Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti nəticəsində muğama layiq olduğu beynəlxalq status verilib

Məlum olduğu kimi, öz zəngin mədəniyyəti ilə tanınan Azərbaycan, eyni zamanda, dünyada ən qədim musiqi ənənələri olan ölkələrdəndir. Tarix boyu burada musiqinin müxtəlif janrları yaranıb, inkişaf edib, musiqi sahəsində xalq yaradıcılığı yüksək zirvəyə qalxıb. Həmçinin, tarixin müxtəlif dövrlərində yaşamış milli musiqimizin görkəmli nümayəndələrin yaradıcılığı Qafqaz və Yaxın Şərq musiqisini daha da zənginləşdirib. Və hazırda da bu proses davam edir. Belə ki, müasir dövrdə də Azərbaycan musiqisi dünya səviyyəsinə çıxarılır, müxtəlif qitələrdən olan bəstəkarlar və ifaçılar milli musiqimizə müraciət edirlər.

Zəngin milli musiqimizin mühüm tərkib hissələrindən biri də Azərbaycan muğamıdır. Bildiyimiz kimi, muğam musiqisi bir sıra xalqların mədəni irsində özünə yer tapıb. Lakin Azərbaycan muğamı öz zənginliyi, rəngarəngliyi ilə seçilir. Azərbaycan xalqının qədim irsi olan bu incəsənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraqinkişaf etdirərək nəsildən-nəslə ötürə bilib. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq bütün dünyaya yayılır.

HEYDƏR ƏLİYEV FONDU AZƏRBAYCAN MUĞAMINI DÜNYAYA TANIDIR

Bildiyimiz kimi, Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyil ki, məhz Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın muğam və aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond ayrı-ayrı ölkələrdə mütəmadi olaraq Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlərdə milli musiqimizin təbliğini də həyata keçirir. Fondun dəstəyi ilə keçirilən ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin mühüm tərkib hissəsini təşkil edir.

Muğam musiqisinə gəlincə, dəyərli muğam irsimiz Azərbaycanın qədim və zəngin musiqi mədəniyyətinə malik ölkə olduğunu göstərən mühüm cəhətlərdəndir. Həmçinin, Azərbaycan muğamının qorunması, yaşadılması və dünyaya tanıdılması beynəlxalq mədəniyyət mərkəzlərindən birinə çevrilməkdə olan ölkəmiz üçün önəm daşıyır.

Məhz bunun nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Yeri gəlmişkən, Mehriban xanım Əliyeva 2009-cu ildə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində elmi simpoziumun açılışında Azərbaycan muğamının zənginliyini, gözəlliyini, xalqımız üçün daşıdığı dəyəri ifadə edib: “Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.

Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq Muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması məhz Heydər Əliyev Fondunun, həmçinin, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

Azərbaycan muğamının təbliği və inkişafında 2009-cu ildən ölkədə keçirilən Respublika Muğam Müsabiqəsi xüsusi qeyd olunmalıdır. Bu vaxtadək keçirilən muğam müsabiqələri ölkədə böyük maraqla qarşılanıb. Məhz bu müsabiqənin keçirilməyə başlandığı tarixdən etibarən muğam sənətinə üz tutan gənclərin sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artıb.

Xatırladaq ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Göründüyü kimi, bu əlamətdar günə Azərbaycanın adının daxil edilməsi Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan muğamının tanıdılması istiqamətində görülən işlərin miqyasından və uğurundan xəbər verir.

Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.

Onu da qeyd edək ki, bu gün dövlətimizin mədəniyyətimizə, o cümlədən, muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı onları yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir.

MUĞAM YENİ İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM QOYUB

Öz növbəsində bu məsələyə münasibət bildirən Xalq artisti, görkəmli muğam ustadı, professor Arif Babayev deyib ki, bu gün Azərbaycanda muğama diqqət və qayğı dövlət siyasətinin tərkib hissəsinə çevrilib: “Mənim yadımdadır, ötən əsrin 70-ci illərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin birinci dəfə hakimyyətə gəlməsindən sonra, məhz Onun rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoydu, biz muğam ifaçılarına və bu sənəti yaşadanlara xüsusi diqqət və qayğı göstərildi. 1971-ci ildə UNESCO-nun 50 albomdan ibarət olanDünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edildi, 1975-ci ildə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxıldı”.

A.Babayev bildirib ki, müstəqillik illərində də Azərbaycan musiqisinin və muğamının inkişafında Ümummilli liderimiz Heydər Əliyevin, həmçinin Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri olub: “Belə ki, Ulu öndərin 2003-cü il 16 may tarixdə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınıb. Həmçinin, müxtəlif festivallarda, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət və musiqi tədbirlərində Azərbaycan muğamı əzəmətlə səslənib. Bütün bunlar sonrakı illərdə də zəngin muğam sənətimizin inkişafı və tanıdılmasında həlledici rol oynayıb.

Bu gün mən deyərdim, ölkəmizdə elə bir musiqi tədbiri yoxdur ki, orada muğam sədası eşidilməsin. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi də qədim incəsənət növümüzə göstərilən diqqət və qayğının daha bir ifadəsidir”.

O, ELƏ BİR ALƏMDİR Kİ...

Xalq artisti, professor Mənsum İbrahimov da hesab edir ki, muğam Azərbaycan xalqının tarixi sərvəti olaraq minilliklərin yadigarı kimi günümüzə gəlib çatıb: “O, elə bir aləmdir ki, sehrinə düşən dinləyici təsirindən çıxa bilmir. Dövlətimizin muğama, muğam sənətinin inkişafına göstərdiyi qayğı isə göz qabağındadır. Bu qayğı həm muğam ictimaiyyətinin, həm də ölkə ictimaiyyətinin diqqətini, rəğbətini qazanıb.

Muğamla bağlı dövlətin apardığı işlərin başında duran addımlardan biri də davamlı olaraq televiziya muğam müsabiqəsinin keçirilməsidir. Milli-mədəni dəyərlər sistemində özəl yeri olan muğam Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən diqqətdə saxlanır. Azərbaycanda ənənəvi televiziya muğam müsabiqələri keçirilir. Çoxlu sayda istedadlı yeniyetmə və gənc bu müsabiqələrə qatılaraq özünü ifadə etməyə çalışır”.

Cəmiyyətin inkişafına güclü stimul verən mədəniyyətin tərəqqisinə dövlətimizin himayəsinin təkcə son illərdə keçirilən muğam müsabiqələri ilə yekunlaşmadığını qeyd edən görkəmli muğam ifaçısı, Heydər Əliyev Fondunun 2005-ci ildən etibarən davamlı olaraq “Azərbaycan muğamları” layihəsini uğurla həyata keçirdiyini, muğamın təbliği və inkişafı baxımından əhəmiyyətli addımlar atıldığını bildirib: Eyni zamanda, son illər aparılmış məqsədyönlü işlərin nəticəsi kimi, muğam sənəti bir daha dünya musiqi incisi kimi təsdiqini tapdı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti nəticəsində muğamlarımız UNESCO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq status verilib. Həmçinin, gənc xanəndələrə böyük dəstək var. Onların konsertləri həm ölkədə, həm də ölkə xaricində təşkil olunur, albomları hazırlanır. Bütün bunlar muğamsevənləri və ələlxüsus da, biz xanəndələri ruhlandırır, yeni yaradıcılıq uğurları əldə etməyə səsləyir”.

 

Hülya MƏmmƏdli

Oktay

Yeni  Azərbaycan.-2014.- 27 avqust.- S. 7.