Ulu öndər Heydər
Əliyevin gənclər siyasəti bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir
Gənclərimiz
ölkə həyatının ən müxtəlif sahələrində
böyük müvəffəqiyyətlə təmsil olunur,
öz bilik və bacarıqlarını nümayiş etdirirlər
Dünən Beynəlxalq Gənclər Günü idi. Xatırladaq ki, 1998-ci il avqustun 12-də Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca bir məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaq. Ölkənin hərtərəfli uğurlu inkişafına hər bir gənc öz töhfəsini verməlidir. Nəsillər dəyişir, ölkələr inkişaf edir ancaq ənənələr, milli dəyərlər yaşayır. Gənc nəslin vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə olunması xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərini, doğma ana dilimizi, ata-babalardan qalan adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
Məlum olduğu kimi, Azərbaycan bu gün ictimai həyatın müxtəlif sahələrində, makroiqtisadi səviyyədə sürətli inkişafa, yüksəlişə nail olan dövlətdir. Şübhəsiz ki, ölkənin ümumi inkişaf prosesindən əhalinin bütün təbəqələri ilə yanaşı, gənclər də geniş şəkildə bəhrələnirlər. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində son 10 ildə 1,2 milyon iş yeri açılıb, yeni müəssisələr, istehsal sahələri yaradılıb ki, bu da gənclərin məşğulluğunun artırılmasına səbəb olub. Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsi, əməkhaqlarının artırılması, yeni iş yerlərinin yaradılması sayəsində yoxsulluq 49 faizdən 5,3 faizə enib, işsizlik isə cəmi 5 faiz təşkil edir.
Ölkəmizdə uğurlu gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub
Sirr deyil ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu. Belə ki, ötən əsrin 70-ci illərində məhz Ümummilli liderin təşəbbüsü və gərgin səyləri nəticəsində on beş mindən artıq azərbaycanlı gənc SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil almışlar. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət etmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindəncə digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli də Heydər Əliyev üçün prioritet təşkil etmişdir. Ölkənin siyasi həyatında heç də ürəkaçan hadisələrin baş vermədiyi bir vaxtda, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması sübut edirdi ki, Ulu öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. Beləliklə, Ulu öndər dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdir. Bu istiqamətdə yorulmadan böyük işlər görməklə Ümummilli lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olmuşdur. Ulu öndərin hakimiyyətinin ilk illərindən gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də ondan ibarətdir ki, O, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
2 fevral 1996-cı il: Azərbaycan gəncliyinin həyatında yeni mərhələ
2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Ümummilli liderin Özü şəxsən iştirak etmişdir. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli lider “2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur. Ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir. Belə ki, Ümummilli lider Heydər Əliyev 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında tarixi çıxış etmiş və gənclərə müraciət ünvanlamışdır. Ulu öndər gənclərə müraciət edərək demişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz Mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu öndər 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalamışdır. Fərmana müvafiq olaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalamışdır.
Beləliklə, Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur.
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub
Təqdirəlayiq haldır ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq olunması haqqında” və 2006-cı il aprelin 17-də imzaladığı “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, 2011-ci il iyulun 7-də imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının təsdiq olunması haqqında” sərəncamlar mövcud siyasətin daha da inkişaf etdirilməsinə təkan verərək gənclərin istedadının aşkara çıxarılmasında, ictimai fəallığının artırılmasında, onların dövlət idarəçiliyinə cəlb olunmasında, sosial-iqtisadi problemlərinin həllində mühüm rol oynayıb. Həyata keçirilən Dövlət proqramları müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb.
Prezident İlham Əliyevin gənclərlə görüşlərinin birində söylədiyi kimi, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir: “Azərbaycanda gənclər siyasəti çox uğurlu aparılır. Bu siyasətin təməlini Ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.
Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır”.
Bildiyimiz kimi, gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində, cəmiyyətdə özünə layiqli yer tutmasında keyfiyyətli təhsilin rolu həlledicidir. Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsi olaraq, təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.
