Həyatda hər bir kəsin
yerini və taleyini tarix müəyyən edir...
Bu bir gerçəklikdir ki, həyat başqalarının dərdini öz dərdi kimi yaşayanları, onların göz yaşına öz göz yaşını qatanları, onların sevincinə şərik olanları daha çox ucaldır və onlara daha çox səadət və ucalıq bəxş edir.
Belə
insanlar üçün həyatda tək bir amal var. Həqiqi
mənada bu onlarda hər cür təmənna hisslərindən
uzaq insanlığa xidmət etmək, bəşəri dəyərlər
adına, mənsub olduğu xalq və
ölkə adına şan və şöhrət gətirmək
arzusudur.
Belə şəxsiyyətlər üçün həyatda
yaşamaq insanlığa xidmət etmək üçün
bir fürsət, vəzifə isə bu amalları gerçəkləşdirmək
üçün bir vasitədir. Daha doğrusu
onların həyata baxışlarında zaman və məkan
insanların özünü təsdiqi üçün
verilmiş şanslardır.
Onlarda insanlığa olan bu tükənməz sevgi
Yaradana ilahi və əbədi məhəbbətdən qaynaqlanır.
Bəli...
O, insanları insan olduğuna görə sevməklə,
özünü sevdirdi və bununla da fəaliyyətə
başladığı ilk gündən təvazökarlıqla
öz mesajlarını cəmiyyətə, ümumiyyətlə
hər kəsə çatdırdı.
Əslində,
Mehriban xanım Əliyeva öz həyat kredosunun formulunu “...Kimsənsə,
elə də olmalısan... Özgələrin rollarını
və obrazlarını gərək öz üzərinə
götürməyəsən... Çünki sən
də, dünyada yerin də yeganə və bənzərsizdir”
- deməklə bildirmişdi. Və hər
kəsin də öz formulunu müəyyən etməyi
arzulamışdı.
O, sadəliyi,
nəcibliyi, müdrikliyi, mərhəməti,
xeyirxahlığı, fədakarlığı,
işgüzarlığı, gərgin əməyi və
narahat həyatı ilə, eyni zamanda, təəssübkeşliyi,
xeyir-duası ilə həyata keçirdiyi layihələrlə
qısa zaman kəsiyində Azərbaycan xalqının
böyük sevgisini və inamını qazandı.
Onun dəstəyi ilə həyata keçirilən qlobal
səviyyəli layihələrin şüaları, tezliklə
onun məmləkətinin sərhədlərini aşaraq, beynəlxalq
təşkilatların, Avropa, Asiya, Afrika və daha uzaq yerlərin
diqqətini özünə cəlb etməyə
başladı.
Dünya onun bu nəcib fəaliyyətini rəğbətlə
qarşılayaraq, alqışladı və bu gün O, beynəlxalq
aləmdə zərif cinsin ən güclü simalarından
biri kimi tanınır, qəbul olunur və sevilir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva.
Bəli, O, taleyinə və qismətinə düşən
dövrün nəbzini tutaraq ağlı, müdrikliyi, ən əsası
isə, onu gözəlləşdirən əməlləri ilə
zamanın fövqünə ucalmağı, onun parlaq zərrəsinə
çevrilməyi bacardı. İndi O, heç bir
mübaliğəsiz, şişirtməsiz, hamının birmənalı
şəkildə qəbul etdiyi şəxsdir. Və etiraf edək ki, müxtəlif səviyyəli,
fərqli dünyagörüşlü insanların qəlbinə
nüfuz etmək, hər kəsi razı sala biləcək qərarlar
qəbul etmək elə də asan deyildi. O isə bunu
bacarır və özü də çox təbii və yüksək
səviyyədə.
İftixarla deməliyik ki, çox qısa zamanda Mehriban
xanım Əliyeva Azərbaycan dövlətçilik tarixində
ilk dəfə Birinci Xanım İnstitutunu yaradaraq, onun banisi
oldu.
