Şəhidlik zirvəsinə
ucalanlar...
Yaxud, düşmən unutmasın ki, bir Səftər şəhid
olursa, yüzlərlə Səftərlər
doğulur!
20 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Azərbaycan əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd etmədən bu torpaqları azad etməyə hazırdır. Hər halda son günlər cəbhə bölgəsində baş verənlər, daha doğrusu əsgərlərimizin düşmənin təxribatçı hücumlarının qarşısını qəhrəmancasına alması da deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, son günlər düşmənlərimizin Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı həlak olmuş hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də əsgər Səftər Əlihüseyn oğlu Məmmədovdur. Qeyd edək ki, Məmmədov Səftər Əlihüseyn oğlu 4 avqust 1995-ci ildə Salyan rayonu Seyidsadıqlı kəndində anadan olub. 2002-ci ildə Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbin birinci sinfinə gedib, 2013-cü ildə həmin məktəbi bitirib. Daha sonra hərbi xidmətə yola düşüb.
Düşmənə sipər oğullar...
Şəhidlik ən öncə anamıza Ana olan Vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümü belə göz önünə alıb döyüşə atılmaq deməkdir. Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Çünki zirvə təbiətin coğrafi yüksəkliyi, əlçatmazlığı, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Qəhrəmanlar məqamında doğulur, şimşək kimi çaxır, çox vaxt sonda Səməndər quşu kimi öz alovuna bürünüb ölməzliyə qovuşurlar. Yəni, igid oğullar özlərindən sonra bitib tükənməyən qəhrəmanlıq salnamələri qoyub gedir, gələcək nəsillərə örnək olurlar. Səftər də belə oğullardan idi.
Şəhidin anası Rəsmiyyə Məmmədova deyir ki, Səftər çağırış yaşı çatanda evdə rahatlıq tapmırmış: “Oğlum elə hey deyinirdi, özündə rahatlıq tapmırdı. İstəyirdi ki, ön cəbhəyə getsin. Düşmənlə üzbəüz dayansın. Səftər şəhid olanda hamıya səbrli olmağı tapşırdım və bildirdim ki, biz fəxr etməliyik ki, mənim oğlum Vətəni, qeyrəti, namusu, torpağı uğrunda canından keçib. İndi də üzümü bütün şəhid analarına tutub deyirəm ki, səbrli olun. Biz fəxr etməliyik ki, bu cür igid oğullar böyütmüşük. Gəlin, biz analar başımızı dik tutaq, qoy düşmənlərimiz sevinməsin, bizim qürurumuzu görüb utansınlar, onlar bizi əzə bilməzlər. Bizim oğullarımızın damarlarında Babəkin, Cavanşirin, Koroğlunun qanı axır. Mən dəfələrlə televizorda Milli Qəhrəmanımız Mübariz İbrahimovun anasının çıxışlarına baxmışam. Onun anası da çox məğrur, igid qadındır. Biz şəhid anaları da qürurlu, məğrur olmalıyıq. Azərbaycan xalqına, gənclərimizə isə demək istəyirəm ki, vətənpərvərliyi heç vaxt yaddan çıxarmayın. Vətən bizim üçün hər şeydən əzizdir”.
Dedi ki, gülümsəyin...
Atası Əlihüseyn Məmmədov da oğlu haqqında danışanda qürur hissini gizlətmir. “Səftər orta məktəbi bitirən kimi həqiqi hərbi xidmətə çağırıldı. Ürəkli oğlan idi. Vətənə olan sevgisi sonsuz idi. Yaxşı bilirdi ki, torpaqlarımız işğal altındadır. O da Vətən üçün nəsə etmək istəyirdi. İgidlər döyüş meydanında tanınar. Səftərin də istəyi bu idi. Gedəndə anası dalınca su atmışdı. Mən də xeyir-dua vermişdim. Anasının gözlərindən süzülən yaş Səftərin bağrını parçalamışdı. Əli ilə anasının göz yaşlarını siləndə demişdi: “- Ana məni dünyaya gətirəndə sevinmişdin. Bilirsən niyə? Çünki mən oğlan doğulmuşdum. Oğul isə Vətən çəpəridir. Vətən təhlükədədirsə, deməli, mən bu Vətənin çəpəriyəm. Onu qorumaq mənim övladlıq borcumdur. Gülümsə ana, gülümsə ki, mən rahat döyüşə bilim”. Dedi və getdi. Bu dəqiqə desinlər ki, döyüş başlayacaq, gözümü qırpmadan mən də döyüşə gedərəm. Oğlumun və digər bütün şəhidlərimizin qanını almağa. Nə fərqi var, onlar da mənim balalarımdır”.
