Azərbaycan-Tacikistan
əlaqələri inkişaf edir
Bu il Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın III iclasının keçirilməsi planlaşdırılır
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin İnvestisiya və Dövlət Əmlakının İdarə olunması Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kodiri Kosimlə görüşüb. Səfirlikdən AzərTAc-a bildirilib ki, görüşdə hər iki ölkə prezidenti arasında səmimi münasibətlərin qarşılıqlı əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına müsbət təsir göstərdiyi məmnunluq hissi ilə vurğulanıb.
Kodiri Kosim komitənin fəaliyyət sahələri, əməkdaşlıq əlaqələri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə qısa məlumat verib. O, Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolu ilə bağlı bildirib ki, Türkmənistan tərəfi tikintini başa çatdırıb. Tacikistan hökuməti isə nəqliyyat sahəsində olan problemləri tezliklə aradan qaldırmaq üçün məqsədyönlü iş aparır. Bunun üçün adı çəkilən dəmiryolunun tikintisi ilə bağlı beynəlxalq maliyyə qurumları ilə müntəzəm danışıqlar aparılır və bu sahədə müəyyən irəliləyişlər əldə edilib.
Səfir Abbasəli Həsənov bu il Düşənbədə Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə Biznes Forumun, ölkəmizin sənaye məhsullarının sərgisinin təşkilinin, eləcə də Azərbaycan-Tacikistan İqtisadi-Ticarət, Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın III iclasının keçirilməsinin planlaşdırıldığını qeyd edib. Diplomat investisiya qoyuluşu sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə Tacikistan tərəfindən sərmayəyə ehtiyac duyan konkret sahələrə dair layihələrin baxılması üçün Azərbaycan tərəfinə təqdim edilməsini xahiş edib.
Səfir Abbasəli Həsənov görüşdə, eyni zamanda, son illərdə Azərbaycanın nail olduğu inkişaf göstəriciləri barədə danışıb, ölkəmizin regionun lider dövlətinə çevrildiyini konkret faktlarla açıqlayıb. O, 1994-cü ildən bəri Azərbaycan iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulduğunu, bunun yarıdan çoxunun milli investisiya təşkil etdiyini bildirib.
Öz növbəsində Komitə sədri Kodiri Kosim Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının formalaşdırıldığını və işçi qüvvəsinin mövcud olduğunu qeyd edib.
Sədr geologiya sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini, Tacikistanın yeraltı sərvətlərinin xarici investisiya üçün cəlbedici olduğunu, dünyanın 250-dən çox şirkətinin bu sahəyə maraq göstərdiyini, onlardan bir neçəsinin artıq bu istiqamətdə fəaliyyətə başladıqlarını diqqətə çatdırıb.
Sonda səfir Abbasəli Həsənov Kodiri Kosimə səfirliyin dəstəyi ilə tacik dilinə tərcümə etdirilərək nəşr edilmiş Dövlət mükafatına təqdim olunan işlər sırasında tanınmış yazıçı-publisist, Azərbaycanın Əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman”, Nikolay Zinkeviçin “Həyatın keşməkeşləri” kitablarını təqdim edib.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan ilə Tacikistan arasında hər zaman müsbət əlaqələr mövcud olub. İki ölkə əlaqələrinin tarixinə nəzər salsaq, görərik ki, müstəqilliyin əldə edilməsi Azərbaycanla Tacikistan arasında münasibətlərin yeni mərhələsinin başlanmasını şərtləndirib. İki dövlət arasında diplomatik əlaqələrin əsası 29 may 1992-ci ildə qoyulub. 2007-ci ildən Azərbaycan Respublikasının Tacikistan Respublikasında səfirliyi fəaliyyətə başlayıb.
İki ölkə əlaqələri parlamentlərarası səviyyədə də inkişaf edir. Belə ki, 2005-ci il dekabrın 13-də Milli Məclisin qərarı ilə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 29 sentyabr 2006-cı il tarixində Tacikistan parlamentinin yuxarı palatasının Azərbaycan Respublikasının Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupunun əsası qoyulub. İki ölkənin dövlət başçılarının və digər yüksək rəsmi şəxslərinin qarşılıqlı səfərləri müqavilə-hüquq bazasının formalaşmasına, münasibətlərin müxtəlif sahələr üzrə inkişafına şərait yaradıb. Bu baxımdan, Prezident İlham Əliyevin Tacikistana 15-16 mart 2007-ci il tarixli səfəri xeyli səmərəli olub. Səfər zamanı iki ölkə arasında bir sıra sahələr üzrə 11 hökumətlərarası saziş imzalanıb.
