Milli Məkan Məlumatları
İnfrastrukturu xəritəçəkmənin yeni
paradiqması kimi
Azərbaycan
Respublikası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov www.yap.org.az
saytına müsahibə verib
- Qərib
müəllim, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin beynəlxalq əlaqələri barədə nə
deyə bilərsiniz?
- Müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri və bərabərhüquqlu münasibətləri yeni çağırışların tələblərinə uyğun olaraq qarşılıqlı hörmət və maraqlar prinsipi çərçivəsində möhkəmləndirməkdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Onun siyasi kursunun ən layiqli davamçısı olaraq cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strategiya ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirir. Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk olaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi hadisədir və bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir. Bütün bunlar müvafiq dövlət qurumlarının da öz fəaliyyət istiqamətləri sahəsində səmərəli beynəlxalq əməkdaşlığı üçün geniş üfüqlər açır.
Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2001-ci il tarixli 576 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”yə əsasən, komitə ölkəmizdə geoməkan məlumatlarının idarəolunmasında çox geniş səlahiyyətlərə malikdir. Qloballaşan dünyada informasiya cəmiyyəti qurmağı qarşısına məqsəd qoymuş ölkənin iqtisadiyyatı üçün məkana bağlı məlumatlardan zamanın tələblərinə uyğun şəkildə istifadənin təmin olunması zəruridir. Sonuncu məsələnin uğurla həlli isə bu sahədə mövcud beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq təşkilatlarda üzvlük və təcrübə mübadiləsindən keçir.
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət istiqamətində ən mühüm əməkdaşlıq platformalarından biri də BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsüdür (UN-GGIM). Bu təşəbbüsün məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çağırışlara yönəlik istifadəni təşviq etməkdir. Həmin təşəbbüs üzv ölkələr arasında, eləcə də, üzv ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır. UN-GGIM iki paralel strukturdan - 2011-ci ildə BMT-nin ECOSOC (BMT-nin İqtisadi və Sosial Şurası) vasitəsilə yaratdığı Ekspertlər Komitəsi (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci iclası 2012-ci ilin avqust ayında ABŞ-ın Nyu-York şəhərində, üçüncü iclası isə 2013-cü ilin iyul ayında Birləşmiş Krallığın Kembric şəhərində keçirilmişdir) və Yüksək Səviyyəli Forumdan (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci iclası 2013-cü ilin fevral ayında Qətərin paytaxtı Doha şəhərində keçirilmişdir) ibarətdir. BMT-nin rəsmi Ekspertlər Komitəsi UN-GGIM üçün ekspertlərin qlobal məsləhətləşməsi mexanizmini təmin edir və Yüksək Səviyyəli Forumun gündəliyini hazırlayır. Adıçəkilən bütün bu tədbirlərdə ölkəmizi məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti təmsil etmişdir. Dohada keçirilən Yüksək Səviyyəli Forumda və keçən il (1928-ci ildən etibarən keçirilən, yalnız dəvətnamə ilə iştirakı nəzərdə tutan və strateji müzakirələrin aparıldığı məkan kimi xarakterizə edilən) Kembric Konfransı ilə Birləşmiş Millətlər Təşkilatının Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Üçüncü Sessiyasının birgə iclasının Nazirlər seqmentlərində mən təqdimatlarla çıxış etmişəm.
Müvafiq istiqamətlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və tabeliyində olan qurumların fəaliyyətini müasir səviyyədə təşkil etmək, zəruri koordinasiyanı həyata keçirmək üçün komitənin strukturunda Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsi və həmin şöbənin daxilində İnformasiya texnologiyaları, mətbuat və beynəlxalq əlaqələr sektoru yaradılmışdır. Struktur vahidinin bu şəkildə təşkili beynəlxalq təcrübənin öyrənilməsi, onun ölkəmizdə gedən “Elektron-hökumət” quruculuğu ilə əlaqələndirilməsi və yeni ideyaların təşviqi baxımından daha məhsuldar olmalıdır.
