadi təmasları dərinləşdirməklə
yanaşı, məhz respublikamızın enerji strategiyası
nəticəsində bu ölkənin də regionda tranzit
dövlətə çevrilməsinə səbəb ola bilər. Yəni, İtaliya təkcə
Azərbaycan qazının alıcısı deyil, həm də
yanacağın digər Avropa dövlətlərinə
ixracı üçün tranzit ölkə rolunu
oynamış olacaq. Azərbaycan qazı
Avstriyaya, Bolqarıstana, Macarıstana, həm də bu ölkənin
ərazisindəki marşrutlarla çatdırılacaq. Bu strateji addım, eyni zamanda, respublikamızın
Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq
gücünü ortaya qoyur.
Azərbaycanın
xarici ticarət dövriyyəsinin ölkələr üzrə
strukturunda İtaliya öncül sıralarda qərarlaşıb
Yeri gəlmişkən, İtaliya Respublikası ilə
Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq
enerji resursları ilə məhdudlaşmır. Onu da qeyd edək
ki, indiyədək keçirilən Azərbaycan-İtaliya
biznes-forumlarında müzakirə olunan əsas məsələlər
neft və qaz sahəsində əməkdaşlıqdan
başqa, qeyri-neft sektorunda əməkdaşlığı da
nəzərdə tutur. Tərəflər
iqtisadiyyatın bir çox sahələri üzrə geniş
əməkdaşlıq əlaqələrini gücləndirmək
niyyətindədirlər.
Onu da bildirmək yerinə düşər ki, hazırda
hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa
malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin
ölkələr üzrə strukturunda İtaliya öncül
sıralarda qərarlaşıb. Məsələn,
2010-cu ildə Azərbaycanla İtaliya arasında ticarət
dövriyyəsinin həcmi 5,3 milyard avro
olub. İki ölkə arasında ticarət dövriyyəsinin
həcmi 2011-ci ildə 9,6 milyard ABŞ dolları
təşkil edib. Bu rəqəm
İtaliyanın Avropa İttifaqına daxil olan 11 ölkə
ilə malik olduğu ticarət dövriyyəsindən daha
yüksəkdir. Bütövlükdə Azərbaycanın
xarici ticarət dövriyyəsində ixracatda 35,2
faizlə İtaliya, idxalda isə 16,8 faizlə Rusiya öndə
durur. Yeri gəlmişkən, 2010-cu ildə Bakıda
keçirilən biznes forumda hər 2 ölkənin dövlət
rəsmiləri, kənd təsərrüfatı, qida sənayesi,
loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerji və s.
sahələri təmsil edən 60-dan çox şirkətin
nümayəndəsi iştirak edib və tədbirdə
işgüzar əlaqələrin genişləndirilməsi
imkanları müzakirə olunub. İşgüzar
görüşlərlə davam etdirilən tədbirin yekunu
olaraq, İtaliya Respublikasının İqtisadi İnkişaf
Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi arasında əməkdaşlığa
dair sənəd imzalanıb. Həmin sənəddə
iki ölkə arasında ticarətin inkişafı,
iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə
müəssisələrin yaradılması, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu və
İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə
Milli Təşkilatı, eləcə də, sahibkarlar
arasında əlaqələrin genişləndirilməsi,
qarşılıqlı investisiyaların cəlb edilməsi və
s. sahələrdə əməkdaşlığın
inkişafı nəzərdə tutulub. Ötən
müddət ərzində İtaliya Respublikasının Azərbaycan
Respublikasında daha bir neçə şirkəti fəaliyyətə
başlayıb. Bu məqam ötən il
noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya
biznes forumunda bir daha vurğulanıb.
Məlumat
üçün bildirək ki, hər iki ölkənin
şirkətləri arasında əlaqələrin
qurulması baxımından böyük əhəmiyyət kəsb
edən həmin forumda 130-dan artıq italiyalı iş
adamı iştirak edib. Ümumiyyətlə,
italyanlar respublikamızda kənd təsərrüfatı, qida
sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət
avadanlıqları, geyim, mebel və digər sahələr
üzrə fəaliyyət göstərirlər.
İtaliya
birmənalı olaraq ölkəmizin ərazi
bütövlüyünü dəstəkləyir
Yeri gəlmişkən,
diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir
ki, İtaliya Respublikası Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair dövlət
səviyyəsində xüsusi olaraq, Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyir. Faktlara diqqət
yetirək. Məlum olduğu kimi, bir neçə il öncə Milli Məclisin sədri Oqtay
Əsədovun başçılığı ilə Azərbaycan
parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdə
olub. Səfər zamanı Milli Məclisin sədri
Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya
Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub.
Görüş zamanı Azərbaycan
parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi
dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli
səfərlərin həyata keçirilməsi olduqca vacibdir.
Onun sözlərinə görə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz
və xalqlarımız arasında əlaqələrin daha da
möhkəmləndirilməsinə böyük əhəmiyyət
verir.
Həmin görüş zamanı Azərbaycanın
neçə illərdən bəri üzləşdiyi ən
ağrılı problemi-Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələ, xüsusilə, diqqət mərkəzində
olub.
İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini isə
bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya
qoyaraq qeyd edib: “Azərbaycan ikiqat haqsızlıqla
üz-üzə qalıb. Həm torpaqları
işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli
həllinə dəstək vermir”.
Əlbəttə, bu fakt onu göstərir ki, İtaliya
tərəfi bu problemə haqq və ədalət müstəvisində
çox həssaslıqla yanaşır. Xatırladaq
ki, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə
bağlı qətnamə qəbul edib. Bu
qətnamədə Cənubi Qafqazda sülhün bərqərar
olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində
ölkələrin ərazi bütövlüyü prinsipinə
böyük önəm verildiyi öz əksini tapıb.
Senat Yeni Avropa Xartiyasında da təsbit
olunduğu kimi, sərhədlərin toxunulmazlığı
prinsipinə uyğun olaraq Azərbaycanın ərazi
bütövlüyünü bir daha dəstəkləyib.
Qətnamədə bütöv bir regionun
inkişafına maneçilik törədən Dağlıq
Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə
həllinin Avropa məkanı üçün əhəmiyyətli
olduğuna diqqət yetirilir. Bu qətnamə ilə
İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə dair BMT, ATƏT və
Avropa Şurasının bütün qətnamələrinin,
qərarlarının tam şəkildə yerinə yetirilməsinin
təmin edilməsinin vacibliyini qeyd edir.
İkitərəfli
münasibətlər mükəmməl hüquqi bazaya malikdir
Azərbaycan Respublikası ilə İtaliya
Respublikası arasında yaxınlığın, əlaqələrimizin
inkişafına böyük təkan verən məqamların
mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr
göstərmək mümkündür. Sevindirici
haldır ki, ikitərəfli münasibətlər mükəmməl
hüquqi bazaya malikdir. Qeyd etdiyimiz kimi, bu
vaxta qədər Azərbaycan Respublikası ilə İtaliya
Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa
dair təxminən 30 sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn
xətlə inkişafına geniş zəmin yaradır.
Azərbaycan və İtaliya yüksək səviyyədə
siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin
gücləndirilməsində maraqlıdır. Regionda beynəlxalq layihələrin həyata keçirilməsində
aparıcı rol oynayan Azərbaycanın Avropanın
etibarlı strateji tərəfdaşına çevrilməsi
İtaliya tərəfindən də yüksək dəyərləndirilir.
Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar
çərçivəsində və eləcə də,
onların parlament assambleyaları səviyyəsində
qarşılıqlı faydalı əməkdaşlıq
edirlər və bu əməkdaşlığı gələcəkdə
daha da dərinləşdirmək məqsədəuyğun
hesab olunur. Ümumiyyətlə, hazırda iki ölkənin
qanunvericilik orqanları arasında əlaqələr də
yüksələn xətlə inkişaf etməkdədir.
Qeyd edək ki, İtaliya Senatında Azərbaycan
üzrə dostluq qrupuna olan diqqətin və marağın
artmasının şahidi oluruq. Senat
üzrə dostluq qrupunun üzvlərinin sayı 32 nəfərdən
ibarətdir.
Azərbaycan
İtaliyanın Avropa İttifaqına inteqrasiya təcrübəsindən
faydalanmağa maraqlıdır
İtaliya Respublikası, həmçinin, Avropa
İttifaqında da söz sahiblərindən biridir. 2006-cı ilin noyabr
ayında Azərbaycan və Avropa İttifaqı arasında qəbul
edilmiş Fəaliyyət Planı və 2009-cu ilin mart
ayında Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı
haqqında bəyannaməsi strateji prioritetlərimiz
sırasındadır və bu baxımdan, Azərbaycan Avropa
İttifaqının üzvü olan ölkələrlə, o
cümlədən, İtaliya ilə daha sıx əməkdaşlıq
etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən
faydalanmağa maraqlıdır. Qeyd olunmalıdır
ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə,
böyük dövlətçilik tarixinə, güclü
iqtisadiyyata, dünya siyasətində özünəməxsus
yerə malik olan bir ölkə kimi həmişə
mühüm maraq kəsb edir. Azərbaycanda
da bu ölkəyə xüsusi maraq mövcuddur. Siyasi və iqtisadi cəhətdən də
maraqlarımızın üst-üstə
düşdüyü məqamlar çoxdur.
İtaliyanın iş adamları, şirkətləri, Azərbaycan
iqtisadiyyatına sərmayə qoyuluşu həyata
keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının
istismarında yaxından iştirak edirlər. Azərbaycanın
xarici siyasətinin başlıca prioritetlərindən olan
Avropa və Avroatlantik qurumlara inteqrasiya, o cümlədən,
Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi,
eləcə də, Azərbaycanın Ümumdünya Ticarət
Təşkilatına üzv olması prosesində
İtaliyanın ölkəmizə dəstəyi şübhə
doğurmur. Xüsusilə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları və prinsiplərinə uyğun şəkildə
həlli ilə bağlı Azərbaycanın ədalətli
mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi
prosesə öz müsbət təsirini göstərəcək.
