Binəqədi rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və perspektivlər
Avtobusumuz nəqliyyat axınının
intensiv olduğu küçədən çıxıb
çox da sərt olmayan enişə doğru istiqamət
götürəndə yolboyu mənzərə tamam dəyişdi. Sərnişinlər
avtobusun pəncərələrindən gah sağa, gah da sola
baxaraq göz önündə hər bir neçə metrdən
sonra dəyişən təbiət mənzərələrini
bir-birlərinə nişan verərək
heyranlıqlarını ifadə edirdilər. Yamyaşıl
təpələr, çəmənliklər, dekorativ çəpərlər,
səliqə ilə sıralanan alçaq və hündür
ağaclar, al-əlvan güllüklər bir-birini əvəzləyirdi.
Hər şey o qədər səliqəli idi, o qədər
zövq oxşayırdı ki, adamın gözlə
gördüklərinə, bütün bunların canlı təbiət
lövhələri olduğuna inanmağı gəlmirdi...
Söhbət şimal istiqamətindən
paytaxtımıza gələn yolun Binəqədi rayonunun ərazisindən
keçən hissəsinin sağ-solundan gedir. Burada qısa müddətdə genişmiqyaslı
quruculuq-abadlıq işləri həyata keçirilib, magistral
yolun kənarı simasını tamam dəyişib. Həm də belə göz oxşayan, insana sonsuz
sevinc və rahatlıq bəxş edən gözəl mənzərələrə
yalnız haqqında bəhs olunan ünvanda deyil, rayonun əksər
küçələrində, mikrorayonlarında, məhəllələrində
də rast gəlmək olar. Rayonun ərazisini gəzərkən
yaranan təəssüratları belə ümumiləşdirmək
mümkündür: Prezident İlham Əliyevin Azərbaycanı
müasir ölkəyə çevirməklə bağlı
qarşıya qoyduğu hədəflərin uğurla
reallaşdırıldığını Binəqədinin
timsalında aydın görmək mümkündür. Əlamətdar haldır ki, son illərdə Binəqədi
rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
icrasına start verilən bir sıra sosial məzmunlu innovativ
layihələr bütün respublika miqyasında böyük
maraqla qarşılanıb.
Binəqədi rayonu üçün il
ildən uğurlu gəlir
Qeyd edək ki, inzibati-ərazi vahidi kimi Binəqədi
rayonunun özünəməxsus xüsusiyyətləri var.
169,38 kvadratkilometr ərazini əhatə edən
rayonun əhalisinin sayı 400 min nəfərə
yaxındır. Rayonun inzibati ərazisində 5 qəsəbə
(Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28
May), 4 mikrorayon var. Burada, eyni zamanda, 7 və 8-ci
mikrorayonların, Dərnəgül yaşayış sahəsinin
ərazi hüdudlarını əhatə edən 1 saylı
Sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu
mikrorayonların ərazi hüdudlarını əhatə edən
2 saylı Sahə inzibati ərazi dairəsi təşkil
olunub. Rayonda 5 bələdiyyə fəaliyyət
göstərir.
İnzibati-ərazi vahidi kimi özünəməxsusluğuna
və kifayət qədər geniş təsərrüfata
malik olmasına baxmayaraq, rayon rəhbərliyi Binəqədinin
zəngin potensialını ümumi inkişafa yönəltməyi
bacarır. Son dövrləri xarakterizə
edən sosial-iqtisadi inkişaf dinamikasının müqayisəsini
apardıqda Binəqədi rayonu üçün ilin ildən
uğurlu gəldiyi aydın görünür. Bu cəhətdən
2014-cü il də istisna deyil. Cari ilin arxada qalan üç rübü ərzində
rayonda sosial-iqtisadi sahədə inkişaf dinamikası ötən
ilin eyni dövrü ilə müqayisədə daha yüksək
olub. Belə ki, 2014-cü ilin yanvar-sentyabr aylarında
rayon üzrə 171 milyon 410 min manatlıq və ya keçən
ilin müvafiq dövründən 27,9 faiz
çox sənaye məhsulu istehsal edilib və müxtəlif
xidmətlər göstərilib. Haqqında bəhs olunan
dövrdə müxtəlif maliyyə mənbələrindən
əsas kapitala 138 milyon 802 min manat məbləğində
investisiya yönəldilib ki, bunun da 105 milyon 870 min manatı
tikinti-quraşdırma işlərinə sərf edilib. Rayon rəhbərliyi ölkədə davamlı
olaraq həyata keçirilən sosial məzmunlu siyasətə
uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsini
daim nəzarətdə saxlayır. Cari ilin
9 ayı ərzində rayonda 1827 ailəyə ünvanlı
sosial yardım təyin edilib. Ümumiyyətlə,
hazırda rayon üzrə 2559 ailə və ya 10200 nəfər
ünvanlı sosial yardım alır. Binəqədi
rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən
260 nəfər tək ahıl vətəndaşa və əlilə
xidmət göstərilir. Rayon ərazisində
məskunlaşan 14689 məcburi köçkün ailəsinin
sosial-məişət problemlərinin həlli də daim diqqət
mərkəzində saxlanılır.
