Turistlər üçün
təhlükəsizlik tədbirləri qiymətlərin ucuz olması qədər önəmlidir
Nahid Bağırov: Turizm
obyektlərinin sahibləri peşəkar kadrların
hazırlanmasına az maraq
göstərirlər
Son dövrlər bir sıra istirahət mərkəzlərində baş vermiş xoşagəlməz hadisələr turistlərin təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlərin yenidən aktuallaşmasını şərtləndirib. Bunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi avqustun 12-də istirahət mərkəzlərinə xəbərdarlıq xarakterli məktub ünvanlayıb. Məktubda hovuz və çimərliklərdə istirahət edən turistlərə və turizm obyektlərinin sahiblərinə təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, nəzarətin gücləndirilməsi tövsiyə olunur. Azərbaycan Turizm Şirkətləri və Hotellər Assosiasiyasının (AZTA) prezidenti, Ümumdünya Turizm Təşkilatı İcraiyyə Bürosunun Avropa üzrə vitse-prezidenti Nahid Bağırovla söhbətimiz də elə bu mövzudadır.
- Nahid müəllim, avqustun 12-də turizm məkanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair Mədəniyyət və Turizm Nazirliyinin tövsiyə xarakterli məktubu yayılıb. Ümumiyyətlə, siz turizm müəsissələrində və obyektlərində təhlükəsizlik tədbirlərinin səviyyəsini necə qiymətləndirisiniz?
- Doğrudur, avqust ayının yarısına çatsaq da, bu, hələ turizm mövsümünün başa çatması demək deyildir. Çünki bir çox avropalı turistlər daha sərin aylarda, məsələn, avqustun sonu, sentyabrın əvvəllərində səyahət etməyi xoşlayırlar. Odur ki, Azərbaycana təqribən hələ 2 ay da turist axını olacaq. Odur ki, nazirliyin son məktubunu müəyyən qədər başa düşmək də olar. Amma məsələ burasındadır ki, bu məktubda qeyd olunanlar turizm obyektləri sahiblərinin bir növ vəzifə borcudur və məhz bu tələbləri yerinə yetirdikləri üçün onlara turizm fəaliyyətinə dair lisenziya verilib. Hər bir turizm obyektinin rəhbəri öz qazancını düşünməzdən əvvəl, ilk növbədə, mütləq orada istirahət edən turistlərin təhlükəsizliyinin nə dərəcədə təmin olmasının məsuliyyətini dərk etməlidir. Amma təəssüflər olsun ki, bu, həmişə belə olmur. Bu, ondan irəli gəlir ki, bir çox istirahət mərkəzlərində rəhbərlikdən tutmuş, adi sıravi işçiyədək - naşı insanlardır, turizm sahəsində peşəkar olmayanlardır. Peşəkarlıq olmayan yerdə də nə məsuliyyətdən, nə də ki, xidmətin səviyyəsindən danışmağa dəyməz.
- Yeri gəlmişkən, illərdir müzakirələr aparılsa da, turizm mərkəzlərində təklif olunan xidmətlərin səviyyəsində ciddi yüksəliş nəzərə çarpmır. Bu sahədə Azərbaycan Turizm İnstitutunda hazırlanan kadrlar kifayət etmirmi?
- Öncə onu qeyd edim ki, ötən illə müqayisədə, Azərbaycanda turistlərə göstərilən xidmətin səviyyəsi, ümumi götürəndə, bir qədər yüksəlib. Amma bu, qənaətbəxş deyil, biz bu istiqamətdə hələ çox çalışmalıyıq. Doğrudur, elə hotellər var ki, orada göstərilən xidmətlər dünya standartlarına uyğundur. Bura paytaxtdakı bütün 5 ulduzlu hotellər aiddir. Hələ deyərdim ki, bizim üçün çox sevindirici haldır ki, “Four seasons” mehmanxanası ötən il turistlərə göstərilən xidmətin keyfiyyətinə görə, dünyada ilk onluğa daxil ola bilmişdi. Lakin təəssüflər olsun ki, bu gün Bakıda elə mehmanxanalar da var ki, 5 ulduzlu xidmətə dair lisenziya almasına baxmayaraq, turistlərə təqdim etdiyi xidmətlərin səviyyəsi güclə 3 ulduza yaxınlaşır. Burada söhbət, ilk növbədə, əməkdaşların peşəkarlıq səviyyəsinin aşağı olmasından gedir. Bilirsiniz, bir qayda olaraq, mehmanxanada, əsasən, gənclər çalışırlar. Bizim gənclərimiz isə peşənin sirlərini öyrənməyə az meyil göstərirlər. Hamı istəyir ki, mehmanxanada işə düzələndə hansı yolla olursa olsun, menecer, direktor müavini və s. kimi yüksək vəzifələr tutsunlar. Bu isə son nəticədə turistlərə göstərilən xidmətin keyfiyyətində özünü büruzə verir. Əsl peşəkar mehmanxana işçisi isə, deyərdim, ən aşağı vəzifədən - turistləri qarşılayan, onlara çanta daşıyan və yaxud təmizçilikdən başlamalıdır ki, bu peşənin sirlərini dərindən bilsin, nəyin harada olduğunu, nəyin necə hazırlanmasından xəbərdar olsun. Bu gün dünyadıkı mehmanxana şəbəkələrinin rəhbərlərinin hamısı, mən sadaladığım peşələrdə