Mehriban xanım Əliyeva: Bu, mənim seçimimdir

 

Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti ölkəmizdə ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla respublikamızın tərəqqisinə mühüm töhfələr verir

 

Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.

Ümumilikdə, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyətini daha yaxşı anlamaq üçün bir-birilə sistemli şəkildə əlaqəli olan kompleks məsələlərə toxunmaq lazımdır.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli liderimizin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir

Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxsahəli fəaliyyətə nəzər yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub.

Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparır

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Heç də təsadüfi deyil ki, Fondun münaqişə ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Daha dəqiq desək, Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur.

Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.

Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliğ olunmasına müstəsna töhfələr verir

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri xüsusi olaraq vurğulamaq lazımdır. Çünki Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir. Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə o, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Jurnal dünyanın onlarla ölkəsində bir neçə dildə yayımlanıb.

Mehriban xanım Əliyevanın mədəniyyətə və incəsənətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsasını qoyduğu Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliğinə yönələn tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi layihələr sırasında “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisini isə xüsusi vurğulamaq lazımdır. İlk dəfə 2012-ci ilin yanvarında Londonda açılan bu sərgi iki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada da təşkil edilərək yerli sakinlərin marağını cəlb edib və layihə ötən ilin sonunda Bakıda açılan yekun sərgisi ilə uğurla başa çatdırılıb.

Bununla yanaşı, 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun dəstəyi, Fransa İncəsənət Akademiyası, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb. Bu tədbir həm də onunla əlamətdardır ki, Fransa İncəsənət Akademiyasında ilk dəfə olaraq Azərbaycan rəssamının sərgisi keçirilib.

Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.

Bundan başqa, Azərbaycanın birinci xanımı çoxşaxəli və səmərəli fəaliyyəti ilə mədəniyyətlərarası dialoqun təşviqinə fundamental töhfələr verir. Bu kontekstdə, ilk növbədə qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdəki və dünyadakı müxtəlif mədəniyyətlərə aid olan abidələrin də təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpası, həmiçinin, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri bu qəbildən olan işlərdir. Bütün bunlar isə Fondun mədəniyyətlərarası dialoqa verdiyi əməli töhfələrin göstəricisidir.

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun UNESCO ilə əlaqələri xüsusi yer tutur

Məlum olduğu kimi, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Bildiyimiz kimi, Azərbaycanın birinci xanımı ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Yeri gəlmişkən, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura bu yaxınlarda AzərTAc-a müsahibəsində bildirib ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olunmasından bir qədər əvvəl Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu, eləcə də, Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verdi: “Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir”.

O, bir daha vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq yaranmışdır.

Bir sözlə, Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Ölkəmizin UNESCO ilə əlaqələrində digər mühüm bir hadisə isə 2013-cü il 2-8 dekabr tarixlərində Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının keçirilməsi olub. Məlumat üçün bildirək ki, sözügedən sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd edilib. Tədbirin ölkəmiz üçün ən önəmli nəticələrindən biri isə tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan çövkənin, yəni Azərbaycanda ənənəvi atüstü oyunun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi olub. Bununla da, dünya bu oyunu xalqımızın sahib olduğu mədəniyyətin vacib bir elementi kimi qəbul edib.

Bir sözlə, görünən odur ki, ölkəmizlə bu beynəlxalq qurum arasında səmərəli əməkdaşlıq var və Mehriban xanım Əliyevanın ötən il Azərbaycan-UNESCO əlaqələrinin 20 illiyinin tamam olması münasibətilə keçirilən tədbirdəki çıxışında da bildirdiyi kimi, əməkdaşlığın davam etdirilməsi üçün bundan sonra da geniş perspektivlər mövcuddur: “Əminəm ki, Azərbaycan UNESCO ilə əməkdaşlığını davam etdirəcəkdir. Bu da gələcəkdə əlaqələrimizi daha da gücləndirmək üçün mövcud olan böyük potensialın tam şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır”.

Bir sözlə, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində görülən işlər davamlı xarakter daşıyır. Bu kontekstdə onu da qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda təşkili ən yüksək səviyyədə olub. Bu da ölkəmizin, bütövlükdə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr verib.

Eyni zamanda, hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də, məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar, eyni zamanda, Azərbaycan musiqisinin gözəl inciləri ilə tanış olur, Azərbaycanın musiqi mədəniyyəti barədə aydın təsəvvür qazanırlar. Həmçinin, Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb. Təsadüfi deyil ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub.

Beləliklə, məhz Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində muğamımız kiçik konsert salonları səviyyəsindən çıxarılıb UNESCO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq status verilib.

Uşaq və yeniyetmələrin sağlamlığı, həmçinin, təhsili sahəsində nəhəng layihələr həyata keçirilir

Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyətindən söz açarkən onun bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində nəhəng layihələrin həyata keçirilməsinə də xüsusi nəzər salmaq lazımdır. Sirr deyil ki, Azərbaycanın birinci xanımı daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Bir sözlə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir. Bunun təsdiqi olaraq, son illərdə görülən işlərin bir qismini sadalamaq kifayətdir.

