Azərbaycan türkdilli ölkələrlə fəal əməkdaşlıq edir

 

Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının Sosial,

mədəni və humanitar məsələlər komissiyasının IV iclası keçirilib

 

Xəbər verildiyi kimi, dekabrın 2-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının IV iclası keçirilib. Toplantıda Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğız respublikaları parlamentlərinin deputatları, diplomatlar, TürkPA katibliyinin əməkdaşları, TÜRKSOY-un, Türk Şurasının, Beynəlxalq Türk Akademiyasının, Türk Dünyası Bələdiyyələr Birliyinin, Manas Qırğız-Türk Universitetinin, Ahmed Yesevi Qazax-Türk Universitetinin təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər.

İclası Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova açaraq komissiyanın səmərəli fəaliyyət göstərdiyini, müzakirəyə çıxarılmış məsələnin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacağını qeyd edib.

Azərbaycan parlamentinin rəhbərliyi adından qonaqları salamlayan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvü Nizami Cəfərov altı il öncə yaradılmış qurumun keçdiyi inkişaf yolundan söz açaraq bildirib ki, TürkPA ötən müddətdə hər baxımdan kifayət qədər güclənib, beynəlxalq miqyasda nüfuz qazanıb. Eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən dost və qardaş xalqların parlament məclisi ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə öz töhfələrini verir. Bu gün TürkPA-nın bir sıra nüfuzlu qurumları, Beynəlxalq Türk Akademiyası kimi intellektual beyin mərkəzi var.

Hazırkı dövrdə TürkPA məkanında informasiya mübadiləsinin böyük əhəmiyyətini qeyd edən Nizami Cəfərov vurğulayıb ki, əlaqələrimizin daha da genişlənməsi üçün ortaq telekanalın qurulması, üzv ölkələrdən hər birində fəaliyyət göstərən televiziya kanallarında Türk dünyasından bəhs edən verilişlərin hazırlanması və s. kimi elmi-kütləvi, mədəni tədbirlərin həyata keçirilməsi vacibdir.

Qurumun coğrafiyasına toxunan Nizami Cəfərov Özbəkistan və Türkmənistanın, eləcə də Başqırdıstan, Tatarıstan kimi digər türkdilli respublikaların TürkPA-ya qoşulmasının arzulandığını dilə gətirib.

Sonra komissiyanın üzvləri TürkPA-nın üzv dövlətləri arasında məlumat axınının gücləndirilməsinə dair hesabat məruzəsinin və müvafiq tövsiyə qərarının layihələrini, həmçinin, təşkilati məsələləri əhatə edən gündəliyi təsdiqləyiblər.

Gündəliyin qəbulundan sonra Qazaxıstan parlamentinin deputatı Aldan Smayl “TürkPA-ya üzv dövlətlər arasında məlumat axınının gücləndirilməsinə dair hesabat məruzəsi”ni təqdim edib.

Sonra Türk Şurasının layihə direktoru Zamin Əliyev məlumat axının gücləndirilməsi istiqamətində Şuranın fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, cari ilin iyun ayında Türk Dünyası Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən “Ortaq Türk Telekanalı”nın yaradılması təşəbbüsü irəli sürülüb. Bu ilin oktyabr ayında isə koordinasiya qrupunun iclasında kanalın yaradılması barədə qərar qəbul olunub. Telekanalın həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərməsi, “Al Jazira”, “Euronews” kimi beynəlxalq status daşıması nəzərdə tutulur.

Sonra TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Cəfərli qurumun son 20 il ərzində gördüyü işlər barədə məlumat verib.

İclasda çıxış edən Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinin rəhbəri, Türk Dünyası Bələdiyyələri Birliyinin həmsədri Mehdi Səlimzadə üzv dövlətlərin yerli özünüidarəetmə orqanları arasında mövcud əlaqələrdən söhbət açıb. O, qeyd edib ki, qloballaşan dünyada türk dövlətləri arasında sosial, mədəni, humanitar inkişafın formalaşması, məlumat axınının gücləndirilməsi olduqca vacib və əhəmiyyətlidir.

