Təhsilin inkişaf strategiyası
və Bakı Dövlət
Universiteti
BDU-95
Zəngin və dəyərli tarixə malik olan Bakı
Dövlət Universiteti (BDU) ziyalılığın, elmin, mədəniyyətin
inkişafında və gənc nəslin müasir tələblər
səviyyəsində təhsil almasında rolu olan ən
qabaqcıl təhsil ocağı kimi 95 il müddətində
respublikamızın regionlarının yüksək
ixtisaslı mütəxəssislərə olan
ehtiyaclarının ödənilməsi baxımından
mühüm nailiyyətlər əldə etmişdir. BDU Azərbaycan
Respublikasının ali məktəblər
ailəsinin inkişaf etmiş üzvüdür. Ümummilli
liderimiz Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti”
adlandırdığı Bakı Dövlət Universiteti elm, təhsil,
ictimai fikir və mədəniyyət mərkəzi kimi
böyük bir ailənin simvolu hesab edilir. Öz
adını təhsil tarixində əbədiləşdirəndən
universitet respublikamızda ziyalı nəslinin, elmin, milli
düşüncənin formalaşmasında, beynəlxalq
nüfuzumuzun yüksəlməsində misilsiz xidmətlər
göstərmişdir. Fəaliyyət istiqamətinə,
xarakterinə görə Bakı Dövlət Universiteti
möhkəm milli əsaslara malik olan, dövlətçilik
yönlü, Avropa meyilli ali məktəbdir.
Quruluş, struktur etibarilə o, klassik ali məktəbdir.
Bu təhsil ocağı Azərbaycanda əhatəli maddi
bazası, normal kampusu olan ali təhsil
müəssisəsidir.
Bakı Dövlət Universitetində təhsilin
inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı
ilə bağlıdır. Böyük
öndər hər zaman Bakı Dövlət Universitetinin hərtərəfli
inkişafına böyük qayğı və diqqət
göstərmişdir. Bu gün də həmin
qayğı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məhz elmə və təhsilə göstərilən bu
dövlət qayğısının və diqqətin nəticəsidir
ki, Bakı Dövlət Universiteti ali məktəblərin
flaqmanına çevrilmişdir. Aparılan məqsədyönlü
və əhatəli işin, həyata keçirilən kompleks
sistemli tədbirlərin nəticəsidir ki, universitet son illərdə
təlimin müvəffəqiyyət və keyfiyyət göstəricilərinə
görə dünya ali məktəbləri
sırasında fərqləndirici yerlərdən birini tutur,
respublika ali məktəbləri arasında isə ön
sırada yerini qorumaqdadır. Təhsilin
inkişafının diqqətdə saxlanılması bu istiqamətdə
həyata keçirilən inkişaf proqramının - “Azərbaycanın
mövcud iqtisadi potensialının intellektual sərvətə
- insan kapitalına çevrilməsinin əsas strateji kurs kimi”
elan edilməsi imkanını doğurmuşdu.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev çıxışlarında dəfələrlə
vurğulamışdır ki, biz gələcəyimizi neft
amili üzərində qura bilmərik. Çünki bu, təbii resursdur və 50 ildən,
100 ildən sonra tükənə bilər. Ölkə iqtisadiyyatı tükənməz sərvəti
olan elm üzərində qurulmalıdır. Respublikada “qara qızılı” insan kapitalına
çevirməyin vaxtı gəlib çatmışdır.
Bu çağırışın əsasında Azərbaycanda
güclü, intellektual bazanın, müasir biliklərə əsaslanan
yeniləşmiş ali məktəblərin
iş strukturu dayanır. Bu baxımdan da,
dünya elm və təhsilinə inteqrasiya məqsədlərini
əsas götürən Dövlət proqramları qəbul
edilmiş, bu məqsədə çatmaq üçün
atılan addımlar ardıcıl xarakter almışdır.
Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası” da bu sahədə qəbul edilmiş tarixi qərarlardan
biridir.
Azərbaycan Respublikasının
inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli
bilik və bacarıqların verilməsi məqsədilə təhsil
sisteminin institusional əsaslarının, infrastrukturunun və
insan resurslarının inkişaf etdirilməsi bu mühüm
dövlət sənədinin əsas məqsədi kimi elan
edilmişdir.
Strategiyada milli təhsilimizin inkişafına nail ola biləcək beş strateji istiqamət
göstərilmişdir. Bakı Dövlət
Universiteti işini strategiyanın istiqamətlərinə cavab
verə biləcək səviyyədə sistemləşdirmişdir.