çalışıblar, buradan pillə-pillə yüksələrək, indiki vəziyyətlərinə gəlib çatıblar, indi dünya turizm sahəsində aparıcı şəxslərə çevriliblər, söz sahibləridirlər. Bizim gənclər isə aşağı vəzifələrdə işləməkdən çəkinir. Ofisant işləməyi belə özlərinə ar hesab edirlər, bu peşəyə müvəqqəti iş kimi baxırlar, ixtisasartırma təlimlərində iştirak etmirlər, xarici dil öyrənmək istəmirlər. Odur ki, mehmanxanalarda və restoranlarda uzun müddət bir yerdə çalışmış ofisanta rast gəlmək mümkün deyil. Bütün bu sadaladıqlarım isə mehmanxana, eləcə də, restoran və istirahət mərkəzlərində xidmətin səviyyəsinə mənfi təsir edən amillərdir. Xatırladım ki, turizm sənayesi yüksək inkişaf etmiş ölkələrdə peşəkar kadr hazırlığına böyük diqqət verilir. Elə götürək qonşu Türkiyəni. 30 il əvvəl bu ölkədə turizm sektoru yenicə dirçəlməyə başlayırdı. Turizm xidməti göstərmək üçün yalnız o şirkətlərə lisenziya verilirdi ki, onun 70 faiz əməkdaşı hər hansı bir treninq mərkəzlərində təlim keçərək, müvafiq sertifikat alsın. Bu gün Türkiyə dünya turizm sənayesinin aparıcı dövlətlərindən biridir. Düşünürəm ki, bu, prosess bizdə də getməlidir. Turizm fəaliyyətinə dair verilən lisenziyalaşmanın şərtləri nə qədər sərtləşdirilərsə, bu, ölkəmizdə turizm sektorunun inkişafına bir o qədər müsbət təsir etmiş olar. Bu gün Prezident İlham Əliyevin sayəsində Azərbaycanın şöhrəti dünyaya yayılıb və çoxlu sayda xarici turist ölkəmizlə maraqlanır, bu cənnət məkanı öz gözləri ilə görmək istəyir. Təbii ki, biz də onlara ölkəmizi layiqli şəkildə təqdim etməyə çalışmalıyıq. Biz turizm sektorunda artıq kəmiyyətin yox, keyfiyyətin arxasınca qaçmalıyıq.
O ki qaldı Azərbaycan Turizm İnstitutuna (ATİ), bura demək olar ki, nümunəvi bir ali məktəbdir. Hazırda ATİ-də Avstriya ilə birgə əməkdaşlıq çərçivəsində ayrıca bir qrupda tələbələr hazırlanır. Deyərdim ki, hər il 20-25 nəfər yüksək ixtisaslı kadrlar bu qrupun məzunu olur və onların özlərinə iş tapmalarında, karyera qurmalarında heç bir problem olmur. Amma digər qrupların məzunlarının işlə təminatında problemlər olur. Doğrudur, AZTA olaraq, onların müxtəlif mehmanxana və turizm şirkətlərinə yerləşdirilməsinə kömək göstəririk. Bilirsiniz necədir? Turizm fərqli bir sahədir.Təkcə coğrafiya və tarixi bilməklə bu sahədə irəliləmək mümkün deyildir. Burada təcrübə mütləqdir. Əgər peşəkar turizmçi olmaq istəyirsənsə, mütləq treninqlərdə, təlimlərdə iştirak etməlisən.
Burada bir haşiyə çıxım. AZTA bir neçə il əvvəl Amerika Otellər Assosiasiyası (AOA) ilə bir Memorandum imzalayıb. AOA-nın nəzdində böyük bir institut var, bütün dünyadan oraya turizm sahəsində çalışan insanlar axışırlar ki, bir aylıq, hətta bir həftəlik olsa belə, orada təlimlərdə iştirak etsinlər. Biz AZTA olaraq, həmin institutun müəllimlərini Bakıya dəvət etdik. Burada bizim hotel sahəsində çalışan professionallara təlim keçdilər, sonda onlara müvafiq sertifikat verdilər ki, bu şəxslər hotel işçilərinə yüksək səviyyədə təlim keçə - müəllimlik edə bilərlər. Xatırladım ki, hələ indiyədək keçmiş İttifaq respublikalarında belə bir hal olmayıb. Həmin sertifikatlar dünyanın hər bir ölkəsində tanınır. İndi təsəvvür edin ki, Moskvadan, Rusiyanın regionlarından, Qazaxıstandan bizə müraciət edirlər ki, onların hotel işçiləri gəlib bizdə təlim keçsinlər, amma Azərbaycandakı hotellərdən ixtisasartırıcı treninqlərdə iştirak etmək istəyən yoxdur. Bizə o hotellər müraciət edirlər ki, bunlar paytaxtdakı brend mehmanxanalardır və onların, əslində heç təlimə də ehtiyacları yoxdur. Belə ki, hər il onların baş ofislərindən təlimçilər gəlib şəxsi heyətə treninqlər keçirlər. Amma digər otellərimizdən, regionlardakı istirahət mərkəzlərindən bu təlimlərə heç bir maraq yoxdur. Bu isə son nəticədə bölgələrdə turistlərə təqdim olunan xidmətin səviyyəsində özünü büruzə verir. Nəticədə itirən də elə həmin mehmanxanalar, istirahət mərkəzləri olur. Turizmdən gözəl təbliğat ola bilməz. Əgər sən bu il turistə-fərqi yoxdur, o yerlidir, yoxsa xarici,- yüksək keyfiyyətli xidmət etmədinsə, o bir daha sənin obyektinə ayaq basmayacaq!