Komissiyada Manas Qırğız-Türk Universitetinin nümayəndəsi Murat Sadullah Çebi, Ahmed Yesevi Qazax-Türk Universitetinin nümayəndəsi Mehmet Kutalmış mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

Sonra qurumun prosedur qaydalarına uyğun olaraq TürkPA-ya üzv dövlətlər arasında məlumat axınının gücləndirilməsinə dair tövsiyə qərarı qəbul edilib. Komissiyanın 5-ci iclasının yeri və vaxtı təyin olunub. Bildirilib ki, gələn ilin ikinci yarısında Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan toplantı “TürkPA-ya üzv dövlətlər arasında ekoloji fəlakət və böhranın idarə olunması sahəsində əməkdaşlıq” mövzusuna həsr olunacaq.

Ümumiyyətlə, Azərbaycan dövləti türkdilli ölkələrlə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq ikitərəfli olmaqla yanaşı, müxtəlif təşkilatlar çərçivəsində də həyata keçirilir. Yeri gəlmişkən, TürkPA ilə yanaşı, türk dövlətlərinin və xalqlarının yaratdığı qurumlar var ki, onların çərçivəsində də əlaqələr genişlənir. Belə təşkilatlardan biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır (TDƏŞ). Xatırladaq ki, ötən ilin avqust ayında Qəbələ şəhərində Şuranın III Zirvə toplantısı keçirilib. Toplantıya Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan respublikalarının dövlət başçıları, xarici işlər nazirləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, digər qurumların rəhbərləri və rəsmi şəxslər qatılıblar. Zirvə çərçivəsində keçirilən görüşlərdə ortaq maraq kəsb edən məsələlər müzakirə olunub, əməkdaşlığın yeni perspektivləri müəyyən olunub.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təməli 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşündə qoyulub. Müasir qloballaşma şəraitində Avrasiya coğrafiyasında geniş məkanı əhatə edən türkdilli dövlətlərin bir-birilə əlaqələri genişləndirməsi mühüm əhəmiyyət daşıyır. Xüsusən, bu əməkdaşlıq iqtisadi sahədə qlobal problemlər fonunda türkdilli dövlətlərin sürətli inkişafına kömək edə bilər. Müsbət haldır ki, son illərdə türkdilli dövlətlər müxtəlif istiqamətlərdə əməkdaşlığa daha böyük maraq göstərirlər. Bu əməkdaşlıqda Azərbaycanın özünəməxsus yeri və rolu var. Türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin müxtəlif sferalarda inkişafına TÜRKSOY, TürkPA, Türk Akademiyası da xidmət göstərir.

Bildiyimiz kimi, 2012-ci ilin avqustunda Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə görüşünün ən mühüm nəticələrindən biri qurumun rəsmi bayrağının qəbul edilməsi oldu. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət bayraqlarındakı elementlərin əks olunduğu ortaq bayraq türkdilli dövlətlərin birliyinin simvoludur və türkdilli dövlətlərin birliyinin və əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycan türkdilli ölkələrin dövlət başçılarının 1992-ci ildən keçirilən zirvə toplantılarında, nazirlər səviyyəsində keçirilən görüşlərdə və TDƏŞ-in sammitlərində fəal iştirak edir. Ortaq etnik, mədəni xüsusiyyətlərə malik olan türkdilli dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi bütün tərəflərin siyasi, mədəni, eləcə də, iqtisadi maraqlarına uyğundur.

Son illərdə türkdilli dövlətlər müxtəlif istiqamətlər, o cümlədən, iqtisadi sahədə birgə əməkdaşlığa böyük maraq göstərirlər. Bunun üçün geniş imkanlar da mövcuddur. Onu da xatırladaq ki, 2012-ci ildə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin II görüşü keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektorunu təmsil edən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə üzv ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün müxtəlif təkliflər irəli sürülüb. Bunlardan biri Türkdilli Ölkələrin İnkişaf Fondunun yaradılması və Fondun qərargahının Bakıda yerləşməsi ilə bağlıdır. Digər bir təklif qarşılıqlı investisiyaların inkişafına dəstək məqsədilə Şuraya üzv ölkələr çərçivəsində İnvestisiya Agentliyinin yaradılması olub.

