Azərbaycan Ordusu
istənilən vəzifəni icra etməyə
qadirdir
Prezident İlham
Əliyev: Bütün işğal
edilmiş torpaqlarda, o cümlədən Şuşada,
Xankəndidə Azərbaycan bayrağı
qaldırılacaqdır. Bu, bizim məqsədimizdir. Bu
məqsədə doğru gedirik
və biz bu məqsədə
çatmaq üçün
daha da güclü
ordu yaratmalıyıq
Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biri, heç şübhəsiz ki, ordu quruculuğu ilə bağlıdır. Yüksək döyüş hazırlığına malik ordu yaradılması, Silahlı Qüvvələrimizdə müasir çağırışlarla səsləşən islahatların həyata keçirilməsi son illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu da təsadüfi deyil. Azərbaycan qonşu Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində işğala məruz qalan ölkədir. Respublikanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizdən çoxu işğal altındadır, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin salınıb, zəbt edilən ərazilərdə çoxlu sayda maddi mədəniyyət abidələrimiz dağıdılıb. Azərbaycan dövləti xalqımızın xoş niyyətinə sadiq qalaraq ölkənin ərazi bütövlüyünün sülh yolu bərpa edilməsinə nail olmağa çalışır. Bununla belə, təcavüzkar Ermənistan ATƏT-in Minsk qrupu formatında aparılan sülh danışıqlarında konstruktiv mövqe nümayiş etdirmir və beləliklə də, işğal altındakı ərazilərin qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən yayınır. Azərbaycan isə, əlbəttə ki, mövcud status-kvonun saxlanılması ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Azərbaycan xalqının və dövlətinin mövqeyi belədir ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkənin ərazi bütövlüyü məhz getdikcə güclənən ordunun gücü ilə təmin ediləcək.
Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə çevrilib
Məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının getdikcə güclənməsi, ölkənin maliyyə imkanlarının artması paralel surətdə Silahlı Qüvvələrimizi inkişaf etdirmək üçün geniş imkanlar açıb. Son illərdə ardıcıllıqla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan ordusu istər maddi-texniki təchizat, istərsə də peşəkarlıq baxımından Cənubi Qafqazın ən güclü və dünyanın ən nizami ordularından birinə çevrilib. Təsadüfi deyil ki, bu günlərdə cəbhə bölgəsinə növbəti səfəri çərçivəsində Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordumuzun getdikcə artan gücündən məmnunluqla söhbət açaraq vurğulayıb: “Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik. Biz güclü hərbi potensiala malikik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir”.
Qeyd etdiyimiz kimi, müharibə vəziyyətində yaşayan Azərbaycan özünün iqtisadi potensialının ilbəil artmasından istifadə edərək Silahlı Qüvvələrin maddi-texniki təchizatının möhkəmlənməsinə, ordunun döyüş qabiliyyətinin artırılmasına böyük diqqət yetirir. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Müqayisə üçün deyək ki, Azərbaycanda orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsini iki dəfə üstələyir.
Orduya lazımi qədər vəsait ayrılması sayəsində silahlı qüvvələrin maddi-texniki təchizatını yüksək səviyyəyə qaldırmaq mümkün olub. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə cari il iyunun 26-da keçirilən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi Azərbaycan ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. Təlimlər zamanı Silahlı Qüvvələrimizin qarşısına qoyulan bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetirildi ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının yüksəlməsinin təsdiqidir.
Paralel surətdə ordunun şəxsi heyətinə diqqət və qayğı da artıb. Ölkəmizdə hərbçilərin sosial müdafiəsi yüksək səviyyədə təmin edilir. Hərbçilərin maaşları, pensiyaları vaxtaşırı artırılır. Dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, orduda 20 il qüsursuz xidmət göstərmiş şəxslərə dövlət tərəfindən mənzillər verilir. Haqqında bəhs olunan Sərəncama əsasən, indiyədək Silahlı Qüvvələrin 200-ə qədər təmsilçisinə mənzillər verilib. Bu ilin sonunadək hərbçilərə paylanılacaq mənzillərin sayı 500-ə çatdırılacaq. Çıxışında bu məqama toxunan Prezident İlham Əliyev vurğulayıb: “Bu, dövlətin öz hərbçilərinə olan diqqətinin təzahürüdür və hərbçilərin sosial müdafiəsi bizim üçün böyük əhəmiyyət kəsb edən məsələdir”.
Ölkədə müasir hərbi-sənaye kompleksinin yaradılması ordunun güclənməsində mühüm rol oynayır
Son illərdə Azərbaycanda müdafiə sənayesinin inkişaf etdirilməsi də ölkəmizdə ordu quruculuğuna göstərilən diqqətin bariz ifadəsidir. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin yaradılması ölkəmizdə güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Bununla bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev vurğulayıb: “Bu gün onlarla zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq”.
Artıq ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalatda tətbiq olunur. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir.