- Ekspertlər Komitəsinin dördüncü iclasında nə kimi məsələlər müzakirə olundu?
- Ekspertlər Komitəsinin dördüncü sessiyası 6-8 avqust 2014-cü il tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında keçirildi. Bu tədbirdə ölkəmizi mənim rəhbərlik etdiyim nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə komitənin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev və Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru Elçin Məhərrəmov da daxil idi.
Üzv ölkələrin və beynəlxalq təşkilatların nazirləri və yüksək rütbəli rəsmiləri müasir dünyanın dayanıqlı inkişafı üçün zəruri olan xəitəçəkmə və məkan problemlərinin müzakirəsi məqsədilə üç gün müddətində bir araya gəlmişdilər.
Etibarlı geoməkan informasiyasından istifadə iqlim dəyişikliyi, xəstəliklərin pandemiyası, ərzaq çatışmazlığı, iqtisadi böhranlar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması halları kimi qlobal çağırışların xəbərdarlığı, monitorinqi və idarəolunması yollarını dəyişməyə başlamışdır. Etibarlı geoməkan məlumatlarının istifadəsinə misal olaraq torpaq sürüşmələri, daşqınlar və zəlzələlər kimi sürətli dəyişən ətraf mühitdə fövqəladə xidmətlər tərəfindən fəlakət əraziləri barədə məlumatların daha tez alınmasının mümkünlüyü və bunun nəticəsi olaraq böyük sayda insan həyatının xilas edilməsini göstərə bilərik.
Dördüncü sessiya Komitəni üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və milli, regional və qlobal inkişaf, həmçinin, dayanıqlı inkişaf gündəmini dəstəkləmək üçün dəqiq, etibarlı və səlahiyyətli geoməkan informasiyasını asan əlçatan etmək üçün yardımçı olmaq kimi mühüm mandatının həyata keçirilməsi istiqamətində irəli aparmaqda davam etdi.
BMT-nin baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo öz giriş nitqində qeyd etdi ki, “Ekspertlər Komitəsinin öz şərəfli səfərinə başladığı cəmi üç il olsa da, artıq bir sıra erkən nailiyyətlər əldə olunub. Keçən iki sessiyanın statistik rəqəmlərindən bəlli olduğu kimi, üzv ölkələrin iştirakçılıq səviyyəsi artmışdır. Ekspert və işçi qrupların yaradıldığı fəaliyyət sahələrinin sayı artmış və sizin işiniz beynəlxalq ictimaiyyətin, həqiqətən, artan marağını və dəstəyini cəlb etmişdir”.
Cənab Honqbo daha sonra qeyd etdi ki, “bu sessiyanın gündəliyinə mühüm yeni və ikinci və üçüncü sessiyadan inkişaf edən mövcud strateji məsələlər daxil edilmişdir. Bu mövzular milli, regional və qlobal səviyyədə çağırışlara yönəlmişdir”.
Ekspertlər Komitəsi qlobal geodeziya koordinat sisteminin təkmilləşdirilməsi, etibarlı geoməkan verilənlərinin istifadəsini dəstəkləmək üçün tələb olunan fərdi məlumatlarla bağlı qanunların daxil olduğu hüquqi və siyasi platformalara yanaşmaların identifikasiyası, dayanıqlı inkişaf üçün qlobal xəritəçəkmənin inkişafı, geoməkan standartlarının müəyyənləşdirilməsi və tətbiqi, geoməkan informasiyası ilə statistika informasiyasının əlaqələndirilməsi, geoməkan icması üçün prinsiplər barədə birgə bəyanatın tərtibi kimi strateji məsələlərin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Tədbir çərçivəsində treninqlər, məsləhət xidmətləri və geoməkan məlumatlarının yaxşı idarəolunmasının təşviqi ilə ölkələrin bacarıqlarının inkişafı əsaslı şəkildə dəstəklənmişdir.