Bu gün O, təkcə öz ölkəsinin sevimli
birinci xanımı deyil, dünyanın çox sevilən, ən
fədakar və hörmətlə yanaşılan birinci ledilərindən
birinə, bəlkə də birincilərinə çevrildi. Onun qurduğu
Birinci Ledi İnstitutu bəzi ölkələrdəki formal
bir institut kimi deyil, canlı bir varlıq, nümunəvi bir
model kimi bir çox ölkələrə də örnək
oldu.
Şübhəsiz ki, zaman keçəcək, illər və
fəsillər bir-birini əvəz edəcək və
dünyanın Birinci Ledi İnstitutunun tarixi təcrübəsi
vərəqlənərkən Azərbaycanın Birinci
Xanım İnstitutunun zəngin təcrübəsi nümunəvi
bir məktəb olması ilə seçiləcək.
Sözsüz ki, heç tərəddüd etmədən
belə deyə bilərik ki, qədim və rəngarəng
tarixi keçmişi, bu keçmişdə gözəl
örnəkləri olan Azərbaycan qadınının ən
parlaq səhifəsi, məhz ölkəmizin birinci
xanımının simasında indi açılır.
Bu gün O, beynəlxalq aləmdə Azərbaycan
qadınının əsl portretini təqdim etdiyindən, onun
simvoluna çevrilmişdir. Ölkəmizdə, eləcə
də, ölkəmizdən çox uzaqlarda yüzlərlə,
minlərlə sadə insanlar indi öz ehtiyacları
üçün mərhəmətin və sevginin əsl
ünvanı olan Mehriban xanım Əliyevaya müraciət
edirlər. Təbiidir... Çünki bu nəcib
və müdrik xanım öz fəaliyyəti, humanist
ideyaları və xeyirxahlığı ilə artıq
çoxdan mütərəqqi ictimaiyyətin cazibə mərkəzinə
çevrilmişdir. Onun çoxşaxəli
fəaliyyətini diqqətlə izləyir və yüksək
qiymətləndirirlər. Bu mənada fəxrlə deməliyik
ki, dünyanın elə bir ölkəsi yoxdur ki, O, bu ölkənin
və xalqın ən ali mükafatına
layiq görülməsin və dünyanın hər bir yerindən
olan bu insanlar artıq çox gözəl dərk edirlər
ki, bu ünvan çox nadir ünvanlardandır ki, hər kəslə
öz sevgisini və mərhəmət dolu yardımını
paylaşır. Mehriban xanım Əliyevanın
“...Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə
düşür ki, bütün döydüyü qapılar
onun üzünə bağlı olur. O öz dərdi ilə,
öz problemi ilə təkbaşına qalır...” fikirlərini
düşündükcə onun insanlığa olan sonsuz sevgi
və mərhəmətinin səbəbi tam aydın olur. Əslində, bu fikirlər, eyni zamanda, laqeyd və
biganə dünyada bir mənəviyyat dərsidir.
Ayrı-ayrı ölkələrdə hər cür
siyasət və riyakarlıqdan uzaq, təmiz və sadə
insanlar Mehriban xanım Əliyevaya olan məhəbbət və
rəğbətlərini Onun “...Bu gün bütün
dünyanın qarşılaşdığı ən
ağrılı problemlərdən biri mənəvi
idealların ucuzlaşması, onların saxta ideallarla əvəz
edilməsidir...” - mərhəmət fəlsəfəsinə,
bəşəri dəyərlərə sonsuz sevgisinə
öz yazdıqları səmimi müraciət, şer və nəğmələri
ilə ifadə edirlər. Bəziləri isə onun
obrazını təsəvvürlərində
yaratdıqları kimi: “Təhsil Hamisi”, “Kimsəsiz Uşaqlara
Ana Nəfəsi” , “Bəşəri Dəyərlər Fədaisi”,
“Xocalının Haray Səsi”, “Mərhəmət
Carçısı”, “Ümid Çırağı”
adlandırırlar.
İnsanlar Onun haqqında yazmağı,
danışmağı və fikir söyləməyi özlərinə
şərəf və borc bilirlər.
