Azərbaycan-İtaliya əlaqələri dərin tarixi köklərə əsaslanır

 

İki ölkə arasındakı əməkdaşlıq bütün istiqamətlərdə yüksək səviyyədə inkişaf edir

Xəbər verildiyi kimi, İtaliyanın “İl giornale d’İtalia” qəzetində Azərbaycan Respublikasının bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi dərc edilib. Səfir müsahibəsində Azərbaycanın sürətli iqtisadi inkişafı, ölkəmizin iştirakçısı olduğu enerji layihələri, İtaliya ilə əlaqələri barədə məlumat verib.

Diplomat qeyd edib ki, dərin tarixi köklərə əsaslanan Azərbaycan-İtaliya əlaqələri bütün istiqamətlərdə, o cümlədən, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində yüksək səviyyədədir. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub: “Münasibətlərimizin daha da dərinləşdirilməsi üçün geniş potensial var. Xeyli sayda italiyalı iş adamı Azərbaycana tez-tez səfər edərək ölkəmizdəki mövcud əlverişli biznes mühitindən yararlanmaq imkanı qazanır”.

İtaliya ilə Azərbaycan arasındakı əlaqələr xüsusi önəm kəsb edir

Azərbaycan iqtisadiyyatının inkişafında enerji sektorunun xüsusi əhəmiyyətini vurğulayan səfir İtaliya ilə əlaqələrimizin bu baxımdan da önəm kəsb etdiyini bildirib. Qeyd olunub ki, uzun illərdir ölkələrimiz bir sıra enerji layihələrinin birgə iştirakçısıdır. Hazırda müvafiq istiqamətdə ən önəmli tədbirlərdən biri Trans-Adriatik (TAP) boru kəməri layihəsinin həyata keçirilməsidir. TAP-ın reallaşması nəticəsində marşrut boyu yerləşən ölkələrdə yeni iş yerlərinin açılması nəzərdə tutulub.

Azərbaycan Respublikasının qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrildiyini deyən səfir respublikamızın bu sahədə də İtaliya ilə birgə işlər görməkdə maraqlı olduğunu vurğulayıb.

“Bakı-2015” ilk Avropa Oyunları haqqında danışan səfir Vaqif Sadıqov qeyd edib ki, Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Tarixdə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədə imkanlarını nümayiş etdirməsi baxımından əhəmiyyətlidir. Bu cür mötəbər tədbirə hazırlıqların yüksək səviyyədə aparıldığını deyən səfir Azərbaycanda “Bakı-2015” ilk Avropa Oyunlarının uğurla təşkil olunacağına əminliyini bildirib.

Beləliklə, səfir Vaqif Sadıqovun müsahibəsində də bildirildiyi kimi, İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında dərin dostluq telləri, geniş əməkdaşlıq münasibətləri və strateji əhəmiyyət daşıyan möhkəm siyasi-iqtisadi tərəfdaşlıq mövcuddur. Respublikamızın dövlət müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri içərisində ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri gücləndirən ilk dövlətlərdən biri, məhz İtaliya olub. Xatırladaq ki, İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci il tarixində tanıyıb. Eyni zamanda, 8 may 1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya Respublikasının Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilib. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında indiyədək 30 sənəd imzalanıb. İki ölkə arasında əməkdaşlıq rəsmi səfərlər sayəsində daha da möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin İtaliya Respublikasına ilk rəsmi səfəri 24-27 sentyabr 1997-ci ildə baş tutub. Prezident İlham Əliyev isə 2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada rəsmi səfərdə olub. Eyni zamanda, 2 iyun 2011-ci il tarixində İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə, Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə, Prezident İlham Əliyev həmin ölkəyə səfər edib. Onu da qeyd edək ki, 2013-cü ilin 5-6 mart tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva İtaliyada səfərdə olub və “Romada Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışında iştirak edib. Qarşılıqlı səfərlər parlament və hökumət nümayəndələri səviyyəsində də davam etdirilib ki, bu da Azərbaycanla İtaliya arasında əlaqələrin bütün sahələr üzrə inkişafına təkan verib.