Bir sözlə, İtaliyanın Trentino Alto Adige
regionunun dil azlıqları və sülh üçün ədalət
üzrə konsulu Cüzeppe Detomasın da
vurğuladığı kimi, Azərbaycan ilə
İtaliyanı dərin köklərə əsaslanan
münasibətlər birləşdirir. Bu
ilin martında AzərTAc-ın xüsusi müxbirinə
müsahibəsində ölkələrimiz arasındakı
yüksək səviyyəli əlaqələrdən
danışan C.Detomas diqqətə çatdırıb ki, bu
sıx əməkdaşlığı bir çox sahələrdə
müşahidə etmək mümkündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunan C.Detomas problemin tezliklə tənzimlənəcəyinə
əminliyini bildirib. Vurğulayıb ki,
İtaliya münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
Problemin beynəlxalq hüququn norma və
prinsipləri çərçivəsində həlli
dünyanın bir sıra bölgələrində davam edən
münaqişələrə son qoyulması üçün nümunə
ola bilər.
Ölkəmizdəki
etnik-dini tolerantlıq İtaliya siyasətçiləri tərəfindən
xüsusi olaraq vurğulanmaqdadır
Yeri gəlmişkən, ölkəmizdəki tolerant
mövqe İtaliya siyasətçiləri tərəfindən
xüsusi olaraq vurğulanmaqdadır. Belə ki, bu ilin martında Azərbaycanın
İtaliyadakı səfirliyinin, bu ölkənin “Vox Populi” və
“İl Nodo di Gordio” aparıcı elm mərkəzlərinin
birgə təşkilatçılığı ilə Trento
şəhərində keçirdiyi “Muxtariyyət və
xalqlar arasında birgəyaşayış. Azərbaycanda
dini etiqadın, dilin və sivilizasiyanın yeni sərhədləri”
mövzusunda elmi konfransda həmin məsələ bir daha
vurğulanıb. Məsələn, tədbirin
moderatoru, “İl Nodo di Gordio” elm mərkəzinin rəhbəri
Daniele Ladzeri dünyada sivil birgəyaşayış və əməkdaşlıq
prinsiplərinin geniş yayıldığı bir zamanda
sürətlə inkişaf edən Azərbaycanda mövcud
olan etnik-dini tolerantlığın, sivilizasiyalararası əlaqələrin
müzakirəsi baxımından konfransın yaxşı imkan
yaradacağını vurğulayıb.
Öz növbəsində, Azərbaycan
Respublikasının İtaliyadakı səfirliyinin əməkdaşı
Samir Allahverdiyev bildirib ki, ölkəmiz dinlərarası
münasibətlərin tənzimləndiyi önəmli bir məkana
çevrilib.
ATƏT
Parlament Assambleyasının İtaliyadan olan keçmiş
prezidenti Rikkardo Milyiori, İtaliyanın müxtəlif ölkələrdəki
sabiq səfirləri Culio Pricioni və Quido Lenzi, Trentino Alto
Adige regionunun dil azlıqları və sülh
üçün ədalət üzrə konsulu Cuzeppe Detomas
çıxış edərək müasir dünyanın
geosiyasi durumu kontekstində Azərbaycanın getdikcə qlobal
iştirakçıya çevrilməsindən
danışıblar. Bildirilib ki, bu gün sürətli
inkişafı ilə fərqlənən Azərbaycanda
mövcud sabit siyasi durum bir çox ölkələr
üçün nümunə ola bilər.
Sonra dinlərarası məsələlərə
dair panel iclası keçirilib. İclasda
çıxış edən dinlərarası dialoq üzrə
mütəxəssis Alessandro Martinelli, “İl sole 24 ore” qəzetinin
əməkdaşı Auqusto Qrandi, Bolzano muxtariyyətinin əyalət
prezidenti Arno Kompatşer və digərləri müxtəlif
dinlərin nümayəndələri arasında ortaq
maraqların mövcudluğu, daha təhlükəsiz və
sülh ilə dolu bir dünyaya nail olmaq üçün
onların səy göstərmələrinin vacibliyini
vurğulayıblar. Diqqətə
çatdırılıb ki, Azərbaycan bu istiqamətdə
üzərinə götürdüyü missiyanı uğurla
yerinə yetirməkdədir. Azərbaycan
artıq Avropanın tərkib hissəsinə çevrilib.
Bu baxımdan bu ölkənin Avropa dəyərlərini
bölüşməsi yüksək qiymətləndirilməlidir.
Daha sonra “Azərbaycanın rəmzlərindən
biri olan Alban Apostol kilsəsinin tarixi kökləri”
kitabının təqdimatı olub. Nəşrin həmmüəllifləri,
professorlar Paolo Zammatteo, Ermanno Vizintainer, Angelo Mekka və Andrea
Marçiliano kitabın ölkəmizin ərazisində
yaşamış etnosların dini etiqadları, mədəni dəyərləri
ilə yaxından tanış olmaq üçün yaxşı
imkan yaratdığını bildiriblər.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2014.-22
aprel.-S.8.