Əlbəttə, Mehriban xanım Əliyevanın
portretini cızmaq hədsiz dərəcədə çətindir.
Çünki Mehriban xanım Əliyeva haqqında ən
gözəl sözü də, ən gözəl məqaləni
də, ən oxunaqlı kitabı, ən gözəl musiqini də
elə O, öz əməlləri və fəaliyyəti ilə
yaratmışdır.
Hətta ən qüdrətli yaradıcı sənətkar
belə Onu və onun insanlığa xidmət yolunda sevgi dolu fəaliyyətini
Onun qədər xarakterizə edə bilməz.
Onun haqqında yazılan bütün əsərlərdə,
kitablarda, nəğmələrdə müəlliflərin qələmə
aldığı fikirlər Mehriban xanımın müqəddəs
fəaliyyətinin tərənnüm edilməsi yolunda olan cəhdlərdir.
Mehriban
xanım Əliyeva ilk gündən yaratmaq istədiyi
kitabın epiloqunu: “Həyatda hər bir kəsin yerini və
taleyini tarix müəyyən edir, odur ki, nə böyük, nə
də kiçik rollar olmur. Öz həyat
kitabını yazmağa ancaq sənin şəxsi, dərk
edilmiş məsuliyyətin imkan verir” deməklə öz məramlarını
söyləyir.
Çox dərin fəlsəfi məna daşıyan bu
hikmətli fikirləri oxuyub düşündükcə Onun fəaliyyətinin
nə qədər yüksək zirvələrdə
dayanmasının bir daha şahidi oluruq.
Bu mənada Mehriban xanım Əliyeva fəaliyyətini
son dərəcə mahir və istedadlı yazıçı
səriştəsi ilə və ən əsası isə,
böyük səmimiyyətlə yazılmış bir
“KİTAB”a bənzətsək daha doğru olar. Səhifələri
bitməyən və sevilərək oxunan, həyata
keçirdiyi çox şaxəli, çox həcmli və
çox miqyaslı layihələrlə bu kitab o qədər
zəngindir ki, onu bir gündə, bir ayda, bir ildə vərəqləmək,
oxuyub başa çatdırmaq mümkün deyil.
Bu kitab, həm də onun çox yığcam, ibrətamiz,
müdrik və dərin fəlsəfi fikirləri ilə zəngin
olan məruzə və çıxışlarıdır. Mehriban
xanım Əliyevanın hər bir cümləsi sanki bir
aforizmdir, bir hikmətdir. Bu kitab, həm də
Onun həyata baxış fəlsəfəsidir. Hədsiz maraqlı və gərəkli olan bu
kitabı oxucu oxuduqca onun əbədiyyən davam etməsini
arzulayır.
Əziz
oxucular,
Möhtərəm birinci xanımımızın fəaliyyətini
əks etdirən, hər sətrində insan sevgisi, mərhəmət
və fədakarlıq dayanan və bizlərin şahidliyi ilə
yaratmış olduğu Həyat Kitabının səhifələrini
vərəqləməklə, ona olan səmimi
düşüncələrimi böyük məmnuniyyətlə
sizlərlə paylaşmaq istədim.
2004-cü
ilin mayından Ulu öndər Heydər Əliyevin xatirəsinə
ehtiram və Onun ideyalarını yaşatmaq arzusu ilə
yaradılan və Onun adını daşıyan fonda rəhbərlik edən Azərbaycanın
birinci xanımı tezliklə humanist ideyaların
carçısına çevrildi.
O, tezliklə
ölkəmizdə xeyriyyəçilik hərəkatının
formalaşmasına və kütləviləşməsinə
nail oldu. Bu mənada Mehriban xanım
Əliyevanı xeyriyyəçilik hərəkatının
banisi hesab etsək heç yanılmarıq.