Birinci istiqamət səriştəyə əsaslanan
şəxsiyyətyönlü təhsil məzmununun
yaradılması ilə bağlıdır. Bu istiqamət bilavasitə həyati bacarıq və
vərdişlərə üstünlük verilməsi ilə
fərqlənir. Burada insanın gələcək
həyat fəaliyyətində lazım olacaq praktik bacarıq
və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə
bağlı qabiliyyətlərinin formalaşması ön
plana çəkilir. Bakı Dövlət
Universitetində şəxsiyyətyönlü təhsil
interaktiv məzmunu ilə seçilir. Fənlərin
aydınlaşdırılması, məzmunun seçilməsində
şəxsiyyətin formalaşdırılması prinsipi əsas
götürülür və bilavasitə tələbənin
şəxsi fəaliyyəti üçün lazım olan tələblər
diqqətdə saxlanılır. İnteraktiv
məzmunun hazırlanması üçün onun bir neçə
cəhətdən keyfiyyətinin yüksəldilməsini zəruri
sayır. Bu mənada universitetdə fəaliyyət
göstərən 17 fakültə fənlərin
inteqrasiyasına əməl etməklə yaxın fənlərin
sintezinə nail olur. Fənlərin
inteqrasiyası onların sayının azalması ilə şərtlənir.
Bu proses də tələbələrdə həyat
üçün zəruri olan bilik və bacarıqların
formalaşmasına kömək edir. Universitet
özünütəhsil yolu ilə biliklərə yiyələnmənin
ən optimal formalarından olan fərdi işə
üstünlük verir. Boloniya prosesinin zərurətindən
yaranan fərdi iş bu gün təhsil strategiyasının
istiqamətini müəyyən edən amillərdən
sayılır. Bunun üçün universitet tələbələrlə
fərdi işin səmərəliliyinə, onların
yaradıcı düşüncələrinə önəm
verir.
Bakı Dövlət Universiteti elm və təhsilə
yeni yanaşmaların, innovasiyaların tətbiqinin zəruriliyini
nəzərə alaraq yeni inkişaf proqramı
hazırlamış və onu həyata keçirməyin
istiqamətini müəyyənləşdirmişdir. Bu inkişaf proqramı səriştəli təhsil
verənlərə, yeni texnologiyalara əsaslanan infrastruktura
malik olmaq, keyfiyyət göstəriciləri və əhatəliliyinə
görə dünya ölkələri sırasında
lazımi yer tutmaq məqsədi güdmüşdür.
Tələbələrin referat
mövzuları ilə çıxışları, debatlarda
iştirakları, müxtəlif kurslarda məruzələri
universitet rəhbərliyinin diqqətindən kənarda
qalmadığından onun səmərəliliyi
üçün böyük imkanlar yaratmışdır.
Təcrübə göstərir ki, bu
gün elmi innovasiyaların daha intensiv şəkildə tətbiq
olunmasında, geniş tədqiqatların aparılmasında
önəmli rol oynayan Bakı Dövlət Universiteti
böyük nüfuz qazana bilmişdir. Universitetdə güclü elmi məktəblər
yaranmış, onun maddi-texniki bazası gücləndirilmişdir.
Tələbələrin təhsillərə,
dünya təhsil təcrübəsinə yiyələnmələri
üçün hər cür şərait
yaradılmışdır. Bu, yaxşı
müəllim, qüsursuz dərslik və düzgün tədris
prosesi deməkdir. Universitetdə kadr
hazırlığı problemi mühüm məsələlərdən
birinə çevrilmişdir. Onların
hazırlanmaları ilə universitetin reytinqi yüksək olan
aparıcı müəllimləri məşğul olurlar.
Universitet dünya təcrübəsinə yiyələnmək
imkanı olan, müasirliyi görməyi bacaran gənc
kadrları işə qəbul etməklə öz tərkibini
cavanlaşdırmışdır. Yeni fəaliyyətə
başlayan gənc kadrlar təcrübəli müəllimlərin
himayəsinə verilir. Yeni nəsil ilə
yaşlı nəsil arasında yaranan ünsiyyət humanist məzmun
daşımağa yönəlmişdir. Təsadüfi
deyildir ki, bu gün universitetdə sağlam müəllim-tələbə,
müəllim-müəllim, müəllim-tələbə və
universitet rəhbərliyi ünsiyyəti hökm sürür.
