Azərbaycan-Rusiya əlaqələri
yüksələn xətlə inkişaf edir
Qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin inkişafına təkan verir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 20-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin dəvəti ilə Moskvaya səfər edib. Səfər çərçivəsində keçirilən geniş tərkibdə görüşdə Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin onun dəvətini qəbul edərək Moskvaya səfər etdiyinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, bu görüşün cari il avqust ayının əvvəlində Azərbaycan və Rusiya prezidentlərinin Soçi şəhərində keçirilmiş görüşündə əldə edilən razılığın davamı olaraq baş tutduğunu diqqətə çatdırıb. Dmitri Roqozin Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov dəvətə görə təşəkkürünü bildirib və bu səfərin iki ölkə prezidentlərinin tapşırığına əsasən keçirildiyini söyləyib. Yaqub Eyyubov səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının cari il sentyabr ayının ortalarında Bakıda keçirilməsini təklif edib.
Görüşdə, həmçinin, Rusiya kənd təsərrüfatı nazirinin birinci müavini İqor Manılov və iqtisadi inkişaf nazirinin müavini Nikolay Podquzov çıxış ediblər.
Azərbaycanın Rusiya ilə uzunmüddətli və daimi əsasda əməkdaşlıqda maraqlı olduğunu deyən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizin Rusiyanın regionları ilə əlaqələrini qeyd edib. O, Azərbaycanın bütün standartlara cavab verən müasir logistik mərkəzlərin yaradılmasında müsbət təcrübəsinin olduğunu söyləyib. Şahin Mustafayev cari ilin altı ayında Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının həcminin iki dəfə artdığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Vurğulamaq yerinə düşər ki, zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional əhəmiyyət daşıyır. İki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı məhz 1991-ci ildə SSRİ-nin süqutundan sonra ittifaq ölkələrinin müstəqil dövlətlərə çevrilməsi ilə qoyulub. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində şimal qonşumuzla münasibətlər heç də birxətli olmayıb. Yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələndən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin əsası qoyuldu. Dünyada və regionda gedən proseslərin konyunkturasını, Azərbaycanın dövlət maraqlarını düzgün dəyərləndirən Ulu öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdı. Ümummilli liderin Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən sonra iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ənənə halını aldı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9-10 yanvar 2001-ci il tarixində Azərbaycana baş tutan rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin və hüquq-müqavilə bazasının genişləndirilməsinə təkan verdi.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu davam etdirən Prezident İlham Əliyev də Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verir. Bunun təsdiqi kimi, Azərbaycanın dövlət başçısı 2004-cü ilin 5-7 fevral tarixində bu ölkədə rəsmi səfərdə olub. Bundan əlavə, 2004-2005-ci illərdə Azərbaycan Prezidenti Rusiya Federasiyasına işgüzar səfərlər edib. Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin 2006-cı il 21-22 fevral tarixində Azərbaycana işgüzar səfərə gələrək “Rusiya İli”nin təntənəli açılış mərasimində iştirak edib. Azərbaycan və Rusiya prezidentlərinin növbəti görüşü 16 iyun 2006-cı ildə Qazaxıstanın Almatı şəhərində Asiyada qarşılıqlı fəaliyyətə və etimad tədbirlərinə dair müşavirədə iştirak çərçivəsində gerçəkləşib. İki ölkə prezidentlərinin görüşləri sonrakı illərdə də davam etdirilib. Belə ki, 3 aprel 2008-ci il tarixində Prezident İlham Əliyevin Buxarestdə, NATO-nun sammiti çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə baş tutan görüşündə ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Rusiya Federasiyasının hazırkı Baş naziri Dmitri Medvedyevin prezidentliyi dövründə də iki ölkə arasında imzalanan çoxsaylı sənədlər qarşılıqlı əlaqələrin iqtisadiyyat, enerji və digər sahələrdə dərinləşməsinə şərait yaradıb. Belə ki, Rusiya Prezidentinin 2008-ci il səfərinin yekununda iki ölkə arasında bir sıra mühüm sənədlərlə yanaşı, Dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə də imzalanıb. Rusiya dövlət başçısının Azərbaycana bir il sonra gerçəkləşən işgüzar səfəri zamanı “Xəzər dənizi üzrə birgə Bəyannamə və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri və Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə” birgə Bəyannamə imzalanıb. Həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtləri imzalanıb. 