Şəhidlik ən müqəddəs zirvədir!

 

Azərbaycan xalqı Mustafa Coşqunov kimi öz Vətəni uğrunda gözünü qırpmadan şəhid olmağı bacaran mərd oğulları ilə hər an düşmənə zərbə vurmağa hazırdır

20 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Azərbaycan əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd etmədən bu torpaqları azad etməyə hazırdır. Hər halda son günlər cəbhə bölgəsində baş verənlər, daha doğrusu əsgərlərimizin düşmənin təxribatçı hücumlarının qarşısını qəhrəmancasına alması da deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, son günlər düşmənlərimizin Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı həlak olmuş hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də əsgər Mustafa Əhmədcan oğlu Coşqunovdur. Qeyd edək ki, Mustafa Əhmədcan oğlu Coşqunov 10 yanvar 1996-cı ildə Xaçmaz rayonunun Yeni həyat qəsəbəsində anadan olub. 2002-ci ildə Yeni həyat qəsəbəsində yerləşən N.İsayev adına tam orta məktəbin birinci sinifinə gedib, 2013-cü ildə həmin məktəbi bitirib. 13 yanvar 2014-cü il tarixində Mustafa Ağdam rayonu Xındırıstan kəndində yerləşən “N” saylı hərbi hissəyə, Vətənə öz xidməti borcunu ödəməyə gedib. 31 iyul 2014-cü il tarixində Ağdamın Cəməzəminli kəndində düşmənlə döyüşdə qəhrəmancasına şəhid olub.

Yeni həyatda bir igid əsgər...

Əvvəlcə adının doğmalığı ilə məni özünə cəlb edən Mustafa Coşqunovun qısa, lakin şərəfli ömür yoluna bələd olduqca qəlbimdə sanki onu çoxdan tanıyırammış kimi bir hiss yarandı. Axı, şəhid oğulların ömür yolundakı oxşar cizgiləri görməmək mümkün deyil. Niyə oxşamasınlar?! Məgər onların hər biri eyni amal, eyni məqsəd uğrunda mübarizəyə qatılmayıblarmı?! Məgər onlar eyni Vətənin, eyni torpağın müdafiəsi naminə silaha sarılmayıblarmı?! Məgər onlar eyni müqəddəs yolun yolçusu olaraq şəhidlik zirvəsinə ucalmayıblarmı?! Məgər onlar doğma Vətəni öz canlarından əziz tutub onun yolunda qurban getməyiblərmi?! Bəli, bu oğulların hamısı Vətən uğrunda mübarizəyə qatılaraq silaha sarılıblar şəhid olaraq bu Vətənə qurban gediblər. Necə bənzəməsinlər bir-birlərinə? Mustafa Coşqunov bu bənzər talelərin sadəcə birinin sahibi idi.

Şəhidimizin əmisi Məhəmməd Coşqunovun sözlərinə görə, qardaşı oğlu həmişə ailəsinin başını uca edib: “Mən qardaşım oğlunun düşmənə layiqli cavab verdiyinə inanıram. Mustafa halal zəhmətlə böyüyüb. O, heç vaxt çətinlikdən yayınmayıb, həmişə ailəsinin başını uca edib”.

Məhəmməd dayı deyir ki, Vətən, torpaq sevgisi insan dünyaya qədəm qoyduğu ilk günlərdən ona aşılanır. Bu isə ailədən başlayır: “Bəli, sadəcə, uşaqlara Vətəni anlatmaq lazımdı. Anlatmaq lazımdır ki, gənclik zamanı gələndə özü fərqinə varmadan ürəyinin Vətən sevgisi ilə aydınlandığını duysun. Bu duyğu onda Vətən, vətəndaş təəssübü formalaşdıracaq nəhayət, Vətənin bütövlüyü, tərəqqisi üçün ömür sürməyə qərar verəcək. Mustafagilin ailəsində məhz belə olub. Mustafanın qısa həyatının hər bir anı kəndinin, el - obasının xeyrinə - şərinə yaramaqla keçib”.

Əmisi deyir ki, qardaşı oğlu onunla söhbəti zamanı tez-tez Milli qəhrəman Mübariz İbrahimovun adını çəkirmiş: “O, həmişə - Mübariz kimi şəhid olmaq istəyirəm. Vətən uğrunda ölmək şərəfdir - deyirdi”.

Mustafanın alın yazısı...