Fikirlərin bölüşməsi, arzu və
maraqların ifadəsi üçün universitetlə əlaqəni
təmin edən açıq qapı günləri
mövcuddur. Bu da Bakı Dövlət
Universitetinin açıq universitetlər sırasında
olduğu fikrini söyləməyə imkan verir.
Bununla bərabər, universitetdə tədris
olunan nəzəri biliklərlə yanaşı, praktik
bacarıq və vərdişlərin yaradılması da diqqətdə
saxlanılır. Tələbələrin
dünyagörüşünün zənginləşdirilməsi,
auditoriyalarda əldə edilən biliklərin praktik bacarıq
və vərdişlərlə möhkəmləndirilməsi
üçün onların çöl tədqiqat işləri
və baza tədris məktəbləri də müəyyən
edilmişdir. Bakıdan 200 kilometrədək kənarda,
Qubada tədris-təcrübə mərkəzinin istifadəyə
verilməsi universitetin virtual ali məktəblərdən
olduğunu təsdiq edir. 450 nəfər tələbənin
təcrübə keçdiyi təcrübə mərkəzi
müasir laboratoriyalarla təchiz edilmişdir. Bununla bərabər,
universitetdə yaradılan Beynəlxalq Elmi Araşdırmalar,
Nano araşdırmalar, İnformasiya texnologiyaları, Karyera,
Koreya, ABAY, Rus mərkəzləri, o cümlədən,
Altıağac tədris-təcrübə mərkəzi elmin,
təhsilin inkişafına yönəldilmişdir. Humanitar və təbiət fakültələri
üzrə yaradılan laboratoriyalar təhsilin, elmin
inkişafına xidmət edir. Elmi-tədqiqat,
tədris, Azərbaycanşünaslıq, ETM,
İslamşünaslıq, “İnkişaf-respublika EPM”
laboratoriyalarının müasir tələblər
baxımından qurulması da universitetdə tədrisin
inkişafının sürətlənməsindən soraq
verir. Bu da tələbələrin, magistr
və doktorantların tədqiqatlar aparmaq imkanlarını
xeyli yüngülləşdirir.
Elmi innovasiyaların təhsil mühitinə
transferi son dərəcə zəruri amildir. Bakı Dövlət Universiteti dövlət
strategiyasında göstərilmiş bu məsələnin
yerinə yetirilməsində öndədir. Əvvəla, təhsili elmi innovasiyalar əsasında
gərəkli elmi istiqamətlərdə təşkil etmək
universitetin vəzifələrindən birinə
çevrilmişdir. Universitetin prioritet
istiqamətlərə uyğun yeni laboratoriya və mərkəzlərin
açılmasına verdiyi diqqət bu məqsədi
güdmüşdür. Psixologiya, fəlsəfə,
sosiologiya, sosial iş laboratoriya və mərkəzləri bu qəbildəndir.
Kimya, fizika, biologiya fakültələrində
mövcud laboratoriyalar dünya standartlarına
uyğunlaşdırılmışdır. Alınan avadanlıqlar tələbələrin tədqiqatlar
aparmasına, ixtisaslaşmasına böyük köməklik
göstərir. Universitet bütün fakültələrin
imkanları və istiqamətlərini nəzərə alaraq tələbələrin
praktik iş üslubunu yeniləşdirmiş,
qazanılmış bilikləri öz daxilində tətbiq etmək
mühiti yaratmışdır. Jurnalistika
fakültəsində ABŞ səfirliyi ilə birlikdə
yaradılmaqda olan televiziya studiyası buna nümunədir.
Universitetin dünya ölkələri ilə
qurduğu işlər nəinki təhsilin, eyni zamanda, elmin
inkişafına da əsaslı təsir göstərmişdir.
