Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək

 

Prezident İlham Əliyev: Bütün işğal edilmiş torpaqlarda, o cümlədən, Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu, bizim məqsədimizdir

 

Azərbaycan Emənistanın 20 faizədək torpaqlarımızı işğal etməsi faktı ilə heç vaxt barışmayıb bundan sonra da barışmayacaq. Azərbaycan dövləti xalqımızın xoş niyyətinə sadiq qalaraq hələlik ölkənin ərazi bütövlüyünün, məhz sülh yolu ilə təmin edilməsinə nail olmağa çalışır. Yəni, respublikamız bölgədə əmin-amanlığın əsas təminatçısı olduğunu nümayiş etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlarda fəal iştirak edirbir qayda olaraq konstruktiv mövqe ortaya qoyur, münaqişənin həllində beynəlxalq hüquq normalarının, müstəqil dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əsas götürülməsini istəyir.

Bununla belə, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü başqa vasitələrlə, ilk növbədə də, son illərdə kifayət qədər güclənən və istənilən döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrinin gücü ilə təmin edəcək. Prezident, Ali Baş Komandan İlham Əliyevin bu günlərdə cəbhə bölgəsinə növbəti səfəri zamanı bəyan etdiyi kimi: “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq”.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına əminlik yaradan ciddi əsaslar var

Beləliklə, bu gün istənilən nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycanın ölkənin pozulmuş ərazi bütövlüyünü təmin etməyə haqqının və gücünün çatdığını söyləmək mümkündür. Əvvəla, Azərbaycan işğalçılıq siyasəti həyata keçirmir. Dağlıq Qarabağonun ətrafındakı zəbt olunan torpaqlar əzəli Azərbaycan əraziləridir. Əsrlər boyu bu yerlərdə azərbaycanlılar yaşayaraq güclü maddi-mənəvi mədəniyyət nümunələri yaradıblar. Bölgədəki coğrafi yer adları, toponimlər, İslamaqədərki və ondan sonrakı dövrlərə aid dini-mədəni abidələr, əsrlərin sınağından çıxan adət-ənənələr və s. bunun təsdiqidir. İşğal altındakı ərazilərə çox güclü mənəvi bağlılıq onu deməyə əsas verir ki, xalqımız mövcud status-kvonun saxlanılması ilə heç vaxt barışmayacaq.

Ermənistan tərəfindən zorla işğala məruz qalan torpaqların geri qaytarılmasını, həmçinin, beynəlxalq hüquq tələb edir. Azərbaycan suveren dövlətdir və ölkəmizin Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri, həmçinin, beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Yeri gəlmişkən, dünyanın ən nüfuzlu qurumu olan BMT-nin Təhlükəsizlik Şurası respublikamızın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair 4 qətnamə qəbul edib. Azərbaycan da münaqişənin həllində öz haqlı mövqeyini həm də məhz suveren dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi prinsipindən əsaslandırır. Beynəlxalq hüququn bu fundamental prinsipi, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində əsas götürülməlidir. Prezident İlham Əliyev bu günlərdə cəbhə bölgəsinə səfəri çərçivəsində Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bununla bağlı Azərbaycanın prinsipial mövqeyini bir daha ifadə edərək bildirib ki, “Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma erməni dövləti yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt etmişdir. Ancaq düşmən bunun qədrini bilməmişdir və bizə qarşı ərazi iddiaları davam etmişdir”.

Güclü ordu Azərbaycanın mövqeyini daha da möhkəmləndirir

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi paralel surətdə ordu quruculuğuna diqqəti artırmağa imkan verir. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan müharibə şəraitində yaşayır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır. Bir sözlə, məhz Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan ordusu qısa müddətdə Cənubi Qafqazın ən güclü ordusu səviyyəsinə yüksəlib. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini iki dəfə üstələyir.

Orduya lazımi qədər vəsait ayrılması sayəsində, eyni zamanda, silahlı qüvvələrin maddi-texniki təchizatını yüksək səviyyəyə qaldırmaq mümkün olub. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Qısa müddətdə ölkəmizdə güclü müdafiə sənayesi qurulub. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi 900-ə çatdırılıb və bu da son hədd deyil. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir.

Yeri gəlmişkən, cəbhə bölgəsinə səfəri çərçivəsində Ağdamdakı “N” saylı hərbi hissədə keçirdiyi görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun yüksək texniki təchizatından və döyüş qabiliyyətinin artmasından məmnunluğunu ifadə edərək bildirib: “Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər”.