Məlum olduğu kimi, Azərbaycanda 4500-ə
yaxın məktəb mövcuddur. Onlardan 2700-dən çoxu son on ildə
tikilib və ya əsaslı təmir edilib. Həmçinin, son illərdə
yüzlərlə uşaq bağçasının, bir
çox ali məktəblərin yeni tədris
korpuslarının, idman-olimpiya komplekslərinin tikilərək
istifadəyə verilməsi də yeni nəslin hərtərəfli
formalaşmasına töhfədir.
Bundan əlavə,
dövlət başçısının “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın
təsdiq edilməsi barədə Sərəncamı gəncliyə
göstərilən diqqətin parlaq təzahürüdür.
Bölgələrə səfəri zamanı gənclərlə
görüşlərinin birində Prezident İlham
Əliyevin söylədiyi kimi, gənclərin xarici ali məktəblərdə təhsil
almasına dövlət dəstəyi 2015-ci ildən sonra da
davam etdiriləcək.
Gənclərin
yaradıcı fəaliyyətinə stimul verilir
Dövlət proqramlarının icrası ilə
bağlı 2011-ci ildə yaradılan Gənclər Fonduna
ayrılan vəsaitin yardımı ilə nəzərdə
tutulan işlər də uğurla həyata keçirilməkdədir. Gənclər
Fondunun vəsaiti hesabına gənclərə yönəlmiş
strateji layihələrə dəstək verilir, gənclərin
elmi, yaradıcılıq baxımdan inkişafına, beynəlxalq
əlaqələrinin qurulmasına, gənclər təşkilatlarının
irimiqyaslı layihələrinin icrasına yardım edilir.
2013-cü
ildə Prezident İlham Əliyevin Sərəncamı ilə
“Gənclər Mükafatı”nın təsis
edilməsi də olduqca mühüm addımdır. Mükafat elm, mədəniyyət, o cümlədən
ədəbiyyat və incəsənət, təhsil və
ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən
gənclər üçün, ildə bir dəfə verilməklə,
altı ədəd 10000 manat məbləğində müəyyənləşdirilib.
Qeyd olunan mükafat elm sahəsində gənclər
arasında rəqabət mühitini formalaşdırmaqla bərabər
elm sahəsində uğurlar əldə etmiş gənc alimlərin
fəaliyyətinə ciddi stimul verəcəkdir.
Azərbaycanın
müasir təhsil sisteminin formalaşmasında və
inkişafında misilsiz fəaliyyət
Əlbəttə ki, müasir Azərbaycan gəncliyinin
inkişafında və yeni uğurlar qazanması, istedadlı
azərbaycanlı gənclərin dünya miqyasında
tanınmasında Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın əməyini xüsusi qeyd etmək vacibdir. Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva azərbaycanlı gənclərin
nüfuzlu xarici ali məktəblərdə
təhsil alması, yüksək mənəvi dəyərlərə
yiyələnməsi və Vətənə gərəkli
övlad kimi yetişməsi üçün səylərini əsirgəmir.
Xüsusilə də, Azərbaycanın
müasir təhsil sisteminin formalaşmasında və
inkişafında Mehriban xanım Əliyevanın misilsiz xidmətləri
var. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyəti
dövründə Azərbaycan təhsil sisteminin müasirləşdirilməsinə
böyük töhfə verib. Beləliklə,
sağlam düşünən, yüksək təhsilli və
mənəvi dəyərlərə malik gənclərin
yetişdirilməsi məsələsi fond üçün
prioritet istiqamətlərdən biridir.
Xaricdə yaşayan gənc soydaşlarımızın
ümummilli məqsədlər naminə səfərbər
olunaraq bir araya gəlməsində Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın da rolunu xüsusi
qeyd etmək lazımdır. Belə ki, 2009-cu ildə
Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyi məhz
Leyla xanım Əliyevanın rəhbərliyi ilə
yaradılmışdır. Bu təşkilat
qısa müddət ərzində Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, gənclərin
milli maraqlar ətrafında birləşdirilməsi istiqamətində
titanik addımlar atmışdır.