Rumıniyanın qabaqcıl elm mərkəzləri
ilə BDU arasında nanotexnologiya sahəsində aparılan
müştərək işlər onun tərkib hissələrindən
biridir. Müasir avadanlıqlarla təchiz
olunmuş bu mərkəzdə qısa zamanda
nanoquruluşların alınması, diaqnostikası, fiziki-kimyəvi
nailiyyətlərin əldə edilməsi işi sürətlə
irəliləyir. Universitet gündən-günə
modernləşir. O, innovasion ali məktəblər
modelinə çevrilmək istiqamətində bütün
vasitələrdən istifadə edir. Belə ki, tələbələrin
dərslərinin əsasən müasir texniki avadanlıqlarla
təchiz edilmiş elmi laboratoriyalarda, kabinələrdə
keçməsi, onların hər birinin kompüter
otaqlarında fərdi internetə qoşula bilməsi,
yaradıcı qabiliyyətlərinin universitet tərəfindən
dəyərləndirilməsi bu ali tədris
ocağının yeniliyə doğru irəlilədiyinin bir
daha sübutudur. Təhsil sahəsində idarəetmə
islahatlarının başlıca istiqamətlərini təhsil
prosesinin iştirakçıları arasında münasibətlər
sistemi, eləcə də tənzimləmə
orqanlarının funksiya və səlahiyyətlərinin dəqiq
müəyyən olunması, təhsilin nəticələrinə
görə cavabdehliyinin artırılması, fəaliyyətin
monitorinq və qiymətləndirilməsi, təhsil keyfiyyətini
ötən göstəricilər sisteminin təkmilləşdirilməsi
və s. təşkil edir.
Strategiyanın ikinci istiqaməti təhsil
sahəsində insan resurslarının müasirləşdirilməsidir. Son illərdə
universitetdə müəllimlərin əlavə təhsil sahəsində
modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti
yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə
alan yeni modelin tətbiqinə
başlanmış, fəal interaktiv təlim texnologiyaları
təcrübədən keçirilmişdir.
Təbiidir ki, yeni təlim
metodlarının tətbiqini, təhsilin məzmununun səmərəli
mənimsənilməsini təmin etməyi bacarmayan müəllimlə
təhsil sahəsində heç bir yenilik yaratmaq olmaz. Bakı
Dövlət Universiteti peşəkar səviyyənin daim
yüksəlməsinə, yeni avadanlıqlarla tanış
olmaq və onun sirlərinə yiyələnmək
üçün hər cür şərait
yaratmışdır. Bu gün Bakı Dövlət
Universitetinin müəllimləri dünya təcrübəsinə
yiyələnmək, biliyin inteqrasiyası baxımından da
irəlidədirlər. Universitet alimlərinin
xarici ölkələrdə keçirilən beynəlxalq elmi
konfranslardakı məruzələri bu təhsil
ocağının səriştəli və peşəkar
müəllim kadrlarının hazırlığına önəm
verdiyini göstərir. Universitet alimləri
İngiltərə, Fransa, İtaliya, Rusiya, Türkiyə,
Gürcüstan, Şimali Kipr Respublikasında
keçirilmiş simpoziumlarda elmi nəticələrlə
çıxış etmişlər. Universitet
təhsil mühitinin çağdaş tələblər səviyyəsində
qurulmasına yönələn tədbirlərdən biri də
xarici ölkələrin qabaqcıl təhsil ocaqları ilə
qarşılıqlı əlaqələridir. Hazırda Universitet dünyanın 50-dən çox
aparıcı universitetləri ilə ikitərəfli əlaqələr
yaratmışdır. Bu sıraya Rusiyanın Moskva
Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq
Əlaqələr İnstitutu, Sankt-Peterburq Dövlət
Universiteti, Rusiya Dövlət Humanitar Universiteti, Həştərxan
Dövlət Universiteti, Türkiyənin Ankara Universiteti, Gazi
Universiteti, Fırat Universiteti, Süleyman Dəmirəl
Universiteti, Gebze Yüksək Universiteti, İstanbul Aydın
Universiteti, Yıldız Texnik Universiteti, Bilkənd Universiteti,
Rumıniyanın Avidos Universiteti, Buxarest Universiteti,
Almaniyanın Azad Berlin Universiteti, Bon Universiteti, ABŞ-ın
Minnesota Dulut Universiteti, İndiana Universiteti, Cekson Dövlət
Universiteti, Fransanın Sarbona Universiteti, III İnalko
Universiteti, Qrenobol Universiteti, Varşava Universiteti, Tiflis
Dövlət Universiteti, Belorus Dövlət Universiteti, Afina
Milli Kapodistrian Universiteti, Dotentsk Dövlət Universiteti,
Koreyanın Sanlin Universiteti, Pay-Çay Universiteti,
Albaniyanın Epoka Universiteti və s. daxildir. Bu
universitetlərlə əməkdaşlıq müqavilələri
əsasında namizədlik və doktorluq dissertasiyalarına
birgə rəhbərlik, tədris təcrübəsinin, birgə
elmi konfrans və simpoziumların təşkili, tələbə
və müəllim mübadiləsi, elmi informasiya mübadiləsi,
elmi kitabxanalar arasında əməkdaşlıq həyata
keçirilir. Bütün bu faktlar
çağdaş mərhələnin təhsil
uğurları sırasındadır.