2013-cü il avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinin geniş nümayəndə heyəti ilə ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, imzalanan sazişlər Azərbaycanla Rusiya arasında münasibətlərin genişlənməsindən xəbər verir. Bir çox məsələlərdə hər iki ölkənin maraqlarının uzlaşması bərabərhüquqlu əməkdaşlığın daha da dərinləşdirilməsinə imkan yaradıb. Qeyd olunanlarla yanaşı, Azərbaycanla Rusiya iqtisadi sahədə də uğurlu əməkdaşlıq qura bilib. Belə ki, iki ölkə arasında kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq, maşınqayırma, məişət avadanlıqları və digər sahələr üzrə geniş ticarət əlaqələri mövcuddur. Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə geniş əməkdaşlıq edir. Bir faktı qeyd etmək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır. Xatırladaq ki, 2011-ci ilin mayında Həştərxanda “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda İkinci Rusiya-Azərbaycan regionlararası Forumu keçirilib. Forumda Həştərxan vilayəti və Azərbaycan Respublikası Ticarət-Sənaye palataları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycan və Həştərxan vilayəti arasında əldə olunan razılaşmalar əsasında tərəflər energetika, nəqliyyat, kənd təsərrüfatı, innovasiyalar sahələrində əməkdaşlığın səmərəsini artırmaq, kiçik və orta biznes qurumlarının inkişafına yardım etmək qərarına gəliblər. İqtisadi əlaqələrin genişləndirilməsi yönündə 2013-cü il iyunun 5-də Volqoqradda Dördüncü “Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013” Forumu keçirilib. Tədbir çərçivəsində “Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərində” və “Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının töhfəsi” mövzularında fotosərgilər təşkil olunub. Forum çərçivəsində Azərbaycanın və Rusiyanın vahid enerji sistemlərinin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Saziş və Azərbaycan Respublikası Hökuməti ilə Volqoqrad vilayəti hökuməti arasında ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında Saziş imzalanıb.
Forum iştirakçıları regionlararası əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, iqtisadi əməkdaşlığın perspektivləri və digər mövzularda müzakirələr, ikitərəfli regional əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, humanitar münasibətlər və gənclər siyasəti sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair konstruktiv fikir mübadiləsi aparıblar. Tədbirdə Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi kimi aktual mövzuya toxunulub.
Cari il 23-24 iyun tarixində isə Qəbələdə 5-ci Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin və Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda hər iki tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumilikdə Foruma hər iki ölkədən 700-dən çox iştirakçı qatılıb. Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında və Rusiyanın İnvestisiya Agentliyi ilə AZPROMO arasında qarşılıqlı anlaşma haqqında memorandumlar imzalanıb. Həmçinin, Həştərxan Turizm Birliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında və Ural Turizm Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq barədə, “Həştərxan regional kanalı” MMC ilə Azərbaycanın regional televiziyası arasında sazişlər imzalanıb. Forum çərçivəsində Azərbaycanın və Rusiyanın bir sıra şirkətləri arasında da əməkdaşlığa dair sənədlər imzalanıb. Belə ki, Rusiya Federasiyasının Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın “Mətanət A” şirkəti arasında, Rusiyanın “Aqroholdinq starıysad” ASC ilə Azərbaycanın “CTC Holdinq” şirkəti arasında, “Dağıstan Ticarət Evi” ASC ilə Azərbaycanın “Azeksfrukt” şirkəti arasında, “Dağıstan Steklotara” MMC ilə Azərbaycanın “Azərsun Holdinq” şirkəti arasında əməkdaşlıq haqqında sazişlər, Dağıstanın “Yuqaqroholdinq” şirkəti ilə Azərbaycanın “İnvestment Group” MMC arasında Müqavilə imzalanıb.
İki ölkə arasında imzalanan qaz müqavilələri ilə Rusiya Azərbaycan qazının idxalını dəfələrlə artırıb. Bu həm də enerji layihələrinin şaxələndirilməsinə və xammalın satışının münasib tariflərlə reallaşdırılmasına üstünlük verən Azərbaycan tərəfinin mənafeyinə uyğundur.
Bir sözlə, Azərbaycanla Rusiya arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir və bu məqam avqustun 9-da Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşündə bir daha vurğulanıb. Qeyd olunub ki, iki ölkənin münasibətlərinin çox pozitiv dinamikası - çoxillik, davamlı inkişaf dinamikası müşahidə edilir. Artıq sanballı həcmdə qarşılıqlı sərmayələr qoyulur ki, bu da iki ölkənin münasibətlərinə yeni dinamika verir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 22 avqust.- S. 8.