Azərbaycan-Qazaxıstan münasibətləri mütəmadi inkişaf dinamikasına malikdir

 

Hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir

Müasir beynəlxalq münasibətlərin suveren aktoru olan Azərbaycan Respublikasının qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Qazaxıstan Respublikasıdır. Hazırda ölkələr arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir.

Ölkələr arasında qarşılıqlı-faydalı münasibətləri möhkəmləndirən faktorlardan biri də tərəflər arasındakı sıx təmaslar və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovu qəbul edib. Müdafiə naziri Serik Axmetov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana səfərinin müdafiə sahəsində də əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Prezident İlham Əliyev Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Ümumiyyətlə, ölkələr arasında tərəfdaşlığa əsaslanan sıx əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.

Hazırda Azərbaycan və Qazaxıstan strateji tərəfdaşdırlar və iki ölkə arasında siyasiiqtisadi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyası fəaliyyət göstərir və iki ölkə arasında 100-dən artıq sənəd imzalanıb.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Həmin vaxt türk dövlətləri başçılarının ikinci zirvə görüşündə iştirak edən Ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək, iki ölkə arasındakı münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında həm ikitərəfli, həm də türk dövlətlərinin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına dair qərar qəbul edilib.

İki ölkə arasında münasibətlərin inkişafında növbəti addım olan dövlət başçıları səviyyəsində görüş 1996-cı il mayın 14-də EKO-nun dövlət başçılarının zirvə toplantısında keçirilib. Görüş zamanı Ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə dəvət edib.

1996-cı il sentyabrın 16-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı Ümummilli lider Heydər Əliyev və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni sahələri olub. Səfər çərçivəsində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında münasibətlərin əsasları haqqında müqavilə, investisiyaların təşviqi və qorunması haqqında saziş, neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında saziş, hava əlaqəsi haqqında saziş, Xəzər dənizi məsələləri üzrə Birgə Bəyannamə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında saziş, Azərbaycan Respublikasının Milli Bankı ilə Qazaxıstan Respublikasının Milli Bankı arasında hesablaşmaların təşkili haqqında saziş və digər sənədlər imzalanıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkələr bir sıra formatlarda, o cümlədən, Türkdilli dövlətlərin toplantısı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. formatlarda çox uğurla əməkdaşlıq ediblər. Eyni zamanda, Prezident İlham Əliyevin səyləri nəticəsində bu əməkdaşlıq daha stratejiintensiv xarakter alıb.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ilin martında olub. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Hər 2 dövlət başçısı neftqaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusilə, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyiblər. O da qeyd olunub ki, gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin bu səfərindən sonra Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətlə davam edib.

2005-ci il mayın 24-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ölkələr arasındakı münasibətlərin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə də daxil olmaqla 6 sənəd imzalanıb.

Ümumiyyətlə, xalqlarımız tarixi, mədəni və ənənələr baxımından bir-birinə bağlı xalqlar olduğu üçün bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Hər iki xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr intensiv xarakter alıb. Azərbaycanın ağır illərində onun haqq səsini dünyaya çatdıran XX yüzilin ən qüdrətli şairlərindən olan Oljas Süleymanovun məşhur “Az-Ya” kitabı, şeirləri və məqalələri 1980-ci illərdən Azərbaycanda nəşr olunmağa başlayıb. 8-10 iyun 2012-ci ildə Qazaxıstanda Azərbaycan, 18-21 noyabr 2012-ci ildə isə Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilib.

Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı sıx təmaslar hazırda uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il fevralın 20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib. Bildirib ki, ölkələrimiz istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu söyləyib.

Öz növbəsində, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Prezident Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirib ki, ölkəmizə səfərə gələrkən Qazaxıstan Prezidenti Onu şəxsən qəbul edib. Parlament Məclisinin sədri Nurlan Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətlərinin və qarşılıqlı hörmətin rolunu xüsusi vurğulayıb. O, bu əlaqələrin hazırda daha da genişləndirilməsində dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətlərinin önəmini vurğulayıb. Nurlan Niqmatulin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubunu dövlətimizin başçısına təqdim edib. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın bir sıra sahələrdə                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

Ümumiyyətlə, strateji tərəfdaş olan Azərbaycanla Qazaxıstan beynəlxalq arenada əməkdaşlıq əlaqələri çərçivəsində qarşılıqlı-faydalı şəkildə fəaliyyət göstərir və bir-birilərini dəstəkləyirlər. Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış edir. Beləliklə, Azərbaycan-Qazaxıstan münasibətləri mütəmadi inkişaf dinamikasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014. - 24 aprel.- S.8.