Azərbaycan
- Küveyt əlaqələri dinamik inkişaf edir
Ölkələr arasında sıx əməkdaşlıq müxtəlif sahələri əhatə edir
Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb. Heydər Əliyev Fondundan AzərTAc-a bildiriblər ki, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub. Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplomda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həyata keçirdiyi nəcib xeyriyyə və təbliğat fəaliyyətinə görə Küveyt qadınları adından dərin təşəkkür ifadə olunub və bu istiqamətdəki işlərində uğurlar arzu edilib. Qeyd edək ki, bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır.
Ümumiyyətlə, Azərbaycanla Küveyt Dövləti arasında yaxşı münasibətlər mövcuddur. 2009-cu ilin fevral ayında Prezident İlham Əliyevin bu dövlətə rəsmi səfəri əlaqələrin inkişafına təkan verib. Xatırladaq ki, səfər zamanı Azərbaycanın və Küveytin dövlət bayraqları ilə bəzədilmiş Əl-Küveyt beynəlxalq hava limanında Prezident İlham Əliyevi Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt vəliəhdi şeyx Nəvvaf əl-Əhməd əs-Sabah, Milli Məclisin sədri Casim Məhəmməd əl-Xərafi, Baş nazir şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev Onun üçün ayrılmış iqamətgahda - “Bəyan” sarayında Küveyt Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Əli Məhəmməd Sünayən əl-Aənim ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndiyi məmnunluqla vurğulanıb. Eyni zamanda, bildirilib ki, qarşılıqlı iqtisadi-ticarət əlaqələri mövcud potensiala cavab vermir və bu əlaqələrin genişləndirilməsi üçün konkret tədbirlərin görülməsi zəruridir. Söhbət zamanı qarşılıqlı investisiyaların qoyulması, birgə müəssisələrin yaradılması və digər konkret istiqamətlərdə işlərin görülməsinin vacibliyi vurğulanıb və əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev səfər zamanı Küveyt Milli Məclisinin sədri Casim Məhəmməd əl-Xərafi ilə də görüşüb. Görüşdə Azərbaycanla Küveyt arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Prezidentinin Küveyt Dövlətinə rəsmi səfərinin qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb. Parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunulan görüşdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından yaxşı perspektivlərin mövcudluğu bildirilib, münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyevin Küveyt Dövlətinin Baş naziri şeyx Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah ilə görüşündə isə ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı vurğulanıb, iqtisadi əlaqələrin genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfərinin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
Səfər zamanı Küveyt paytaxtının “Bəyan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın görüşü olub. Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf etdiyi, siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycanla Küveyt arasında iqtisadiyyat, ticarət, turizm, investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsindən söhbət açılıb.
Dövlət başçıları beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidentinin və Küveyt Dövləti əmirinin yüksək dövlət ordenləri ilə qarşılıqlı təltif edilməsi mərasimi olub. Əmir şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Prezident İlham Əliyevə ölkəsinin ən ali mükafatı olan “Mübarək əl-Kəbir” ordenini təqdim edib. Prezident İlham Əliyev isə əmir şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha Azərbaycanın ali mükafatını - “Heydər Əliyev” ordenini təqdim edib. Mərasimdə Küveytin vəliəhdi şeyx Nəvvaf əl-Əhməd əs-Sabah və digər rəsmi şəxslər, Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Bu səfər zamanı ölkələr arasında bir sıra sənədlər imzalanıb. Sənədlərin imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Küveyt Dövlətinin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah da iştirak ediblər. Belə ki, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlığa dair Birgə Komissiyanın yaradılması haqqında” sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Küveyt tərəfdən Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd Sabah əl-Səlim əs-Sabah, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Küveyt tərəfdən maliyyə naziri Mustafa Casim əl-Şimali, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişi Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Küveyt tərəfdən maliyyə naziri Mustafa Casim əl-Şimali, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət sazişini Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Küveyt tərəfdən ticarət və sənaye naziri və Milli Məclis işləri üzrə dövlət naziri Əhməd Yaqub Bağır əl-Abdullah, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında” sazişi Azərbaycan tərəfdən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Küveyt tərəfdən ticarət və sənaye naziri və Milli Məclis işləri üzrə dövlət naziri Əhməd Yaqub Bağır əl-Abdullah imzalayıblar.
Yeri gəlmişkən, vurğulayaq ki, hər iki dövlət arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Bu mənada Küveytin Qadın Məsələləri Komitəsi də ölkəmizlə sıx əməkdaşlığa maraq göstərib. 2010-cu ildə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyətinin Küveyt Dövlətində səfərdə olması buna sübutdur. Səfərin məqsədi ailə, qadın və uşaq problemləri sahəsində ölkələrarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. Proqram çərçivəsində nümayəndə heyəti Küveytin Qadın Məsələləri Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın iştirakı ilə Əl-Küveyt şəhərində Uşaq Mərkəzinin rəsmi açılış mərasimində iştirak edərək qurumun fəaliyyəti ilə yaxından tanış olub. Hicran Hüseynova və Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah Azərbaycan və Küveyt arasında qadın, uşaq və ailə məsələləri sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Onu da qeyd edək ki, Küveyt Dövlətinin kütləvi informasiya vasitələri də Azərbaycana maraq göstərir. Bu günlərdə Küveyt Xəbərlər Agentliyinin (KUNA) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Suha əl-Zənki və Dana əl-Əbdülcəlilin ölkəmizə səfəri də buna sübutdur. Xatırladaq ki, qonaqlar avqustun 21-də Quba rayonuna gəliblər. Qonaqları qarşılayan rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova Qubanın təbiəti, əhalisi, burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verib. Sonra qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Burada Ulu öndərin zəngin siyasi fəaliyyəti, müasir Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri haqqında məlumatlar Küveyt Xəbərlər Agentliyinin əməkdaşlarının diqqətinə çatdırılıb.
Qonaqlar Mərkəz ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıblar. Qonaqlar Cümə məscidini ziyarət etdikdən sonra “Qədim Quba” xalçaçılıq müəssisəsinə baş çəkiblər. Xalça toxunması prosesini izləyən qonaqlar Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumatlandırılıblar. Müəssisədə xalça toxuyan 9 yaşlı qızın peşəkarlığı Küveyt Xəbərlər Agentliyinin əməkdaşlarını təəccübləndirib. Onlar “balaca xalçaçı” ilə xatirə şəkli çəkdiriblər. Küveytli qonaqlara məlumat verilib ki, bir çox Azərbaycan ailələrində xalça toxumaq ənənəsi var. Belə ailələrdə qızlar kiçik yaşlarından bu sənətin sirlərini öyrənirlər.
Daha sonra KUNA-nın əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ziyarətçilərə məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Diqqətə çatdırılıb ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. KUNA-nın əməkdaşları Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıblar.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 23 avqust.- S. 8.