Əhəmiyyətli məqamlardan biri də ondan ibarətdir ki, tədbir bütün dünyada əlçatan olacaq daha ardıcıl məkan mövqeləndirməsini təmin edən dayanıqlı qlobal geodeziya istinad platforması üçün bir fundament təqdim etmişdir. Bu, olduqca vacibdir, çünki dəqiq mövqeləndirmə mülki tikinti və nəqliyyatdan, dayanıqlı inkişaf və fövqəladə halların idarəolunmasına kimi insan həyatının faktik olaraq bütün aspektlərində tətbiq olunur.
Qeyd edək ki, 2015-ci ilin “Xəritə ili” elan olunması barədə Beynəlxalq Kartoqrafiya Assosiasiyasının təklifi iştirakçılar tərəfindən dəstəklənib.
- Sessiya ilə yanaşı, daha hansı tədbirlərdə iştirak etdiniz?
- Ekspertlər Komitəsinin sessiyası ilə yanaşı, bir sıra digər önəmli tədbirlər də təşkil olunmuşdu. Bunlardan ən mühümü Statistik və Geoməkan İnformasiyasının inteqrasiyası üzrə Qlobal Forum idi. Forumun sessiyadan öncə 4-5 avqust tarixlərində təşkil edilməsi geoməkan və statistika qurumlarının mümkün qədər geniş spektrini bir yerə toplamaq məqsədi daşıyırdı.
Məlumdur ki, müasir dövrdə dövlət və özəl sektorlarda qərarların qəbulu proseslərində istinad kimi istifadə olunan informasiyaların başlıca təminatçıları geoməkan və statistika mütəxəssisləridir. Milli və qlobal çağırış və problemlərin mürəkkəbliyinin artması ilə müvafiq proseslərin iqtisadi, sosial və ətraf mühiti əhatə edən tərkib hissələri arasında qarşılıqlı əlaqələrin dərk edilməsi zərurəti həlledici amilə çevrilir. Hazırkı qlobal cəmiyyətdə qərarların qəbul edildiyi əsasların uyğunluğunun artırılması üçün geoməkan informasiyası və statistik informasiyanın əlaqələndirilməsinin dəyəri və zəruriliyi aşkar şəkildə qəbul olunur. Rastlaşdığımız başlıca çağırış isə bu inteqrasiyaya səmərəli və ardıcıl yolla nail olmağın ən uğurlu üsulunu müəyyənləşdirməkdir.
BMT-nin Statistika Komissiyası və Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsi geoməkan və statistika informasiyasının milli və qlobal səviyyədə idarə olunması və səmərəli inteqrasiyası sahəsində çağırışların cavablandırılması zərurətini qəbul edərək bu sahədə həllərin tapılması məqsədilə əməkdaşlıq etməyə razılaşıblar. Onlar ən yaxşı təcrübələrin yayılması, inkişaf etdirilməsi, statistika və geoməkan mütəxəssisləri icmalarını bir yerə toplamağın yolu kimi beynəlxalq konfransın (Forumun) təşkili, statistik və geoməkan informasiyasının inteqrasiyası üçün qlobal standart olaraq statistika-məkan platformasının yaradılması işinin dəstəklənməsi məqsədilə Statistik və Geoməkan İnformasiyasının İnteqrasiyası üzrə Ekspert Qrupunun yaradılması barədə razılığa gəliblər.
