Yenidən Nuhun diyarında...

 

Yaxud, bu gün Muxtar Respublikaya səfər edən hər bir kəs Azərbaycanda gedən hərtərəfli inkişafın Naxçıvan nümunəsinin şahidi olur

 

Bu gün Azərbaycanın hər bir guşəsi kimi, Naxçıvan Muxtar Respublikası da özünəməxsus gözəlliyi və xüsusiyyəti ilə fərqlənir. Uzun illər blokadada olmasına baxmayaraq, düşmənə mərdliklə sinə gərən, insanlarının qonaqpərvərliyi ilə seçilən və nəhayət, hazırda inkişafının yeni mərhələsinə qədəm qoyan Muxtar Respublikaya hər səfər insanın xatirəsində dərin iz buraxır. Beləliklə, qızım Şəmsiyyənin müalicəsi üçün həkimlərin “Duzdağ” Fizioterapiya Mərkəzini istinad göstərmələri səbəbindən birillik fasilədən sonra yenidən bu qədim türk yurduna səfər etdik. Heç şübhəsiz bu dəfə də hər keçən gün daha da gözəlləşən və abadlaşan Muxtar Respublikadan zəngin səfər təəssüratları ilə ayrıldıq.

Bu qədim torpaqda, Nuhun diyarında müşahidə etdiyimiz və oxucularımızla bölüşməyi vacib saydığımız bəzi məqamlara keçməzdən öncə Muxtar Respublikanın ümumi inkişafı barədə bir neçə kəlmə də olsa yazmağı özümə borc bildim. Belə ki, son illər həyata keçirilən Dövlət proqramları, ölkənin bütün sahələrini əhatə edən islahatlar Azərbaycanın hər bir regionu kimi, Naxçıvan Muxtar Respublikasının da inkişaf və tərəqqisinə təkan verib. Daha dəqiq desək, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında həyata keçirilən işlər nəticəsində hazırda nəinki Muxtar Respublikanın mərkəzində, hətta ucqar kənd və qəsəbələrdə belə müasir standartlara uyğun obyektlər, həmçinin, səhiyyə ocaqları, bağçalar, məktəblər və idman mərkəzləri tikilərək istifadəyə verilib. Muxtar Respublikada diqqəti çəkən əsas məqamlardan biri də müasir standartlara cavab verən, eyni zamanda, yüksək keyfiyyətli avtomobil yollarıdır. Ümumiyyətlə, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür.

Keyfiyyətli və davamlı yollar...

Daha dəqiq desək, “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə, eləcə də Muxtar Respublikada yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir hissəsini də magistral yolların yenidən qurulması təşkil edir. Artıq Muxtar Respublikada magistral yolların çoxu yenidən qurulub. Naxçıvan-Sədərək, Naxçıvan-Culfa magistral yolları, həmçinin, Naxçıvan dairəvi avtomobil yolu, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Çeşməbasar-Boyəhməd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Özü də ən yüksək keyfiyyəftlə, sözün əsl mənasında müasir standartlara uyğun bir şəkildə. Elə Muxtar Respublikaya səfər çərçivəsində getdiyimiz Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da məhz bu cür yüksək keyfiyyətlə çəkilib. Xatırladaq ki, bu il aprelin 7-də Prezident İlham Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib. Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu, ilk növbədə, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdəndir. Yüksək səviyyədə inşa edilən bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə tam zəmin yaradır.

Ümumi uzunluğu 88,8 kilometr olan, müasir tələblər səviyyəsində qurulan və dağlıq əraziləri də əhatə edən yolda nəqliyyatın təhlükəsiz hərəkəti təmin edilib. Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə Muxtar Respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir. Muxtar Respublikada reallaşdırılan mühüm infrastruktur layihələrindən biri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər, beton-selötürücü və su keçidləri də inşa edilib.

Onu da vurğulamaq yerinə düşər ki, yüksək keyfiyyətə malik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun istifadəyə verilməsi, eyni zamanda, Muxtar Respublikada turizmin inkişafına da dəstək xarakteri daşıyır. Çünki indi xarici turistlər hamar, müasir standartlara cavab verən bu yollarla nəinki Naxçıvanın, ümumiyyətlə, Azərbaycanın ən dilbər guşələrindən biri olan Batabata rahat şəkildə gedə bilərlər. Necə deyərlər hər bir regionun inkişafı, ilk növbədə, keyfiyyətli və davamlı yollardan başlayır...

