Vətən yolunda şəhid olmaq şərəfdir

 

Şəhid Əli Rəhimovun ailəsi tezliklə qələbə soraqlı xəbərlərin qapımızı döyəcəyindən əmindir

 

20 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Azərbaycan əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd etmədən bu torpaqları azad etməyə hazırdır. Hər halda bir neçə gün öncə cəbhə bölgəsində baş verənlər, daha doğrusu əsgərlərimizin düşmənin təxribatçı hücumlarının qarşısını qəhrəmancasına alması da deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, son vaxtlar düşmənlərimizin Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı həlak olmuş hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də əsgər Əli Fətulla oğlu Rəhimovdur. Qeyd edək ki, Əli Rəhimov 1 iyun 1995-ci ildə Masallı rayonu Köçəkli kəndində anadan olub. 2013-cü ildə Sərhəddin Rəhimov adına Masallı rayonu Köçəkli kənd tam orta məktəbini bitirən Əli daha sonra hərbi xidmətə yola düşüb.

Şəhidlərimizin qəhrəmanlıqları gənclərimizə örnəkdir

Vətənimizin hər bir qarışı, o cümlədən, işğal altında olan torpaqlarımız bizim üçün əzizdir. Bu gün doğma Vətənimizin inkişafı naminə bütün sahələrdə əzmlə çalışan Azərbaycan övladları bu torpaq uğrunda şəhid olmağı da bacarırlar. Şəhid Əli Rəhimovun 90-dan çox yaşı olan və artıq bir övladını şəhid vermiş əmisi Yədulla Rəhimov da bunu təsdiqləyir. O, deyir ki, şəhid oğlunun və qardaşı oğlunun intiqamını almaq üçün o biri övladlarını da Vətən yolunda qurban verməyə hazırdır: “Oğlum Sərhəddin Rəhimov da 1992-ci ildə I Qarabağ savaşı zamanı Ağdərə bölgəsində şəhid olub. İndi isə hər iki şəhidin qəbri yan-yanadır. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Əlinin də, Sədrəddinin də... Hər bir Azərbaycan vətəndaşı öz şəhidlərini tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir”.

Başımız dik, alnımız açıqdır...

Şəhidin anası Xuraman Rəhimova isə bildirir ki, Vətən də, dövlət də torpaqdan başlanır: “Ağacın barını haradan aldığı məlumdur. Oğlum Əli də şəhidlərimizə, öz əmisi oğluna baxıb və ibrət götürüb. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Eyni zamanda, düşmənə sonuncu sarsıdıcı zərbə vurulmalıdır. Bunu bizdən Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxan, öz şirin canından keçən şəhidlərimizin ruhları gözləyir. O günlər də çox uzaqda deyil. Qələbə sorağı qapımızı döyəcək. Başımız dik, alnımız açıqdır”.

Biz buna inanırıq...

Şəhidin qardaşı Zakir Rəhimov isə düşünür ki, Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal, ümdə arzudur: “Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Lakin azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının canı bahasına əldə edir. Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir. Son dövrlərin savaşı bir daha göstərdi ki, Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə də yetərincədir. Onlardan biri də qardaşım Əlidir. Düzdür, onun itkisi bizi ağrıdır, amma düşünürük ki, bu gün bizim Qarabağ kimi dərdimiz var. O, bizim qapanmayan yaramızdır. Yaramız hələ sağalmayıb. O zaman sağalacaq ki, Dağlıq Qarabağ, Şuşa, Laçın başda olmaqla bütün işğal altında olan torpaqlarımız geri qayıdacaq. Biz buna inanırıq”.

Biz öz Vətənimizi, müstəqil dövlətimizi daim qorumağa qadirik...

Sərhəddin Rəhimov adına Masallı rayonu Köçəkli kənd tam orta məktəbinin direktoru Sakit Ağayev deyir ki, bu gün Azərbaycan milli ordusunda on minlərlə gənc Vətənə sədaqətlə xidmət edir: “Həmin gənclər ərazi bütövlüyümüzü pozmağa cəhd edən düşmənə qarşı barışmaz mövqedə durur, yeri gələndə Vətənimiz yolunda canlarını qurban edirlər. Həmin gənclərimizdən biribu yaxınlarda şəhidlik zirvəsinə ucalan Əli Rəhimovdur. Əli kimi qəhrəmanlar sayəsində gənclərimizdə onsuz da yüksək olan vətənsevərlik ruhu daha güclənir. Bu gün Azərbaycanın Milli Ordusunun güclənməsi, qüdrətlənməsi hər bir vətəndaş üçün, hər bir gənc üçün vacibdir. Biz öz Vətənimizi, müstəqil dövlətimizi daim qorumağa qadir olan ordumuzla, orda xidmət edən igidlərimizlə fəxr etməliyik. Azərbaycan ordusu bu gün və gələcəkdə ola biləcək hər hansı bir təcavüzün qarşısını almağa qadirdir”.

Biz o ruhla yaşayırıq...

Şəhidin tarix müəllimi Ənvər Kərimov isə deyir ki, Dağlıq Qarabağ ərazisi dağlar və meşələrlə dolu bir cənnət idi: “Mən bilirəm ki, Qarabağda - konkret Zəngilanda dünyada ikinci, Avropada birinci olan Bəsitçay Çinar meşələri var. Ermənilər oranı indi xarabalığa çeviriblər. O çinarları kəsib xaricə satırlar. Vətənimizin üzük qaşı olan Şuşanı işğal ediblər. Yerlərimizin adlarını belə dəyişiblər. İnternetdə girib oralara baxanda adamın ürəyi ağrıyır. Səfərbərlik olsa nə qədər gücümüz varsa döyüşməyə hazırıq. Hamı bir nəfər kimi cəbhəyə gedərik. Biz o ruhla yaşayırıq. Orada döyüş gedərkən, biz buralarda sakitcə qala bilmərik. Əlinin qanını almalıyıq”.

 

Oktay

Yeni  Azərbaycan.-2014.- 15 avqust.- S. 5.