Mehriban xanım Əliyevanın UNESCO-nun
xoşməramlı səfiri kimi fəaliyyətinin
10 ili tamam olur
Mehriban xanım Əliyeva: Əminəm ki, Azərbaycan UNESCO ilə əməkdaşlığını
davam etdirəcəkdir. Bu
da gələcəkdə əlaqələrimizi
daha da gücləndirmək
üçün mövcud
olan böyük
potensialın tam şəkildə həyata
keçirilməsinə şərait yaradacaqdır
Məlum olduğu kimi, avqustun 13-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyevanın UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfiri adına layiq görülməsinin 10 ili tamam olur. Ümumiyyətlə, təhsil, humanitar, xeyriyyəçilik, idman və digər sahələrdə, həm ölkə, həm də dünya miqyasında çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı üzrə gördüyü işlər təqdirəlayiqdir.
QEYRİ-MADDİ MƏDƏNİ İRSİN QORUNMASINDA YORULMAZ FƏALİYYƏT
Öncə onu qeyd edək ki, Mehriban xanım Əliyeva hələ UNESCO-nun xoşməramlı səfiri təyin olunmazdan illər öncə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti, milli-mədəni irsimizin qorunması və təbliği yönündə gördüyü işlərlə həm ölkə, həm də beynəlxalq ictimaiyyətin rəğbət və diqqətini qazanmışdı. Belə ki, Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması sahəsində geniş fəaliyyət göstərən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. Onun rəhbərlik etdiyi Fondun dəstəyi ilə müxtəlif illərdə muğam müsabiqəsi, uşaq musiqi festivalı, caz festivalı və digər mədəni tədbirlər keçirilib. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin daha geniş təbliğ olunması məqsədilə 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb.
Heç şübhəsiz, Mehriban xanım Əliyevanın mədəniyyətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu ilə bağlıdır. Mehriban xanım Əliyevanın “The Business Year: Azerbaijan-2014” xüsusi buraxılışında dərc olunan müsahibəsində də bildirdiyi kimi, Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqaməti əhatə edir: milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası və yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması.
Qeyd olunduğu kimi, Fond mütəmadi olaraq Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Məsələn, hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi festivalı Şərq və Qərb musiqisini, eləcə də, məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar, dünya musiqisinin ən möhtəşəm nümunələrini dinləməklə yanaşı, Azərbaycan musiqisinin gözəl inciləri ilə də tanış olur, xalqımızın musiqi mədəniyyəti barədə aydın təsəvvür əldə edirlər. Həmçinin, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğamımızı dünyaya tanıdıb.
Bu məqamda onu da xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə təşkil edilib. Bakıda keçirilən bu tədbir müasir musiqi mədəniyyətimizin və müsabiqənin tarixinə parlaq səhifə kimi daxil olub.
Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi iki il ərzində Paris, Berlin, Moskva, Roma, həmçinin, Vyanada da təşkil edilərək yerli sakinlərin geniş marağına səbəb olub və sözügedən layihə ötən ilin sonunda uğurla başa çatdırılıb.
Yeri gəlmişkən, Fond Azərbaycan incəsənətinin xaricdə tanıdılmasına fəal dəstəyini davam etdirir. Bunlara misal olaraq, “Azərbaycan xalçaları ilə nağıllar aləminə” adlı sərgini, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasimləri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı London, Paris, Berlin, Moskva, Strasburq və Romada keçirilən tədbirləri göstərmək olar. Həmçinin, 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun dəstəyi, Fransa İncəsənət Akademiyası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin, ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi keçirilib. Bununla da, Tahir Salahovun adı Fransa İncəsənət Akademiyasında sərgisi təşkil olunan ilk Azərbaycan rəssamı kimi incəsənət tarixinə daxil olub.
Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin tanıdılması yönündə aktiv fəaliyyətini davam etdirir. Belə ki, bu istiqamətdə növbəti böyük tədbir bu ilin 8-31 iyul tarixlərində Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri olub. Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Azərbaycan cazı” konsert proqramı keçirilib, gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub. Azərbaycan mədəniyyəti günləri çərçivəsində izləyicilər ölkəmizin tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə tanış olublar. Həmçinin, 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq təşkil olunub, eyni məqsədlə burada qaçış üzrə marafon keçirilib.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kann şəhərində bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisi də təşkil olunub. Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən, müxtəlif xalça və xalça məmulatları təqdim olunub. Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kann şəhərinin sakinləri və qonaqlar ölkəmizə aid qədim misgərlik nümunələrilə də tanış olmaq imkanı qazanıblar. Onlara Azərbaycanın milli geyimləri, milli musiqi alətləri, arxeoloji qazıntılar zamanı tapılan keramika nümunələri də təqdim olunub. Sərgidə Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olan ayrıca bölmə yaradılıb. Kannda Heydər Əliyev Fondunun Azərbaycanın və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər nəşrləri də sərgilənir.