Məsələn, Bakının Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin binasında 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nərimanov rayonundakı psixonevroloji uşaq evi Fondun dəstəyi ilə 2009-cu ildə yenidən qurulub. 2013-cü ildə Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra açılıb. Ötən il həm də Xətai rayonunda tikilmiş akademik Zərifə Əliyeva adına bağçanın açılışı olub. Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində 2013-cü ildə əsaslı təmir işləri aparılıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə, həmçinin, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binası, rayonun Türkan qəsəbəsində yeni tikilən 214 saylı körpələr evi-uşaq bağçası, rayonun Binə qəsəbəsində 285 nömrəli körpələr evi-uşaq bağçası üçün tikilmiş yeni bina istifadəyə verilib, Türkan qəsəbəsində yeni poliklinikanın açılışı olub.

2013-cü ilin oktyabrında isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi istifadəyə verilib.

Mehriban xanım Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası 2013-cü ilin sentyabr ayında istifadəyə verilib. Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində isə 32 internat və uşaq evi yenidən qurulub.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla icra olunur. Layihə çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var. Eyni zamanda, 2013-cü ildə layihə çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta, Yevlax rayonu Kövər kənd orta məktəbi yenidən qurulub, XX əsrin əvvəllərində tikilmiş və qəzalı vəziyyətdə olan Şabran rayonu Gilavar kənd orta məktəbi, həmçinin, Xaçmaz rayonunun Palıdlı kəndində orta məktəb inşa edilib.

Mehriban xanım Əliyevanın fəaliyyətində respublikamızda idmanın, xüsusilə onun bir sahəsi olan gimnastikanın inkişafına dəstək də önəmli yer tutur. Məlumat üçün bildirək ki, Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

Xeyriyyəçilik Mehriban xanım Əliyevanın əsas amalıdır

Mehriban xanım Əliyeva, eyni zamanda, xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri, ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və mənəvi tərəqqisi ilə bağlıdır: “Çünki bu amillər bir-birilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər tələb edən, eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır. Şübhəsiz, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi və dəstəklənməsi tədbirləri gücləndikcə, xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqəsinə birbaşa maddi yardımın xüsusi çəkisinin azalması labüddür. Buna müvafiq olaraq, xeyriyyəçilik resursları getdikcə daha artıq dərəcədə başqa ictimai ehtiyaclara - mədəniyyətin, elmin, təhsilin, səhiyyənin, idmanın inkişafına, təbii mühitin qorunmasına və yaxşılaşdırılmasına, digər oxşar sahələrə yönələcəkdir. Azərbaycan cəmiyyətinin sosiomədəni transformasiyası xeyriyyəçilərin öz fəaliyyətlərində “ənənəvi” cəmiyyət üçün daha çox səciyyəvi olan adət və ənənələri deyil, səmərəlilik, praqmatizm, ictimai faydalılıq mülahizələrini və özlərinin üstünlük verdikləri məqamları rəhbər tutacaqlarına gətirib çıxaracaq”.

Onu da bildirmək yerinə düşər ki, son illərdə görülmüş xeyriyyə işləri, qazanılmış uğurlar, ilk növbədə, məhz Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq və idarəetmə bacarığının bəhrəsidir.

Bir sözlə, xeyriyyəçilik və insanlara kömək etmək, onların problemlərinin həlli ilə məşğul olmaq Mehriban xanım Əliyevanın əsas amalıdır. O, “İzvestiya” qəzetinə müsahibəsində bunu belə ifadə edir: “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin. Çox vaxt siyasət dedikdə, insanın hakimiyyətə gəlmək niyyəti olduğu düşünülür. Mən hakimiyyət adamı deyiləm və hakimiyyətə can atmıram. Bu, mənlik deyil.

İstər UNESCO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Bəli, Azərbaycanın birinci xanımı həmişə təbii fəlakətlərdən zərər çəkənlərə yardım, ana və uşaq sağlamlığının qorunması və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarı kimi çıxış edir. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Fond indiyədək səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, həmçinin, uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri və s. kimi böyük layihələrə imza atıb.

Digər tərəfdən, Heydər Əliyev Fondunun humanitar tədbirləri ölkə sərhədləri ilə məhdudlaşmır.

Mehriban xanım Əliyevanın fəaliyyətinə dünya miqyasında yüksək qiymət verilir

Bildirək ki, Mehriban xanım Əliyevanın xeyriyyəçilik, həmçinin, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, eyni zamanda, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Mehriban xanım Əliyeva 2005-ci il iyunun 9-da Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Həmçinin, sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyevaya bu beynəlxalq təşkilatın mükafatı verilib. Eyni zamanda, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban xanım Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. 2012-ci ilin aprel ayında ona MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib. Daha bir mükafatla Mehriban Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunub. Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib.