Dəniz səviyyəsindən 3160 metr hündürlükdə

Bu gün Naxçıvanda kənd və qəsəbələrin tərəqqisi və bunun timsalında turizmin inkişafından söz açarkən heç şübhəsiz diqqətə gələn məkanlar içərisində ilk sırada dayanan rayonlardan biri də Şahbuzdur. Naxçıvan Muxtar Respublikasının şimalında yerləşən Şahbuz rayonunun ən yüksək nöqtəsi Salvartı (3160 metr), Keçəldağdır (3115 metr). Muxtar Respublikanın bütün ərazisində olduğu kimi, burada da çoxlu yeraltı sular, o cümlədən Badamlı, Batabat, Karvansara, Biçənək kimi mineral sular axır. Burada kükürd, tikinti materialları, torf yataqları var. Naxçıvançay və onun qolları: Kükü, Şahbuz, Salvartı axır. Rayonun Qarabağlar kəndində məşhur Qarabağlar məqbərəsi yerləşir. Bağlarla, qədim, lakin bu gün də işləyən kəhrizlərlə əhatəyə alınmış bu kənd Zəngəzur sıra dağlarının ətəyində yerləşir. Burada bürcləri olan istehkamların və su təchizatı sisteminin olması bu yaşayış məntəqəsinin qədim mənşəyindən xəbər verir. Belə bir ehtimal var ki, XVII yüzil əlyazmasında adı xatırlanan “10 min evi, 70 məscidi, onlardan 40-ı minarəli, Qarabağlar şəhəri” haqqında qeyd bu kəndə aiddir.

Turistlər üçün onu bildirək ki, burada yerli sakinlərin evində qonaq qalmaq olar.

Eyni zamanda, Badamlı mineral suyunun doldurulduğu zavodun yanında, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə “Badamlı” istirahət zonası tikilib.

Son illər rayonun ərazisində aparılan yenidənqurma, quruculuq və abadlıq işləri nəticəsində yaraşıqlı inzibati tikililər, milli və müasir arxitekturalı binalar, ticarət mərkəzləri, qədim üslubda meydanlar, köşklər inşa edilib, yollar boyu kəndlər abadlaşdırılıb, yeni körpülər tikilib.

Azərbaycanın ən dilbər guşələrindən biri olan Batabat gölü də bu rayonda yerləşir. Bura səyahət edənləri, o cümlədən, bizi də heyran qoyan məkanlardan biri isə “Üzən ada” gölüdür. Məlumat üçün bildirək ki, bu, Şahbuz şəhərinin Batabat yaylağı ərazisində təbiət abidəsidir. Suvarma sistemi üçün istifadə edilən üç göldən ikincisi olan. “Üzən ada” Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüklərindən formalaşıb. Torf qatı geniş sahəni əhatə etməklə, qalınlığı 2 metrə çatır. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir, bu da adama xüsusi zövq verir. Göldə qiymətli qızıl və gümüşü ilişkən balıq növü yaşayır. Ada göldəki suyun tam axıdılmasına mane olduğundan, burada balıqlar qışda da qala bilir.

Canlanır hər qarış çöl Naxçıvanda...

Hələ 2011-ci ildə ilk dəfə Naxçıvanda olarkən boş, sanki səhraya bənzər ərazilərin hissə-hissə ayrıldığının, həmçinin, hər bir hissəyə də müvafiq dövlət qurumunun adının yazıldığı lövhənin vurulduğunun şahidi olmuşdum. Həmin vaxt bunun səbəbini soruşanda dostlardan biri “Ölkəmizdə aparılan ekoloji siyasətə dəstək məqsədilə Muxtar Respublikada bəzi ərazilərin müvafiq qurumlar arasında bölünməsi təşəbbüsü irəli sürülüb. Yəni, həmin təşəbbüsə əsasən ərazilər müvafiq olaraq nazirliklər və komitələr arasında bölünüb. Beləliklə, müvafiq qurumların əməkdaşları onlar üçün ayrılmış ərazilərə ağaclar əkir, sonra isə həmin ağaclara qulluq edirlər. Məqsəd Muxtar Respublikanın hər tərəfini yaşıllığa çevirməkdir” dedi.

