Hər bir
Azərbaycan əsgəri canı, qanı bahasına Vətənimizi
qorumağa qadirdir
Qubalı şəhid
Elnur İbrahimov öz qəhrəmanlığı ilə bunu bir daha
sübut etdi
20 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Azərbaycan əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd etmədən bu torpaqları azad etməyə hazırdır. Hər halda bir neçə gün öncə cəbhə bölgəsində baş verənlər, daha doğrusu əsgərlərimizin düşmənin təxribatçı hücumlarının qarşısını qəhrəmancasına alması da deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, son vaxtlar düşmənlərimizin Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı həlak olmuş hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də Elnur Məhyəddin oğlu İbrahimovdur.
Qeyd edək ki, Elnur İbrahimov 29 noyabr 1995-ci ildə Quba rayonunun Vladimirovka kəndində anadan olub. 2002-ci ildə Vladimirovka kəndindəki 11 illik məktəbin 1-ci sinfinə gedib. Orta məktəbi bitirdikdən sonra Quba rayon hərbi komissarlığından 2014-cü ilin yanvarında hərbi xidmətə yola salınıb. Tərtər rayonundakı “N” saylı hərbi hissədə xidmətdə olan Elnur İbrahimov iyulun 31-dən avqustun 1-nə keçən gecə erməni faşistlərinə qarşı döyüşlərdə qəhrəmancasına şəhid olub. Həmin döyüşdə o, böyük qüvvə ilə hücuma keçmiş düşmənləri öz qrantamyot silahı ilə məhv edərək, işğalçıları böyük itkiyə məruz qoyub. Ermənilər xeyli sayda itki verərək geri çəkilməyə məcbur olublar. Şəhid Elnur İbrahimov bu qəhrəmanlığı sayəsində ordumuzun böyük bir taborunu düşmənin qəfil həmləsindən xilas edib.
Elnur şəhid olarkən torpağı bərk-bərk bağrına basıbmış
Beləliklə, yuxarıda da vurğuladığımız kimi, son hadisələr bir həqiqəti növbəti dəfə ortaya qoydu: Hər bir Azərbaycan əsgəri canı, qanı bahasına Vətənimizi qorumağa qadirdir. Necə ki, bunu Elnur etdi.
Şəhidin atası Məhyəddin İbrahimov oğlu haqqında qürur və fəxr hissi ilə danışır: “Əsl qəhrəman idi, ancaq heç vaxt dildə Vətəni, xalqı sevməsindən, onlar üçün hər şeyə hazır olmasından danışmazdı, hər şeyi əməliylə göstərərdi. Evdə hər kəsin üstündə əsir, hamıya qayğı ilə yanaşırdı. Onu son mənzilə yola salmaq üçün gələn əsgər yoldaşları danışırdılar ki, hərbidə də elə imiş. Hər bir əsgər yoldaşının üstündə əsir, onlara böyük qayğıyla yanaşırmış. Elnur əsla torpaq itkisinə dözməz, Şuşanın, Laçının adı gələndə kövrələrmiş”.
Atası onu da bildirir ki, Elnur həddindən artıq sadə və təvazökar insan idi: “Həm də çox duyğulu, səmimi bir insan idi, hər şey onun içindən gəlirdi. Dostları danışırdılar ki, Elnur dəfələrlə ölümlə üz-üzə gəlibmiş. Elnurun canından çox sevdiyi Vətənə olan sevgisi onun döyüşdən kənarda qalmasına imkan verməmişdi. Düşmənin snayperdən açdığı güllə onun ürəyini susdurdu. Elnur şəhid olarkən torpağı bərk-bərk bağrına basıbmış. Amma düşmən heç də sevinməsin! İndi bu torpaqda minlərlə elnurlar yetişir. Gənclərimiz başlarını dik tuturaq düşmən üzərində əldə ediləcək böyük qələbə gününü gözləyirlər”.
Ordumuz hər cür döyüş tapşırığını yerinə yetirməyə tam qadirdir
Şəhidin əmisi Firudin İbrahimovun fikrincə, qardaşı oğlu Elnurun və onun kimi şəhidlərin qəhrəmanlığı bütün gənclərə nümunə olmalıdır: “Tarix boyunca bir çox dövrlərdə xalqımız şanlı qəhrəmanlıq nümunələrinə, yenilməz Vətən övladlarının mübarizlik əzminə şahidlik edib və daşıdığı dəyərlər sayəsində minilliklər boyu öz mövcudluğunu qoruya bilib. Necə deyərlər, Vətən qəhrəman övladları ilə var olur. Qardaşım oğlu Elnur da şəhidlik zirvəsinə yüksəlib. O, şəhid oldu və düşmənə sübut etdi ki, bir Mübariz şəhid olubsa, bu torpaqda minlər Mübariz doğulub. Bu gün cəmiyyətimizdə döyüş ruhu yüksəkdir. İnsanlar Ordumuza inanırlar. Mənim də inamım sonsuzdur. Görün, Azərbaycan necə inkişaf edib. Bu gün ən müasir silahlarla təchiz olunmuş ordumuz hər cür döyüş tapşırığını, hər bir əməliyyatı yerinə yetirməyə tam qadirdir. Düşünürəm ki, Azərbaycan Ordusu ən qısa vaxtda hərbi əməliyyatları böyük uğurla başa çatdıracaq. Hətta tarixi torpaqlarımızı - İrəvanı, Göyçəni də geri alacağıq. İnşallah Dağlıq Qarabağda Azərbaycan bayrağının dalğalanacağı gün elə də uzaqda deyil”.
Elnur hərdən zəng edib deyirdi ki...
Şəhidin digər əmisi Novruz İbrahimov da 1-ci Qarabağ müharibəsində könüllü olaraq cəbhənin Ağdam, Ağdərə, Tərtər bölgələrində Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. O düşünür ki, Elnur elə anadan qəhrəman kimi doğulub: “Bizim gənclər vətənpərvərdirlər. Ordu quruculuğunda aparılan işlər gənclərimizə də təsir edir. Ancaq torpaqlarımız işğal altındadır. Bizim torpaqlarımızın geri qaytarılması, düşməndən azad olunması kimi həlli vacib bir məsələmiz var. Bu torpaqların qaytarılması üçün gənclərimizin üzərində böyük vəzifələr durur. Bu istiqamətdə onlar daha yaxşı yetişməlidirlər. Bunun üçün orta məktəbdən başlayaraq, şagirdlərə vətənpərlik hissini aşılamaq lazımdır. Necə ki, Elnura bu hiss aşılanmışdı və o, gözünü qırpmadan torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Mən inanıram ki, müharibə başlasa, cənab Ali Baş Komandan döyüş əmri versə, nəinki gənclərimiz, elə bizim hamımız torpaqlarmızı azad etmək üçün döyüşə gedəcəyik. Bütün xalqımız kimi hər gün, hər saat, hər an Qarabağı düşünürük. Elnur hərdən zəng edib deyirdi ki, əmi, burdan dağlar görünür. Uzun illər öncə, bizlər həmin yerlərdə, həmin dağlarda vuruşmuşuq. İndi həmin dağlara qayıtmaq həsrəti ilə yaşayırıq. Bu həsrəti mütləq qırmalıyıq. Biz mütləq və mütləq öz yurd-yuvamıza qayıtmalıyıq. Bunun üçün hər bizimiz Ali Baş Komandanımızın əmrini gözləyirik”.
Oktay
Yeni Azərbaycan.-2014.- 14 avqust.- S. 4.