Forumun əsas məqsədləri statistik və geoməkan informasiyasının inteqrasiyası üzrə ümumi təsəvvürün formalaşdırılması, “Post-2015” İnkişaf Gündəliyi kimi informasiya müzakirələrində birgə yanaşmaya nail olunması, texniki imkanların inkişafı üçün istiqamətin birgə müəyyənləşdirilməsi, statistik geoməkan platforması mexanizminin zəruriliyinin dəstəklənməsi idi. Forumda müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərlərinin də daxil oduğu 150-dən artıq nümayəndə iştirak edirdi və başlıca müzakirələr BMT-nin Statistika və Geoməkan İnformasiyasının İnteqrasiyası üzrə Ekspert Qrupu tərəfindən hazırlanmış “Qlobal coğrafi təsnifləşdirmə və geokodlaşdırma təcrübələri” adlı əsas sənəd ətrafında cərəyan etmişdir. Sənəd əsasən aşağıdakı məsələlərin tədqiqinə həsr olunmuşdu: müvafiq platformaların istifadəsi Milli Məkan Məlumatları İnfrastrukturu və Avropada INSPIRE direktivlerinin tələbləri və spesifik statistik məkan platformalarına malik ölkələrin sayı ilə məhdudlaşır;
statistik vahidlərin qeydiyyatı verilənlərinin geokodlaşdırılmasında istifadə olunan əsas metod sadalama coğrafiyasıdır, lakin bu metod çox ənənəvi metoddur və verilənlərin nəşrinin faydalılığını sadalama və səpilmə ərazilərinin birləşdirilməsi ilə məhdudlaşdıra bilər;
GPS və buna bənzər texnologiyalar vasitəsilə birbaşa çəkiliş məxsusən inkişaf edən ölkələrdə daha geniş yayılmaqdadır və görünür ki, digər metodları qabaqlayır. Ölkələrin əksərriyyəti statistik məlumatların paylaşılması üçün dövlət ərazi vahidləri sərhədlərindən istifadə edir.
Nümayəndə heyətimiz Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəflərini Forum iştirakçılarının diqqətinə çatdıraraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm alətlərdən biri kimi geoməkan və statistika məlumatlarının inteqrasiyasını xüsusi vurğulayıb, bu istiqamətdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan işlər barədə müfəssəl məlumat verib. Bununla yanaşı, Forum iştirakçıları interaktiv xəritə interfeysi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanaraq qurumun geoserverində yerləşdirilmiş Regionların İnkişafı Analitik İnformasiya Sistemi barədə məlumatlandırılıblar. Forum iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan Milli Məkan Məlumatları İnfrastrukturunun prototipi kimi nəzərdə tutulan bu sistem orqanlararası mübadiləyə əsaslanaraq fundamental bir platforma kimi daha da genişləndiriləcək.
Forum çərçivəsində hazırda həmin sistem üçün suvarılan torpaqların uçotuna dair hazırlanan yeni modul barədə fikir mübadiləsi aparılıb. Tədbirdə bir çox ölkələrin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən, geoməkan və statistik informasiyanın inteqrasiyası sahəsində görülmüş işlər məmnunluqla qarşılanıb, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu xüsusi vurğulanıb.
- Qlobal səviyyədə xəritəçəkmənin vəziyyəti müzakirə edildimi?
- İclas çərçivəsində daha bir önəmli tədbir - Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitənin 21-ci iclası təşkil olunub. Azərbaycan nümayəndə heyəti həmin tədbirdə müşahidəçi kimi iştirak edib.
Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitəyə BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin katibliyinin keçmiş rəhbəri, uzun müddət BMT strukturlarında önəmli vəzifə daşımış, sinqapurlu professor Pol Şonq prezident seçildikdən sonra qurumun fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır.
Rəhbər Komitənin budəfəki iclasında Qlobal Xəritəçəkmə informasiyasının yaradılması və istifadəsi üzrə strateji müzakirələr aparılıb. Müzakirələrdə ayrı-ayrı ölkələrin nümunəsi təqdim edilib, beynəlxalq və regional təşkilatların, həmçinin, xəritəçəkmə sahəsində nüfuzlu şirkətlərin təqdimatları dinlənilib. Xəritəçəkmənin paradiqmasının dəyişdiyi xüsusi vurğulanıb, müasir dövrdə xəritəçəkmə fəaliyyətinin zirvəsi olan milli məkan məlumatları infrastrukturlarının ümumi xarakteristikaları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda qlobal xəritədən istifadəçi kimi qeydə alınmış şəxslərin sayı 40-a yaxındır. Azərbaycanın müvafiq məlumatları ötən dövr ərzində 200 dəfədən artıq yüklənərək istifadə olunmuşdur.