“Əsrin müqaviləsi”nin imzalanması iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına təkan verib

Bu məqamda onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, zaman-zaman birgə əməkdaşlığa dair mühüm razılaşmaların əldə olunması İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı münasibətlərin güclənməsinə əlverişli zəmin yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində İtaliya şirkətlərinin təmsil olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına təkan verib.

Enerji sahəsində əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi, sosial, humanitar, elmi-mədəni, təhsil, səhiyyə, turizm və digər bölmələrdə intensiv əlaqələrin inkişafı İtaliya-Azərbaycan münasibətlərində yeni dinamikaya səbəb olub. İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında yaradılmış hökumətlərarası komissiyanın intensiv fəaliyyəti hər iki dövlətin siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementləri əlavə edib. Son illərdə möhkəm təməllər üzərində dərinləşən Azərbaycan-İtaliya əlaqələri öz növbəsində, ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fazasına qədəm qoyub. Hər iki dövlət Trans-Avropa enerji şəbəkəsinin formalaşmasında həlledici rola malik olmaqla strateji əhəmiyyət kəsb etməyə başlayıb. İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi münasibətlərin əsas prioriteti neft və qaz sahəsində əməkdaşlıqla bağlıdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql olunan neftin əsas alıcılarından biri İtaliyadır. Hazırda Avropa bazarlarına nəql olunan neft resurslarının böyük bir hissəsi məhz İtaliya limanları vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə çatdırılır. Bu dövlət ölkəmizə məxsus neftin 40 faizini öz ərazisi ilə Avropaya tranzit edir. İtaliya Respublikası Avropa İttifaqında yüksək nüfuza malik dövlət kimi regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə töhfə verməsi ilə diqqəti cəlb edir. Rəsmi Roma öz enerji siyasətini həyata keçirərkən Azərbaycan Respublikası ilə uzunmüddətli və davamlı xarakterə malik strateji layihələri prioritet kimi qəbul edir.

Məlum olduğu kimi, İtaliya Respublikası neftlə bərabər, qaz resurslarının da əsas alıcısıdır. Xatırladaq ki, hələ 2007-ci ilin dekabr ayında Azərbaycanla İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair protokol imzalanıb. Əlavə edək ki, “Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə elan edib ki, “Şahdəniz-2” layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənub-şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans-Adriatik boru kəmərini (TAP) seçib. 13 fevral 2013-cü ildə Yunanıstan, İtaliya və Albaniya hökumətləri Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası saziş imzalayıblar. Bir sözlə, İtaliya Azərbaycanın şaxələndirmə siyasətini dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin yaradılmasında təşəbbüs göstərən əsas dövlətlərdən biridir. Və görünən odur ki, enerji əməkdaşlığı formatı gələcəkdə daha geniş coğrafi miqyas alacaq. Azərbaycanın müəllifi olduğu, Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin coğrafiyası daha da genişlənəcək və Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi yaranmış olacaq. Yanacağın Azərbaycandan Türkiyə və Yunanıstana, oradan isə İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixracı üçün regionda ən iri qaz marşrutu mövcud olacaq. Eyni zamanda, bu enerji sistemi şaxələnərək Mərkəzi Avropanın bir çox dövlətlərini əhatə edəcək. Yanacağın sözügedən marşrut üzrə Xəzər hövzəsindən, Orta Şərqdən və Mərkəzi Asiyadan Avropaya çatdırılması nəzərdə tutulur. Gələcəkdə, həmçinin, Qazaxıstanın və Türkmənistanın da qaz resurslarının bu dəhlizlə nəqli mümkün sayılır. Bu amil İtaliya ilə Azərbaycan arasında iqtisadi təmasları dərinləşdirməklə yanaşı, məhz respublikamızın enerji strategiyası nəticəsində bu ölkənin də regionda tranzit dövlətə çevrilməsinə səbəb ola bilər. Yəni, İtaliya təkcə Azərbaycan qazının alıcısı deyil, həm də yanacağın digər Avropa dövlətlərinə ixracı üçün tranzit ölkə rolunu oynamış olacaq. Azərbaycan qazı Avstriyaya, Bolqarıstana, Macarıstana, həm də bu ölkənin ərazisindəki marşrutlarla çatdırılacaq. Bu strateji addım, eyni zamanda, respublikamızın Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq gücünü ortaya qoyur.

Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda İtaliya öncül sıralarda qərarlaşıb

Yeri gəlmişkən, İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq enerji resursları ilə məhdudlaşmır. Onu da qeyd edək ki, indiyədək keçirilən Azərbaycan-İtaliya biznes-forumlarında müzakirə olunan əsas məsələlər neft və qaz sahəsində əməkdaşlıqdan başqa, qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə tutur. Tərəflər iqtisadiyyatın bir çox sahələri üzrə geniş əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətindədirlər.

Onu da bildirmək yerinə düşər ki, hazırda hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda İtaliya öncül sıralarda qərarlaşıb. Məsələn, 2010-cu ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 5,3 milyard avro olub. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2011-ci ildə 9,6 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm İtaliyanın Avropa İttifaqına daxil olan 11 ölkə ilə malik olduğu ticarət dövriyyəsindən daha yüksəkdir. Bütövlükdə Azərbaycanın xarici ticarət dövriyyəsində ixracatda 35,2 faizlə İtaliya, idxalda isə 16,8 faizlə Rusiya öndə durur. Yeri gəlmişkən, 2010-cu ildə Bakıda keçirilən biznes forumda hər 2 ölkənin dövlət rəsmiləri, kənd təsərrüfatı, qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerji və s. sahələri təmsil edən 60-dan çox şirkətin nümayəndəsi iştirak edib və tədbirdə işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. İşgüzar görüşlərlə davam etdirilən tədbirin yekunu olaraq, İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb. Həmin sənəddə iki ölkə arasında ticarətin inkişafı, iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə müəssisələrin yaradılması, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı, eləcə də, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların cəlb edilməsi və s. sahələrdə əməkdaşlığın inkişafı nəzərdə tutulub. Ötən müddət ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasında daha bir neçə şirkəti fəaliyyətə başlayıb. Bu məqam ötən il noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya biznes forumunda bir daha vurğulanıb.

Məlumat üçün bildirək ki, hər iki ölkənin şirkətləri arasında əlaqələrin qurulması baxımından böyük əhəmiyyət kəsb edən həmin forumda 130-dan artıq italiyalı iş adamı iştirak edib. Ümumiyyətlə, italyanlar respublikamızda kənd təsərrüfatı, qida sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət avadanlıqları, geyim, mebel və digər sahələr üzrə fəaliyyət göstərirlər.

İtaliya birmənalı olaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir

Yeri gəlmişkən, diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, İtaliya Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dövlət səviyyəsində xüsusi olaraq, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Faktlara diqqət yetirək. Məlum olduğu kimi, bir neçə il öncə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub. Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub. Görüş zamanı Azərbaycan parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca vacibdir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Həmin görüş zamanı Azərbaycanın neçə illərdən bəri üzləşdiyi ən ağrılı problemi-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ, xüsusilə, diqqət mərkəzində olub. İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini isə bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoyaraq qeyd edib: “Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir”.

Əlbəttə, bu fakt onu göstərir ki, İtaliya tərəfi bu problemə haqq və ədalət müstəvisində çox həssaslıqla yanaşır. Xatırladaq ki, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Senat Yeni Avropa Xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsinin vacibliyini qeyd edir.

İkitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Qeyd etdiyimiz kimi, bu vaxta qədər Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair təxminən 30 sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin gücləndirilməsində maraqlıdır. Regionda beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşına çevrilməsi İtaliya tərəfindən də yüksək dəyərləndirilir.

Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, onların parlament assambleyaları səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, hazırda iki ölkənin qanunvericilik orqanları arasında əlaqələr də yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna olan diqqətin və marağın artmasının şahidi oluruq. Senat üzrə dostluq qrupunun üzvlərinin sayı 32 nəfərdən ibarətdir.

