Vətən uğrunda şəhid olanlar əbədi yaşayırlar

 

İndi hər bir azərbaycanlının evində qəhrəman övladlar böyüyür

 

20 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Azərbaycan əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd etmədən bu torpaqları azad etməyə hazırdır. Hər halda son günlər cəbhə bölgəsində baş verənlər, daha doğrusu əsgərlərimizin düşmənin təxribatçı hücumlarının qarşısını qəhrəmancasına alması da deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, son günlər düşmənlərimizin Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı həlak olmuş hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də əsgər Vüqar Hidayət oğlu Poladovdur. Qeyd edək ki, Vüqar Poladov 1 aprel 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2012-ci ildə A.Hüseynov adına Aşağı Öysüzlü tam orta məktəbini bitirib. Vüqar qardaşı Qabildən və bacısı Günaydan sonra ailənin 3-cü uşağı və sonbeşiyi idi.

Vüqar Poladov ötən ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Vüqar hərbi xidmətdə olduğu dövrdə bir neçə dəfə təşəkkürnamə ilə təltif olunub. O, cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına döyüşərək şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ana şəhid olsam, ağlama!..

Vüqar 19 yaşında öz parlaq arzularını, gənclik eşqi ilə döyünən ürəyini Vətən yolunda, onun torpaqlarının azadlığı uğrunda qurban etdi. Çünki Vətəni göz bəbəyi kimi sevirdi... Çünki atası Hidayət kişidən, anası Kifayət xanımdan belə tərbiyə almışdı.

Atası Hidayət Poladov bildirdi ki, Vüqarla o məlum döyüşdən yarım saat əvvəl danışıblar: “Bu dəmdə onlar ailəliklə evdə “Şefkat tepetürk serialına baxırmışlar. Ana-oğul sanki halallaşırmış kimi bir xeyli danışıb. Bacısı və qardaşı, Vüqarla zarafat edib ki, burada olsan, sən də baxardın “Şefkat tepe”yə. O da “Mən indi “Şəfqət təpənin” içindəyəm. Siz orda filmdə gördüklərinizi biz burada canlı görürük”, - deyib. Sonra daAna, şəhid olsam ağlama” sözlərini əlavə edib.

Mən onun ölümündən qətiyyən məyus olmuram. Təki, Vətən sağ olsun! Bilirəm ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev, eləcə də hökumətimiz bütün səylərini münaqişənin sülh yolu ilə həllinə yönəldiblər. Əks təqdirdə, bu gün də ölkəmizdə Ali Baş Komandanın bircə əmri ilə Vətən torpaqlarını düşmən tapdağından xilas etməyə hazır olan minlərlə, yüzminlərlə gənclərimiz var. Düşmən bunu bilməlidir”.

İndi bizim bircə müqəddəs borcumuz var...

Qardaşı Qabil isə bildirib ki, Vüqar öz qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucaldı: “Qardaşım gənc idi, həyatı, ömrünün qaynar illəri hələ qabaqda idi. O, torpaq məhəbbətini, Vətən sevgisini, şəhidlərimizin, işğal altındakı torpaqlarımızın intiqam duyğusunu bir ömür yaşamağın şirinliyindən üstün tutdu. İndi bizim bircə müqəddəs borcumuz var: onun intiqamını almaq, onun getdiyi yolu başa çatdırmaq!”

Xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır

Vüqarın təhsil aldığı A.Hüseynov adına Aşağı Öysüzlü kənd orta məktəbinin direktoru Rahilə Həsənovanın sözlərinə görə isə şagirdini həyəcansız xatırlamaq qeyri-mümkündür: “İstər Azərbaycanın müstəqilliyi, istərsə də torpaqlarımıza göz dikən erməni terrorçularına qarşı ölüm-dirim savaşında minlərlə Vətən oğlu canlarını qurban veriblər. Dövlətimiz də onların xatirəsini daim uca tutub. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Məktəbimizin məzunu Vüqar Poladov da belə gənclərimizdən idi.

Biz hər zaman məktəbimizdə gənclərimizə hərbi vətənpərvərlik ruhunun aşılanması ilə bağlı tədbirlər keçiririk. Heç şübhəsiz bu tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edərək onların şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır. Vüqar da hər zaman bu cür tədbirlərdə böyük səylə iştirak edər və düşmənə öz nifrətini bildirərdi. Mən inanıram ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və torpaqlarımız tezliklə azad olunacaq”.

A.Hüseynov adına Aşağı Öysüzlü kənd orta məktəbinin coğrafiya müəllimi, İlqar Həsənov bildirib ki, vətənpərvər bir mühitin mövcudluğu mükəmməl şəkildə o zaman təzahür edir ki, bu hiss insanların hər hərəkətində, hər sözündə özünü göstərsin: “Mən Vüqarı uşaqlıqdan tanıyıram. Ona dərs demişəm. Dərsə müntəzəm gələn, hazırcavab şagird idi. O, idmanı sevirdi. Məktəbin yaxınlığında idman meydançası var, ora gedirdi. Vüqarın şəhidliyindən kədərləndiyimiz qədər qürur hissikeçiririk”.

İlqar müəllim, həmçinin, bildirib ki, Vüqar kimi qəhrəman övladların ailələrini ziyarət etmək hər bir insanın borcudur: “Vüqar kimi gənclərimizlə, oğullarımızla fəxr edirik. Belə oğulların qəhrəmanlığını görən gənclərimiz Vətəni daha çox sevir, ona daha çox bağlanırlar. İndi hər bir azərbaycanlının evində qəhrəman övladlar böyüyür. Gün gələcək, onlar yağı düşməndən intiqamlarını alaraq, Vətən torpağını azad edəcəklər. O gün çox da uzaqda deyil”.

 

O.HACIMUSALI

Yeni  Azərbaycan.-2014.- 13 avqust.- S. 5.