Vətənə layiq olmağı bacaran oğullar...
Şəhid İsə Almazov
da onlardan biridir
20 ildən artıqdır
ki, torpaqlarımızı
işğal altında
saxlayan düşmənlərimiz
zaman keçdikcə ərazilərimizin itirilməsi
ilə barışacağımızı
düşünürlər. Lakin düşmən
bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur
Azərbaycan əsgərini
addım-addım qələbəyə
kökləyir. Azərbaycan
əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd
etmədən bu torpaqları azad etməyə hazırdır.
Hər halda, bir neçə
gün öncə cəbhə bölgəsində
baş verənlər,
daha doğrusu, əsgərlərimizin düşmənin
təxribatçı hücumlarının
qarşısını qəhrəmancasına
alması da deyilənləri təsdiqləyir.
Məlumat üçün
bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust
2014-cü il tarixli əmrinə əsasən
“Azərbaycan Respublikasının
“Hərbi xidmətdə
fərqlənməyə görə”
medalı haqqında” Əsasnaməyə müvafiq
olaraq, son vaxtlar düşmənlərimizin Silahlı
Qüvvələrimizin mövqelərinə
basqını zamanı
həlak olmuş hərbi qulluqçular ölümündən sonra
“Hərbi xidmətdə
fərqlənməyə görə”
3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də gizir İsə Ziyad oğlu Almazovdur.
1977-ci ildə Qazax
rayonunun Bala Cəfərli kəndində
anadan olan gizir İsə Almazov həqiqi hərbi xidmətini Ağdamda keçib. Ümumilikdə
17 il hərbi
xidmətdə olan İsə daha sonra Naxçıvanda və Qazaxda xidmət edib. İyulun 31-də
saat 20:00 radələrində
Ermənistan-Azərbaycan sərhədinin
Qazax rayonu ərazisində düşmənlə
döyüşdə şəhid
olub.
Bu günümüzün qeyrət
salnaməsi - şəhidlərimiz...
Şəhidlər - dünənimizin qəhrəmanlıq
simvolu, bu günümüzün qeyrət
salnaməsidir. Şəhidlər - qəlblərdə azadlıq, istiqlal işığı yandıraraq
əsarət buxovlarını
qırıb dağıdan
mərd igidlər, obamızın ən qeyrətli ərləri, xalqımızın vüqarıdır.
Şəhidin qardaşı Dilənçi
Almazov deyir ki, şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq,
onları gəncliyə
nümunə göstərmək
hər kəsin vətəndaşlıq borcudur:
“Torpaqlarımızın qorunması,
Vətənimizin müdafiəsi
uğrunda canından,
qanından keçərək
şəhidlik zirvəsinə
ucalmaq ən böyük şərəf
və qürurdur. Şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq,
onları gəncliyə
nümunə göstərməksə
hər kəsin vətəndaşlıq borcudur.
Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid
məzarı olmasın.
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın
qorunmasında canlarından
keçmiş şəhidlərimizin
ömür yolu gənclərimizə örnəkdir”.
Onlar Vətənə layiq olmağı bacardılar...
Şəhidin digər qardaşı
Musa Almazov bildirir ki, qardaşı İsə Vətəni canından çox sevirdi: “Onlar Vətənə layiq olmağı, ürəklərdə
Vətən sevdası
adlı bir tonqal qalamağı, bu tonqalın ətrafına minləri, milyonları toplamağı
bacardılar. Vətən
üçün doğulub
Vətən üçün
can verən şəhid
qardaşlarına qovuşdular.
Mən düşünürəm ki,
İsə mənim qardaşım olduğu qədər qəlbi Vətən üçün
döyünən hər
bir azərbaycanlının
da qardaşıdır.
İsə öz şəhidliyi
ilə Vətənin azadlığa qovuşacağı
günü daha bir addım yaxınlaşdırdı. O günü İsə də bütün şəhidlərimizlə birlikdə
dünyanın 50 milyonluq
azərbaycanlısı ilə
yanaşı bayram edəcək. Buna onun hər kəsdən
çox haqqı var”.
Sevinirəm ki, məktəbimizin
İsə Almazov kimi yetirməsi var...
Şəhid gizir İsə Almazovun təhsil aldığı Mirvarid Dilbazi adına Qazax rayonu Bala Cəfərli kənd orta məktəbinin direktoru Mahal Almazov da şəhid gizirimizin xatirəsinin hər bir Vətən övladı tərəfindən əziz tutulmalı olduğunu deyir: “Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəhid gizir İsə Almazovun ruhu Vətən göylərində dinclik tapdı. Uğrunda şəhid olduğu torpaq onun son məskəni oldu. İsə 50 milyonluq azərbaycanlının qəhrəmanına çevrildi. Vətən onu canlarından artıq sevən İsəyə və onun kimi şəhid igidlərinə qucaq açdı... Onlar gözlərinin gördükləri, ayaqlarının apardığı yerə qədər “Vətən” deyib getmişdilər. Arxalarına belə baxmadan. Qarşılarındakı Vətənin darda olduğunu bilərək çoxları kimi yaşamağı özlərinə rəva bilmədilər. Vətən üçün doğulmuşdular, Vətən üçün yaşayırdılar, Vətən üçün də şəhid oldular. Sevinirəm ki, məktəbimizin İsə Almazov kimi yetirməsi var”.
Onların Vətən eşqi qarşısında baş əyməmək mümkün deyil...
İsə Almazovun ibtidai sinif müəlliməsi Asya müəllimə də şagirdini olduqca kövrək duyğularla xatırlayır: “İsəni vətənpərvər ürəyi çəkib cəbhənin ən qaynar, ən təhlükəli yerlərinə apardı. Rahat evini odlu-alovlu səngərlərə, sakit işini cəbhəyə dəyişdi. Onu savaş meydanlarına çəkib aparan qəlbindəki böyük vətən eşqi idi. Bu eşq qarşısında baş əyməmək mümkün deyil. Tarixən Oğuz igidlərinə düşmən üzərində qələbələr qazandıran, Babəki “Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan üstündür” ideyasına gətirən, Ş.İ.Xətaini qələbədən-qələbəyə aparan, Həzini, Mehdini qəhrəmanlığa ucaldan bu eşq olub. Əsrlər keçib, tarix dəyişib, ancaq bu eşq - xalqımın Vətən eşqi uzun əsrlərin sınağında zərrə qədər də əskilməyib. Müxtəlif tarixi dövrlərdə müxtəlif qəhrəmanların simasında, əməllərində təzahür edib. Bu eşq XXI əsrin əvvəllərində də İsə kimi qəhrəmanlarımızın hünərində, şücaətində təzahür etdi. Tarix səhnəsinə yeni qəhrəmanlar çıxdı. İsə Almazov və onun kimi neçə-neçə qəhrəman şəhidlərimiz düşmənə sübut etdilər ki, mərd oğullar düşmən çəpəridirlər”.
Oktay
Yeni Azərbaycan.-2014.- 19 avqust.- S. 5.