İtaliya ilə Azərbaycan arasında çoxşaxəli əlaqələr mövcuddur

 

Onu da bildirmək yerinə düşər ki, hazırda hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda İtaliya öncül sıralarda qərarlaşıb. Məsələn, 2010-cu ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 5,3 milyard avro olub. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2011-ci ildə 9,6 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm İtaliyanın Avropa İttifaqına daxil olan 11 ölkə ilə malik olduğu ticarət dövriyyəsindən daha yüksəkdir. Bütövlükdə Azərbaycanın xarici ticarət dövriyyəsində ixracatda 35,2 faizlə İtaliya, idxalda isə 16,8 faizlə Rusiya öndə durur. Yeri gəlmişkən, 2010-cu ildə Bakıda keçirilən biznes forumda hər 2 ölkənin dövlət rəsmiləri, kənd təsərrüfatı, qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerjis. sahələri təmsil edən 60-dan çox şirkətin nümayəndəsi iştirak edib və tədbirdə işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. İşgüzar görüşlərlə davam etdirilən tədbirin yekunu olaraq, İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb. Həmin sənəddə iki ölkə arasında ticarətin inkişafı, iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə müəssisələrin yaradılması, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı, eləcə də, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların cəlb edilməsi və s. sahələrdə əməkdaşlığın inkişafı nəzərdə tutulub. Ötən müddət ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasında daha bir neçə şirkəti fəaliyyətə başlayıb. Bu məqam ötən il noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya biznes forumunda bir daha vurğulanıb.

Ümumiyyətlə, italyanlar respublikamızda kənd təsərrüfatı, qida sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət avadanlıqları, geyim, mebel və digər sahələr üzrə fəaliyyət göstərirlər.

İtaliya Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dövlət səviyyəsində xüsusi olaraq, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Faktlara diqqət yetirək. Məlum olduğu kimi, bir neçə il öncə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub. Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub. Görüş zamanı Azərbaycan parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca vacibdir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Həmin görüş zamanı Azərbaycanın neçə illərdən bəri üzləşdiyi ən ağrılı problemi-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ, xüsusilə, diqqət mərkəzində olub. İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini isə bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoyaraq qeyd edib: “Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir”.

Əlbəttə, bu fakt onu göstərir ki, İtaliya tərəfi bu problemə haqq və ədalət müstəvisində çox həssaslıqla yanaşır. Xatırladaq ki, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Senat Yeni Avropa Xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsinin vacibliyini qeyd edir.

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Qeyd etdiyimiz kimi, bu vaxta qədər Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair təxminən 30 sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin gücləndirilməsində maraqlıdır. Regionda beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşına çevrilməsi İtaliya tərəfindən də yüksək dəyərləndirilir.

Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, onların parlament assambleyaları səviyyəsində qarşılıqlı-faydalı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, hazırda iki ölkənin qanunvericilik orqanları arasında əlaqələr də yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna olan diqqətin və marağın artmasının şahidi oluruq. Senat üzrə dostluq qrupunun üzvlərinin sayı 32 nəfərdən ibarətdir.

İtaliya Respublikası, həmçinin, Avropa İttifaqında da söz sahiblərindən biridir. 2006-cı ilin noyabrında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin martında Avropa İttifaqı Şurasının “Şərq Tərəfdaşlığı” haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadırbu baxımdan, Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən, İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır. Qeyd olunmalıdır ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Siyasiiqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın adamları, şirkətləri, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən olan AvropaAvroatlantik qurumlara inteqrasiya, o cümlədən, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesində İtaliyanın ölkəmizə dəstəyi şübhə doğurmur. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək. Bir sözlə, İtaliyanın Trentino Alto Adige regionunun dil azlıqları və sülh üçün ədalət üzrə konsulu Cüzeppe Detomasın da vurğuladığı kimi, Azərbaycan ilə İtaliyanı dərin köklərə əsaslanan münasibətlər birləşdirir. Bu ilin martında AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışan C.Detomas diqqətə çatdırıb ki, bu sıx əməkdaşlığı bir çox sahələrdə müşahidə etmək mümkündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan C.Detomas problemin tezliklə tənzimlənəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, İtaliya münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli dünyanın bir sıra bölgələrində davam edən münaqişələrə son qoyulması üçün nümunə ola bilər.

Bir sözlə, ölkəmiz Avropanın, bütövlükdə dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olan İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 13-də İtaliyaya rəsmi səfəri bunu bir daha təsdiq edir. Məlumat üçün bildirək ki, səfər çərçivəsində Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Azərbaycanla İtaliya arasında mühüm sənədlər də imzalanıb.

 

əvvəli var

 

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.-2014.- 15 avqust.- S. 8.