Azərbaycan-Pakistan münasibətləri strateji xarakter daşıyır

 

İki ölkə arasındakı əlaqələr bir çox sahələri əhatə edir

 

Xəbər verildiyi kimi, bu günlərdə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) Pakistanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Xalid Usman Qayser ilə görüş keçirilib.

Mərkəzdən AzərTAc-a bildirilib ki, görüşdə BMAM sədri Rufiz Qonaqov hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın vacibliyini, Pakistanın Azərbaycana dostqardaş ölkə olduğunu vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etməsindən, dövlətin bu sahəyə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb.

Rufiz Qonaqov bildirib ki, dövlət başçısının müvafiq sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətin dəstəyi sayəsində QHT-lər öz fəaliyyətlərini daha da genişləndirir. Eyni zamanda, Rufiz Qonaqov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən prosesi, son günlər cəbhə xəttində erməni silahlı qüvvələrinin Azərbaycana qarşı həmlələrini, bu münaqişənin tezliklə ədalətli formada həll edilməsinin vacibliyini vurğulayıb və Qafqaz regionunda stabilliyin bərqərar edilməsi zəruriliyini səfirin diqqətinə çatdırıb.

Pakistan səfiri Xalid Usman Qayser bildirib ki, belə görüşlər ölkələrin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın daha da gücləndirilməsinə kömək edir. Diplomat BMAM-in belə təşəbbüslərini alqışlayıb və əməkdaşlıq üçün rəhbərlik etdiyi səfirlik tərəfindən hərtərəfli dəstək veriləcəyini qeyd edib. Eyni zamanda, Azərbaycanla Pakistan arasındakı mövcud əlaqələrin inkişafından danışan səfir ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən biri olduğunu qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəklədiyini və dünyada Ermənistanı tanımayan yeganə dövlətin Pakistan olduğunu vurğulayıb.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan ilə Pakistan İslam Respublikası arasında yüksək səviyyəli strateji müttəfiqlik mövcuddur. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci ilin iyunundan başlayır. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda və 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının İslamabadda səfirlikləri açılıb. 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi Azərbaycan ilə Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməsinə təkan verdi. Belə ki, Pakistan İslam Respublikası hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair atılan addımlarda Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Rəsmi İslamabadın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-də Pakistan İslam Respublikasının sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan İslam Respublikası bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər yaratmayıb.

Ulu öndər Heydər Əliyevin dəvəti ilə 1995-ci il oktyabrın 9-11-də Pakistan İslam Respublikasının keçmiş prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana ilk rəsmi səfərini edib. Bu səfər iki dövlət başçısı arasında mövcud olan xüsusi dostluq münasibətləri ruhunda yüksək səviyyədə, qarşılıqlı anlaşma şəraitində keçib və dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafında xüsusi əhəmiyyət daşıyıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hər iki ölkə başçıları bir neçə dəfə qarşılıqlı səfərlər ediblər. 1996-cı ilin aprelində Pakistan İslam Respublikası Prezidentinin dəvəti ilə Ulu öndər Heydər Əliyevin Pakistana, 2004-cü ildə Pakistan İslam Respublikasının keçmiş Prezidenti Pərviz Müşərrəfin Azərbaycan Respublikasına, 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərləri bunun əyani göstəricisidir. Səfərlər zamanı əməkdaşlığın müxtəlif sahələri ətrafında danışıqlar və fikir mübadilələri aparılıb, müvafiq istiqamətlər üzrə ikitərəfli sənədlər imzalanıb.

Bu baxımdan, 2005-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri xüsusi olaraq qeyd edilməlidir. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişafında yeni mərhələnin başlanğıcı sayılan bu səfər zamanı dövlət başçılarının görüşündə Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin strateji tərəfdaşlıq qismində inkişafından razılıq ifadə edilib. Pakistan tərəfi Azərbaycanla birgə imzalanmış ikitərəfli sənədlərin bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Pakistan və Azərbaycan əsas problemlərə eyni mövqedən yanaşır. Məhz Kəşmir problemi barədə Azərbaycanın açıq mövqeyi və Ermənistanın Azərbaycana təcavüzünün Pakistan tərəfindən daim pislənməsi xüsusi olaraq vurğulanıb. Bildirilib ki, rəsmi İslamabad Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləyir və öz mövqeyinə hər zaman sadiq qalacaq. Digər tərəfdən, Pakistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyini vəd edib.

