Azərbaycanda təhsil sahəsində tətbiq edilən yeniliklər və həyata keçirilən islahatlar yaxın gələcəkdə daha yaxşı nəticələrə gətirib çıxaracaqdır

 

Prezident İlham Əliyev: İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir

 

Məlum olduğu kimi, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən davamlı inkişaf strategiyası, ilk növbədə, sosial məzmunu ilə fərqlənir. Düşünülmüş səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının artması, maliyyə imkanlarının genişlənməsi sosialyönümlü layihələrin və proqramların həyata keçirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə son 10 ildə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması isə xüsusilə diqqətəlayiqdir.

Ölkənin maddi kapitalı intellektual sərvətə çevrilir

Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar ilk növbədə məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri”elan edib.

Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət başçısı təhsillə bağlı Azərbaycanın hədəfini belə müəyyənləşdirib: “Hesab edirəm, bugünkü Azərbaycanın inkişaf dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı vardır”.

Prezident İlham Əliyevin ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, ələlxüsus da gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.

Azərbaycanda təhsilin inkişafı, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsi, müasir infrastruktur bazasının yaradılması həm də ölkənin güclü iqtisadi potensialı ilə şərtlənir. Hazırda Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi respublikada iri sosial layihələri reallaşdırmağa, o cümlədən də təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir. Ölkəmizin, xalqımızın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikanın iqtisadi kapitalının, maddi resurslarının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bununla bağlı dövlət başçısı mövqeyini belə ifadə edib: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”.

Beləliklə, çox haqlı olaraq ölkəmizdə təhsil sahəsinə investisiyalar yönəldilməsi dünyanın inkişaf etmiş ölkələri sırasında yer tutmağı qarşısına məqsəd qoyan Azərbaycanın gələcəyinə yönəldilən sərmayələr kimi qiymətləndirilir. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir”.

Təhsilin keyfiyyəti cəmiyyətin təhsilə olan marağına uyğun gəlməlidir

Yuxarıda vurğuladığımız kimi, Azərbaycan cəmiyyəti yüksək intellektual potensialı ilə səciyyələnir. Lakin gənclərin elmə, təhsilə böyük maraq göstərmələri məsələnin yalnız bir tərəfidir. Gərək, ölkədə yüksək təhsil şəraiti, gənclərin kreativ düşüncə tərzinə uyğun maddi-texniki baza olsun ki, cəmiyyətin potensialı üzə çıxsın və düzgün istiqamətə yönəlsin. Respublikamızda təhsilin keyfiyyətinin yüksəldilməsinin zəruriliyinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Gənclərimiz istəyirlər ki, yaxşı mütəxəssis, yaxşı peşəkar olsunlar. İstək ola bilər. Ancaq təhsilin keyfiyyəti də gərək bu istəklə uzlaşsın. Azərbaycanda təhsil sahəsində tətbiq edilən yeniliklər, müasir yanaşmalar, islahatlar ümid edirəm ki, yaxın gələcəkdə daha da yaxşı nəticələrə gətirib çıxaracaqdır”.

Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri isə heç şübhəsiz ki, təhsil prosesinin inkişaf etdirilməsi, təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasına, tədris mühitinin optimallaşdırılmasına nail olmaqdan ibarətdir. Bu mənada son 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Belə ki, son 10 ildə dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilib. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Ötən il ölkəmizdə təhsilə dövlət büdcəsi xərclərinin 11,6 faizi həcmində və yaxud 2222,5 milyon manat vəsait ayrılıb ki, bu da əvvəlki illərdəkindən xeyli çoxdur.

Məktəb tikintisi geniş vüsət alıb

Son 10 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Təkcə onu vurğulamaq kifayətdir ki, haqqında bəhs olunan dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Məsələn, regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisi ilə bağlı geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, ötən il qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb.

Yuxarıda qeyd olunan Dövlət proqramlarının icrası nəticəsində son 10 ildə Bakı şəhərində və respublikanın bölgələrində 2700-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, həmçinin, qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 10 ildə çoxlu sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib. Prezident İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb və həmin sərəncamlara uyğun olaraq qəzalı məktəblərin yenilənməsinə böyük məbləğdə vəsait ayrılıb. Məsələn, dövlət başçısının “Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında” 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” 23 iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb.

Heydər Əliyev Fondu ölkəmizdə məktəb tikintisinə sanballı töhfələr verir

Respublikamızda Ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Heydər Əliyev Fondunun təhsillə bağlı layihələrinin əhəmiyyətindən söhbət açan Mehriban xanım Əliyeva vurğulayıb: “Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”.

Fond 2005-ci ildə təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin həyata keçirilməsinə start verib. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində indiyədək 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud yenidən qurulub. Bu məktəblər respublikanın bütün bölgələrini əhatə edir və onlardan hər biri ən müasir standartlara cavab verir.

Son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən, həmçinin, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” layihələri uğurla reallaşdırılmaqdadır. Cari ilin əvvəlində isə Heydər Əliyev Fondu yeni layihəsini - “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı”proqramını cəmiyyətə təqdim etdi.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 16 avqust.- S. 2.