Azərbaycan cəmiyyətində, ordunun şəxsi heyətində böyük ruh yüksəkliyi var

Qoşunların təmas xəttində ölkəmizin üstün mövqeyini təmin edən ən mühüm amillərdən biri də, heç şübhəsiz ki, Azərbaycan cəmiyyətində, ordumuzun şəxsi heyətində olan böyük ruh yüksəkliyidir. Azərbaycan xalqı orduya inandığı, güvəndiyi kimi, həm də ona böyük dəstək nümayiş etdirir. Azərbaycanda Vətəni sevən, torpaqlarımızı canı, qanı hesabına qorumağa hazır olan gənclər yetişib. Cəmiyyətdəki sağlam əhval-ruhiyyə orduda xidmət edən əsgərlər üçün güclü stimulduronlarda vətənpərvərlik hisslərini daha da artırır. Bu gün Azərbaycan ordusunun gücü təkcə onun yüksək texniki təchizatında deyil, həm də əsgər və zabitlərimizin mənəvi keyfiyyətlərindədir. Azərbaycan ordusunun şəxsi heyətində Vətənə yüksək məhəbbət hissi bəsləyən gənclər cəmləşiblər. Onlar Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hər an hazırdırlar. Təsadüfi deyil ki, bu günlərdə cəbhə bölgəsinə səfəri çərçivəsində Ağdamdakı “N” saylı hərbi hissədə keçirdiyi görüşdə Prezident, Ali Baş Komandan İlham Əliyev ordumuzun şəxsi heyətinin ruh yüksəkliyindən məmnunluqla söhbət açıb: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”.

Cəbhə xəttində düşmənə layiqli cavab verilməsi ordumuzun böyük zəfərinin uzaqda olmadığından xəbər verir

Məlum olduğu kimi, avqustun əvvəllərində qoşunların təmas xəttində düşmən yenidən vəziyyəti gərginləşdirməyə cəhd edib və xaincəsinə mövqelərimizə hücuma keçməyə çoxsaylı cəhdlər göstərib. Lakin ordumuzun sayıqlığı nəticəsində düşmənin təxribat-diversiya hərəkətlərinin qarşısı alınıb. Silahlı Qüvvələrimizin ön xətdəki hissələri itkilər versə də, düşmənə layiqli həmlələr endirib. Şiddətli döyüşlərdə ermənilərin burunları əməlli-başlı ovulub. Geri oturdulan düşmən canlı qüvvə və texnika sarıdan böyük itki verib.

Son döyüşlərdə düşmənin geri oturdulması və ciddi itkilər verməsi cəbhə xəttində vəziyyəti dəyişib. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik”. Təmas xəttində qüvvələr nisbətinin dəyişməsi düşmən tərəfi panikaya salıb. Artıq Ermənistan cəmiyyətinə qorxu hakim kəsilib, ölkə sürətlə boşalır. Əgər əvvəllər il ərzində Ermənistanı 70-80 min civarında insan tərk edirdisə, təkcə cari ilin ilk yarısında bu rəqəm 100 min nəfəri ötüb. Düşmən ölkədən daxil olan məlumatlarda bildirilir ki, cəbhə xəttindəki son gərginlikdən sonra Ermənistandan “böyük köçdaha da artıb və bu ölkədən yaxın, uzaq xaricə uçan təyyarələrə bilet tapmaq mümkün deyil...

Prezident İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə keçirdiyi görüşdə qoşunların təmas xəttində gedən son döyüşlərdə Azərbaycan ordusunun şəxsi heyətinin göstərdiyi şücaəti yüksək qiymətləndirərək deyib: “Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilmişdirbu əməliyyatlarda xüsusi rəşadət, cəsarət, peşəkarlıq göstərən əsgər, gizir və zabitlər bu gün bu masa arxasında əyləşmişlər. Mən onları təltif etmişəm. Göstərdiyiniz cəsarətə görə, peşəkarlığa görə sizə Azərbaycan xalqı adından öz minnətdarlığımı bildirmək istəyirəm və əminəm ki, bundan sonra da bütün döyüş tapşırıqlarını ləyaqətlə icra edəcəksiniz”.

Qoşunların təmas xəttində ermənilərin təxribat-diversiya hərəkətlərinin qarşısının sayıqlıqla və peşəkarlıqla alınması Azərbaycan ordusunun böyük zəfərinin uzaqda olmadığından xəbər verir. Azərbaycan ordusu inamla qarşıya qoyulan məqsədə çatacaq. Prezident, Ali Baş Komandan İlham Əliyev yuxarıda xatırlatdığımız görüşdə ordumuzun gələcək qələbələrinə inamını ifadə edərək belə deyib: “Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirikbiz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 9 avqust.- S. 2.