Azərbaycanda Ümummilli liderimiz Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsindən 16 il ötür

 

Düz 16 il əvvəl avqust ayının 6-da Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalandı...

 

Ötən ay 139 yaşını qeyd edən Azərbaycan mətbuatı uzun, şərəfli bir yol keçib. bu gün dövlətin xüsusi qayğısı, həmçinin, ölkəmizdə mövcud olan söz azadlığı milli mətbuatımızın inkişafına təkan verib. Təbii ki, bu inkişafın təməlində də Ulu öndər Heydər Əliyevin əsasını qoyduğubu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti dayanır.

Kimsəyə sirr deyil ki, Azərbaycanda milli mətbuatın inkişaf tarixi, peşəkar medianın yaranması, söz azadlığının genişlənməsi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Bu inkişafda başlıca amillərdən biriUlu öndərin Azərbaycan dilinə xüsusi diqqət və qayğı ilə yanaşması oldu. Məlum olduğu kimi, Sovetlər dönəmində dilimizə bəslənən ögey münasibət məhz Ulu öndərin şəxsi səyi nəticəsində tez bir zamanda ortadan qaldırıldı. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, doğma dilimizə yeni həyat verdi. Təsadüfi deyil ki, bu, eyni zamanda, həmin vaxtda Azərbaycanda ana dilində çap olunan mətbuatın dirçəlməsinə yol açdı.

Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpmağa başladı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində göstərişlər verdi. Azərbaycanda nəşr olunan çap mətbuatı demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zamanın Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynadı...

AXC-“Müsavat” hakimiyyətinin 1992-ci ildə yaratdığı hərbi senzura söz azadlığına

qarşı repressiya idi

Lakin təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində yaşanan xaosanarxiya mətbuatımıza da öz mənfi təsirini göstərdi. Məlum olduğu kimi, 1991-ci ildə əldə edilən müstəqilliklə bərabər, Azərbaycanın başını qara buludlar aldı. Həmin vaxt təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların hakimiyyət uğrunda qanlı mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Bəhs edilən dövrdə çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-“Müsavat” hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti bu cütlüyün təmsilçilərinin hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Belə ki, məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verir, söz azadlığı, fikir plüralizmi kimi mövhumlar Azərbaycana yad meyarlara çevrilirdi. İstər Həsən bəy Zərdabi dövründən miras qalan, istərsə də Ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan azadmilli mətbuat ənənələri kobud şəkildə dağıdılırdı.

Xalqın gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist adına ləkə vurulması ilə də nəticələnirdi. Hətta bu gün belə mübarizə aparılan, jurnalistikanın ən ağrılı yeri sayılan “reket jurnalistikası”, da məhz o günlərdən bizə qalan qara “yadigardır”. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün AXC-“Müsavat” hakimiyyətinin təmsilçiləri əllərindəki bütün siyasi rıçaqlardan istifadə edirdilər. Azad sözü boğan, fərqli fikrə hörmətlə və dözümlə yanaşa bilməyən bu qruplaşma nəticə etibarı ilə özlərinin demokratik səviyyələrinə uyğun şəkildə addım atdı -1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə həqiqətin xalqa çatdırılması bu cütlüyün hakimiyyətinin siyasi iflasına gətirib çıxaracaq. Beləliklə, 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemlər, dəhşətlər Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı...

Ulu öndər Heydər Əliyev milli mətbuatımızın azaddemokratik inkişafının təminatçısına çevrildi

Bütün bu hərc-mərcliyə isə 1993-cü ilin iyununda sonra son qoyuldu. Daha dəqiq desək, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələr kimi, mətbuatın inkişafında da mühüm rol oynadı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə təkan verdi. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı. Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında xalq tərəfindən dəstəklənən Azərbaycan Respublikasının Kostitusiyası ölkədə söz, vicdan azadlığı prinsiplərinin qanunla qorunmasını təmin etdi.

Eyni zamanda, Ulu öndər Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə qəbul edilmiş bir sıra qanunlar KİV-in hüquqi tənzimlənməsində birbaşa rol oynadı.

1998-ci ilin 6 avqustunda Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman milli mətbuatımızın tarixinə qızıl hərflərlə həkk olundu

Bütün bunlarla yanaşı, 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində əsl inqilab xarakteri daşıyırdı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü.