Vətən, torpaq hər şeydən ucada dayanır...
Dayısı Ziyafət Kazımov isə deyir ki, cəbhə xəttində gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səftərin rəşadəti hər kəs üçün örnək olmalıdır: “Vətən, torpaq hər şeydən ucadır və onu qorumaq hamının müqəddəs borcudur. Vətən uğrunda canından keçənlər ölmürlər. Səftər də belə qəhrəmanlardan idi. Onların xatirəsi bizim üçün daim əziz olmalıdır. Səftər kimi qəhrəman oğullarımız Vətən uğrunda vuruşdular və doğma torpaqlar naminə öz canlarından keçməyi də bacardılar”.
Şəhidin dayısı, eyni zamanda, əminliklə bildirib ki, ölkəmizin hərbi-siyasi qüdrətinin artması sayəsində tezliklə ərazi bütövlüyümüz bərpa ediləcək, yağı düşmənin əsarətində olan torpaqlarımız işğaldan azad olunacaq.
Şəhidlərimiz gələcək nəsil üçün bir nümunə olmalıdır
Öz növbəsində, Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbinin direktoru Təranə Səmədova qeyd edib ki, bu günlərdə xalqımız kədərlə yanaşı, bir qürur hissi də yaşayır: “Hər bir addımımızda Səftəri yada salırıq. Çünki o, bizim məktəbimizdə təhsil alıb. Xatirəsi bizim üçün əzizdir. Səftər Vətən uğrunda öz canından keçib. Biz onunla fəxr edirik. Bizim məktəbdə Səftərə dərs deyən müəllimlər də yeni tədris ilinin elə ilk günündən etibarən şagirdlərə onun haqqında danışacaq, öz xatirələrini paylaşacaqlar. Şəhidlərimiz gələcək nəsil üçün bir nümunə olmalıdır.
Səftər bir daha düşmənə sübut etdi ki, Azərbaycanın belə cəsur oğlanları var. İndi öz-özümə düşünürəm: görəsən Səftəri qəhrəmanlığa sövq edən nə idi? Əlbəttə, Vətənə məhəbbət, düşmənə nifrət hissi, doğma torpağa sevgi duyğusu onu canından keçməyə sövq etdi. Bax, budur əsl vətənpərvərlik. O, Vətən uğrunda canını qurban verməkdən çəkinmədi”.
Vətənpərvər insan xalqını, Vətənini sevən insandır...
Səftərin müəllimi Gülşən Kazımova isə bildirib ki, Səftər əsl vətənpərvər gənc kimi döyüşərək el-obasının başını uca edib: “Vətənpərvərlik böyük bir məfhumdur. Vətənpərvər insan xalqını, Vətənini, torpağını, dilini, tarixini sevən insandır. Vətənpərvərlik tərbiyəsinin təməli, ilk növbədə, ailədə qoyulmalıdır. Vətənpərvərlik hisslərinin tərbiyəsi orta məktəbdə daha da gücləndirilir. Orta məktəbi başa vuran şagird artıq silaha sarılıb Vətənin müdafiəsinə hazır olmalıdır. Səftərə də elə ailəsindən bu fikirlər aşılanmışdı. O, öz şəhidliyi ilə bunu sübut etdi. Mən onun ruhu qarşısında, valideynlərinin, onun böyüyüb boya-başa çatdığı ocağın qarşısında baş əyirəm və ona Tanrıdan rəhmət diləyirəm. Səftər kimi gənclərin igidliyi Azərbaycanın hərb tarixinə əbədi həkk olundu. Onun igidliyini, şəxsi nümunəsini yüksək dəyərləndirən dövlətimizə öz minnətdarlığımı bildirirəm. Düşmən isə unutmasın ki, bir Səftər şəhid olursa, yüzlərlə səftərlər doğulacaq və bu Vətəni qoruyacaqlar”.
Oktay
Yeni Azərbaycan.-2014.- 9 avqust.- S. 6.