O, Azərbaycan
uşaqlarına diqqət və qayğını fəaliyyətinin
əsas istiqamətlərindən biri kimi müəyyən
etdi, bununla da Ulu öndərin uşaqlara olan sonsuz sevgisini
layiqincə təcəssüm etdirir və yaşadır. Təsadüfi deyil ki, Onun uşaqlarla bağlı
gördüyü işlər Fondun ilk və ən
böyük tədbirlərindən və ilk layihələrindən
biri oldu. Bir göz qırpımında sanki
işıq sürəti ilə, gecəsini gündüzünə
qataraq, ölkəmizdə elə bir həssas qrup və ya
köməyə ehtiyac olan sahə qalmadı ki, orada birinci
xanımımızın ülvi şəfqəti və dəstəyi
olmasın. Qocalar evi, uşaq və əlillər
evi, internatlar... daha nələr... sadalamaqla bitməz.
Onun həyata keçirdiyi bütün layihələrin
qayəsində və təməlində sosial yönüm,
humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha
ümid dayanır.
Mehriban
xanım Əliyeva “...Bəzən nəinki bəşəriyyətin
səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa
kömək əlini uzatmaq istəmir..”
düşüncəsi ilə insanları qayğı, mərhəmət
göstərməyə sanki tələsdirir..
Fond tərəfindən Ulu öndərimizin dillər əzbəri
olan “Təhsil millətin gələcəyidir” prinsipi əsas
meyar kimi götürüldü.
Azərbaycanın birinci xanımı Yeniləşən
Azərbaycan üçün Yeni Məktəb
konsepsiyasını irəli sürdü və qısa zamanda
çox böyük layihələrlə ölkəmizdə
inanılmaz uğurlar qazanıldı. Yüzlərlə məktəblər,
daha doğrusu, təhsil müəssisələri xalqın
istifadəsinə verildi. Minilliyin
çağırışlarının əsas hədəflərindən
olan hər kəs üçün təhsil Heydər
Əliyev Fondunun fəaliyyətinin əsas xətti oldu.
Mükəmməl səviyyədə təhsil almaq imkanı
üçün təhsilin ən müasir və yüksək
standartlara cavab verən infrastrukturu yaradılmağa start
verildi. Ən ucqar bölgələrdən
başlayaraq ardıcıl və çoxsaylı yeni məktəb
layihələri həyata keçirildi. Elə
layihələr ki, fiziki və əqli vəziyyətindən
asılı olmayaraq, bütün azərbaycanlı
uşaqların zövqünü oxşadı. “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə
söykənərək, ən zəruri səhiyyə layihələri
insanların sabaha ümid çırağına
çevrildi.
Valideyn himayəsindən məhrum olan uşaqlara ana məhəbbəti,
onlara qayğı əsl insanlıq nümunəsi oldu.
Kimsəsizlərə kimsə və dayaq olmağın
gerçək və həqiqi mahiyyətini əməli ilə
sübut etdi.
Əslində, Fond tərəfindən gənc istedadlara
yaradılan şərait də bu uşaqların parlaq
sabahı və millətimizin isə gələcəyi demək
idi!..
Bu gün Azərbaycan xalqı Fondun bəşəri dəyərlərə
xidmət edən, qlobal səviyyədə genişmiqyaslı
və humanitar proqram və layihələrinin nəticələrindən
qürurla danışır.
Fondun həyata
keçirdiyi layihələr arasında bir sıra xarici
ölkələrdə məktəblərin tikilməsi
dünya mədəniyyətinin nadir incilərinin bərpası
və qorunub saxlanması, xarici ölkələrdə belə
xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı
xeyriyyəçilik tədbirləri Azərbaycanın birinci
xanımının insan və insanlıq naminə əsl fədakarlığının
nümunəsi idi!
Bu mənada təkcə ölkəmizdə deyil,
dünyanın bir çox ölkələrində milli-mənəvi
dəyərlərin qorunmasına, müqəddəs inanc yerlərinin
bərpası və təmirinə yönələn layihələrin
böyük rezonans yaratması da təbiidir.