Son illər Universitet alimləri təhsilin,
elmin müxtəlif sahələri üzrə “mobillik qrant”
layihələri üzrə tədqiqatlar aparır və
müsabiqələrdə iştirak edirlər. Kimya, fizika, biologiya, tətbiqi-riyaziyyat sahəsində
qrant layihələri universitetin uğurlu sahələrindəndir.
Universitetin rektoru akad. Abel Məhərrəmov
müəllimlər arasında bilik rəqabəti yaratmaq
üçün öz üzərində işləyən,
yeniliyi görən və onu auditoriyaya köçürməyi
bacaran pedaqoqların əməyini
stimullaşdırmağı vacib saymışdır. Müəllim əməyinə verilən bu diqqət
onların fəallığının artırılmasına
səbəb olmuşdur. Akademik Məhərrəmov təhsilin,
tədrisin, proqram və dərsliklərin yeniləşməsində
rolu olan Tədris-Metod Şuranın fəaliyyətinə də
böyük dəyər verməsi və onların əməyinin
stimullaşdırılması ilə də universiteti digər
ali məktəblərdən fərqləndirə
bilmişdir.
Üçüncü strateji istiqamət
təhsildə nəticələrə görə cavabdeh,
şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılmasıdır. Xalq pedaqogikasında qeyd
edilir ki, güclü rəhbəri olan ölkə əyilməzdir.
Bu fikri ali məktəbə də şamil
etmək yerinə düşər. Güclü idarəçilik
qabiliyyətinə malik olan ali məktəb
rəhbəri onu daim yüksəklərə
qaldıracaqdır. Bakı Dövlət Universitetinin rəhbəri
də idarəçilik qabiliyyətinin yüksəkliyi sayəsində
onun hərtərəfli yeniləşməsinə nail
olmuşdur. Auditoriyaların divarlarının, stul, stol, parta və lövhələrinin rəngi
gigiyenik və pedaqoji tələblərə uyğun
qurulmuş, universitetə yeni ruh, abu-hava gətirilmişdir,
estetik görünüşü ilə tələbələrin
estetik tərbiyəsinə işıq salmışdır.
Universitetin 3 onmərtəbəli, 1
dördmərtəbəli tədris korpuslarında 20 minədək
tələbə təhsil alır. 1500-ə yaxın
professor-müəllim heyəti olan bu qocaman ali məktəbdə
ictimai təşkilatlar mərkəzi, yüksək Avropa
standartlarına cavab verən elektron kartateka, müalicə-tibb
korpusu, olimpiya tipli örtülü idman zalı, böyük
və minifutbol meydançaları; tələbələrin və
müəllimlərin təcrübə və istirahətini təmin
edən Xızı düşərgəsi, faydalı
qazıntılar, Təkamül təlimi, arxeologiya, Velosiped
idmanı, universitet tarix, diyarşünaslıq, geologiya muzeyləri
öz məzmununu və estetik gözəlliyini bir daha zənginləşdirmiş,
ona gözoxşayan ruh verilmişdir. Bütün
bunlar universitet rektorunun təşkilatçılıq və
idarəçilik qabiliyyətindən yaranan prosesdir.
Bakı Dövlət Universiteti təhsil nəticələri
ilə də seçilən ali məktəbdir.
Nəticəyə yönəlmiş təhsil təlim
prosesinin mahiyyətini təşkil edən son nəticəni
görməyə imkan verir. Təlimin nəticələri
müxtəlifdir: ümumi nəticələr, xüsusi nəticələr.
Bu nəticələr həm məzmunu müəyyənləşdirmək,
həm də qiymətləndirmə aparmaq baxımından əhəmiyyət
daşıyır.
Universitet təlimin təşkilinin yeni
formalarından istifadə edilməsi, açıq dərslərə
diqqətin artırılması, imtahanlarda yazılı
monitorinqlərin təşkili, imtahanların şəffaf
aparılması istiqamətində də güclü mexanizmə
malikdir. İmtahanların və dərslərin
aparılması və nəticələri ilə bağlı
tələbələrin arzu və istəklərini öyrənməyə
və nəzərə almağa xidmət edən qərargahın
yaradılması idarəetmə sisteminin səmərəli
qurulmasını göstərir.
