Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq sürətlə inkişaf edir

 

İki ölkənin müdafiə nazirlərinin görüşündə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İrakli Alasaniyanın Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun qərargahı önündə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin rəisi raport verdikdən sonra Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstan ilə aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Nazir hərbi əməkdaşlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Naxçıvana ilk dəfə səfər etdiyini məmnunluqla vurğulayan gürcüstanlı nazir yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. İki ölkə arasında birgə iqtisadi komissiya fəaliyyət göstərir. Bundan başqa, hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoqstrateji tərəfdaşlıq əlaqələri mövcuddur.

Heç şübhəsiz, hər iki ölkə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Digər tərəfdən, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında siyasi, iqtisadihumanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunub. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir. 2008-ci il mart ayının 14-də BMT Baş Məclisində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs verib.

Qeyd etdiyimiz kimi, Azərbaycanla Gürcüstan strateji tərəfdaş ölkələrdir və dövlətlər arasında münasibətlər yüksək səviyyədədir. Hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.

Digər tərəfdən, Gürcüstan rəsmilərinin timsalında dəfələrlə bəyan edilib ki, Azərbaycanın mövcud xarici siyasət kursu həm regional əməkdaşlıq və təhlükəsizliyə mühüm strateji töhfədir, həm də Gürcüstan-Azərbaycan münasibətlərinin əsaslarını möhkəmləndirməkdədir. Daha dəqiq desək, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclüsuveren aktoruna çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir.

Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç kimdən asılı olmadığını da təsdiq edir. Məsələn, Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin gerçəkləşdirilməsi yönündə atılan addımları, aparılan mübarizəni xatırlayaq. “Dəmir İpək Yolu” adlandırılan və Qərblə Şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və əsas addımlar Azərbaycan tərəfindən atıldı. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Məhz bu amilin fonunda dünyanın ən nəhəng nəqliyyat marşrutlarından birinin reallaşdırılması yönündə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmaqla sözügedən prosesə mühüm təkan verdi. Bütün bu proseslərin qanunauyğun nəticəsi kimi, dünyanın nüfuzlu analitik mərkəzləri BTQ ətrafında cərəyan edənlərə məhz bu cür qiymət verdi: “BTQ layihəsinin müəllifi və təkanvericisi Azərbaycanı Qərblə Şərqi birləşdirən transmilli mərkəzə çevirmək istəyən və bu yöndə xüsusi addımlar atan Prezident İlham Əliyevdir. “Dəmir İpək Yolu” - BTQ Asiya ilə Avropa arasında təhlükəsiz və əlverişli yükdaşımalarını həyata keçirmək üçün olduqca effektiv bir layihədir. Layihə, öncə gündəmə gələndə güclü siyasi iradə tələb olunurdu. Bu iradə isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti tərəfindən nümayiş etdirildi...”

Yuxarıda sadalananlara bənzər fikirlər BTQ layihəsinin tərəfdaşları Türkiyə və Gürcüstanın dövlət başçıları tərəfindən də əminliklə səsləndirilmişdi. Məslən, Türkiyənin Prezidenti Abdullah Gül layihənin reallaşdırılması işinə məhz bu cür münasibət bildirmişdi: “Bu tikintinin maliyyə dəstəyi də artıq təmin edilmişdir. Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin layihəyə verdiyi önəmli dəstək onun həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır”.

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili isə öz növbəsində BTQ layihəsi ətrafında cərəyan edən prosesləri belə qiymətləndirmişdi: “Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi və yaxından köməyi olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmazdı”.

Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə mühüm məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir. Bildiyimiz kimi, Gürcüstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini hər zaman dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın əsas problemi olan separatizmi pisləyir, bu ölkənin ərazi bütövlüyünün pozulmasını qeyri-qanuni və bəşəri prinsiplərə zidd hesab edir. Bundan başqa, müasir dövrün reallıqları ölkələrimiz arasında müxtəlif sahələr üzrə daha möhkəm əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini zəruri edir.

Onu da vurğulamaq gərəkdir ki, son illərdə əsasən iqtisadi əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələrin inkişafı qaynar strateji-coğrafi mövqedə yerləşən Azərbaycanla Gürcüstanın suverenliyinin gücləndirilməsinə, eləcə də, hər iki ölkənin nəinki bölgənin, hətta qonşu regionların siyasi-iqtisadi həyatında da böyük rol oynamasına gətirib çıxarıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr artıq region üçün strateji əhəmiyyət kəsb edir. Enerji siyasətində şaxələndirməyə üstünlük verən Azərbaycanın bu strategiyasının gerçəkləşməsində Gürcüstanla əməkdaşlığı həlledici rola malikdir. Məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli çox böyük layihələr gerçəkləşib. Bunlar, heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərləridir.

Respublikamızın iqtisadi qüdrətinin artması, eyni zamanda, azərbaycanlı sahibkarların maliyyə imkanlarının genişlənməsi ölkəmizə məxsus dövlət və özəl şirkətlərin Gürcüstana böyük həcmdə investisiyalar yatırmasına da imkan verir. Bu mənada, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. ARDNŞ-in Gürcüstan dəniz limanlarındakı fəaliyyəti, açılan yanacaqdoldurma məntəqələri və digər işlər bu ölkənin iqtisadiyyatına böyük töhfədir. Bu ölkənin ən çətin vaxtlarında da Azərbaycan və o cümlədən, ARDNŞ öz köməyini əsirgəməyib. Belə ki, bir neçə il bundan öncə Azərbaycan Gürcüstana güzəştli qiymətlərlə qaz ixrac etdi. 2008-ci ilin avqust hadisələrindən sonra isə ARDNŞ Gürcüstanı təbii qazla təmin etmək barədə qərar verdi. Hal-hazırda Gürcüstanın qaza olan tələbatının təxminən 70 faizi Azərbaycan qazı hesabına ödənilir. Azərbaycan şirkətləri Gürcüstanda digər sahələrə də böyük məbləğdə investisiya yatırırlar. Ölkəmizin adamları Batumi və digər şəhərlərdə öz işlərini qururlar. Azərbaycan sahibkarları Gürcüstanın turizm sahəsinə böyük maraq göstərirlər. Qeyd edək ki, gürcüstanlı adamları da Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir, ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsinə investisiyalar ayırırlar.

Yeri gəlmişkən, iki dövlət rəsmiləri arasında qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsinə yol açıb. Məlumat üçün bildirək ki, Gürcüstan Respublikasının Prezidenti Georgi Marqvelaşvili bu il fevralın 12-13-də Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili arasında görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

 

ardı var

 

Sadayoğlu, Pərviz.

Yeni  Azərbaycan.-2014.- 20 avqust.- S. 8.