Azərbaycanda ordu quruculuğu daimi prosesə çevrili

 

Prezident İlham Əliyev: Ordu dövlətçiliyi, bizim seçimimizi, müstəqil siyasətimizi qoruyur. Xalq isə ordunu qoruyur və qorumalıdır

 

Yüksək döyüş hazırlığına malik nizami ordu, güclü hərbi-sənaye kompleksi hər bir ölkənin dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır. Azərbaycanda isə ordunun daim gücləndirilməsinin, döyüş qabiliyyətinin getdikcə daha da artırılmasının və bu məqsədlə yeni, müasir hərbi sənaye güclərinin yaradılmasının dövlətin prioritet hədəfləri sırasına daxil edilməsi həm də onunla şərtlənir ki, respublikamız bədnam qonşularımız ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunub. Bu müharibə nəticəsində ölkə ərazisinin təxminən 20 faizi işğala məruz qalıb, 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından zorla qovularaq qaçqın vəziyyətə düşüb.

Hazırda Azərbaycan dövləti ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinin bərpası, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi ilə bağlı çıxardığı 4 qətnamənin tələblərinin yerinə yetirilməsi istiqamətində sülh danışıqları aparır. Dövlətimizin sülh danışıqlarına önəm verməsi, ilk növbədə, xalqımızın humanizm ənənələrinə sadiqliyi və bölgədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılması istəyi ilə bağlıdır. Ancaq, əlbəttə ki, Ermənistan bundan sonra da sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirsə, Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü gündən-günə möhkəmlənən ordusunun gücü ilə təmin etmək məcburiyyətində qalacaq. Bununla bağlı ölkə Prezidenti İlham Əliyev Azərbaycan dövlətinin mövqeyini belə ifadə edib: “Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaqdır”.

Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın isə ən nizami ordularından birinə malikdir

Azərbaycan dövləti ölkənin etibarlı müdafiəsini təmin etmək, aparılan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq məqsədi ilə təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirir. Prezident İlham Əliyev ölkəmizin ordu quruculuğu ilə bağlı prinsipial mövqeyini ifadə edərək deyib: “Azərbaycan müharibə şəraitində yaşayır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır”.

Son illərdə respublikamızda həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın iqtisadi qüdrətinin artması, maliyyə imkanlarının genişlənməsi güclü, müasir, yüksək döyüş qabiliyyətinə malik ordu quruculuğu ilə bağlı qarşıya qoyulan genişmiqyaslı hədəfləri reallaşdırmağa imkan verib. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda ordu quruculuğu daimi prosesə çevrilib, Silahlı Qüvvələrimiz əsaslı inkişaf yolu keçibdöyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycan Cənubi Qafqazın ən güclü, dünyanın ən nizami ordularından birinə malikdir. Azərbaycanın dövlət büdcəsində ən böyük xərclər məhz ordu quruculuğu üçün nəzərdə tutulub. Son 10 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb.

Orduya lazımi qədər vəsait ayrılması sayəsində silahlı qüvvələrin maddi-texniki təchizatını yüksək səviyyəyə qaldırmaq mümkün olub. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə cari il iyunun 26-da keçirilən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi Azərbaycan ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. Təlimlər zamanı Silahlı Qüvvələrimizin qarşısına qoyulan bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetirildi ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının yüksəlməsinin təsdiqidir.

Ordunun maddi-texniki təchizatının gücləndirilməsi ilə paralel surətdə, Silahlı Qüvvələrin şəxsi heyyətinə diqqət və qayğı da artıb. Hərbçilərin maaşları, pensiyaları vaxtaşırı artırılır. Dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, orduda 20 il qüsursuz xidmət göstərmiş şəxslərə dövlət tərəfindən mənzillər verilir.

Prioritet hədəflərdən birigüclü milli hərbi sənaye kompleksinin yaradılması ilə bağlıdır

Prezident İlham Əliyev ordumuzun təchizatı üçün xaricdən yeni silahlar, müxtəlif növ döyüş texnikasının alınması ilə paralel surətdə milli hərbi sənaye kompleksinin inkişaf etdirilməsini də prioritet hədəflərdən biri kimi qarşıya qoyub. Respublikamızın müharibə vəziyyətində yaşamasını nəzərə alanbu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən ölkə başçısının Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair imzaladığı 16 dekabr 2005-ci il tarixli Sərəncam bunun təsdiqidir. Nazirlik Silahlı Qüvvələri lazımi silah, hərbi texnika, sursatla təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması istiqamətində işləri uğurla həyata keçirir. Ötən müddət ərzində nazirliyin tabeliyində olan müəssisələrin böyük əksəriyyətində əsaslı tikinti və yenidənqurma işləri aparılıb. “İqlim”, “Dalğa” və “Sənayecihaz” Elmi İstehsalat müəssisələri, “Telemexanika”, “Peyk”, “Alov”, Elektron Hesablayıcı Maşınlar, “Radioquraşdırma”, Şirvan “Araz”, Bakı “Cihazqayırma”, Xaçmaz “Kondensator” zavodları, “AZAD Systems Co.” müəssisəsi və Elmi-Tədqiqat İnstitutu əsaslı təmir və yenidənqurmadan sonra istismara verilib.

