Azərbaycan-Türkiyə əlaqələri
bütün sahələrdə uğurla inkişaf edir
Türkiyəli dövlət qulluqçuları Azərbaycanda səfərdədirlər
Xəbər verildiyi kimi, Türkiyənin 5 dövlət orqanını təmsil edən 10 nəfər dövlət qulluqçusundan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AzərTAc-a bildirilib ki, nümayəndə heyətinə Türkiyənin Dövlət Kadrlar İdarəsinin, Ədliyyə Nazirliyinin, Əmək və Sosial Müdafiə Nazirliyinin, Maliyyə Nazirliyinin və Sosial Müdafiə Qurumu İdarəsinin təmsilçiləri daxildir.
Avqustun 29-dək davam edəcək səfərin məqsədi 2014-cü il yanvarın 23-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Səfər çərçivəsində avqustun 25-də türkiyəli dövlət qulluqçuları üçün Azərbaycanın dövlət qulluğu sistemi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti barədə təqdimatlar olub.
Komissiyanın sədri Bəhram Xəlilov tədbirdə çıxış edərək Türkiyə və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinin olduğunu, dövlətlərimiz arasındakı əlaqələrin strateji xarakter daşıdığını bildirib. Qeyd edib ki, bu, türkiyəli dövlət qulluqçularının təcrübə mübadiləsi məqsədi ilə Azərbaycana təşkil olunan altıncı səfəridir. Qarşılıqlı səfərlər iki ölkə arasında dövlət qulluğu sahəsində əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namik Ata dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin örnək olduğunu vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, Dövlət Kadrlar İdarəsinin şöbə müdiri çıxış edərək qarşılıqlı səfərlərin hər iki ölkənin dövlət qulluqçuları üçün faydalı olduğunu bildirib.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələr strateji xarakter daşıyır. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır.
Vurğulanması zəruri olan məqam budur ki, Azərbaycanla Türkiyənin qarşılıqlı faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığını şərtləndirməkdədir. Bu kontekstdə Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe xüsusilə təqdir olunur.
Öncə onu qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq, 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib.
Şübhəsiz, dünyanın aparıcı dövlətləri kimi, Türkiyə də Cənubi Qafqazı özünün maraq dairəsi hesab edir və bölgədə aktiv siyasət yeridir. Ona görə də Cənubi Qafqazın köklü problemlərinin özünün və strateji tərəfdaşlarının milli maraqlarına müvafiq qaydada həll edilməsi vəzifəsi Ankaranın strateji kursunun əsasında dayanır. Məsələn, Cənubi Qafqazı “barıt çəlləyi”nə çevirən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsində Ankara olduqca prinsipial mövqe tutur. Sabiq Baş nazir Rəcəb Tayyib Ərdoğanın timsalında dəfələrlə elan edilib ki, Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və təhlükəsizlik mühitinin yaranması üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi lazımdır.
Türkiyə rəsmiləri xarici ölkələrə etdiyi bütün rəsmi və işgüzar səfərlərində, eyni zamanda, beynəlxalq təşkilatlarda etdiyi çıxışlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini daim israrçı şəkildə vurğulayır və bu problemi mütəmadi qaydada beynəlxalq siyasi gündəmdə aktual mövzu kimi saxlamağa cəhd edirlər. Əlbəttə, Türkiyənin hər zaman ən yüksək səviyyədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirməsi də təsadüfi deyil. Bu, özündə bir neçə fundamental strateji faktoru ehtiva edir: Əvvəla, Cənubi Qafqazın lokomotiv aktoru olan Azərbaycan Türkiyə üçün bölgəyə giriş və orada möhkəmlənməyin başlıca təminatçısıdır. Yəni Cənubi Qafqazda geniş əhatəli əməkdaşlıqlar mühiti formalaşdırmaq və uzunmüddətli perspektivdə davam etdirmək üçün Azərbaycan-Türkiyə işbirliyi xüsusi önəm kəsb edir. Müxtəlif xarakterli layihələrin reallaşdırılması və bu layihələr çərçivəsində strateji üstünlüklərin əldə edilməsi rəsmi Ankara üçün xüsusi avantaj deməkdir. İkincisi, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan önəmli tranzit məntəqə - məkan kimi strateji açılımlar baxımından əvəzedilməz mövqeyə malikdir. Bu istər müxtəlif enerji layihələrinin reallaşdırılması zamanı, istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq şəkildə büruzə verir. Üçüncüsü, qeyd etdiyimiz kimi, Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birlərinə xüsusi dəstək verir. İstər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankaranın qarşılıqlı faydalı münasibətləri müşahidə edilir.