Azərbaycan qadınının layiqli siması...

Heç şübhəsiz, Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Çünki onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Təsadüfi deyil ki, 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb.

2011-ci ilin sentyabrında Almaniyada nəşr olunan “Qadın liderliyi-Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək” adlı kitabda dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və tanınmış qadın ictimai və siyasi xadimlərin məqalələri və ya müsahibələri ilə yanaşı, Mehriban xanım Əliyevanın da müsahibəsi yer alıb. Mehriban xanım Əliyevanın müsahibəsində rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi və mədəni həyatında rolu, Azərbaycanın dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olması və digər mövzularla bağlı məsələlər barədə geniş məlumat verilib. Bundan başqa, 2012-ci il iyulun 1-də Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda iclasda çıxış edən Azərbaycanın birinci xanımı qadınların ictimai-siyasi həyatdakı artan rolundan bəhs edib, Şərqin ilk demokratik parlament respublikasının Azərbaycanda yaradıldığını və burada qadınlara verilən seçki hüququnun bir çox aparıcı dövlətləri qabaqladığını vurğulayıb.

Qeyd edək ki, Mehriban xanım Əliyeva 2011-ci il iyunun 24-də Krans Montana Forumunun Qızıl medalı ilə təltif olunub. Mehriban xanım Əliyeva həm də millət vəkili kimi fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir. Məsələn, Mehriban xanımın genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə Milli Məclisə müraciət etməsi onun deputat kimi fəaliyyətində yaddaqalan məqamlardan biridir.

Buna paralel olaraq bildirək ki, ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətindən bəhs edərkən, heç şübhəsiz, Azərbaycan qadınlarına nümunə olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinə toxunmaq lazımdır. Bir sözlə, bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın fəaliyyəti dünyada yüksək qiymətləndirilir. Azərbaycanın birinci xanımının bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi məhz onun xoşməramlı səfir kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Məsələn, Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban xanım Əliyeva “2014-cü ilin Ən nüfuzlu qadını” adına layiq görülüb. Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin, mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə qalib seçilib.

Eyni zamanda, “The Business Year” şirkəti Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə Mehriban xanım Əliyevanı dünyada “İlin Birinci Xanımı” mükafatına layiq görüb.

Öz növbəsində, UNESCO-nun baş direktoru İrina Bokova da Mehriban xanım Əliyeva ilə görüşlərində və çıxışlarında Azərbaycanın birinci xanımının xoşməramlı səfir kimi, Azərbaycan-UNESCO əlaqələri və dünya mədəniyyətinə töhfələr baxımından fəaliyyətini yüksək qiymətləndirib. UNESCO-nun Baş direktoru Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında qənaətini belə ifadə edib: “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, UNESCO üçün şərəfdir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri isə bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun xoşməramlı səfiri seçiləndən sonra Azərbaycan-İSESCO münasibətləri yeni uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun xoşməramlı səfiri kimi səmərəli fəaliyyətindən məmnunluqla danışan baş direktor Heydər Əliyev Fondunun dəstəyi ilə İSESCO tərəfindən bir çox layihələrin uğurla həyata keçirildiyini, müxtəlif beynəlxalq tədbirlərə Azərbaycanın layiqincə ev sahibliyi etdiyini vurğulayıb.

Bu kontekstdə son olaraq isə onu da qeyd edək ki, Həştərxan vilayəti Dumasının deputatları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatoru Aleksandr Jilkinin təqdimatını dəstəkləyiblər.

Sonda onu da qeyd edək ki, hazırda çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də dünya ictimaiyyəti tərəfindən böyük rəğbət və maraqla qarşılanan Mehriban xanım Əliyeva eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə ictimai dəstəyin artırılmasına ciddi töhfələr verir. Prezident İlham Əliyev isə Mehriban xanım Əliyevanın fəaliyyətini bu cür qiymətləndirir: “Mən çox şadam ki, Mehriban ölkənin bir çox vacib işlərində fəal iştirak edir. Birinci ledi statusu bir növ həyat yoldaşının vəzifəsindən yaranır, ancaq bu statusun arxasında onu daşıyan insanın iradəsi, səyi və canatımı durur. Mən çox sevinirəm ki, Mehribanın başçılıq etdiyi Heydər Əliyev Fondu çətinlik çəkən insanlar üçün çox iş görür. Heydər Əliyev Fondu dövlət qurumlarında problemlərini həll edə bilməyən insanların son ünvanıdır. Fond son pəncərədir. İnsanlar ora eşidilmək ümidi ilə gedirlər və ümidləri doğrulur... Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq”.

 

 

Yeni  Azərbaycan.-2014.- 26 avqust.- S. 4-5.