1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Bu gün çəkinmədən demək olar ki, ölkəmizdə azad sözün inkişafı tarixi də məhz 1998-ci ilin 6 avqustundan başlayır. Çünki Ümummilli liderimiz Heydər Əliyev bu Fərmanla Azərbaycanda demokratik prinsiplərin, azad sözün qorunması istiqamətində bir tarix yaratdı. Məhz bu tarix günümüzdə azad mətbuatın inkişafında müstəsna əhəmiyyətə malikdir. Bundan başqa, mətbuatda dövlət qeydiyyatı ləğv olunduyeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı.

Qeyd etmək lazımdır ki, Azərbaycanda senzuranın ləğv olunması haqqında Fərmanın imzalanması həmin dövr üçün inanılmaz addım idi. Bu çox böyük siyasi iradə tələb edirdi. Ulu öndər Heydər Əliyev bu qərarı verməklə böyük siyasi iradə nümayiş etdirdi. Bununla da, Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz senzuranın ləğvindən sonra jurnalistlərin öz peşələrinə münasibətdə məsuliyyəti də artdı. Çünki senzura yaradıcı insanlar üçün bir buxov idi.

6 avqust Fərmanı həm də o dövrdə postsovet məkanında ilk olaraq Azərbaycan mətbuatının dövlət nəzarətindən çıxmasına şərait yaratmışdı. Yəni, bu məzmunlu Fərman yeganə olaraq Azərbaycanda verilmişdi. Bu Fərmandan sonra, sözün əsl mənasında, mətbuatın inkişafı dövlət qayğısı ilə əhatə olundu. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradioİnternet Şurası yaradıldı. Bundan başqa, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, qəzetlərə dövlət tərəfindən birdəfəlik yardımlar verildi. Bu addımlar ölkədə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, azad sözün inkişafına öz töhfəsini verdi.

Bundan başqa, Ulu öndərin diqqət və qayğısı cəmiyyətdə jurnalistlərə yüksək münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzet baş redaktorları ilə görüşlər keçirən Ümummilli liderimiz Heydər Əliyev mətbuatın problemləri ilə daha yaxından tanış olaraq, müvafiq qərarlar qəbul etdi, mətbuatın inkişafına nail oldu. Bütün ölkə jurnalistləri Ulu öndəri həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyev “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

Prezident İlham Əliyevin diqqəti və qayğısı mətbuatın problemlərinin həllində mühüm yer tutur

Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Daha doğrusu, Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının daha da genişləndirilməsinə xidmət göstərən addımlar, o cümlədən, mətbuatın inkişafı istiqamətində həyata keçirilən siyasət xüsusi olaraq dəyərləndirilməlidir. Belə ki, məhz Prezident İlham Əliyevin Fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi hesabına ödənildi, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olundu, kütləvi informasiya vasitələrinə maddi yardımlar edildi. 2008-ci ilin 31 iyulunda imzalanan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası mətbuat-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsində müstəsna rola malik oldu. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması ilə bağlı imzalanan Fərman isə mətbuatın dövlət dəstəyindən bəhrələnərək müstəqil inkişafını təmin etdi.

Prezident İlham Əliyev azad sözə verdiyi yüksək dəyəri 2010-cu ilin 22 iyulunda imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri” haqqında Sərəncamla bir daha nümayiş etdirmiş oldu. Məhz həmin Sərəncam Azərbaycan mediasının inkişafının yeni bir mərhələsinin başlanğıcığını qoydu. Belə ki, sözügedən Sərəncama uyğun olaraq, 2 bloklu 17 mərtəbəli bina tikilərək 2013-cü il iyulun 22-də jurnalistlərin istifadəsinə verildi. Bu, Azərbaycan Prezidentinin, dövlətin müxtəlif sosial təbəqələrin, o cümlədən, Azərbaycan jurnalistlərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həllinə diqqət və qayğısının bariz nümunəsi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində çıxışında bu tədbirlərin davamlı xarakter daşıyacağını bəyan etdi. Yeri gəlmişkən, 2013-cü ilin iyulunda Prezident İlham Əliyev tərəfindən “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncamın imzalanması və ölkə başçısının jurnalistlər üçün 250 mənzilli yeni binanın təməlqoyma mərasimində iştirak etməsi sözügedən prosesin davamlı xarakter aldığını nümayiş etdirir.

Heç şübhəsiz, bu addımlar Prezident İlham Əliyevin jurnalistlərin gerçək dostu olduğunu da təsdiqləyir. Və məhz bunun nəticəsidir ki, 2013-cü ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuda Prezident İlham Əliyev yenidən “Jurnalistlərin dostuseçildi.

Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman Öz fəaliyyəti ilə Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti ortaya qoyur. Davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur. Həmin məqama toxunan dövlət başçısı demişdir: Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər”.

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 6 avqust.- S. 3.