Əlbəttə, Türkiyənin Azərbaycana qarşı daha həssaslıqla yanaşmasını şərtləndirən fundamental faktorların sayını istənilən qədər artırmaq olar. Hər halda, bütün bunlar ona dəlalət edir ki, önəmli strateji tərəfdaş ölkə olan Azərbaycanın bir nömrəli problemi - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyənin xarici siyasi strategiyasında önəmli yer tutur.
Bakı-Ankara xəttində qarşılıqlı faydalı münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də hər iki ölkə rəsmilərinin sıx təmasları və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Yeri gəlmişkən, iyulun 24-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin Bolu vilayətinin bələdiyyə sədri Alaaddin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Oqtay Əsədov görüşdə Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb. Bildirib ki, ölkələrimiz hər zaman bir-birini dəstəkləyir və dostluq yardımlarını əsirgəmir.
Görüşdə Türkiyənin inkişafında hakim Ədalət və İnkişaf Partiyasının və yerli özünüidarəetmə orqanlarının rolundan danışılıb. Qeyd edilib ki, bələdiyyə orqanları arasında əməkdaşlığın daha da intensivləşməsi əlaqələrimizin gələcək inkişafına töhfələr verə bilər. Qarşılıqlı səfərlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyi bildirilən görüşdə dostluq əlaqələrinin möhkəmləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından zəruri olduğu vurğulanıb.
Alaaddin Yılmaz Azərbaycanda gördüyü inkişafdan, ölkəmizdə, xüsusilə Bakı şəhərində həyata keçirilən tikinti-quruculuq işlərindən, zəngin infrastruktur sisteminin yaradılmasından məmnunluğunu bildirib.
Bələdiyyə sədri Azərbaycanın və Türkiyənin inkişafına mane ola biləcək hər hansı problemin aradan qaldırılması və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bəzi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Mühüm strateji məqamlardan biri də budur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakçılığı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Uğurla reallaşan “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” neft və qaz kəmərləri, tikilməkdə olan “Bakı-Tbilisi-Qars” dəmiryolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. İcrası planlaşdırılan Transanadolu qaz kəməri (TANAP) və Transadriatik qaz kəməri (TAP) layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini də daha da gücləndirəcək.
İki ölkə arasında strateji xarakterli işbirliyindən bəhs edərkən o da qeyd edilməlidir ki, Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması da əlaqələrin inkişafına yeni stimul verir. Buna əsas kimi, Türkiyənin başqa ölkələrlə bu formatda qurduğu əlaqələrin nəticələri və bu ölkə ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakter daşıması göstərilir. Bir sözlə, görünən odur ki, Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Bu iki qardaş ölkə arasında əməkdaşlıq isə bütövlükdə regionun inkişafına və türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinə stimuldur.
Bundan başqa, Azərbaycan ilə Türkiyə arasında iqtisadi və hərbi sahədə də sıx əməkdaşlıq münasibətləri mövcuddur. Öncə qeyd edək ki, iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Ümumilikdə, iqtisadi əməkdaşlıq sürətlə genişlənir və bu həm iki ölkənin maraqları, həm də regionun gələcəyi baxımından olduqca müstəsna əhəmiyyət kəsb edir.
Digər tərəfdən, hərbi sahədə mövcud olan əlaqələr bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyənin keçirdiyi hərbi təlimlərə müşahidəçi qismində dəvət olunur, həmçinin, iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər də icra edilir.
Sonda onu da qeyd edək ki, iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etməsi Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun bu yaxınlarda İzmir və Manisa şəhərlərinə səfəri zamanı keçirilən görüşlərdə bir daha vurğulanıb. Türkiyə-Azərbaycan Biznes Şurasının təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyəti qeyd olunub və bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığın ölkələrimizin regionları arasında daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 27 avqust.- S. 4.