Sevindirici haldır ki, Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası ordumuzun tələbatını ödəməklə yanaşı, həm də xarici bazarlara çıxarılır. Beynəlxalq sərgilərdə ölkəmizdə hazırlanan hərbi təyinatlı məhsullara marağın getdikcə artması Azərbaycanın hərbi-sənaye kompleksinin geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. İlk dəfə beynəlxalq sərgilərə cəmi 27 adda məhsulla qatılan ölkəmiz ötən ilin mayında İstanbulda keçirilən “IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində 130 növ məhsulla çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, “Gürzə” patrul maşını, müxtəlif növ döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq sərgiyə qatılan ayrı-ayrı ölkələrin təmsilçiləri Azərbaycanın hərbi-sənaye kompleksində buraxılan məhsulları almaq və hərbi məhsulların istehsalı sahəsində ölkəmizlə əməkdaşlıq etmək barədə niyyətlərini bildiriblər.
Azərbaycan ordusunun şəxsi heyətinə yüksək mənəvi ruh hakimdir
Sirr deyil ki, hər hansı bir ölkənin ordusunun yüksək döyüş hazırlığı təkcə onun maddi-texniki təchizatı ilə ölçülmür. Tarix dəfələrlə sübut edib ki, istənilən ordunun gücü həm də şəxsi heyətin Vətənə, xalqa bağlılığı, döyüş əzmi, qələbəyə inamı ilə ölçülür. Bu mənada əsgər və zabitlərin yüksək vətənpərvərliyi Azərbaycan ordusunun gücünü daha da artırır. Silahlı Qüvvələrimizin əsgərlərinin, gizir və zabitlərinin Vətən torpağını azad görmək arzusu düşmənlə üzbəüz döyüşlərdə onlara böyük güc verir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsinə son səfəri çərçivəsində keçirdiyi görüşlərdə vurğuladığı kimi: “Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir”.
Dövlət başçısı ordumuzun şəxsi heyətinin yüksək mənəvi keyfiyyətlərindən, nümayiş etdirdiyi qəhrəmanlıqdan qürur hissi ilə söhbət açaraq deyib: “Siz hər an öz həyatınızı risk altına salırsınız, böyük qəhrəmanlıq göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və istəyirəm Azərbaycan xalqı da bilsin ki, bizim necə gözəl döyüşçülərimiz, qəhrəmanlarımız var”.
Eyni zamanda, bu gün Azərbaycandakı ordu-xalq birliyi diqqəti çəkir. Cəmiyyətdə orduya böyük inam yaşanır. İnsanlar Silahlı Qüvvələrin gücünə inandıqları kimi, ona hər cür dəstək nümayiş etdirməyə də hazırdırlar. Prezident İlham Əliyev cəbhə bölgəsində keçirdiyi görüşlərdə cəmiyyətin orduya dəstəyindən də xüsusi məmnunluqla söhbət açıb: “Hətta hərb işindən kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir”.
Son günlərdə cəbhə xəttində ermənilərin təxribat-diversiya hərəkətlərinin qarşısının qətiyyətlə alınması Azərbaycan ordusunun gücünü bir daha nümayiş etdirdi
Məlum olduğu kimi, avqustun əvvəllərində qoşunların təmas xəttində düşmənin yenidən vəziyyəti gərginləşdirmək və xaincəsinə mövqelərimizə hücuma keçmək cəhdlərinin qarşısı ordumuzun sayıqlığı nəticəsində qətiyyətlə alınıb. Silahlı Qüvvələrimizin ön xətdəki hissələri itkilər versə də, düşmənə layiqli zərbələr endirib. Geri oturdulan düşmən canlı qüvvə və texnika sarıdan böyük itki verib.
Son döyüşlərdə düşmənin geri oturdulması və ciddi itkilər verməsi isə cəbhə xəttində vəziyyəti dəyişib. Belə ki, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik”.
Ordunun potensialının və döyüş qabiliyyətinin artması Azərbaycanda işğal edilmiş torpaqların geri qaytarılacağına böyük inam yaradıb. Güclü, yenilməz ordusuna güvənən ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz prinsipial mövqeyini daha qətiyyətlə diktə edir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artması danışıqlar prosesində Azərbaycanın mövqeyini daha da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cəbhə bölgəsinə səfəri çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanın hərbi sahədə də Ermənistanı üstələdiyinə diqqət çəkərək münaqişənin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha nəzərə çatdırıb: “Bu gün ölkəmizin iqtisadi, siyasi potensialı Ermənistandan qat-qat artıqdır, üstündür. Son illər ordu quruculuğu sahəsində görülən işlər nəticəsində biz hərbi üstünlüyü də əldə etmişik və öz potensialımızı getdikcə daha da artıracağıq. Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür”.
Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda bundan sonra da ordu quruculuğuna böyük diqqət yetiriləcək. Dövlətimizin başçısının cəbhə bölgəsində keçirdiyi görüşlərdə qeyd etdiyi kimi: “Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 14 avqust.- S. 2.