- Nahid müəllim, bu il ölkəmizə gələn turistlərin sayı ötən illə müqayisədə necə olacaq?
- Hər bir kəs - peşəsindən asılı olmayaraq, ilk növbədə, vətənpərvər olmalıdır. Gəlin biz də əl-ələ verək, öz fəaliyyətimizlə Vətənimizin dünyaya təbliği istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dəstək verək. Eyni zamanda, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan xalqının mədəniyyətini, musiqisini, milli mətbəxini, həmçinin, zəngin təbiətimizi dünyaya layiqincə təbliği işinə hər birimiz öz gündəlik fəaliyyətimizlə töhfəmizi verək. Bax o zaman Vətənimizin şöhrəti daha da artmış olacaq, ölkəmizə gələn turistlərin sayı da. O ki qaldı sualınızın birbaşa cavabına, hələlik, turizm şirkətlərindən onlayn viza sistemi üzrə aldığımız ilkin məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il turistlərin sayında 10 faizdən yuxarı artım var. Amma az öncə söylədim, avropalı turistlərin kütləvi səyahət vaxtı hələ başlamayıb. Biz gözləyirik ki, sentyabr ayında ölkəmizə çoxlu turistlər gəlsin. Daha bir məqama toxunmaq istərdim. Bildiyiniz kimi, adətən Azərbaycana gələn turistlərin əksəriyyəti Avropa ölkələri, eləcə də, Rusiya, Türkiyə, İran və Qazaxıstandan olur. Gələn ay milli aviaşirkətimiz olan “Azərbaycan Hava Yolları” Nyu-Yorka birbaşa aviareys açacaq. Düşünürəm ki, bu reys indiyədək Azərbaycana gəlmək istəyən, amma okeanı “adlamağa” tərəddüd edənlər üçün gözəl fürsət olacaq. Xatırladım ki, hər gün internet vasitəsilə minlərlə müraciətlər alırıq, turistlərin suallarını cavablandırırıq, onlara ölkəmizin görməli yerləri haqda məlumatlar veririk. Turistlər, əlbəttə ki, səyahət üçün daha çox Bakı şəhərini seçirlər. Bunun da obyektiv səbəbləri vardır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri, inşa olunan göydələnlər, müasir tikililər paytaxtımızın şöhrətini dünyaya yaymışdır. Həmçinin, dünyanın məşhur telekanallarında Azərbaycanın turizm imkanları, görməli yerləri haqda yayımlanan reklam çarxları turistlərdə ölkəmizə marağı daha da artırıb. Əgər əvvəlki illərdə turistlər yalnız özündə qədimliyi, tarixi irsimizi daşıyan İçərişəhərə, Bakının simvolu olan Qız qalasına baxmağa gəlirdilərsə, bu gün artıq onlar müasir Bakının simvollarına çevrilən, dünyanın nadir memarlıq incilərindən olan “Alov qüllələri”ni, Heydər Əliyev Mərkəzini, müasir Bakı bulvarını görməyə can atırlar. Təbii ki, turistlər, eyni zamanda, respublikamızın dilbər guşələrini də görməyə maraq göstərirlər. Düşünürəm ki, gələn ilin ilk ayında biz artıq 2014-cü ildə ölkəmizə gələn turistlərin sayı barədə yekun məlumat ala biləcəyik və bu rəqəm ötənilki 2 milyon nəfərlik göstəricidən xeyli yüksək olacaqdır. Burada 2015-ci ildə tarixdə ilk dəfə olaraq Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının da böyük təsiri vardır. Belə ki, turistlər adətən, Olimpiya oyunlarına hazırlıq prosesini öz gözləri ilə görməyi xoşlayırlar. Odur ki, belə düşünürəm ki, bu il Azərbaycana gələn turistlərin sayında rekord həddi əldə edə biləcəyik.
Səlim
LOĞMANOĞLU
Yeni Azərbaycan.-2014.- 14 avqust.- S. 5.