Regionların inkişafı
bölgələrdə əhalinin məşğulluğunu təmin
edir
Prezident İlham
Əliyev: Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi,
bugünkü Azərbaycan
reallıqları tam fərqli ola bilərdi
Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl surətdə həyata keçirilən, həmçinin, bir-birini tamamlayan iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmizin dinamik inkişafı dönməz xarakter alıb. Təsadüfi deyil ki, hazırda inkişafın Azərbaycan modeli bütün dünyada ciddi maraqla izlənilir və bir sıra ölkələrdə nümunə kimi qəbul edilir.
İnkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri isə, heç şübhəsiz, ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkəboyu inkişaf təmin edilib, eyni zamanda, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulublar.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla yerinə yetirilməsi Azərbaycanı bütün bölgələrində tərəqqi yaşanan ölkəyə çevirib
Qeyd edək ki, Prezident İlham Əliyev respublikanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Yeri gəlmişkən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında bu məqama toxunan dövlət başçısı deyib: “Mən birinci proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir”.
Beləliklə, 2004-cü ildən bəri respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən iki Dövlət Proqramı uğurla yerinə yetirilib və hazırda 2014-2018-ci illəri əhatə edən növbəti, üçüncü proqram reallaşdırılmaqdadır. Yuxarıda haqqında bəhs olunan konfransdakı çııxışında dövlət başçısı İlham Əliyev Dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının artmasında böyük rol oynadığını bir daha nəzərə çatdıraraq vurğulayıb: “Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir”.
Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları hər bölgənin özünəməxsus xüsusiyyətləri, həmin bölgələrdə yaşayan insanların təklifləri nəzərə alınmaqla hazırlanıb. Yəni, hər bir proqram üzrə qarşıya real vəziyyət nəzərə alınmaqla konkret hədəflər qoyulub və onlara çatmaq üçün bütün imkanlar səfərbər edilir. Konfransda bu məqama da toxunan Prezident İlham Əliyev Dövlət proqramlarının konkret xarakter daşıdığını bildirib: “Yerlərdən gələn təkliflər və arzular ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil edilib. Hər il dövlət büdcəsi qəbul edilərkən proqramın icrası, investisiya qoyuluşu nəzərdə tutulur. Beləliklə, bu proqramlar konkret xarakter daşıyır”.
Beləliklə, son 10 ildə iki Dövlət Proqramının uğurla yerinə yetirilməsi nəticəsində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Sevindirici haldır ki, artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən, birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Dövlət proqramlarının yerinə yetirilməsini ciddi nəzarətdə saxlayır. Təsadüfi deyil ki, son 10 ildə dövlət başçısı regionlarda 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib. Eyni zamanda, Prezident İlham Əliyev yerlərdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 Sərəncam imzalayıb ki, bu da dövlət başçısının regionların inkişafına göstərdiyi böyük diqqətin bariz nümunəsidir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə geniş infrastruktur layihələri reallaşdırılır
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla yerinə yetirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Çünki bölgələrdə infrastruktur təminatı baxımından 10 il bundan qabaqkı vəziyyətlə mövcud durum arasında kəskin fərq var. Daha dəqiq desək, indiyədək Azərbaycanın bütün bölgələrində güclü, müasir infrastruktur qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib və bir sıra layihələr də hazırda uğurla reallaşdırılır. Yuxarıda haqqında bəhs olunan konfransda diqqəti regionlarda infrastruktur təminatının yaxşılaşdırılmasına çəkən Prezident İlham Əliyev bildirib: “Su xətləri, qaz boruları yenidən tikilir, yenidən qurulur. Əvvəlki illərdə tikilmiş xətlər, kommunikasiya xətləri artıq yararsız vəziyyətə düşmüşdür, sıradan çıxır, çürüyür. Yəni, biz bütün bu işləri yenidən, sıfırdan görürük ki, yeni yaradılan bu infrastruktur bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət etsin. Ona görə hələ ki, görüləsi işlər vardır. Əminəm ki, növbəti 5 il ərzində bütün infrastruktur layihələri tamamilə icra ediləcəkdir”.
Vurğulamaq yerinə düşər ki, son 10 il ərzində iki Dövlət Proqramının icrası nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Ölkəmizdə 2006-cı ildən başlayaraq hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. 409 meqavat gücündə daha bir stansiyanın - “Şimal-2” istilik elektrik stansiyasının isə cari ilin sonuna qədər işə salınması nəzərdə tutulub.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə yeni su-kanalizasiya şəbəkələrinin qurulması da məmnunluq doğurur. Hazırda dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Heç şübhəsiz, bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ölkədə 3017 kilometr, o cümlədən, 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Dövlət proqramlarının icrası nəticəsində 164 yeni körpü və yol ötürücüsü tikilib, 47 körpü isə əsaslı təmir olunub.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramında da ölkənin yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində bir sıra yeni layihələrin icrası nəzərdə tutulub. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi bundan sonra da intensiv şəkildə davam etdiriləcək. Ümumiyyətlə, Prezident İlham Əliyev qarşıdakı mərhələdə respublikanın bütün ərazisində kənd yollarının asfaltlaşdırılmasını bir vəzifə kimi qarşıya qoyub. Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı kənd yollarının asfaltlaşdırılması, kəndlərdə yaşayan əhalinin yaxşı yollarla təmin edilməsi barədə hədəfləri bir daha diqqətə çatdıraraq vurğulayıb: “Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər”.
Ən vacib məsələlərdən biri də bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsidir
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından biri də əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır. Uğurla reallaşdırılan iki Dövlət Proqramı çərçivəsində respublikanın bölgələrində onlarca sənaye, turizm, xidmət obyektləri fəaliyyətə başlayıb, yeni təsərrüfatlar yaradılıb. Bütün bunlar yerlərdə əhalinin məşğulluğu probleminin həllinə mühüm töhfələr verib. Belə ki, iki Dövlət Proqramının icrası dövründə təxminən 1 milyon 200 min yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. Cari ildə qəbul edilən üçüncü Dövlət Proqramı çərçivəsində isə 52 mini daimi olmaqla daha 65 min yeni iş yeri açılıb. Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında isə Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı vurğulayıb ki, ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilməlidir: “Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır”.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 21 avqust.- S. 2.