Vurğulanıb ki, Qlobal Xəritə bütün Yer kürəsinin quru sahəsini 1 kilometr ayırdetmə ilə örtən tematik verilənlər toplusudur. Hər bir tematik lay ictimaiyyət tərəfindən kompüter vasitəsilə asanlıqla əldə edilə bilən rəqəmsal formatda nəşr olunur. Onun məzmunu adi 1:1000000 miqyasda xəritəyə ekvivalentdir. Müvafiq geoməkan məlumatları yığımları yüksəkliklər, bitki örtüyü, torpaq örtüyü, torpaq istifadəçiliyi, nəqliyyat, drenaj sistemləri, sərhədlər və məskunlaşma mərkəzləri kimi laylardan ibarətdir. Bu məlumatlar təxminən 5 ildən bir yenilənir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq 10 ildən çoxdur ki, bu təşkilatla əməkdaşlıq edir.
2012-ci il oktyabrın 5-də Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitənin rəsmi saytında Azərbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilib. Bütün istifadəçilərin Azərbaycanın açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılıb. Nəqliyyat, torpaq örtüyü və sosial yönümlü məkansal məlumatları özündə ehtiva edən 5-dən artıq elektron təbəqəli bu qlobal coğrafi informasiya sisteminin bundan sonra da təkmilləşdirilməsi gözlənilir. Azərbaycan, həmçinin, təqdim etdiyi məkansal məlumatlardan istifadə dinamikası və məqsədləri barədə müfəssəl statistik məlumatlar da əldə edir.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2011-ci il tarixli Fərmanı ilə nəşr edilən “Azərbaycan Respublikasının Milli Atlası” nümayiş etdirildi.
-
Hansı regional təsisatların iclaslarında iştirak
etdiniz?
- Ekspertlər Komitəsinin iclası ilə paralel regional
təsisatların da məsləhətləşmələri
keçirilirdi. Belə məsləhətləşmələrdən
biri adıçəkilən Ekspert Komitəsinin Avropa regional
bölməsinin yaradılması ilə bağlı təşkil
edilmişdir. Yeni qlobal tarazlaşma proseslərində
xüsusi geosiyasi çəkiyə malik olan Avropa
İttifaqı ilə Cənubi Qafqaz geosiyasi məkanında
sürətlə regional liderdən qlobal əməkdaşlıq
müstəvisində əhəmiyyətli mövqeyə malik
ölkəyə çevrilməkdə olan Azərbaycan
Respublikasının əlaqələrinin genişlənməsi
böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi də öz fəaliyyətində
Avropanın müvafiq qurumları ilə əlaqələrin
qurulmasına xüsusi önəm verir. Belə ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin razılığına
əsasən Avropada milli xəritəçəkmə və
kadastr agentliklərinin assosiasiyası olan “EuroGeographics”in fəaliyyət
istiqamətinə Azərbaycan Respublikasında yeganə
dövlət orqanı kimi Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin fəaliyyət istiqaməti uyğun olduğundan,
komitə adıçəkilən Assosiasiyada ölkəmizi təmsil
edir. Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi “EuroGeographics”in Baş Assambleyalarında, biliklər
mübadiləsi şəbəkələrinin iclaslarında
yaxından iştirak edir. BMT-nin Qlobal Geoməkan
Məlumatlarının İdarəolunması üzrə
Ekspertlər Komitəsi (UN-GGIM) özünün regional
bölmələrinin inkişafına xüsusi önəm
verir və Avropada da belə bir qurumun yaradılması
yaxın günlərdə yekunlaşmalıdır.
