Azərbaycan, Türkiyə və
Gürcüstan arasındakı
üçtərəfli əməkdaşlıq dərinləşdirilir
Üç ölkənin müdafiə nazirlərinin Naxçıvan görüşü və bu görüşün müdafiə sahəsindəki üçtərəfli əməkdaşlığa verdiyi təkan regionun təkcə hərbi deyil, siyasi, iqtisadi təhlükəsizliyi baxımından da önəmlidir
Xəbər verildiyi kimi, avqustun 19-da Naxçıvan şəhərində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov üçtərəfli görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsinin aparıldığını, hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyini deyib. Qeyd olunub ki, bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin altı aydan bir növbə ilə Azərbaycan, Gürcüstan və Türkiyədə keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycanın müdafiə naziri hər üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyğunluğunun əldə olunması məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsinin əhəmiyyətli hesab edildiyini də bildirib. Həmçinin, görüşdə birgə seminar və konfransların, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatının yaradılması, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi də məqsədəuyğun hesab olunub. Bununla əlaqədar üç ölkə mütəxəssislərinin ekspert qruplarının mütəmadi görüşləri təşkil ediləcək.
Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz isə öz növbəsində, görüşdə Cənubi Qafqazla bağlı bütün məsələlərə dair mövqeləri üst-üstə düşən dövlətlərin müdafiə sahəsində əməkdaşlığının gələcək inkişafının nəzərdən keçirildiyini, bölgədə gedən proseslərin müzakirə edildiyini söyləyib. Ölkəsinin Azərbaycanın və Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə tam dəstək verdiyini bəyan edən İsmət Yılmazın sözlərinə əsasən, görüş zamanı bölgədəki münaqişələrin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb. Türkiyənin milli müdafiə naziri onu da əlavə edib ki, üç ölkənin birgə əməkdaşlığı bölgəni cazibə mərkəzinə çevirib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng qlobal layihələr bütün dünyanın diqqətini cəlb edib. Bu mənada hər sahədə qarşılıqlı əməkdaşlığın inkişafı mühüm əhəmiyyət kəsb edir.
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya isə Azərbaycan və Türkiyəni ölkəsinin çox əhəmiyyətli strateji tərəfdaşları adlandırıb. Bu mənada müdafiə nazirlərinin üçtərəfli görüşü Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. İrakli Alasaniya görüş zamanı hər üç ölkə, həmçinin, region üçün çox əhəmiyyətli iqtisadi layihələrin təhlükəsizliyinin qorunması məsələsinin diqqət mərkəzində olduğunu vurğulayıb.
ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIQ ƏN MÜHÜM SAHƏLƏRİ ƏHATƏ EDİR
Göründüyü kimi, üç ölkənin müdafiə nazirlərinin görüşü və bu görüşün müdafiə sahəsindəki üçtərəfli əməkdaşlığa verdiyi təkan regionun təkcə hərbi deyil, siyasi, iqtisadi təhlükəsizliyi baxımından da önəmlidir. Bildiyimiz kimi, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Üç ölkə arasında tərəfdaşlığın fasiləsiz olaraq genişləndirilməsinin təsdiqi kimi, bu ilin fevralında Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə Gəncədə görüş baş tutub. Görüşün yekunları əsasında qəbul olunan birgə Bəyannamədə nazirlər ölkələr arasında həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluqlarını bildirib, həmçinin, əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Yeri gəlmişkən, üç ölkə prezidentlərinin iştirakı ilə may ayında Tbilisidə baş tutan Sammit də dövlətlərin əlaqələrinin bundan sonra da genişləndirmək əzmini ortaya qoyub. Sammitdə dövlət başçıları son illərdə üç ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, həmçinin, turizm sahələrində əməkdaşlığın yekunlarını nəzərdən keçirərək, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əhəmiyyətini qeyd edib, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla həyata keçirilməsindən məmnunluqlarını bildiriblər. Həmçinin, tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub, prezidentlər bu formatda görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıblar. Sammitdə çıxış edən Prezident İlham Əliyevin də söylədiyi kimi, bu əməkdaşlığın təməlində ortaq maraqlar dayanır və mövcud əlaqələr regional və qlobal səviyyədə əhəmiyyət daşıyır.