Ümumiyyətlə, Müdafiə Sənayesi Nazirliyinin tikinti və yenidənqurma işləri aparılmış birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılıb.

Artıq ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisələrdə istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb.

O cümlədən, “Matador” və “Marauder” tipli zirehli maşınların istehsalı, onların silahlanması tam mənimsənilib və kütləvi istehsalı uğurla həyata keçirilir. Müasir pilotsuz uçuş aparatlarının istehsalı təmin edilib. Eyni zamanda, AK-74M tipli avtomatların istehsalı da müvəffəqiyyətlə həyata keçirilir.

İstehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanılmış yeni məmulatlardan yaylım atəşli reaktiv sistemi, zirehli texnikanın tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşınını, fərdi əleyhqazı, aviasiya bombalarını, kollimator nişangahını, top kollimatorunu, müxtəlif minaatanları, siqnal tapançasını, zirehli texnikaların, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini göstərmək olar.

Müdafiə sənayesi sahəsinin yüksək ixtisaslı kadrlara olan tələbatının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Texniki Universitetində yaradılmış xüsusi texnikatexnologiya fakültəsində bakalavrmagistr pillələri üzrə Müdafiə Sənayesi Nazirliyinin verdiyi sifarişlər əsasında 2012-2013 tədris ilindən kadr hazırlığına başlanılıb.

Azərbaycanın hərbi sənaye kompleksində buraxılan yüksək səviyyəli döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir

Sevindirici haldır ki, Azərbaycanın hərbi sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası ordumuzun tələbatını ödəməklə yanaşı, həm də xarici bazarlara çıxarılır. Beynəlxalq sərgilərdə ölkəmizdə hazırlanan hərbi təyinatlı məhsullara marağın getdikcə artması Azərbaycanın hərbi sənaye kompleksinin geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. İlk dəfə beynəlxalq sərgilərə cəmi 27 adda məhsulla qatılan MSN ötən ilin mayında İstanbulda keçirilən “IDEF-2013” XI Beynəlxalq müdafiə sənayesi sərgisində 130 növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, “Gürzə” patrul maşını, müxtəlif növ döyüş sursatları sərgidə təmsil olunanqonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. Beynəlxalq sərgiyə qatılan ayrı-ayrı ölkələrin təmsilçiləri Azərbaycanın hərbi sənaye kopleksində buraxılan məhsulları almaq və hərbi məhsulların istehsalı sahəsində ölkəmizlə əməkdaşlıq etmək barədə niyyətlərini bildiriblər.

Cari ilin aprelində isə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində buraxılan məhsullar Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən “Defence Services Asia - DSA 2014” adlı dördgünlük beynəlxalq sərgidə nümayiş etdirilib. Dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən olan və 55 ölkənin mindən çox dövlət qurumunun, istehsalçı şirkətinin qatıldığı “DSA 2014”də Azərbaycan 132 növdə məhsulla təmsil olunub. Ölkəmizin pavilyonunda milli müdafiə sənayemizin istehsalı olan müxtəlif növ xırda və iri çaplı avtomat silahlar, tapançalar, pilotsuz uçuş aparatları, müdafiə məhsulları sərgilənib.

Cari il sentyabrın 11-13-də Bakıda keçiriləcək “ADEX-2014” sərgisi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun daha bir təsdiqidir

Azərbaycanın Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin dəstəyi ilə cari il sentyabrın 11-13-də Bakıdakı “Ekspo” mərkəzində keçiriləcək “ADEX 2014” sərgisi ölkəmizin müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun daha bir təsdiqi deməkdir. Şübhə yoxdur ki, ölkəmizdə ilk dəfə keçirilən sərgi yerli istehsalın ən böyük nümayiş meydanına çevriləcək. Qeyd edək ki, sərgiyə böyük maraq göstərilir. Artıq dünyanın 33 ölkəsini təmsil edən 170-dən çox şirkət “ADEX 2014” sərgisində öz iştirakını təsdiqləyib. Azərbaycanla yanaşı, Türkiyə, Belarus, Koreya, Polşa, İsrail, UkraynaRusiyadan 8 milli qrup sərgidə öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri Azərbaycanın milli pavilyonunda öz nailiyyətləri və perspektivləri barədə sərgi iştirakçılarına məlumat verəcəklər.

Sərgi iştirakçıları arasında dünyaca məşhur “MBDA”, “Thales”, “Damen Shipyards Group” şirkətlər qrupu, “Rostexnologiya” korporasiyası, “Rosoboroneksport” (Rusiya), “Denel” (Cənubi Afrika), “Norinco” (Çin), “Bell Helicopter” (ABŞ), “Flir Systems” (ABŞ), “Roketsan” (Türkiyə), “Havelsan” (Türkiyə), Çinin “Tochmash” Dəqiq Maşınqayırma Korporasiyası (“Precision Mechanical Engineering Corporation”), “Ukroboronprom” (Ukrayna), “Yugoimport” (Serbiya), “Paramount Group” şirkətlər qrupu (Cənubi Afrika) və digərləri yer alır.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 26 avqust.- S. 2.