Azərbaycanla İran arasında əlaqələr inkişaf edir

 

Dövlət başçısı çıxışında tərəflər arasında Hökumətlərarası birgə komissiyanın işinin vacibliyini vurğulayıb komissiyanın yeni formatının müəyyən edildiyini qeyd edib. Aprelin 15-də isə dövlət başçısı “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, birgə komissiyanın yeni tərkibi müəyyənləşib.

Ümumiyyətlə, ölkələrimiz arasında geniş iqtisadi-ticari əlaqələr mövcuddur. Təbii ki, bu amil hökumətlərarası komissiyanın işini daha da aktuallaşdırır. Bu səbəbdən də, ölkə Prezidenti komissiyanın fəaliyyətinin zəruriliyini qeyd edib.

Digər tərəfdən, Azərbaycanla İran beynəlxalq müstəvidə də fəal əməkdaşlıq edirlər. Qonşu dövlətlərin beynəlxalq arenada bir-birini dəstəkləməsi mühüm amildir. Eyni coğrafi məkanda yerləşən dövlətlərin qarşılıqlı-faydalı əməkdaşlıq etməsi həm bu ölkələrin maraqlarının, həm də regional təhlükəsizliyin təmin olunmasına xidmət edir. Şübhəsiz ki, regional təhlükəsizliyin təmin olunması, həm də beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. Bu baxımdan, Azərbaycanın da xarici siyasət kursunda həm regional təhlükəsizliyin təmin olunması, həm də qonşu ölkələr və beynəlxalq qurumlarla çoxşaxəli əməkdaşlıq xüsusi yer tutur. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyev bildirib: “Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edirik, eyni zamanda, qonşu ölkələrlə əlaqələrimiz ənənəvi olaraq çox müsbətdir, yaxındır. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcəkdir”.

Onu da qeyd edək ki, Azərbaycan regional formatda da qonşularla əməkdaşlığa önəm verir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmiz regional müstəvidə üçtərəfli formatın təşəbbüskarı olub. Bu formatlara Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyünü nümunə kimi göstərmək olar.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidentinin İrana sözügedən səfəri bu ölkə tərəfindən də yüksək qiymətləndirilir. İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ikitərəfli münasibətlərin inkişafında vacib məqamlardan birinə çevrilib. Ümumiyyətlə, dövlətimizin başçısının İrana səfəri və səfər zamanı imzalanan sənədlər iki ölkə arasında əlaqələrin yeni mərhələsinin başlandığını deməyə əsas verir.

Xatırladaq ki, bu il yanvarın 23-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhaninin görüşü olmuşdu. Görüşdə Azərbaycan ilə İran arasında ümumi tarixi-mədəni köklərin mövcudluğu xüsusi vurğulanaraq ölkələrimizin və xalqlarımızın qonşuluqdostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da gücləndirilməsi üçün hər iki tərəfin səylərinin artırılacağına əminlik ifadə edilib. Münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ölkələrimizin əlverişli coğrafi-iqtisadi mövqeyi, təbii resurslarxammal ehtiyatları ilə zənginliyi, şimal-cənub və şərq-qərb istiqamətlərində geniş tranzit potensialı, iqtisadi imkanlarının ilbəil genişlənməsi və digər iqtisadi amillər həm Azərbaycanın, həm də İranın regional əhəmiyyətini artırmaqdadır. Hər iki ölkənin böyük iqtisadi resursları və sənaye potensialı bütövlükdə regionun inkişafına təkan verir. Regionda konkret olaraq Azərbaycanın mövqeyinə gəlincə isə, hazırda Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi ölkəmizin payına düşür. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri regionun tranzit potensialını artırır, Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmiryolu, müasir gəmiqayırma zavodu, beynəlxalq hava limanları, magistral avtomobil yolları şəbəkəsi ölkəmizin geniş mənada AsiyaAvropa qitələrini birləşdirən infrastruktur marşrutu olaraq qəbul edilməsini şərtləndirir. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP kimi dünya miqyaslı karbohidrogen tranziti layihələri isə Xəzər dənizinin təbii ehtiyatlarının nəqlinə şərait yaradır, yeni enerji dəhlizini formalaşdırır.

Regionda yalnız bir ölkə - Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və 1 milyondan artıq soydaşımızın yurd-yuvasından qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuş, 473 tarixi abidəni, 53 məscid və ibadətgahı, qəbiristanlıqları dağıtmış təcavüzkar Ermənistan regional layihələrdən kənarda qalır. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, bir sıra qonşu ölkələrə torpaq iddiaları, işğalçılıq siyasəti regional əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin inkişafına ciddi maneələr törədir, iqtisadi potensialın tam reallaşmasını məhdudlaşdırır. Bu siyasət nəticəsində digər region ölkələrinin inkişafı fonunda təcavüzkar dövlətdə sosial-iqtisadi ressesiya yaşanır, ölkə regional layihələrdən kənarda qalır, demoqrafik uçuruma yuvarlanır. Bu münaqişə, eyni zamanda, Naxçıvanın blokadaya alınması ilə nəticələnib. Blokada vəziyyətində yaşayan Naxçıvanın problemlərinin həll edilməsində İranın dostqonşu münasibəti bizim üçün əhəmiyyətlidir. Ümumilikdə, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınması, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində İranın davamlı dəstəyi, Ermənistana təzyiqin gücləndirilməsi çox önəmlidir.

Ümumiyyətlə, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinə dövlət rəsmiləri ilə yanaşı, tikinti, sənaye, logistika, nəqliyyat, qida, informasiya kommunikasiya texnologiyaları, xidmət və digər sahələri təmsil edən İran şirkətlərinin 50-dən çox nümayəndəsi daxildir. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 9-cu iclası keçiriləcək. Qeyd edək ki, komissiyanın əvvəlki iclaslarından ötən dövr ərzində ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi, sənaye, energetika, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də humanitar sahələrdə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb. Komissiyanın növbəti iclasında əlaqələrimizin hazırkı vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə ediləcək. Əminliklə demək olar ki, komissiyanın iclası məhsuldar keçəcək və ölkələrimiz arasında iqtisadi əlaqələrin gələcək inkişafına öz müsbət təsirini göstərəcək. İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran biznes forumu da təşkil olunacaq. Qeyd etdiyimiz kimi, İran tərəfindən 50-dən çox adamının qatılacağı biznes forumda Azərbaycanın analoji sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkarı iştirak edəcək. Biznes forumda Azərbaycan və İran iqtisadiyyatına dair müxtəlif təqdimatlar, adamları arasında ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığa dair sənəd imzalanacaq. Forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar iki dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına yol açacaq, adamları arasında əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradacaq.

İran nümayəndə heyətinin Bakıya səfəri zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi və əməkdaşlığın inkişafı perspektivlərinin müzakirəsi nəzərdə tutulur. İranlı qonaqlar səfər çərçivəsində ölkəmizdə fəaliyyət göstərən müəssisələrlə də tanış olacaqlar. Ümumiyyətlə, səfərin proqramı çox əhatəlidir və aparılan danışıqlar və müzakirələr Azərbaycan-İran əməkdaşlığının inkişafına öz töhfəsini verəcək.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 7 avqust.- S. 8.