Mehriban xanım Əliyeva dünyaya gözünü
açdığı gündən hər bir xalqın milli və
mənəvi dəyərlərinin müqəddəsliyinin
olduğu mühitdə ruhda böyümüş və tərbiyə
almışdır.
Odur ki, uzun əsrlik tarixi olan milli-mənəvi dəyərlərimizin
qorumasında xalqımızın hansı keşməkeşli
yollar keçdiyini Mehriban xanım Əliyeva öz
çıxışlarında daima insanlara xatırladır. Onun müstəqil
dövlətimizdə istər Ulu öndər Heydər
Əliyev və istərsə də Prezidentimiz İlham
Əliyevin bu sahəyə xüsusi diqqətinə dəstək
verməsini və bu məntiqi qiymətləndirməmək
mümkün deyil.
Onun bu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan
mədəniyyətinin qarşısında yanan gur
işığın şöləsi dünyanın dörd
bir yanına yayılmış və bəşər
sivilizasiyasına çoxsaylı töhfələr verən
xalqımızın minilliklər boyu yaratmış olduğu
mədəniyyətin zənginliyi bəşər
insanını heyran qoymuşdur.
Bu gün
nə qədər xoşdur ki, insanların siyasətdən
usandığı və yorulduğu, siyasi
danışıqlara inamsızlığın mövcud
olduğu bir zamanda Mehriban xanım Əliyevanın həyata
keçirdiyi uğurlu, ardıcıl və prinsipial mədəniyyət
layihələrinin nəticəsində dünyanın müxtəlif
coğrafiyasından olan fərqli rənglərdə və
dillərdə olan insanlar Azərbaycan musiqisinin və mədəniyyətinin
dilində danışır. Heydər Əliyev
Fondunun Prezidentinin əsl fədakarlığıdır ki, Azərbaycan
muğamı bəşəriyyətin qeyri-maddi irsinin şah əsərlərindən
biri hesab olunur.
Qobustan
Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər,
Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun
Dünya Mədəni İrs siyahısında; aşıq sənəti,
xalçaçılıq sənəti, tar
ifaçılığı və hazırlanması sənəti,
Novruz bayramı, eləcə də xalqımızın qədim
milli Çövkən oyunu UNESCO-nun Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
siyahısında özünə yer almışdır!
Mehriban xanımın Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması istiqamətində fəaliyyəti
misilsizdir.
Onun təkcə UNESCO-nun Baş qərargahında təşkil
etdiyi möhtəşəm təqdimatları xatırlayaq: Azərbaycanla
bağlı nəşrlər, görkəmli şəxsiyyətlərimizin
yubileyləri, ölkəmizin sürətli inkişafı,
tarixi, mədəni abidələri, əsrarəngiz təbiəti,
xalçaçılıq sənəti, milli kulinariyası,
müstəqillik illərində inamla irəliləyən Azərbaycanın
sürətli inkişafını göz önünə gətirən
bənzərsiz sərgilər, incəsənət
ustalarının doyumsuz konsert proqramları...
Hər biri bir-birindən bənzərsiz olan və Azərbaycan
təntənəsi yaşanan təkrarsız tədbirlər.
Əslində, hər bir layihənin təbliğini bu
milli dəyərləri, bu mədəniyyəti yaradan Azərbaycan
insanının tanıtımı kimi də qiymətləndirmək
olar. Heydər
Əliyev Fondunun pezidenti, UNESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən
bu tədbirlər təkcə Azərbaycan mədəniyyətinin
yox, eyni zamanda, UNESCO tarixinin uğurlu layihəsi olmaqla da əlamətdar
tarixi hadisə kimi sayılmalıdır.
Yaxud bu qurumla birgə elm, təhsil, mədəniyyət
sahəsində Bakıda keçirilən mötəbər
beynəlxalq tədbirləri yada salaq. Birinci ledinin Azərbaycan-UNESCO
münasibətlərinin möhkəmlənməsindəki
danılmaz xidmətləri də ayrıca söhbətin
mövzusudur.