Azərbaycan İtaliyanın Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır

İtaliya Respublikası, həmçinin, Avropa İttifaqında da söz sahiblərindən biridir. 2006-cı ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin mart ayında Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadır və bu baxımdan, Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən, İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır. Qeyd olunmalıdır ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avroatlantik qurumlara inteqrasiya, o cümlədən, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesində İtaliyanın ölkəmizə dəstəyi şübhə doğurmur. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək. Bir sözlə, İtaliyanın Trentino Alto Adige regionunun dil azlıqları və sülh üçün ədalət üzrə konsulu Cüzeppe Detomasın da vurğuladığı kimi, Azərbaycan ilə İtaliyanı dərin köklərə əsaslanan münasibətlər birləşdirir. Bu ilin martında AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışan C.Detomas diqqətə çatdırıb ki, bu sıx əməkdaşlığı bir çox sahələrdə müşahidə etmək mümkündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan C.Detomas problemin tezliklə tənzimlənəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, İtaliya münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli dünyanın bir sıra bölgələrində davam edən münaqişələrə son qoyulması üçün nümunə ola bilər.

Ölkəmizdəki etnik-dini tolerantlıq İtaliya siyasətçiləri tərəfindən xüsusi olaraq vurğulanmaqdadır

Yeri gəlmişkən, ölkəmizdəki tolerant mövqe İtaliya siyasətçiləri tərəfindən xüsusi olaraq vurğulanmaqdadır. Belə ki, bu ilin martında Azərbaycanın İtaliyadakı səfirliyinin, bu ölkənin “Vox Populi” və “İl Nodo di Gordio” aparıcı elm mərkəzlərinin birgə təşkilatçılığı ilə Trento şəhərində keçirdiyi “Muxtariyyət və xalqlar arasında birgəyaşayış. Azərbaycanda dini etiqadın, dilin və sivilizasiyanın yeni sərhədləri” mövzusunda elmi konfransda həmin məsələ bir daha vurğulanıb. Məsələn, tədbirin moderatoru, “İl Nodo di Gordio” elm mərkəzinin rəhbəri Daniele Ladzeri dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin geniş yayıldığı bir zamanda sürətlə inkişaf edən Azərbaycanda mövcud olan etnik-dini tolerantlığın, sivilizasiyalararası əlaqələrin müzakirəsi baxımından konfransın yaxşı imkan yaradacağını vurğulayıb.

Öz növbəsində, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev bildirib ki, ölkəmiz dinlərarası münasibətlərin tənzimləndiyi önəmli bir məkana çevrilib.

ATƏT Parlament Assambleyasının İtaliyadan olan keçmiş prezidenti Rikkardo Milyiori, İtaliyanın müxtəlif ölkələrdəki sabiq səfirləri Culio Pricioni və Quido Lenzi, Trentino Alto Adige regionunun dil azlıqları və sülh üçün ədalət üzrə konsulu Cuzeppe Detomas çıxış edərək müasir dünyanın geosiyasi durumu kontekstində Azərbaycanın getdikcə qlobal iştirakçıya çevrilməsindən danışıblar. Bildirilib ki, bu gün sürətli inkişafı ilə fərqlənən Azərbaycanda mövcud sabit siyasi durum bir çox ölkələr üçün nümunə ola bilər. Sonra dinlərarası məsələlərə dair panel iclası keçirilib. İclasda çıxış edən dinlərarası dialoq üzrə mütəxəssis Alessandro Martinelli, “İl sole 24 ore” qəzetinin əməkdaşı Auqusto Qrandi, Bolzano muxtariyyətinin əyalət prezidenti Arno Kompatşer və digərləri müxtəlif dinlərin nümayəndələri arasında ortaq maraqların mövcudluğu, daha təhlükəsiz və sülh ilə dolu bir dünyaya nail olmaq üçün onların səy göstərmələrinin vacibliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan bu istiqamətdə üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirməkdədir. Azərbaycan artıq Avropanın tərkib hissəsinə çevrilib. Bu baxımdan bu ölkənin Avropa dəyərlərini bölüşməsi yüksək qiymətləndirilməlidir. Daha sonra “Azərbaycanın rəmzlərindən biri olan Alban Apostol kilsəsinin tarixi kökləri” kitabının təqdimatı olub. Nəşrin həmmüəllifləri, professorlar Paolo Zammatteo, Ermanno Vizintainer, Angelo Mekka və Andrea Marçiliano kitabın ölkəmizin ərazisində yaşamış etnosların dini etiqadları, mədəni dəyərləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildiriblər.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2014. - 23 aprel.- S.8.