Şəhidlər bizim qürurumuz,
vüqarımız, fəxrimizdir!
Gizir Elçin
Əhmədov qəhrəman kimi
yaşadı, qəhrəman kimi şəhid
oldu
20 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Azərbaycan əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd etmədən bu torpaqları azad etməyə hazırdır. Hər halda, bir neçə gün öncə cəbhə bölgəsində baş verənlər, daha doğrusu, əsgərlərimizin düşmənin təxribatçı hücumlarının qarşısını qəhrəmancasına alması da deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, son vaxtlar düşmənlərimizin Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı həlak olmuş hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də gizir Elçin Rasim oğlu Əhmədovdur.
Demə ki, Vətən mənim üçün nə edib...
Şəhidin atası Rasim Şəfi oğlu Əhmədov bildirib ki, demə ki, Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm: “Doğrudan da çox gözəl sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, Vətənin övladlarıdır. Bu gün qədim torpaqlarımızın 20 faizi yağı əlindədir. Bir milyona yaxın yurddaşımız qaçqın həyatı keçirir. Lakin Azərbaycan xalqı heç vaxt ruhdan düşməyib və biz ürəkdən inanırıq ki, çox tez bir zamanda torpaqlarımız azad ediləcək, mənfur düşmən üzərində qələbə qazanılacaq. Bu qələbədə biz də iştirak edəcəyik. Şəxsən mən bu gün də oğlumun qanını almaq üçün düşmənin üzərinə getməyə hazıram. Elçinin ruhu heç olmasa rahatlıq tapar”.
Vətənə övladlıq borcu...
Şəhidin anası Alagöz Əhmədova isə deyib ki, Elçin bütün varlığı ilə doğma Azərbaycana bağlı idi: “Hər zaman tükənməz Qarabağ sevgisi ilə yaşayan Elçin hərbi xidmətdən bir neçə ay sonra yenidən ordu sıralarına yollandı. O, Vətənin ən ağır günlərində öz övladlıq borcunu ləyaqətlə yerinə yetirərək silahdaşlarına nümunə olub, qanlı-qadalı günlərdə soydaşlarının ümid yerinə çevrilib. Təbii ki, Elçin kimi vətənpərvər igid dar məqamda Vətəni qoyub qaça bilməzdi. Ya Vətən xilas olmalı, ya da Elçin şəhid olmalıydı. Beləcə, Elçin öz qərarından dönməyib son damla qanınadək vuruşub, şəhidlik zirvəsinə ucalıb”.
Qəm etmək lazım deyil...
Elçinin qohumu Ayaz Qədirov deyir ki, Elçin öz əxlaqı, davranışı, ünsiyyəti ilə ətrafındakılara xoş təsir bağışlayan, mehriban bir gənc idi: “Rasim dayı, Alagöz xanım kimi xeyirxah, nəcib insanların ailəsində tərbiyə almış Elçin çox mehriban, ləyaqətli bir insan idi. Onun ən ali xüsusiyyətlərindən biri də canında, qanında, düşüncəsində, əməllərində azərbaycançılıq ruhunu daşıması idi. Bu yolda da şəhid oldu. Qəm etmək lazım deyil. Hər birimiz bir Elçinik”.
Elçinin məzarı bizi intiqama səsləyir...
Şəhidin dostu Bəhruz Balacayev bildirib ki, Elçin olduqca həssas, dostcanlı, qayğıkeş bir oğlan idi: “Bu gün Vətəni qanı - canı bahasına müdafiə edən yüzlərlə, minlərlə qeyrətli oğullar kimi Elçini də Milli Ordu sıralarına Vətənə bağlılıq, millətinə dərin sevgi çəkib aparmışdı. Müqəddəs sərhədlərimizi tez - tez pozan işğalçılar çox yaxşı bilirdilər ki, onun keşiyində dayanan Elçin kimi igid övladlarımız var. Onun şəhidliyi bu həqiqəti bir daha sübut etdi. Onun yeri həmişə aramızda görünəcək. Yoxluğu hər zaman ürəyimizi yandıracaq. Elçin Vətən yolunda şəhid oldu. Onun Şəhidlər Xiyabanındakı məzarı bizi intiqama səsləyir. Əminəm ki, tezliklə Elçinin və digər igid qəhrəman Vətən övladlarının intiqamı alınacaq, onların azadlığı uğrunda şəhid olduqları torpaqlar isə işğaldan azad olunacaq. Onların da ruhları şad olacaq”.
Yağı düşmən bilsin ki...
Şəhid Elçin Əhmədovun təhsil aldığı Qax şəhər 3 saylı tam orta məktəbin direktoru Qalina Şəfiyeva deyir ki, şəhidlərimiz Azərbaycanımızın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda mübarizə apararaq müqəddəs şəhidlik zirvəsini fəth etdilər: “Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidlər bizim qürurumuz, vüqarımız, fəxrimizdir. Elçin də həmin igid Vətən övladlarından biridir. Öz Vətəninə, xalqına bağlı olan hər kəs bilməlidir ki, işğal altında olan torpaqlarımız bizim yolumuzu gözləyir. Azərbaycanımıza göz dikən murdar yağı düşmənlərimiz bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli Milli Ordumuz xalqla birlikdə ayağa qalxaraq öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhu qarşısında öz vicdan borclarını verəcəklər”.
Oktay
Yeni Azərbaycan.-2014.- 21 avqust.- S. 6.