Azərbaycan ilə Gürcüstan arasında
əməkdaşlıq sürətlə
inkişaf edir
Prezident İlham Əliyev mətbuata bəyanatında Gürcüstan və Azərbaycanı bir-birinə dəstək verən müstəqil ölkələr kimi xarakterizə edib. Dövlət başçısı vurğulayıb ki, xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır: “Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub”.
Öz növbəsində, Bakıda səmimi qarşılandığını xatırladan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bildirib ki, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar: “Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçün də daha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir”.
Qeyd edək ki, səfər çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Heydər Əliyev Mərkəzində olub. O, İçərişəhərlə, həmçinin, Qəbələyə gedərək bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə yaxından tanış olub.
Eyni zamanda, səfər çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili və Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə birgə işçi nahar ediblər. Səmimi söhbət zamanı ölkələrimiz arasında münasibətlərin, o cümlədən, iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bundan başqa, Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olub.
Ümumiyyətlə, tarixi qonşu, həmçinin, strateji tərəfdaş sayılan Azərbaycan və Gürcüstan dövlətləri hər zaman öz nümunəvi qonşuluq münasibətləri ilə seçiliblər. Uzun illər keçmiş SSRİ-nin tərkibində olan bu iki xalqı həm də ortaq tarix birləşdirib. Şübhəsiz ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan və Gürcüstan dövlətləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf edib və daha da möhkəmlənib. Yuxarıda da qeyd etdiyimiz kimi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri bu gün də uğurla davam etdirilir və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik inkişaf tendensiyasına malikdir.
Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlər ötən il noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də əsas müzakirə mövzusu olub. Səmimi şəraitdə keçən görüşdə Baş nazir Artur Rasizadə tarixən dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli münasibətlərin müasir dövrdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, hər iki ölkə arasında bərqərar olan iqtisadi-ticarət əlaqələrini yüksək qiymətləndirərək deyib ki, eyni zamanda, aqrar sektorun inkişafında da müvafiq qurumların məsləhətləşmələri, təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən nazir Şalva Pipiya Gürcüstan hökuməti rəhbərliyinin salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. O, Bakıda keçirdiyi görüşlər barədə Baş nazir Artur Rasizadəyə ətraflı məlumat verib. İqtisadiyyatın bütün istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinə böyük ehtiyac olduğunu vurğulayan Şalva Pipiya səfər zamanı ona göstərilən yüksək diqqət və qonaqpərvərliyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Bu il iyulun 6-da isə Gürcüstan parlamentinin sədri David Usupaşvili Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Parlamentlərimiz arasında əlaqələrin önəmini vurğulayan Prezident İlham Əliyev parlamentlərarası, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafından məmnunluğunu ifadə edib. Prezident qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, parlamentlər arasında əlaqələrin ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini bildirib.
Gürcüstan parlamentinin sədri David Usupaşvili isə öz növbəsində rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində məqsədin iki ölkə parlamentləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsindən ibarət olduğunu bildirib. Qonaq qarşılıqlı-faydalı və strateji münasibətlərimizin qurulması işində deputatların rolunu qeyd edərək, Gürcüstanda yeni seçilmiş parlamentin Azərbaycan ilə bundan sonra da uğurlu əməkdaşlığı davam etdirəcəyini məmnunluqla vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb. Azərbaycan-Gürcüstan əlaqələrinin dərin tarixi köklərə əsaslandığını deyən Baş nazir Artur Rasizadə hər iki ölkənin prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan və Gürcüstan parlamentlərinin uğurla əməkdaşlıq etdiyini bildirən Baş nazir bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib. Baş nazir Artur Rasizadə Azərbaycanın və Gürcüstanın bir sıra iri regional iqtisadi layihələr həyata keçirdiyini və Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisinin başa çatmaq üzrə olduğunu bildirib. Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib, Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü deyib. Artur Rasizadə Ermənistanın işğalçılıq siyasətinin region üçün təhlükə olduğunu, bu siyasətdən Ermənistanın özünün də əziyyət çəkdiyini bildirib. Baş nazir Ermənistanın hazırkı rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımının törədildiyini diqqətə çatdırıb.
Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkəsinin Azərbaycanın iqtisadi və siyasi sahədə təcrübəsi ilə yaxından maraqlandığını deyib. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirərək bunun üçün regionda sabitliyin vacib amil olduğunu vurğulayıb. David Usupaşvili, həmçinin, Gürcüstanın iki ölkə parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Azərbaycan Respublikasının Milli Məclisində də olub. Gürcüstan parlamentinin sədri Milli Məclisin inzibati binası, iclas zalı və Heydər Əliyev xatirə zalı ilə tanış olub. Xatirə zalında Ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı fotoşəkillər, eksponatlar David Usupaşvilidə dərin təəssürat yaradıb. Qonaq xatirə kitabına ürək sözlərini yazıb. Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri David Usupaşvili arasında təkbətək görüş keçirilib. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Oqtay Əsədov bildirib ki, bu cür səfərlər ölkələrimiz, eləcə də parlamentlərimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir.
Azərbaycan-Gürcüstan əlaqələrinin qədim tarixi köklərə malik olduğunu xatırladan Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkənin xalqları arasında da dostluq və qardaşlıq münasibətləri var. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra əlaqələr yeni müstəviyə qalxıb. Sevindirici haldır ki, bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin möhkəm hüquqi bazaya malik olduğunu deyən Oqtay Əsədov vurğulayıb ki, bu günə qədər iki ölkə arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Ötən il ölkələrimiz arasındakı ticarət dövriyyəsi 660 milyon dollardan yuxarı olub.
Azərbaycanın və Gürcüstanın iştirakı ilə regionda reallaşdırılan irimiqyaslı layihələrə toxunan Oqtay Əsədov Bakı-Tbilisi-Qars dəmiryol xəttinin ilin sonuna qədər yekunlaşacağını qeyd edib. Milli Məclisin sədri hər iki ölkənin parlamentləri arasında da yüksək səviyyəli münasibətlərin olduğunu bildirib, əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin önəmini qeyd edib. O.Əsədov hər iki ölkənin parlament nümayəndələrinin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələrinin əhəmiyyətli olduğunu vurğulayıb.
Bir sözlə, yuxarıda da sadalananlardan göründüyü kimi, bu gün Azərbaycan-Gürcüstan əlaqələri nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilib.
əvvəli var
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 21 avqust.- S. 8.