Son illərdə Binəqədi rayonunun sosial-iqtisadi
inkişafından söhbət açarkən Prezident
İlham Əliyevin 2014-cü il 17 yanvar
tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş
“2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı” çərçivəsində
görülən işlərin əhəmiyyətini
ayrıca vurğulamaq lazımdır. Sözügedən
Dövlət Proqramında Binəqədi rayonunda 40 tədbirin
reallaşdırılması nəzərdə tutulub. Rayon ərazisində sözügedən Dövlət
Proqramı çərçivəsində Stend
Atıcılığı üzrə İdman Kompleksinin
sökülərək yenidən qurulması və dağ
velosipedi yarışları üçün veloparkın
tikintisi uğurla davam etdirilir. Cari ildə Dövlət
Proqramına uyğun olaraq əsaslı təmir aparılan 157
və 298 saylı orta məktəblər ən müasir
avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində
şagirdlərin istifadəsinə verilib. Əlamətdar
haldır ki, Prezident İlham Əliyev rayondakı 115 və 282
saylı orta məktəblərin əsaslı təmir və
yenidənqurmadan sonrakı vəziyyəti ilə şəxsən
tanış olub.
Rayon intensiv şəkildə abadlaşdırılır,
qəsəbələrdə, mikrorayonlarda abad məhəllələr
yaradılır, memarlıq və şəhərsalma
intizamı möhkəmləndirilir
Son illərdə Binəqədi rayonu
quruculuq-abadlıq meydanına çevrilib, desək, əsl həqiqəti
ifadə etmiş olarıq. Mərhələli və
planlı şəkildə həyata keçirilən
abadlıq-quruculuq işləri çərçivəsində
rayonun qəsəbələrarası və məhəllədaxili
yollarında, mərkəzi prospektlərdə,
yaşayış binalarının fasad və dam örtüklərində,
park və meydanlarda, həmçinin, digər infrastruktur sahələrində
yenidənqurma və əsaslı təmir aparılıb və
bu istiqamətdə işlər indi də davam etdirilir. Məsələn,
Binəqədi, Sulutəpə, Xocasən, 28 May və Biləcəri
qəsəbələrində məhəllədaxili
yolların böyük hissəsi asfaltlanıb, yol kənarları
abadlaşdırılıb. Cari ilin üç rübü ərzində
rayonun abadlaşdırılmış ərazilərində
178 ədəd yeni işıq dirəyi
quraşdırılıb, müxtəlif ünvanlarda 8 939 ədəd
ağac, 285 435 ədəd gül çiçək və kol
bitkiləri əkilib, 74 126 kvadratmetr çəmənlik
salınıb.
Sakinlərin rahatlığı və
istirahəti nöqteyi-nəzərindən rayon ərazisində
yaradılan nümunəvi məhəllələrin əhəmiyyətini
xüsusi vurğulamaq istərdik. Artıq
rayonda sakinlər onlarca belə nümunəvi məhəllənin
üstünlüklərindən bəhrələnirlər.
Belə məhəllələr yaradılarkən
bir qayda olaraq sakinlərin istəyi və təklifləri nəzərə
alınır. Nümunəvi məhəllələrdə
şəhər parklarına xas olan bütün rahatlıqlar
yaradılır. Abad məhəllələrdə
qonşuluqda yaşayan sakinlər birgə istirahət edirlər
ki, bu da onların bir-birləri ilə daha sıx ünsiyyət
qurmaları ilə nəticələnir.
Rayonda intensiv həyata keçirilən
abadlıq-quruculuq işləri ilə paralel surətdə,
memarlıq-şəhərsalma intizamının gözlənilməsinə
də ciddi diqqət yetirilir. Qəsəbələrdə
və mikrorayonlarda qanunsuz, küçə və
meydanların ümumi memarlıq ansanblına xələl gətirən
tikililərin qarşısı qətiyyətlə alınır.
Tam cəsarətlə demək olar ki, hazırda
Binəqədi rayonu paytaxtımızda pərakandə ticarətin
ən nümunəvi qaydada təşkil olunduğu inzibati-ərazi
vahidlərindəndir.
Rayonda “Təmiz Binəqədi” layihəsi uğurla
reallaşdırılır
Binəqədi rayon İcra Hakimiyyəti
daim sakinlər tərəfindən böyük rəğbətlə
qarşılanan sosial təşəbbüslərlə
çıxış edir. İcrasına cari il iyulun 1-dən start verilən “Təmiz Binəqədi”
sosial layihəsi belə təşəbbüslərdəndir.