ƏMƏKDAŞLIĞIN REAL NƏTİCƏLƏRİ ÜÇTƏRƏFLİ FORMATIN UĞURUNDAN XƏBƏR VERİR
Bildiyimiz kimi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında təməli illər öncə qoyulan uğurlu siyasi, iqtisadi əməkdaşlıq Avropa və Asiya qitələrinin qovuşuğunda yerləşən Cənubi Qafqaz regionunun strateji əhəmiyyətini xeyli artırıb. Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib.
Nəhəng enerji şirkətlərinin də iştirak etdiyi Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahələri üzrə əməkdaşlığı öz səmərəliliyinə görə dünyada nümunəvi təcrübələrdən biri hesab oluna bilər. Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahəsində əməkdaşlığı həm region dövlətlərinin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına, həm də Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək siyasətinə uyğundur. Xatırladaq ki, üç ölkənin əməkdaşlığı ilə 2006-cı ildə möhtəşəm Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilib. Bu layihənin gerçəkləşməsi uzaqgörən neft strategiyasının əsasını qoyan Ümummilli lider Heydər Əliyevin xidmətidir. Məhz Onun müəyyənləşdirdiyi enerji siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində regionda yeni qaz layihələri gerçəkləşdirilməkdədir.
Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Transanadolu qaz kəməri (TANAP) layihəsi həm region, həm də Avropa qitəsi dövlətlərinin enerji maraqlarına cavab verir. Eyni zamanda, TANAP layihəsi Transxəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq, nəticədə Şərq-Qərb dəhlizi formalaşacaq. Qazın Avropa ölkələrinə daşınmasını həyata keçirmək üçün isə Transadriatik qaz kəməri (TAP) layihəsi nəzərdə tutulub. Bu kəmər vasitəsilə Azərbaycan qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəql olunacaq. Beləliklə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazını Gürcüstandan keçməklə, Türkiyənin şərq hissəsinə daşıyır. Tikiləcək TANAP kəməri qazı Türkiyənin qərb sərhədinə qədər daşıyacaq. TAP boru kəməri isə qazın buradan Avropa ölkələrinə paylanmasına imkan verəcək.
Digər tərəfdən, inşası tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) dünyanın ən nəhəng nəqliyyat marşrutlarından biri olacaq. Faktiki olaraq, tarixi “İpək yolu”nun bərpasını təmin edəcək bu layihə, təsadüfi deyil ki, “dəmir ipək yolu” da adlandırılır. Avropa və Asiya regionunun iqtisadi mənzərəsinin dəyişməsinə gətirib çıxaracaq bu layihə transnəqliyyat sistemlərinin qovşağını yaratmaqla bərabər, dəmir yolunun keçdiyi ərazilərdə yerləşən dövlətlərin qarşılıqlı inteqrasiyasının dərinləşməsinə impuls verəcək. Dəmir yolu xəttinin Çindən başlayaraq, Qərbi Avropaya qədər uzanması bu marşrutun iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Bu isə o deməkdir ki, Azərbaycan-Gürcüstan-Türkiyə iqtisadi əməkdaşlığı təkcə hər üç ölkədə və regionda deyil, bütövlükdə, Avrasiya məkanında inkişafa və inteqrasiyaya böyük töhfə verəcək.
Sadalananlar Azərbaycan, Türkiyə və Gücüstandan ibarət üçtərəfli əməkdaşlığın faydalarının yalnız bir hissəsidir. Bu əməkdaşlıq formatının meydana çıxardığı geniş imkanlar gələcəkdə siyasi, iqtisadi, təhlükəsizlik, humanitar sahələrdə yeni birgə layihələrin həyata keçirilməsinə zəmin yaradır.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 21 avqust.- S. 6.