UNESCO-nun sabiq Baş direktoru Koişiro Matsuuranın
“Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində
Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq
yaranmışdır” fikri çox böyük mətləbləri
təsdiq edir.
Qurumun
hazırkı Baş direktoru İrina Bokovanın Mehriban
xanım haqqında qənaətini də bölüşməyə
bilmərəm: “Sizi xoşməramlı səfirlər
sırasında görmək bizim üçün, UNESCO
üçün şərəfdir. Siz UNESCO-nun
humanist dəyərlərinin əsl bayraqdarısınız”.
İzlədiyimiz bütün tədbirlərdə
Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfirləri
arasında nə qədər böyük nüfuza malik
olmasının iftixar hissi ilə şahidi oluruq.
Təbiidir, Azərbaycanın birinci xanımı
UNESCO-nun məqsəd və məramlarının həyata
keçirilməsində çox əhəmiyyətli işlər
görərək, təşkilatın nüfuzuna mühüm
töhfələr verir.
Əminliklə deyə bilərəm ki, təsis edildiyi
gündən çağımızadək UNESCO-nun
keçdiyi tarixi yola baxsaq UNESCO-nun xoşməramlı səfirləri
sırasında Mehriban xanım Əliyevanın özünəməxsus
və misilsiz xidmətlərinin olduğunun şahidi
olarıq.
Mehriban xanım Əliyeva İSESCO-nun xoşməramlı
səfiri kimi qısa müddətdə III minilliyin ən
önəmli problemlərindən olan mədəniyyətlərarası
dialoqa və tolerantlığa özünün davamlı
töhfələrini verir. Günümüzdə gündən-günə
artan irqçilik fonunda Onun bilavasitə təşəbbüsü
ilə yaradılmış Beynəlxaq Tolerantlıq Mərkəzi
beynəlxalq ictimaiyyət üçün model olmaqla,
sülhün, humanizmin, hüzurun, sabitliyin, dostluğun,
qardaşlığın və rifahın qorunması
üçün dünya insanlarına bir
çağırışdır. Bu mənada Azərbaycanın
birinci xanımının ictimai vəzifələri
sırasında, daha doğrusu, insanlıq üçün təmənnasız
xidmətləri sırasında İslam ölkələrinin
Təhsil, Elm və Mədəniyyət Təşkilatının,
İSESCO-nun xoşməramlı səfiri kimi fəxri, şərəfli
və məsuliyyətli missiyasından doğan fəaliyyəti
İslam dünyası üçün bir fəxarətdir desək,
daha ədalətli yanaşma olar. Heç də
təsadüfi deyil ki, ölkəmizlə İƏT-nin
müxtəlif təşkilatları arasında münasibətlərin
möhkəmlənməsində Onun fəaliyyəti də
İslam aləmində çox təqdirəlayiq qiymətləndirilir.
“Bu fəaliyyətdə
nəyi özünüz üçün əsas hesab
edirsiniz” sualına Azərbaycanın birinci xanımı belə
cavab verir: “Bu fəaliyyət mənim ölkə daxilində
görməyə çalışdığım işlərə
çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq
arenadır və mən orada öz ölkəmi təmsil edə
bilərəm. Bu, müasir Azərbaycanı,
onun çox dərin tarixi və mədəni köklərə
malik olan xalqını göstərmək, bizim mədəniyyətin,
incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini
bütün dünyaya çatdırmaq imkanıdır”.
Mehriban
xanımın bütün fəaliyyətinin
böyüklüyü və ucalığının səbəbi
onun içdən gələn səmimiyyəti və vətənpərvərliyidir!
O, istər
UNESCO-dan, istər İSESCO-dan, istərsə də digər
mötəbər tribunalardan mütləq Azərbaycan həqiqətlərinin
bütün dünyaya çatdırılması
üçün istifadə edir, özü də böyük
məharətlə.
O,
çox önəmli auditoriyalarda
çıxışları zamanı ölkəmizin
uğurlarını diqqətə çatdırmaqla
yanaşı, nəzərləri hər zaman Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə
çalışır, qaçqın və məcburi
köçkünlərin problemlərindən
danışır, işğal altında qalan tarixi və mədəni
abidələrimizin qorunması məsələsini
qaldırır, onların məhv edilməsindən
narahatlığını ifadə edir.