Və üstündən 3 il keçəndən sonra Muxtar Respublikada olarkən bu təşəbbüsün müsbət nəticəsini öz gözlərimlə gördüm. 2011-ci ildə əkilən ağaclar artıq boy atmışdılar. Lakin bu, Muxtar Respublikanın sakinlərini heç də arxayın salmır. İndi həmin ağaclara, yaşıllıqlara qulluqla yanaşı, yeni-yeni ərazilərdə ağacların əkilməsi prosesi gedir. Necə deyərlər canlanır hər qarış çöl Naxçıvanda...

Sadəcə istək lazımdı və ya bir daha sürücü mədəniyyəti haqqında

Naxçıvana ilk səfərimiz haqqında yazıda qeyd etdiyimiz kimi, Muxtar Respublikada insanların rifah halının daha da yaxşılaşdırılması, onlara keyfiyyətli xidmət göstərilməsi istiqamətində atılan addımlar özünü nəqliyyat sahəsində də qabarıq şəkildə göstərir. Belə ki, həm Naxçıvan şəhərində, həm də ümumilikdə Muxtar Respublikada bütün istiqamətlər üzrə hərəkət edən müasir tipli avtobuslar və Naxçıvanda istehsal edilən “Lifan Naz” markalı taksilər sərnişinlərin ixtiyarına verilib. Həmin avtobusların və taksilərin vahid forma geyinən, sərnişinlərlə xüsusi nəzakətlə davranan, gülərüzlü sürücüləri isə vətəndaşların mənzil başına təhlükəsiz çatdırılması üçün üzərlərinə düşən məsuliyyətin böyüklüyünü gözəl anlayırlar. Biz Muxtar Respublikada olduğumuz müddətdə bir sıra məkanlara bir yerdə getdiyimiz sürücü Bəbir dayının da dediyi kimi, qarşıya qoyulan əsas məsələ sərnişinlərin təhlükəsizliyi və məmnuniyyətidir.

Vahid geyimdən söz düşmüşkən, əslində, paytaxt Bakıda da avtobus və taksi sürücüləri üçün vahid geyim forması müəyyən edilib. Lakin yazıqlar olsun ki, buna əməl etməyən sürücülər də var. Səbəbini soruşanda da bəzi sürücülər havanın isti olmasını bəhanə gətirirlər. Halbuki Naxçıvanda hava Bakıdan da isti olur. Deməli, sadəcə bu formanı geymək üçün istək lazımdır...

Bundan başqa, bir daha vurğulamaq yerinə düşər ki, Naxçıvanda hansısa taksi sürücüsünün müştərini qiymətdə aldatmağa çalışdığının, hansısa avtobus sürücüsünün səs-küylü, əl-qollu hərəkətinin şahidi olmaq mümkün deyil. Eyni zamanda, bu gün Naxçıvanda avtobusların bir-biri ilə “interval savaşının”, sürücülərin sərnişinlərin israrlı etirazlarına baxmayaraq siqaret tüstülətməsinin şahidi olmaq mümkün deyil. Yenə də qeyd edirik ki, bu, məhz Naxçıvanda yüksək sürücü mədəniyyətinin olduğundan xəbər verir.

Muxtar Respublikada qeyd edilən ad günü...

Naxçıvana budəfəki səfərim həm də dostum, jurnalist həmkarım “AzərTAc”ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyev Kəngərlinin ad gününün qeyd edilməsi ilə yadda qaldı. Daha doğrusu, “Facebook”dan dostumun ad günü olduğunu öyrəndim və dərhal gözəl, dadlı (hər halda Rauf belə dedi-N.A) bir tort alıb, yollandım büronun yerləşdiyi “Şərq qapısı” qəzetinin redaksiyasına. Beləliklə, tortun kəsilməsindən sonra çay içə-içə dostumla necə deyərlər həsrət gedərdik. Raufun sözlərinə görə, ölkənin hər yerində olduğu kimi, Naxçıvanda da KİV-ə xüsusi dövlət qayğısı var. Heç uzağa getməyək, elə “Şərq qapısı” üçün yaradılan şərait bütün real mənzərəni ortaya qoyur. Öz növbəsində, naxçıvanlı həmkarlarımız da bu diqqət və qayğının müqabilində üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Təbiətin möcüzəsi - Duzdağ

