Azərbaycanla İran
arasında əlaqələr inkişaf edir
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir
Xəbər verildiyi kimi, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. İran İslam Respublikasına rəsmi səfərini və İran rəhbərləri ilə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrimizin genişləndirilməsinə yeni təkan verdiyini qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, neft daşımaları, gəmiqayırma, ticarət, bank sektoru, elm, idman və digər sahələrdə inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Avqustun 5-də, eyni zamanda, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qeyd olunub ki, ölkəmiz İran dövləti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan hökuməti özəl informasiya texnologiyaları şirkətlərinin əməkdaşlığına hər zaman dəstək verməyə hazırdır. Nazir Əli Abbasov ölkəmizin dünyanın bir sıra aparıcı ölkələri ilə birgə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə forumların təşkili təcrübəsini əsas götürərək, bu il İKT üzrə İran-Azərbaycan Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb.
Görüşdə rabitə və informasiya texnologiyaları sahəsi üzrə əməkdaşlığın növbəti mərhələsi, yeni istiqamətlər, gələcək perspektivlər də müzakirə olunub.
Bundan başqa, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasının, rəsmi görüşlərin və biznes forumun keçiriləcəyinin, bu tədbirlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağının qeyd edildiyi görüşdə, həmçinin, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qeyd edildiyi kimi, İran İslam Respublikasının rabitə və informasiya nazirinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra tədbirlərin - Dövlət Komissiyasının 9-cu iclasının və Azərbaycan-İran biznes forumunun keçirilməsi nəzərdə tutulub. Bu məqam iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran nümayəndə heyətinin ölkəmizə səfəri, Azərbaycan-İran əlaqələri barədə AzərTAc-a müsahibəsində də xüsusi olaraq vurğulayıb. Ş.Mustafayev bildirib ki, qonşu ölkələr olan Azərbaycan ilə İran arasında əməkdaşlıq bərabərhüquqlu və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, siyasi, iqtisadi və sosial-humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əsrlər boyu bir yerdə yaşamış, yaratmış xalqlarımız üçün bizim tarixi irsimiz və mədəniyyətimiz çox qiymətlidir. Xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır və İran-Azərbaycan əlaqələri bu gün bu möhkəm zəmin üzərində qurulur”. Vurğulamaq istərdim ki, Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub”, - deyən nazir əlavə edib ki, ümumilikdə, dövlət başçılarının son 20 il ərzində 16 rəsmi və işgüzar səfəri, eləcə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı görüşləri, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər bu münasibətlərin daha da dərinləşməsində böyük rol oynayıb. 2014-cü ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosdakı görüşü, eləcə də dövlətimizin başçısının bu ilin aprelində Tehrana rəsmi səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib, əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyub.
Nazir bildirib ki, siyasi əlaqələrimizin yüksək səviyyəsi və geniş müqavilə-hüquq bazası öz növbəsində iqtisadi müstəvidə münasibətlərin inkişafına geniş imkanlar açır. Azərbaycan və İranın iqtisadi sahədə də uğurla əməkdaşlıq etdiyini deyən nazirin sözlərinə görə, iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ikitərəfli ticarət əlaqələrimiz ildən-ilə genişlənir. Qeyd olunub ki, 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 7 faiz artıb. Ticarət əlaqələrimizin strukturu çoxşaxəlidir və neft-qaz, sənaye, tikinti, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Azərbaycanda tikinti, ticarət, kənd təsərrüfatı, bank sektorları üzrə İran investisiyalı 441 şirkət fəaliyyət göstərir və xarici ölkələr arasında şirkətlərin sayına görə İran 4-cü yeri tutur. İran tərəfindən Azərbaycanda əsas kapitala 382 milyon ABŞ dolları məbləğində, qeyri-neft sektoruna isə 105 milyon dollar həcmində birbaşa investisiya yatırılıb. Təkcə 2013-cü il ərzində İranın Azərbaycanda əsas kapitala sərmayəsinin həcmi 158 milyon dollar təşkil edib. Energetika sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. 330 kV-luq “Ərdəbil-İmişli” və “İmişli-Cənub” istilik elektrik stansiyaları (İES), 220 kV-luq “Cənub İES-Salyan-Masallı-Astara (İran)” elektrik verilişi xətlərinin tikintisi tam başa çatdırılıb. Prezident İlham Əliyevin İran İslam Respublikasına son rəsmi səfəri zamanı imzalanmış “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” bu sahədə əlaqələrimizi daha da genişləndirəcək.
Qeyd edək ki, nəqliyyat sahəsində həyata keçirilən layihələr də Azərbaycan-İran əlaqələrində mühüm yer tutur. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan vilayəti arasında Culfa-Culfa (İran) yeni avtomobil yolu körpüsünün istifadəyə verilməsi nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq tranzit yüklərin daşınması, vətəndaşların rahatlığının təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan və İran arasında rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, meliorasiya və mədəniyyət sahələrində də əlaqələr uğurla davam etdirilir. Bununla belə, iki dövlət arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, neft-qaz, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də Tehrana səfəri zamanı İranla əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayaraq deyib: “Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan dövlətinə çevrilib. Eyni zamanda, xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan söz sahibinə çevirib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir.
Əlbəttə ki, Azərbaycan
həqiqətlərinin yayılmasında, dövlətimizin
beynəlxalq imicinin artmasında beynəlxalq
təşkilatlarda fəallıq, eləcə də, ikitərəfli
münasibətlərə verilən önəmin də rolu böyükdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən çoxşaxəli və
balanslaşdırılmış xarici
siyasət kursu Azərbaycan
Respublikasının milli dövlət kimi müasir beynəlxalq
münasibətlər sistemində gücünü
və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Digər tərəfdən, qonşu
dövlətlərlə dostluq münasibətlərinə
əsaslanan əlaqələrin inkişafı da
böyük əhəmiyyət kəsb edir. Və Azərbaycan Prezidenti
İlham Əliyevin bu
il aprelin 9-da İrana səfəri də bu
reallığı bir daha
təsdiqlədi. Xatırladaq ki, səfər
çərçivəsində iki
ölkə arasında siyasi, iqtisadi, humanitar əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri müzakirə
edilib. Müzakirələr
zamanı pozitiv fikirlərin səsləndirilməsi,
əhəmiyyətli saziş və
memorandumların imzalanması onu deməyə
əsas verir ki, Azərbaycan-İran
münasibətlərinin gələcək inkişafı barədə
yalnız optimist düşünmək olar. Əminliklə söyləmək olar ki, ölkələrimiz
arasındakı səmimi və
qarşılıqlı-faydalı münasibətlər bundan sonra da
dinamik inkişaf tempinə
malik olacaq. Azərbaycan
Prezidenti İlham
Əliyev də İrana səfərinin əhəmiyyyətini
vurğulayıb. Belə ki,
aprelin 13-də Azərbaycan Prezidenti İlham
Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı
çıxışında dövlət
başçısı bu səfərin çox uğurlu olduğunu bildirib: “Bu səfər
zamanı imzalanan sənədlər,
aparılan danışıqlar, fikir
mübadiləsi bizim münasibətlərimizi
daha da yüksək səviyyəyə
qaldıracaqdır. Deyə bilərəm ki,
bu səfərin çox
böyük əhəmiyyəti
vardır. Çünki səfər
zamanı biz dostluq və
səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə
aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra
da İran-Azərbaycan əlaqələri
ancaq yüksələn xətlə inkişaf etməlidir”.
Bayramlı,
Nardar.
Yeni Azərbaycan.-2014.- 6 avqust.- S. 8.