Azərbaycanda ordu quruculuğu dövlətin diqqət mərkəzindədir

 

Prezident İlham Əliyev: Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir

 

Bu bir həqiqətdir ki, regionun lider dövləti olan Azərbaycan, eyni zamanda, bölgədə sülhün, əmin-amanlığın qarantı rolunda çıxış edir. Dövlətimizin və xalqımızın əsas amalı Cənubi Qafqazı sabitlikinkişaf məkanına çevirməkdən ibarətdir. Bununla belə, məlum olduğu kimi, Azərbaycanın davamlı sülh çağırışlarının müqabilində işğalçı Ermənistan tərəfindən adekvat addımlar atılmır. Belə ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində suveren dövlətlərin ərazi bütövlüyünü təsbit edən beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. Daha dəqiq desək, 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, təxminən 1 milyon soydaşımız doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, AŞ PA, İƏT Azərbaycan torpaqlarınının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiqləyən və pisləyən, işğalçı qoşunların zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələr çıxarmalarına baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam etdirir, həmçinin, hər vəchlə aqressiya nəticəsində yaranmış status-kvonun saxlanmasına nail olmağa çalışır.

Təbii ki, mövcud durum heç bir halda Azərbaycanı qane edə bilməz. Və sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, Azərbaycan gec-tez öz torpaqlarını güc yolu ilə geri qaytarmaq məcburiyyətində qalacaq. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bəyan etdiyi kimi, “Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaqdır”.

Beləliklə, Azərbaycanın heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini, bunun ölkəmizin prinsipial mövqeyi olduğunubu mövqedən bir addım kənara çəkilməyəcəyimizi dəfələrlə bəyan edən Prezident İlham Əliyev, eyni zamanda, bildirib ki, ordu quruculuğu məsələnin həllində mühüm rol oynamalıdır: “Azərbaycan müharibə şəraitində yaşayır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır”.

Məhz buna görə də, Azərbaycan dövləti ölkənin etibarlı müdafiəsini təmin etmək, aparılan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq məqsədi ilə ordu quruculuğu prosesini inamla davam etdirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi güclü, müasir, yüksək döyüş qabiliyyətinə malik ordu quruculuğu ilə bağlı qarşıya qoyulan genişmiqyaslı hədəfləri reallaşdırmağa imkan verib.

Belə ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçib, döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini düz iki dəfə üstələyir.

Heç şübhəsiz, orduya lazımi qədər vəsait ayrılması sayəsində Silahlı Qüvvələrin maddi-texniki təchizatını yüksək səviyyəyə qaldırmaq mümkün olub. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə cari il iyunun 26-da keçirilən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi Azərbaycan ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Məlumat üçün bildirək ki, təlimlərə ümumilikdə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. Təlimlər zamanı Silahlı Qüvvələrimizin qarşısına qoyulan bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetirildi ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının yüksəlməsinin təsdiqidir.

Paralel surətdə ordunun şəxsi heyyətinə diqqət və qayğı da artıb. Belə ki, ölkəmizdə hərbçilərin sosial müdafiəsi yüksək səviyyədə təmin edilir. Hərbçilərin maaşları, pensiyaları vaxtaşırı artırılır. Dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, orduda 20 il qüsursuz xidmət göstərmiş şəxslərə dövlət tərəfindən mənzillər verilir. Haqqında bəhs olunan Sərəncama əsasən, indiyədək Silahlı Qüvvələrin 200-ə qədər təmsilçisinə mənzillər verilib. Bu ilin sonunadək hərbçilərə paylanılacaq mənzillərin sayı 500-ə çatdırılacaq. Prezident İlham Əliyevin bəyan etdiyi kimi: “Bu, dövlətin öz hərbçilərinə olan diqqətinin təzahürüdür və hərbçilərin sosial müdafiəsi bizim üçün böyük əhəmiyyət kəsb edən məsələdir”.

Son illərdə Azərbaycanda müdafiə sənayesinin inkişaf etdirilməsi də ölkəmizdə ordu quruculuğuna göstərilən diqqətin bariz ifadəsidir. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ölkəmizdə güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Bununla bağlı məmnunluğunu ifadə edən Prezident, Ali Baş Komandan İlham Əliyev vurğulayıb: “Bu gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq”.

Artıq ölkəmizdə hərbi-sənaye kompleksinə aidİqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğaelm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğakimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi 900-ə çatdırılıb və bu da son hədd deyil. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir.

Sevindirici haldır ki, Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası ordumuzun tələbatını ödəməklə yanaşı, həm də xarici bazarlara çıxarılır. Beynəlxalq sərgilərdə ölkəmizdə hazırlanan hərbi təyinatlı məhsullara marağın getdikcə artması Azərbaycanın hərbi-sənaye kompleksinin geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. Belə ki, ilk dəfə beynəlxalq sərgilərə cəmi 27 adda məhsulla qatılan MSN ötən ilin mayında İstanbulda keçirilən “IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində 130 növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yalquzaq”, “İstiqlal”, “Mübarizsnayper tüfəngləri, “Gürzə” patrul maşını, müxtəlif növ döyüş sursatları sərgidə təmsil olunanqonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq sərgiyə qatılan ayrı-ayrı ölkələrin təmsilçiləri Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan məhsulları almaq və hərbi məhsulların istehsalı sahəsində ölkəmizlə əməkdaşlıq etmək barədə niyyətlərini bildiriblər.

Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi, güclənən Azərbaycan ordusu Ermənistan üçün ciddi təhlükə mənbəyinə çevrilib. Azərbaycan ordusunun güclənməsinin fonunda Ermənistan cəmiyyətində getdikcə artan psixoloji deqradasiya, ruh düşgünlüyü hiss olunmaqdadır. Ermənilər getdikcə daha dərindən dərk edirlər ki, ikinci Qarabağ savaşı başlayacağı təqdirdə güclü Azərbaycan ordusunun həmlələrinə cavab verə bilməyəcəklər. Öz növbəsində, ekspertlər bildirirlər ki, Ermənistanın sürətlə boşalmasına təsir göstərən ən mühüm amillərdən biri də, məhz Azərbaycanın güclü ordu quruculuğu amili ilə bağlıdır. Qeyd edək ki, təkcə cari ilin birinci yarısında işğalçı ölkədən gedən ermənilərin sayı on minlərlə ölçülür. Eyni zamanda, cəbhə bölgəsində vəziyyət dəyişib. Hazırda Ermənistan ordusu təşviş içərisindədir, burada ordudan yayınmağa cəhdlər, fərarilik kütləvi hal alıb, düşmənlə təmas xəttində Azərbaycan açıq-aşkar üstünlüyə yiyələnib.

Sonda onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər davamlı xarakter daşıyır. Daha dəqiq desək, ordu quruculuğunun Azərbaycanın dövlət siyasətinin prioriteti olduğunu deyən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bundan sonra da ölkənin hərbi-sənaye potensialının güclənməsinə, ordunun qüdrətinin artmasına daha da böyük dəstək veriləcək, daha da böyük vəsait ayrılacaq: “Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 6 avqust.- S. 2.