Mustafanın digər əmisi Abdulla Coşqunov deyir ki, ancaq Vətəni canında, qanında, ruhunda daşıyan insan qəhrəman ola bilər: “Mustafa zahirən çox sakit görünürdü, amma içində həmişə bir qaynarlıq var idi. Yaşda mənim uşaqlarımdan balaca olsa da, həm zahiri görünüşünə, həm də fikirlərinə görə onlardan böyük görünürdü. Ailəsinə çox bağlı idi. Mustafa həm də çox romantik uşaq idi. Deyirdilər, yaxşı şəkillər çəkir. Amma gözündə bir qram da qorxu yox idi. İndi oturub düşünürəm, qəhrəmanlıq, şəhidlik kimi uca zirvə Mustafanın alnına yazılıbmış. O, öləcəyini bildiyi halda “Vətən” - deyərək döyüşə atılıb. İnanırıq ki, Mustafanın qanı alınacaq. Təkcə, Mustafanın yox, bu torpaq uğrunda ŞƏHİD OLAN HƏR KƏSİN”!

Mən şəhid anasıyam!...

Şəhidin anası Həlimə Coşqunova oğul itkisi yaşasa da məğrurdur. Ürəyindəki dərdini ovutmağı bacarır. Göz yaşları ürəyinə axsa da...: “Mən indi durum deyim ki, oğlum yaxşı oğlan idi, deyəcəksiniz ki, balasını tərifləyir. Mustafa lap kiçik vaxtlarından çox zəhmətkeş idi. Elə hey istəyirdi ki, hər işdə mənə kömək etsin. Təkcə mənə yox, bütün qohum-əqrəbanın, qonum-qonşunun xeyrinə-şərinə yarayardı. Mən Şəhid anasıyam, mənim oğlum Vətən, xalq, dövlət yolunda düşmənlə döyüşüb. Öz anasını, ailəsini, Ana Torpağını qorumaq üçün vuruşub və şəhid olub. Bəli, mən bir şəhid anası kimi oğlum, canım Mustafamla fəxr edirəm. Qoy yağı düşmən bilsin ki, Azərbaycanın mərd, qorxmazigid oğulları var. Bizim oğullarımız gec - tez o torpaqları yağı düşməndən azad edəcəklər”.

Mustafa tərbiyəli, böyük-kiçik yeri bilən bir şagird idi...

Yeni həyat qəsəbəsində yerləşən N.İsayev adına tam orta məktəbin direktoru Adil Mədətov Mustafanın məktəbli illərini sanki dünən olubmuş kimi xatırlayır: “Mustafa çox ağıllı, tərbiyəli, böyük-kiçik yeri bilən bir şagird idi. İdmanı çox sevirdi. Yaxşı futbolçu idi. Məktəb komandasının aparıcı oyunçularından idi. Uca boy-buxunu onu yaşından böyük göstərir, yoldaşlarından seçilirdi. Elə bil Allah onu seçib ayırmaq üçün yaratmışdı”.

O, daha sonra bildirir ki, şəhidlər hər kəsə, xüsusən də gələcək nəsillərə örnəkdir: “Qoy gənc nəsillərimiz də başa düşsünlər ki, milləti, Vətəni, xalqı necə sevməyi mili qəhrəmanlardan, şəhidlərdən öyrənmək, onların yolunu davam etdirmək lazımdır. Vətənin dar günündə Vətən harayına yollanan, övladlarımız, cavan ömürlərini qurban verən oğullarımızın hər biri bizim üçün qiymətli örnəkdir. O cümlədən məktəbimizin yetirməsi Mustafa Coşqunovun həyat yolu da. Bu gün Azərbaycanda 20 mindən çox şəhidimiz var. Qoy gələcək nəsillər, böyüməkdə olan övladlarımız onları tanısınlar, fəxr etsinlər və Vətəni sevməyi onlardan öyrənsinlər. Dövlətimizin atributu olan himnimiz, bayrağımız və gerbimiz kimi, şəhidlərimiz də atributa, qəhrəmanlıq rəmzinə çevrilməlidirlər. Bunları isə biz təbliğ etməli, gələcək nəsillərə çatdırmalıyıq. Bu gün Vətənimizdə şəhidlərimizin qanını, qisasını ala bilən oğullarımız böyüyür. Onları vətənpərvər ruhda tərbiyə etmək də üzərimizə düşən məsuliyyətdir. İnanıram ki, Ali Baş Komandanımız İlham Əliyev cənablarının müdrik siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.

 

OKTAY

Yeni  Azərbaycan.-2014.- 6 avqust.- S. 5.