Avropadan olan üzv ölkələrin nümayəndələrinin
iştirakı ilə keçirilən məsləhətləşmələrdə
UN-GGIM:Europe-un ilk plenar iclasının
keçiriləcəyi yer və zaman, həmçinin, iclasa
hazırlıq və onun gündəliyi müzakirə
olunmuşdur. Həmçinin, təşkilati məsələlərlə
bağlı yaradılmış 3 işçi qrupun
hesabatı dinlənilmişdir.
“EuroGeographics”dən fərqli olaraq, yeni yaradılacaq
qurumda hər bir ölkəni yalnız bir təşkilat təmsil
etməlidir.
Ekspertlər
Komitəsinin iclasının son günündə Azərbaycan
nümayəndə heyəti, həmçinin, Asiya və Sakit
Okean üçün Geoməkan İnformasiyasının
İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin
İcraçı Şurasının məsləhətləşmələrində
iştirak edib.
Qeyd edək
ki, 2012-ci il noyabrın 1-də Tailand
Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit
Okean üzrə Regional Kartoqrafik Konfransında mən
adıçəkilən Şuraya üzv seçilmişəm.
Tədbirdə Regional Komitənin növbəti
plenar iclasının gündəliyi və digər məsələlər
nəzərdən keçirilib.
Növbəti plenar iclasda Azərbaycan nümayəndə
heyətinin ölkəmizdə geoməkan məlumatlarının
idarəolunması sahəsində bacarıqların
inkişafı mövzusunda məruzə ilə
çıxış edəcəyi qərara alınıb.
- Deyilənlərdən
belə aydın olur ki, Milli Məkan Məlumatları
İnfrastrukturu artıq xəritəçəkmənin yeni
paradiqması kimi özünü təsdiq etmişdir. Milli Məkan Məlumatları İnfrastrukturunun
yaradılması istiqamətində ölkəmizdə nə
kimi işlər görülür və
planlaşdırılır?
- BMT-nin
Qlobal Geoməkan Məlumatlarının İdarəolunması
üzrə Ekspertlər Komitəsinin işində iştirak
edən Azərbaycan Respublikasının BMT yanında daimi
nümayəndəsi Yaşar Əliyev bildirib ki, Azərbaycanın
xəritəçəkmə və Qlobal Forumda müzakirə
edilən başqa məsələlər üzrə artıq əhəmiyyətli
nailiyyətləri və geniş təcrübəsi
vardır. O qeyd edib ki, Azərbaycanın bu cür tədbirlərdə
iştirak etməsi vacibdir və respublikamız bu sahədə
təcrübəsini bölüşərək digər
ölkələrin də bu sahədə inkişaf etməsinə
dair öz töhfəsini verir.
Bu baxımdan Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin Milli Məkan Məlumatları İnfrastrukturunun
yaradılması ilə əlaqədar həyata keçirdiyi
ardıcıl və dünya təcrübəsinə əsaslanan
tədbirlər elmi cəhətdən əsaslandırılmış
nəticənin əldə olunmasına yönəlib.
Məlumdur ki, Milli Məkan Məlumatları
İnfrastrukturu - iqtisadiyyatın müxtəlif sahələrində,
o cümlədən, kənd təsərrüfatında, torpaq
idarəçiliyi sahəsində idarəetmə qərarlarının
dəstəklənməsi üçün yaradılan
informasiya mühitinin əsasını təşkil edən
standartlar, sistemlər və prinsiplərdir.
MMMİ-nin
qurulması məqsədilə Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsinin 06.06.12-ci il
tarixli 051 nömrəli və Azərbaycan Respublikasının
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
04.06.12-ci il tarixli 129 nömrəli əmri ilə
“Torpaqların qiymətləndirilməsi və coğrafi
informasiya/Geomatika” üzrə Texniki Komitə (TK11)
yaradılmış, Azərbaycanın ISO/TC 211-də təmsilçiliyi
təmin olunmuş və ölkəmizdə müvafiq beynəlxalq
standartların, həmçinin, INSPIRE Direktivlərinin tətbiqi
istiqamətində işlərə başlanmışdır.