“Ölkəmizi
tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaların
keçirilməsinə başlanılıb
Azərbaycan gənclərinin vətənpərvərlik
ruhunun yüksəldilməsi, onların ölkəmizin tarixi və
müasir inkişafı ilə bağlı dolğun biliyə
sahib olması üçün də dövlət tərəfindən
müxtəlif layihələr həyata keçirilir. Qeyd edək ki, ölkəmizin
tarixinin, mədəniyyətinin, adət-ənənələrinin,
müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin
dərindən öyrənilməsi məqsədilə
respublikamızın müxtəlif şəhər və
rayonlarında yaşayan gənclərin digər bölgələrə
səyahətlərinin təşkilinə dair Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, 67 şəhər
və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə
edən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici
tur-aksiyaların keçirilməsinə başlanılıb.
Aksiya çərçivəsində ölkə gəncləri
Naxçıvan, Gəncə, Lənkəran, Şəki,
Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ
və digər bölgələrdə qədim tarixi, mədəniyyət
abidələri, regionlarımızın müasir
simasını əks etdirən Heydər Əliyev mərkəzləri,
tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri,
Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə
tanış olurlar. Əlbəttə ki, bu gəzintilər
ölkəmizin tarixini dərindən öyrənməklə
yanaşı, gənclərimizə Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu
sahəsində görülmüş işlərlə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin həyata
keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər
və rayonun nümunəsində tanış olmaq imkanı
yaradır. Avqust ayının 1-dən
sentyabrın 6-dək davam edəcək ekskursiyaların birinci
mərhələsində 53 şəhər və rayondan 2500-ə
yaxın şagird iştirak edəcək. İkinci
və üçüncü mərhələ isə
müvafiq olaraq 2014-cü ilin noyabr və 2015-ci ilin mart
aylarında təşkil olunacaq.
Azərbaycanda
aktiv və vətənpərvər gənclər ordusu formalaşıb
Gənclərin vətənpərvər ruhda tərbiyəsi,
onların intellektual potensialından ölkənin sürətli
inkişafı prosesində mühüm element kimi istifadə
olunması həm də yeni nəslə göstərilən
etimaddan xəbər verir.
Prezident İlham Əliyevin Sədrlik etdiyi, ölkənin
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyasının (YAP) fəaliyyətində də gənclər
siyasəti xüsusi əhəmiyyətə malikdir. Partiyanın Gənclər
Birliyi istedadlı, cəmiyyətə və dövlətə
yararlı olmaq istəyən gəncləri öz ətrafında
birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli
inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi,
gənclərin aktiv ictimai fəaliyyətə cəlb
olunması və digər istiqamətlərdə işlər
görür. Partiyanın rəhbər
tutduğu azərbaycançılıq ideologiyasının
prinsipləri əsasında Azərbaycan gəncləri
arasında Vətənə sevgi, ölkə sərhədlərindən
kənarda Azərbaycanı layiqincə təmsil etmək,
milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ
olunur. YAP Gənclər Birliyinin 2007-ci ildən
başlayaraq həyata keçirdiyi “Yay məktəbləri”
layihəsi çərçivəsində təşkil olunan
seminar-konfranslar layihədə iştirak edən minlərlə
gəncin bilik səviyyəsinin yüksəldilməsinə,
liderlik keyfiyyətlərinin formalaşdırılmasına
xidmət edir. YAP həm də gənclərin seçkilərdə
və digər ölkə əhəmiyyətli proseslərdə
fəal iştirakını təmin etmək üçün
seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər
keçirir. Bu bir həqiqətdir ki, Azərbaycan
gəncləri Ümummilli liderin əsasını qoyduğu
inkişaf strategiyasını və onu uğurla həyata
keçirən Prezident İlham Əliyevin siyasətini dəstəkləyir.
Təsadüfi deyil ki, hər il Yeni Azərbaycan
Partiyasının sıralarına daxil olan minlərlə vətəndaşın
böyük hissəsi gənclərdən ibarətdir.
Beləliklə, tam əminliklə söyləmək
olar ki, bu gün ölkə həyatının ən müxtəlif
sahələrində gənclərimiz böyük müvəffəqiyyətlə
bilik və bacarıqlarını nümayiş etdirməkdədirlər. Azərbaycan gəncləri
Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident
İlham Əliyevin ətrafında sıx birləşib.
Aqşin
ŞAHİNOĞLU
Yeni
Azərbaycan.-2014.- 13 avqust.- S. 2.