Füzuli və Cəbrayıl rayonlarının
işğalından 21 il ötür
Xalqımız gec-tez bu torpaqların işğaldan azad ediləcəyinə
əmindir
Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 21 ili tamam olur. Bu rayonların işğalı Ermənistanın ölkəmizə qarşı hərbi təcavüz siyasətinin tərkib hissəsidir. Hər iki rayon strateji əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın gözəl guşələridir.
Qeyd edək ki, Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun əsası 1827-ci ildə qoyulub və ilkin adı Qarabulaq olub. Rayon 8 avqust 1930-cu ildə Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb. Füzuli rayonunun ərazisi 1386 kv. km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri var. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Məhsuldarlıq baxımından rayonun kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Rayon ermənilər tərəfindən işğal olunanadək burada taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər var idi.
Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal - Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayıb.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalaraq məhv edilib, yandırılıb. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıblar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin bir daha sübutudur.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə füzulili şəhid olub, yaralanıb, itkin düşüb. Hazırda 51 kənd və rayon mərkəzi erməni işğalı altındadır, 55 min nəfərə yaxın füzulili köçkün həyatı yaşayır.
Rayonun işğaldan azad olunmuş ərazisində 10-dan çox qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdiriliblər.
Azərbaycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu da 1993-cü il avqustun 23-də işğal edilib. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülüb. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilib. Cəbrayıl rayonu 1930-cu ildə yaranıb, işğaldan əvvəl ərazisi 1050 kv. km, 23 inzibati ərazi nümayəndəliyi olmaqla 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olub.
Rayonun ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri - Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir. İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana, 3 daimi, 4 səyyar kino qurğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix-diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer-mama məntəqəsi xidmət göstərirdi. Əsas məşğuliyyət isə əkinçilik və maldarlıq olub.
Qeyd etmək yerinə düşər ki, rayonda əsas quruculuq işləri ötən əsrin 70-ci illərindən vüsət almağa başlayıb. Həmin dövrdə və sonrakı onillikdə rayon mərkəzində bir sıra boş ərazilərdə yeni massivlər salınıb. Rayonun əsas simvolu isə yaşı əsrlərlə hesablanan Xan çinar olub. Qeyd olunan illərdə kəndlərdə də abadlaşdırma işləri aparılıb. Sözügedən dövrdə irəliləyişə səbəb olan əsas amillərdən biri isə üzüm bağlarının salınması olub.
1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət Cəbrayıldan da yan ötməyib. Beləliklə, 1990-cı ildən 1993-cü il avqustun 23-nə kimi rayon camaatı köməksiz şəkildə erməni silahlıları ilə üz-üzə durmaq məcburiyyətində qalmışdı. İşğal edilmiş digər ərazilər kimi Cəbrayıl rayonu da həmin illərdə böyük köməyə ehtiyac duyurdu. Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi, paytaxtdakı kreslo savaşı, hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyünün iradəsizliyi və səriştəsizliyi cəbrayıllıları da Allahın ümidinə qoymuşdu. Demək olar, rayon böyük bir müddətdə, sadəcə, öz gücü ilə müdafiə olunmağa çalışdı. Çətinliklərə baxmayaraq, sərhəddə ermənilərə qarşı müdafiə xətləri yaradılmışdı. Şaqay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona əhali özü nəzarət etdi. Şaqay yüksəkliyi itirildikdən sonra bununla da Cəbrayılın başı üstünü qara buludlar aldı. Rayonun işğalı həmin yüksəklik verilən gündən başladı.
Rayon əhalisindən döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Cəbrayılın işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çox olub. Aparılan hesablamalara görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb. Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
Hazırda rayon əhalisi respublikanın 56 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhalinin böyük bir qismi Bakı şəhəri, Bakıətrafı qəsəbələrdə, bundan başqa, Abşeron rayonunda, Sumqayıt şəhərində, Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə, digər şəhər və rayonlarda yaşayır.
Ümummilli lider Heydər Əliyevin 13 may 2002-ci il tarixli Fərmanına əsasən cəbrayıllı məcburi köçkünlər üçün 2003-cü ildə Biləsuvar rayonu ərazisində 2598 evdən ibarət 6 qəsəbə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq həmin ərazidə əlavə yeni qəsəbələr salınıb, hazırda bu qəsəbələrdə minlərlə cəbrayıllı məcburi köçkün yaşayır.
Bu çətinliklərə baxmayaraq, Füzuli və Cəbrayıl sakinləri, bütövlükdə xalqımız əmindir ki, işğal olunmuş torpaqlarımız yaxın zamanlarda erməni işğalından azad ediləcək və minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 23 avqust.- S. 5.