Layihə gələn ilin yayında paytaxtımızda
keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələsində
Binəqədi rayonunun küçə və prospektləri
boyunca binaların memarlıq görkəmini daha da
yaxşılaşdırmaq, qəsəbələrdə və
mikrorayonlarda, məhəllələrdə və istirahət
guşələrində aparılan təmizlik-abadlıq
işlərini intensiv şəkildə davam etdirmək məqsədilə
irəli sürülüb. Layihədə diqqəti
çəkən əsas məqam isə burada nəzərdə
tutulan tədbirlərin reallaşdırılmasına
bütövlükdə rayon ictimaiyyətinin cəlb edilməsi
ilə bağlıdır.
Layihə çərçivəsində
paytaxtımız, eləcə də Binəqədi rayonu
üçün çox böyük əhəmiyyət kəsb
edən bir sıra tədbirlər nəzərdə tutulub. “Ən təmiz
obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi
səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb”,
“Ən təmiz fərdi ev”, “Polietilensiz gün” və digər
müsabiqələr “Təmiz Binəqədi” layihəsinin son
dərəcə geniş sosial məzmun kəsb etdiyini təsdiqləyir.
Layihə çərçivəsində
keçirilən “Ən Təmiz Mənzil-Kommunal İstismar
Sahəsi” müsabiqəsinə oktyabrın 1-də yekun
vurulub. Müsabiqədə rayondakı mənzil-kommunal
istismar sahələrinin əməkdaşları və sakinlər
fəal iştirak ediblər. Ciddi rəqabət
şəraitində keçən müsabiqədə 8-ci
mikrorayonda yerləşən 1 saylı mənzil- kommunal
istismar sahəsinin kollektivi qalib adını qazanıb. Müsabiqədə II yerə 7-ci mikrorayonda yerləşən
80 saylı, III yerə isə 9-cu mikrorayondakı 95 saylı
MKİS layiq görülüb. Layihə
çərçivəsində keçirilən “Ən təmiz
bağ” müsabiqəsində isə 9-cu mikrorayon, Adil Məmmədov
küçəsi-69 ünvanında yeni salınan məhəllədaxili
istirahət parkı qalib olub. “Təmiz Binəqədi”
layihəsi çərçivəsində “Polietilensiz
gün” devizi altında rayonda keçirilən aksiya da
geniş populyarlıq qazanıb. Təmizlik
aksiyası rayonun bütün ərazisini əhatə edib.
Sosial aksiya zamanı ərazilər plastik
qablardan və digər tullantılardan təmizlənib, toplanan
tullantılar təkrar emala göndərilib.
Layihə çərçivəsində
nəzərdə tutulan bir sıra digər müsabiqələr
hələ davam edir. Ümumiyyətlə, layihə
çərçivəsində indiyədək hər həftənin
şənbə günləri qəsəbə və
mikrorayonların ərazisində 54 ünvanda iməciliklər
keçirilib və bu iməciliklərə 1905 nəfər
sakin qatılıb.
Binəqədi rayonunda innovativ idarəçilik metodunun
tətbiqinə “yaşıl işıq” yandırılıb
Binəqədi rayonunda vətəndaş
məmnunluğunu təmin etməyə hesablanan innovativ idarəçilik
metoduna “yaşıl işıq” yandırılıb. Rayonda elektron informasiya köşklərinin təqdimatı
deyilənlərin təsdiqidir. Rayon
İcra Hakimiyyətində 2013-cü ilin əvvəlindən
etibarən sakinlərlə daha operativ əlaqələr
qurulmasını təmin etmək məqsədilə
“1646”-sakinlərin müraciət xidməti yaradılıb.
Ötən müddət ərzində rayon
sakinləri tərəfindən bu xidmətə on minlərlə
müraciət daxil olub. Rayon ərazisində müxtəlif
ünvanlarda quraşdırılan elektron informasiya
köşkləri vasitəsilə sakinlər rayon İcra
Hakimiyyəti başçısının, onun müavinlərinin,
aparatın şöbə müdirlərinin qəbul günlərinin
cədvəli, İcra Hakimiyyəti
başçısının ərazilərdə
keçirdiyi səyyar görüşlər, ərizə
formalarının nümunələri və sənədlərin
siyahısı barədə məlumat ala bilərlər. Rayon ərazisində sakinlər üçün
elektron qaydada müraciət imkanlarının
yaradılması vətəndaş-məmur münasibətlərində
şəffaflığın təmin olunmasında,
süründürməçiliyin, korrupsiya və vəzifədən
sui-istifadə hallarının aradan qaldırılmasında
mühüm vasitədir. Qeyd edək ki, cari ilin oktyabr
ayı ərzində sakinlərin müraciət xidməti-“1646”-ya
3850 zəng daxil olub və onlardan 3388 zəng müvafiq qaydada
cavablandırılıb.
Mübariz
ABDULLAYEV,
“Binəqədi
rayon İcra Hakimiyyəti
və
Azərbaycan Respublikasının
Prezidenti
yanında Kütləvi
İnforamasiya
Vasitələrinin
İnkişafına
Dövlət Dəstəyi
Fondunun
birgə keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”
Yeni Azərbaycan.- 2014.- 3 dekabr.- S.11.