Universitet kadrların rəqabət
mühitində hazırlanmasına həssaslıqla
yanaşır.
Universitetdə beynəlxalq əlaqələrin
genişləndirilməsi üçün müəllimlərin
xaricdə ixtisasartırmada iştirak etmələri, eyni
zamanda, beynəlxalq elmi-nəzəri və praktik
konfransların keçirilməsinə böyük önəm
verilir. Digər bir ümdə məsələ
ikili diplomların verilməsi ilə bağlıdır. Universitet bu problemin həyata keçirilməsində
də öndədir. İkili diplom təhsil
ocaqlarının vahid tədris-təlim proqramlarına malik
olması deməkdir. Tədris proqramlarını bir
müstəviyə gətirmək, qlobal düşüncəyə
uyğunlaşdırmaq məqsədi güdən Türkiyə
və Almaniya universitetləri ilə birgə ali
təhsilin magistratura və bakalavriat səviyyələri
üzrə ikili diplomların verilməsi artıq qüvvəyə
minmişdir.
Bakı Dövlət Universitetində
ingilis dilli qrupların yaradılması da qlobal elm-təhsil
mühitinə inteqrasiyadan soraq verir. Bütün
fakültələrdə ingilis dilli qruplar fəaliyyət
göstərir. Bu fənləri tədris edə biləcək
müəllimlərin bilik səviyyəsi, təcrübi,
sosial biliklər baxımından inteqrasiya imkanları
respublikanın ali məktəblərinin
ixtisaslı müəllimlərindən ibarət yaradılmış
komissiya vasitəsilə uğurla sınaqdan
keçirilmişdir.
Dövlət strategiyasının
dördüncü istiqaməti müasir tələblərə
uyğun və ömür boyu təhsili təmin edən təhsil
infrastrukturunun yaradılmasından ibarətdir. Ali məktəbdə qazanılan biliyin möhkəmləndirilməsinə,
genişləndirilməsinə və inteqrasiyasına nail olmaq
üçün ömür boyu təhsil zərurət
doğurur. Bu baxımdan da universitet məzunlarının
qalıq biliklərin daşıyıcısı olaraq həyatda
çətinliklərdən çıxmaq, özünə
yol açmaq imkanı yaranır. Qalıq
biliklər isə güclü texnoloji bacarıqla əldə
edilir. Bakı Dövlət Universiteti
qalıq biliklərə yiyələnmək üçün
informasiya texnologiyalarının tətbiqinə geniş yer
verir.
Son on ilə yaxın bir dövrdə
universitetdə informasiya-kommunikasiya texnologiyaları sahəsində
böyük inkişaf yolu keçilmiş, bu sahədə
qabaqcıl dünya təcrübəsi və yeni texnologiyalar
universitetin müxtəlif qurumlarındakı fəaliyyət
sahələrinə tətbiq olunmuşdur. Bu gün universitetdə 3000-dən çox
kompüter vardır. Universitetin 18
fakültəsinə daxil olan kafedraların hər birinə
3-4 kompüter təqdim olunmuşdur. Bu,
respublikamızın ali məktəbləri
ilə müqayisədə fəxr olunacaq yüksək
göstəricidir. Universitetdə 50-dən
artıq kompüter sinfi tələbələrin ixtiyarına
verilmişdir. Həmçinin universitetdə
informasiya texnologiyaları mərkəzi və
informasiya-kommunikasiya texnologiyaları şöbəsi
yaradılmışdır. Tələbələr,
müəllimlər, doktorantlar üçün İREX
elektron katoloq, Heydər Əliyev Mərkəzinin internetə
qoşulmuş kompüter zalları fəaliyyət göstərir.