Fərqi
yoxdur hansı tipli tədbirdir, Mehriban xanım
Əliyevanın mükəmməl nitqləri,
çıxışları Azərbaycanı tanıtmaq, onun
keçdiyi şərəfli yol haqqında yığcam və
yüksək səviyyəli təəssürat yaratmaq, bir
sözlə, xalqımızın milli kimliyinin təqdimatı
baxımından xüsusi əhəmiyyətə malikdir...
Qeyd etmək
lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban
xanım Əliyevanın dəstəyi və iştirakı ilə
Azərbaycanın müstəqilliyinin bərpasının
20-ci ildönümü münasibətilə bir sıra xarici
ölkələrdə keçirilən tədbirlər də
sıradan tədbirlər deyildi!
Dünyanın harasında olursa-olsun, bu tədbirlər
Azərbaycanın layiqli təqdimatı, Azərbaycanın təbliğidir. Bu tədbirlər
Şərqlə Qərbin, daha doğrusu, mədəniyyətlərin
qovuşağında yerləşən Azərbaycanın qədim
və zəngin mədəniyyətə malik olduğunu hər
kəsə dönə-dönə anlatmaqdır. Bu
gün Avropaya öz mədəniyyəti ilə gedən Azərbaycan
sübut edir ki, o, artıq nəinki Avropa ailəsinə
inteqrasiya edir, hətta bu ailəyə sonsuz töhfə verərək
onun ayrılmaz bir üzvüdür!..
“Biz azərbaycanlılar öz mədəniyyətimizlə,
qədim tariximizlə fəxr edirik. Eyni zamanda, dünya mədəni
irsinə çox böyük hörmətlə
yanaşırıq” deyən Mehriban Əliyevanın dəstəyi
ilə həyata keçirilən qlobal layihələr də
geniş əks-sədaya səbəb oldu.
Onun bu fikirləri Azərbaycanın birinci
xanımının bütün layihələrində və fəaliyyətində
milli dəyərlərlə bəşəri dəyərlərin
sintezinin və vəhdətinin vacibliyini bir daha sübut edir.
Bütün bu humanist addımların və ülvi fəaliyyətin
əsl fəlsəfəsi ancaq bir amala söykənir. Bu müqəddəs amal
dünyanın mədəni irsini qorumaq, dünya insanına,
bütövlükdə bəşəriyyətə sevgi və
mərhəmətlə xidmət etmək!
Bu gün istər ölkə daxilində, istərsə
də ölkə xaricində bu amallar hər kəs tərəfindən
məhz Heydər Əliyev Fondunun əsas prinsip və
idealları kimi də qəbul edilir.
Yaxud... XX əsrin ən böyük faciəsi olan Xocalı
soyqırımı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasına Heydər
Əliyev Fondu qədər böyük və davamlı dəstək
verən ikinci qurum tapmaq çətindir.
Etiraf etməliyik
ki, dövlətimizin, Prezident İlham Əliyevin bu sahədə
gördüyü işlərə ən böyük dəstəyi
məhz Heydər Əliyev Fondu vermişdir və indi də
davam edir!..
Biz Mehriban xanım Əliyevanı, həm də beynəlxalq
səviyyədə çox fəal bir siyasi xadim kimi
görür, onun fəaliyyətini bir Azərbaycan
qadını kimi sonsuz qürur hissi ilə izləyirik.
O, bu fəaliyyəti
ilə bizə, məxsus olduğu xalqın qadınlarına əsl
nümunədir.
Fəxr
edirik ki, O, harada olursa-olsun, hansı işi görürsə-görsün,
onun üçün AZƏRBAYCAN sevgisi, insan sevgisi birincidir!
Bu sevgidən
isə hər kəsdən əvvəl xalqımız və əlbəttə
ki, hər bir Azərbaycan övladı bəhrələnir...