MEHRİBAN XANIM ƏLİYEVANIN UNESCO İLƏ ƏMƏKDAŞLIĞI AZƏRBAYCAN VƏ DÜNYA MƏDƏNİYYƏTİNƏ TÖHFƏDİR
Bu bir həqiqətdir ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələr xüsusi yer tutur. Və ölkəmizin UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq hazırda olduqca yüksək səviyyədədir. Heç şübhəsiz, təməli Ulu öndər tərəfindən qoyulan Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi var. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva məhz ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın Qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfiri adına layiq görülüb. Yeri gəlmişkən, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura bu yaxınlarda AzərTAc-a müsahibəsində bildirib ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olunmasından bir qədər əvvəl Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu, eləcə də, Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verdi: “Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir. Belə ki, o, Qeyri-maddi mədəni irs üzrə yeni Konvensiyanı nəinki Azərbaycanda, həmçinin, dünyanın digər yerlərində böyük uğurla təşviq edir. Hazırda Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya 160-dan çox ölkə tərəfindən ratifikasiya olunub. Daha məşhur beynəlxalq Konvensiya 190 ölkənin ratifikasiya etdiyi Dünya irsi Konvensiyasıdır. Son zamanlar Qeyri-maddi mədəni irs üzrə konvensiya Dünya irsi üzrə Konvensiyaya böyük sürətlə çatmaqdadır. Şübhəsiz, bu işdə Mehriban Əliyevanın xüsusi əməyi var və o, yeni Konvensiyanın təşviqinə çox mühüm töhfələr verib”.
Bir sözlə, Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Yeri gəlmişkən, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Ölkəmizin UNESCO ilə əlaqələrində digər mühüm bir hadisə isə 2013-cü il 2-8 dekabr tarixlərində Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının keçirilməsi olub. Məlumat üçün bildirək ki, sözügedən sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd edilib. 116 ölkədən 611 nümayəndənin iştirak etdiyi sessiyada bir tərəfdən mühüm qərarlar qəbul edilib, digər tərəfdən müxtəlif mədəniyyətlərin bir araya gəlməsi təmin olunub. Tədbirin ölkəmiz üçün ən önəmli nəticələrindən biri isə tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan çövkənin, yəni, Azərbaycanda ənənəvi atüstü oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi olub. Bununla da, dünya bu oyunu xalqımızın sahib olduğu mədəniyyətin vacib bir elementi kimi qəbul edib.
Bir sözlə, görünən odur ki, ölkəmizlə bu beynəlxalq qurum arasında səmərəli əməkdaşlıq mövcuddur və Mehriban xanım Əliyevanın ötən il Azərbaycan-UNESCO əlaqələrinin 20 illiyinin tamam olması münasibətilə keçirilən tədbirdəki çıxışında da bildirdiyi kimi, əməkdaşlığın davam etdirilməsi üçün bundan sonra da geniş perspektivlər mövcuddur: “Əminəm ki, Azərbaycan UNESCO ilə əməkdaşlığını davam etdirəcəkdir. Bu da gələcəkdə əlaqələrimizi daha da gücləndirmək üçün mövcud olan böyük potensialın tam şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır”.
DÜNYA MƏDƏNİ İRSİNİN QORUNMASI SAHƏSİNDƏ FƏALİYYƏT
Bütün bunları vurğulamaqla yanaşı, onu da qeyd edək ki, Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyəti yalnız qeyri-maddi mədəni irsin qorunması və təbliği ilə məhdudlaşmır. Daha dəqiq desək, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.
Heydər Əliyev Fondu, həmçinin, istər ölkəmizdəki, istərsə də dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin təmirini və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının, II Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpasını və Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri bu qəbildən olan işlərdir. Bütün bunlar isə Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Fondun mədəniyyətlərarası dialoqa verdiyi əməli töhfələrin göstəricisidir.
Məlumat üçün bildirək ki, bu sahədə görülən işlərin davamı olaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu ilin iyun ayında Vatikana səfəri çərçivəsində Piyo-Klementino muzeyi ilə tanış olub. Əsas məqsədi qədim yunan və Roma incəsənət əsərlərinin qorunması olan muzeydə antik və intibah dövrünə aid yüzlərlə heykəltaraşlıq nümunələri qorunur. Muzeylə tanışlıqdan sonra Mehriban xanım Əliyevanın və Vatikan şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando Verqes Alzaqanın görüşü olub və daha sonra Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb.
MEHRİBAN XANIM ƏLİYEVANIN MƏDƏNİYYƏT SAHƏSİNDƏKİ FƏALİYYƏTİ DÜNYADA YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Məsələn, Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva 2014-cü ilin “Ən nüfuzlu qadını” adına layiq görülüb. Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin, mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə qalib seçilib.
Eyni zamanda, “The Business Year” şirkəti Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə Mehriban xanım Əliyevanı dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görüb.
Bunlarla yanaşı, UNESCO-nun baş direktoru İrina Bokova da Mehriban xanım Əliyeva ilə görüşlərində və çıxışlarında Azərbaycanın birinci xanımının xoşməramlı səfir kimi, Azərbaycan-UNESCO əlaqələri və dünya mədəniyyətinə töhfələr baxımından fəaliyyətini yüksək qiymətləndirib.
Beləliklə, Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki zəngin fəaliyyəti dünya ictimaiyyəti tərəfindən böyük rəğbət və maraqla qarşılanır. Təbii ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər dünya mədəniyyətinə, mədəniyyətlərarası dialoqa töhfə olmaqla yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzunu artırır.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 13 avqust.- S. 3.