Milli ideologiyanın, müstəqillik düşüncəsinin,
siyasi mədəniyyətin daha dərindən mənimsədilməsi
baxımından “universitet daxilində universitet”
adlandırılmağa layiq olan Heydər Əliyev Mərkəzinin
yaradılması da tələbə və müəllimlərdə
elmi düşüncəsinin formalaşması məqsədini
güdmüşdür. Bu vaxtadək
keçirilmiş yüzlərlə məşğələdə
Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin
müxtəlif istiqamətlərinə həsr olunmuş məruzələr
dinlənilmiş, dahi öndər haqqında
yazılmış kitabların təqdimatı və
müzakirəsi keçirilmişdir. “Heydər
Əliyev Universiteti” sözün əsl mənasında, milli
dövlətçilik ideologiyası məktəbinə
çevrilmişdir. Bu universitetin məşğələlərində
Azərbaycanın elm və təhsil xadimləri ilə
yanaşı, xarici ölkələrin tanınmış alimlərinin
və dövlət nümayəndələrinin məruzə
və çıxışları təmin edilmiş, Heydər
Əliyevin çoxcəhətli fəaliyyəti və parlaq
şəxsiyyəti ilə bağlı beynəlxalq birliyin bir
daha məlumatlandırılması ön plana çəkilmişdir.
Ümumiyyətlə, hər il Bakı
Dövlət Universitetində bir çox elmi tədbirlər,
o cümlədən, bir neçə beynəlxalq simpozium,
konfrans və s. keçirilir.
Universitet əməkdaşlarının əsərləri
ilə zənginləşdirilən kitabxana da günün tələblərinə
cavab verir. Respublika alimlərinin
hazırladıqları dərslik, dərs vəsaitləri,
metodik ədəbiyyatlar nüsxələri ilə fond daha da zənginləşdirilmiş,
məlumat-biblioqrafiya işinin
yaxşılaşdırılması istiqamətində bir
sıra tədbirlər həyata keçirilmişdir. Kitabxananın fondunu Azərbaycan, rus və xarici dillərdə
çap olunmuş, nadir və müstəsna əhəmiyyətli
nəsr əsərləri, elmi ədəbiyyatlar təşkil
etmişdir. Tələbə və müəllimlərə
xidmət işində mütərəqqi üsullar tətbiq
edilmiş, universitet kitabxanasının strukturu təkmilləşdirilmiş,
yeni “Avtomatlaşdırma və mübadilə” şöbəsi
yaradılmış, həmçinin müasir kompüter
texnologiyası ilə təchiz edilmiş elektron katoloqun əsası
qoyulmuşdur. Oxuculara xidmət işində
müasir informasiya texnologiyalarından, o cümlədən,
internet şəbəkəsindən istifadə edilməsində
müəyyən nailiyyətlər
qazanılmışdır. Respublika Prezidenti
çıxışlarının birində demişdir: “Bizim
gənc nəslimiz bilikli, dünyaya açıq
olmalıdır, dünyada gedən proseslərə bələd
olmalıdır, izləməlidir. Ən
qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz
bu istiqamətdə davam etməlidir. Dünyada
uğur qazanmış, inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq, görərik ki, o
inkişafın, tərəqqinin əsas səbəbləri təbii
ehtiyatlar deyil, yaxud da hansısa başqa iqtisadi nailiyyətlər
deyildir. Məhz bilik, məhz savad, yeni
texnologiyalar - bunlar ölkəyə uğur, rifah gətirir,
inkişaf, müasirlik gətirir”.
Bakı Dövlət
Universiteti bu gün müasir texnologiyanı universitetə
köçürmüş, inkişaf etmiş ölkələr
səviyyəsinə yüksələ bilmişdir.
Beşinci strateji
istiqamət isə Azərbaycan Respublikasında iqtisadi cəhətdən
dayanıqlı və dünyanın aparıcı sistemlərinin
standartları ilə eyni səviyyəyə uyğun təhsil
sisteminin maliyyələşdirilməsi modelinin
qurulmasıdır. Bu istiqamət, o cümlədən,
müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili
maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə,
təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə
keçidi, ödənişli təhsil xidmətlərinin
göstərilməsinin dəstəklənməsini və
Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə
tutur. Bu istiqamətlər üzrə nəzərdə tutulan
vəzifələrin icrası da müasirlik baxımından əhəmiyyətlidir.
Fərəhli haldır ki, təhsilin maliyyələşdirilməsində
muxtariyyət və müstəqillik Bakı Dövlət
Universitetinə verilmişdir. Bu sahədə də universitet
ali məktəblərin flaqmanıdır.
Elmin, təhsilin
inkişafı istiqamətində irəliləyən
universitet 100 illik yubileyi ərəfəsində dünya ali məktəbləri
sırasında daha yüksəkdə dayanacaqdır.
Ləzifə Qasımova
BDU-nun Pedaqogika
kafedrasının müdiri, professor
Yeni
Azərbaycan.- 2014.- 3 dekabr.- S.10.