Azərbaycan Prezidenti İlham Əliyev də Öz növbəsində ölkələr arasındakı münasibətlərin daimi xarakter daşıdığını söyləyib. Dövlət başçısı xüsusi vurğulayıb ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsi BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və Azərbaycanın haqq işini müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir. Ölkə başçısı həm də bildirib ki, Azərbaycan tərəfi Kəşmir problemi ilə bağlı beynəlxalq müzakirələrdə həmişə Pakistanın mövqeyini müdafiə edibbundan sonra da edəcək.

Azərbaycan ilə Pakistan arasındakı münasibətlərdə hərbi sənayenin inkişafı ilə bağlı məsələ xüsusi yer tutur. 2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında “Müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlıq haqqındaprotokol və Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında” saziş imzalanıb. Bu protokol və sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi və iki ölkə arasında bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından Pakistan İslam Respublikasının Birləşmiş Qərargahlar Komitəsinin rəisi M.Ə.Xanın 2004-cü ilin avqust ayında Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edib. 2004-cü ilin oktyabr ayında Pakistan İslam Respublikasının Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyətə dair” qaldırdığı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınmasının lehinə səs verməsi beynəlxalq birliyin bu məsələnin ədalətli həlli naminə dəstəyinə ümidvar olan ölkəmiz üçün böyük əhəmiyyət kəsb edib.

Qeyd etdiyimiz kimi, iki ölkənin rəsmiləri arasında keçirilən görüşlər münasibətlərin inkişafına mühüm töhfələr verib. 2006-cı il 5-7 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısında iştirak etmək məqsədilə Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əziz Azərbaycana səfər edib. 2006-cı il mayın 3-də Pakistanın xarici işlər naziri X.M.Kasuri İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı ilə əlaqədar Bakıda səfərdə olub. 2008-ci ildə Pakistan Senatının Xarici əlaqələr üzrə daimi komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. 2008-ci ilin sentyabrında Bakıda keçirilmiş İƏT üzv dövlətlərinin kənd təsərrüfatı nazirlərinin IV toplantısında Pakistan İslam Respublikasının nümayəndə heyəti iştirak edib. 2008-ci ilin oktyabrında isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistana səfər edib. Səfər zamanı Azərbaycan-Pakistan ikitərəfli İşçi Qrupu Forumunun da ilk iclası keçirilib. 2008-ci ilin noyabrında isə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində təşkil olunmuş V Beynəlxalq Müdafiə sərgisi və seminarında (İDEAS-2008) iştirak edib. Pakistanın Müdafiə Məhsulları İxracının Təşviqi Təşkilatı, Pakistan Ticarət İnkişafı Agentliyi və “E-Commerce Gateway Pakistan” təşkilatının birgə keçirdiyi sərgidə 60 ölkədən 256 şirkət iştirak edib. Səfər çərçivəsində iki ölkənin hərbi-sənaye kompleksləri arasında əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə ekspert qrupu yaradılıb. 2009-cu ilin may ayında isə Pakistanın müdafiə sənayesi naziri Abdul Qəyyum Xan Catoyun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı Prezident İlham Əliyev nazir A.Q.X.Catoyu qəbul edib. 2009-cu ilin avqustunda isə Pakistan Hərbi Dəniz Qüvvələri Komandanı admiral Noman Bəşir Azərbaycana səfərə gəlib. 2009-cu ilin oktyabrında isə Pakistan Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin sədri general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən general T.Məcid ölkələrimiz arasında müsbət əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.

 

Nadir AZƏRİ

Yeni  Azərbaycan.-2014.- 12 avqust.- S. 8.