AZS QOST 22268-2012 “Geodeziya. Terminlər
və təriflər”, AZS QOST R 51605-2013 “Rəqəmsal
topoqrafik xəritələr. Ümumi tələblər”,
AZS QOST R 21830-2013 “Geodeziya alətləri. Terminlər
və təriflər”, AZS QOST R 52438-2013 “Coğrafi informasiya
sistemləri. Terminlər və təriflər”
dövlət standartları təsdiq edilmiş, “Baza məkan məlumatları”,
“Metaməlumatlar” və digər standartlar təsdiq olunmaq
üçün təqdim edilmişdir.
Milli Məkan Məlumatları İnfrastrukturunu müəyyən
mənada Elektron Milli Atlas kimi də təqdim etmək olar. Kağız
versiyadan fərqli olaraq, elektron versiya daim yenilənə bilir.
Hər bir orqan öz məkan məlumatlarını
zaman-zaman yeniləyərək daxil edir, müxtəlif
orqanaların məlumatları olan xəritələri kəsişdirmək
mümkündür, mündəricat elektron olduğundan
axtarış da olduqca sadə həyata keçirilə bilir.
Müvafiq sistemlərin ilk qaranquşu olan yuxarıda qeyd
etdiyimiz İnteraktiv xəritə interfeysi, Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsi tərəfindən
hazırlanaraq qurumun geoserverində yerləşdirilmiş
Regionların İnkişafı Analitik İnformasiya Sistemi
hazırda daha da təkmilləşdirilir.
Dünyanın 120-dən artıq ölkəsində
artıq Milli Məkan Məlumatları İnfrastrukturu ilə
bağlı işlər aparılır və bununla əlaqədar
geniş səlahiyyətlərə malik bir neçə
dövlət orqanını əhatə edən müvafiq
koordinasiya şuraları yaradılıb. Prinsiplərin
hazırlanması ilə məhz bu koordinasiya şuraları məşğul
olur. Beləliklə, ümumi tövsiyələr
BMT və müvafiq orqanların ekspertləri tərəfindən
təqdim olunur, onların icrası isə üzv ölkələrin
Nazirlər Kabineti tərəfindən müvafiq koordinasiya
qurumları vasitəsilə həyata keçirilir. Ölkəmizdə də müvafiq koordinasiya
qurumunun yaradılması ilə bağlı təkliflər
hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edilmişdir. Nəzərə
almaq lazımdır ki, Geo-xidmətlərin istifadəsi
zamanı meydana çıxan təhlükələrin
başlıcası odur ki, ayrı-ayrılıqda istifadəsinə
məhdudiyyət qoyulmayan məkan məlumatları toplu
halında ölkənin müdafiəsi və təhlükəsizliyi
üçün böyük təhdid daşıya bilər.
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi hökumət strukturu olaraq, fundamental geoməkan
informasiya əsasının keyfiyyətinin təminatı və
zəmanətində mühüm rol oynamaqda davam edəcək,
həmçinin, başlıca strukturların
qorunmasının təmin olunması üçün zəruri
olan prinsip və mexanizmlər üzərində nəzarətini
gücləndirəcək. “Elektron-hökumət” həllərinin
tətbiqi ilə bağlı qanunvericilik təşəbbüslərində
geoməkan məlumatlarının idarəolunmasına
geniş yer ayrılması ilə bağlı əlaqədar
orqanlarla fikir mübadiləsi aparırıq. Müvafiq məsələlərin
geniş təşviqi ilə bağlı tədbirlər
planı üzərində işləyirik. Bu işlərdə
geniş ictimaiyyətin və mətbuatın da
yardımına ümid edirik.
Yeni
Azərbaycan.-2014.- 27 avqust.- S. 5.