“Mən siyasətlə məşğul olmuram, sadəcə
insanlara kömək edirəm. Əgər bunu siyasət
adlandırmaq olarsa, buyurun, elə də hesab edin” - bu, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın fikridir. Nə
qədər səmimi və nə qədər təvazökar
bir münasibət! İnsanlara təmənnasız
köməyin təməlində əxlaq və vicdan dayanan
siyasət deyilmi.
Mehriban
xanım Əliyeva “...hər bir kəs özünü şəxsi
həyatının və dünyanın qurub
yaradıcısı, yaxud dağıdıcısı
olmasını özü yazır...” deməklə müxtəlif
siyasi oyunlardan, hakimiyyət davasından, yeni torpaq və ərazi
bölgülərindən, separatizmdən, müxtəlif
münaqişələrdən, başqalarının sərvətlərinə
haqsız yiyələnməsindən, gücün ədalət,
xaosun demokratiya kimi təqdim olunmasından, anbaan artan
parçala və hökm sür deyənlərdən
yorulmuş çağdaş dünyaya sanki
çağırış edir.
Bu fikirlər
və düşüncələr bir daha göstərir ki, məhz
mənəvi ucalıq zirvəsində dayanan Azərbaycanın
birinci xanımı nəcibliyi ilə böyük hərflərlə
yazılmış İNSANLIĞA xidmət edir!..
Onun fəaliyyəti
bir kitabdır, dedim. Azərbaycan xalqının
ruhunu oxşayan və insanlığa xidmət edən bu kitab
heç bir tərcüməyə ehtiyac olmadan bütün
dillərdə sevilə-sevilə oxunan bir kitabdır. Vətənə, xalqa, insanlığa xoşməramlı
xidmət davam edəcək, bu kitabın səhifələri də
sonsuza qədər davam edəcək. Və biz də o
kitabı dönə-dönə vərəqləyəcək
və sevə-sevə oxuyacağıq..
Bu yazıda mən ürək sözlərimi Prezident
İlham Əliyevin Mehriban Əliyeva haqqında fikri ilə yekunlaşdırmaq
istərdim.
Heç şübhəsiz, heç kim
onu, onun ömür gün yoldaşı, Respublikamızın
Prezidenti İlham Əliyev qədər xarakterizə edə
bilməz: “Mən çox şadam ki, Mehriban ölkənin bir
çox vacib işlərində fəal iştirak edir. Birinci ledi statusu bir növ həyat
yoldaşının vəzifəsindən yaranır, ancaq bu
statusun arxasında onu daşıyan insanın iradəsi, səyi
və canatımı durur. Mən çox sevinirəm ki,
Mehribanın başçılıq etdiyi Heydər Əliyev
Fondu çətinlik çəkən insanlar
üçün çox iş görür. Heydər
Əliyev Fondu dövlət qurumlarında problemlərini həll
edə bilməyən insanların son ünvanıdır.
Fond son pəncərədir. İnsanlar ora
eşidilmək ümidi ilə gedirlər və ümidləri
doğrulur... Mən əminəm ki, Mehriban
Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət,
Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə,
düşüncəsinə, əsrlərdən bəri
formalaşan ənənələrimizə xas olan ən
gözəl keyfiyyətləri davam etdirməyə
çalışacaq”.
Bəli, Mehriban xanım Əliyevanın insan sevgisi ilə
dolu olan ürəyindən çağlayan nəcib əməlləri
cildlərlə kitabların qızıl hərflərlə
yazılmış sətirlərində, insanların qan
yaddaşında öz əksini tapacaqdır.
O kitab ki,
yazanı da, yaradanı da Azərbaycanın birinci
xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun Prezidenti və millət vəkili
Mehriban Əliyevadır.
Bu
Kitabın isə bir proloqu var: milyonlarla könüllərdə
ucalmış əbədi xalq məhəbbəti.
Məlahət İbrahimqızı
Yeni
Azərbaycan.-2014.- 21 avqust.- S. 3.