Öz növbəsində, Tacikistan Prezidenti Emoməli Rəhmonun 2007-ci ilin avqustunda Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə 9 sənəd imzalanıb. Azərbaycanla Tacikistan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanları genişdir. Asiyanı Avropa ilə siyasi, iqtisadi, coğrafi, mədəni baxımdan birləşdirən körpü rolunu oynayan Azərbaycanla əlaqələr Tacikistan üçün Qərbə çıxış imkanıdır. Xüsusən də TRACECA layihəsi çərçivəsində bərpa edilən “İpək yolu” belə bir imkanı yaratmağa xidmət edir. Azərbaycan Prezidentinin 7 fevral 2008-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.
Bundan əlavə, 12-14 fevral 2008-ci il tarixlərində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Bobozoda Qulomconun rəhbərlik etdiyi nümayəndə heyəti respublikamıza səfər edib. Səfər çərçivəsində 12 fevral 2008-ci il tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrlərinin işçi görüşünün protokolu imzalanıb. Bundan bir gün sonra isə Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini ilə tacikistanlı həmkarı arasında 15 mart 2007-ci ildə Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” üzrə Ratifikasiya Fərmanlarının mübadiləsi həyata keçirilib.
2012-ci ilin iyul ayında ölkəmizə rəsmi səfər edən Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında növbəti mühüm görüş baş tutub. Görüşdə iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Dövlət başçısı Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sözsüz ki, keçirilən görüşlər, imzalanan müqavilələr iki ölkə arasında iqtisadi əlaqələrin, həmçinin, qarşılıqlı ticarətin həcminə öz təsirini göstərməkdədir. 2013-cü ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin həcmi 13,80 milyon ABŞ dolları, o cümlədən, ixracın həcmi 13,76 milyon dollar, idxalın həcmi isə 0,04 milyon dollar təşkil edib. Bu dövr ərzində Tacikistan ilə xarici ticarət saldosu müsbət 13,72 milyon dollar olub. 2013-cü ildə Tacikistanın ölkəmizin xarici ticarət dövriyyəsindəki payı 0,04 faiz, o cümlədən, ixracda 0,06 faiz təşkil edib.
Bundan başqa, hər iki ölkə müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlığa böyük maraq göstərir. 30 sentyabr 1999-cu il tarixində MDB iştirakçı dövlətlərinin Milli Təhlükəsizlik nazirlərinin görüşü zamanı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə Tacikistanın Milli Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Saziş iki ölkə arasında imzalanmış ilk sənəddir. 1-2 iyun 2006-cı il tarixlərində isə Azərbaycanda rəsmi səfərdə olan Tacikistanın müdafiə naziri Ş.Xayrulloyev Prezident İlham Əliyevin qəbulunda olub, bir sıra rəsmi şəxslərlə görüşüb. Səfərin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”in imzalanması olub. Bundan başqa, Azərbaycanla Tacikistan Mərkəzi Asiyada narkotiklərə nəzarət sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma Memorandumuna üzvlük çərçivəsində beynəlxalq cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq edir. Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq şəklində də inkişaf etməkdədir. İki ölkə rəsmiləri dəfələrlə Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatların müxtəlif səviyyəli toplantılarında iştirak çərçivəsində görüşlər keçiriblər. Bu, həm də dövlətlərin beynəlxalq arenada bir-birinə dəstək olması baxımından da vacibdir.
Bu ilin aprel ayında isə Tacikistanın xarici işlər naziri Sirociddin Aslov ölkəmizdə səfərdə olub. Prezident İlham Əliyev Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib. Görüşdə dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. Dövlət başçısı Tacikistanın xarici işlər nazirinin Azərbaycana səfərinin əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Sirociddin Aslov isə, öz növbəsində, Tacikistan Prezidentinin Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət məktubunu Prezident İlham Əliyevə təqdim edib. Görüşdə, həmçinin, Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulanaraq, iki ölkənin müxtəlif sahələrdə, o cümlədən, iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.
Beləliklə, istər yuxarıda sadalananlar, istərsə də Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun bu ölkənin İnvestisiya və Dövlət Əmlakının İdarə olunması Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kodiri Kosimlə görüşündə səslənən fikirlər Azərbaycanla Tacikistanın əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsi üzrə mövqelərin üst-üstə düşdüyünü, həmçinin, iki ölkə arasındakı münasibətlərin inkişaf etdiyini təsdiqləyir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2014.- 5 avqust.- S. 8.