Girişdə də vurğuladığımız kimi, Naxçıvana budəfəki səfərimizdə əsas məqsəd qızım Şəmsiyyənin müalicəsi üçün “Duzdağ” Fizioterapiya Mərkəzinə getməyimiz idi. Məlumat üçün bildirək ki, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzində əsasən allergik xəstəliklərdən, xüsusilə də bronxial astmadan əziyyət çəkənlər müalicə alır. Ümumiyyətlə, bir çox xəstəliklərin, həmçinin, bronxial astmanın müalicəsində duz şaxtası şəraitində aparılan müalicə, yəni spleoterapiya daha effektlidir. Dünyada azsaylı bu tip möcüzəvi xəstəxanlardan biri olan Naxçıvan Fizioterapiya xəstəxanası 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. Xəstəxananın yeraltı şöbəsi, yəni, “Duzdağ” Fizioterapiya Mərkəzi Naxçıvan şəhərindən 14 km aralıda yerləşir. Mərkəzin baş həkimi Ruslan Süleymanovun sözlərinə görə, yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Onlardan ikisində qadın, ikisində kişi, birində uşaq palataları, ikisində istirahət foyeləri və s. var.

Yeri gəlmişkən, Mərkəzin duz layları arasında oksigen 20 faiz təşkil edir. Həmçinin, duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. 2006-cı ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Xəstəxananın yeraltı şöbəsinə 300 metr giriş yolu genişləndirilib, yolboyu işıqlanma sistemi yaradılıb. Yeraltı şöbənin giriş hissəsi yenidən qurulub, şöbəyə yeni transformator qoyulub. Xəstələrin yeraltı şöbəyə aparılıb gətirilməsi üçün yeni avtobus ayrılıb. Şərur-Naxçıvan magistral yolundan xəstəxananın yeraltı şöbəsinə qədər olan 5 km yolda əsaslı təmir işləri aparılıb. Xəstəxananın yeraltı şöbəsi lazımi yumşaq və bərk inventarlarla tamamilə təmin olunub. Yeraltı şöbə əlavə 100 ədəd çarpayı ilə təmin edilib.

Mərkəzdə spleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Belə ki, xəstələr əvvəlcə 2-3 gün xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra axşam saat 18:00-dan səhər saat 8:00-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeyd olunur. Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioproseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar.

Qəzetimizə açıqlamasında “Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqət və qayğısından “Duzdağ” Fizioterapiya Mərkəzinə də pay düşüb. Belə ki, məhz bu diqqət və qayğı sayəsində aparılan abadlıq və yenidənqurma işlərindən sonra Mərkəzdə vəziyyət daha da yaxşılaşıb. Hazırda mərkəzdə 300 yataq yeri mövcuddur. Yəni, eyni vaxtda 300 xəstəni qəbul etmək imkanımız var. İl ərzində 2500 xəstə qəbul edirik” deyən baş həkim onu da əlavə etdi ki, mərkəzə müalicəyə gələn xəstələr arasında MDB məkanından, eyni zamanda, Böyük Britaniya, Almaniya, Avstriya, Hollandiya və digər Avropa ölkələrindən olan vətəndaşlar da var.

Onu da deyim ki, xəstələrin çoxluğuna baxmayaraq Ruslan həkim hər bir kəsin lazımi şəkildə qarşılanıb, yerləşdirlməsi işinə şəxsən nəzarət edir. Onlarla tək-tək görüşüb, hal-əhval tutur, hansısa problemlərinin olub-olmaması ilə maraqlanır. Səbəbini isə “Əgər dövlətmiz, ölkə rəhbərliyi insanların sağlamlığı, səhiyyənin inkişafı üçün hər cür şəraitin yaradılmasını təmin edibsə, bizim də işimiz hər bir xəstənin qulluğunda durmaq, onların səhhətinin qeydinə qalmaqdır” sözləri ilə izah edir.

Beləliklə, səfərimiz başa çatır və sonuncu gün biz də Ruslan həkimə bu işlərində uğurlar arzulayaraq, Muxtar Respublikadan ayrılırıq.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2014.- 8 avqust.- S. 6.