Görüşdə, həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələr arasında nəqliyyat sektorunda əlaqələrin yaxşılaşdırılması, milli iqtisadiyyatların diversifikasiyası, qarşılıqlı investisiyalar və digər ölkələrdən investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.

TDƏŞ-in Zirvə toplantıları üzv dövlətlər qarşısında yeni əməkdaşlıq imkanları yaradır. Xatırladaq ki, qurumun II Zirvə toplantısının uğurlarından biri tranzit dəmir yolunun inşası ilə əlaqədar ortaq razılığın əldə olunması idi. Belə ki, sammitdə Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Qırğızıstan-Çin dəmir yolu layihəsi üçün protokol imzalanıb. Bu müqavilə ilə türkdilli dövlətlərin əməkdaşlığının bütöv bir region üçün önəmi daha da artıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirlərinin görüşündə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Bişkek şəhərində keçirilən II Zirvə görüşü zamanı imzalanmış sənədlərin Azərbaycan parlamentində ratifikasiyasının, demək olar ki, yekunlaşdığını bildirib.

Azərbaycanın da yaxından dəstəklədiyi türkdilli dövlətlər arasında iqtisadi münasibətlərin genişləndirilməsi gələcəyə hesablanan düşünülmüş qərardır. Bunun həyata keçirilməsi üçün lazım olan şərait də mövcuddur. Belə ki, Şuraya daxil olan dövlətlər geniş iqtisadi potensiala malik olan və inkişaf edən ölkələrdir. Bu ölkələrin iqtisadiyyatı əsas etibarilə xarici investisiyalar üçün açıqdır və hökumətlər də bunda maraqlıdır. Türkdilli dövlətlərin iqtisadiyyatının inkişaf etmiş sferalarının müxtəlifliyi ən çox tələb olunan məhsulların qarşılıqlı ticarət və mal mübadiləsi şəraitində təmin edilməsinə imkan verir.

Digər tərəfdən, coğrafi amillər də bu dövlətlərin əməkdaşlıq istəklərinə uyğundur. Belə ki, türkdilli ölkələrin əsasən bir zolaq üzərində yerləşməsi, ən əsası isə Qərblə Şərqi, Avropa ilə Asiyanı birləşdirən İpək Yolu layihəsi - TRASEKA-nın bu dövlətlərin üzərindən keçməsi mühüm iqtisadi dividendlər vəd edir. Tikintisi başa çatmaq üzrə olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti də bu məsələdə olduqca faydalı olacaq. Yenicə imzalanan Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Qırğızıstan-Çin dəmir yolu layihəsi isə Asiya ilə Avropanı birləşdirəcək daha qısa tranzit yolunun yaradılmasına imkan verəcək. BTQ-nin də bu layihənin tərkib hissəsi olacağını güman etmək olar.

Eynilə, enerji sahəsində də əlaqələri genişləndirmək üçün imkanlar mövcuddur. Bu məsələdə də Azərbaycan aparıcı rola malikdir. Ölkəmizin iştirakı ilə bu günədək enerji təchizatı və daşınması üzrə uğurlu işlər görülüb. Azərbaycanla Türkiyənin enerji sahəsində yaratdığı möhkəm əlaqələrin Mərkəzi Asiyadakı türk dövlətləri ilə qurulması istiqamətində də işlər həyata keçirilir. Bildiyimiz kimi, Qazaxıstan Xəzər dənizində tankerlər vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə qoşulub. Yaxın gələcəkdə reallaşacaq TANAP və TAP qaz kəməri layihələrində əsas təchizatçı olan Azərbaycan tranzit ölkə kimi də Orta Asiya qazının Avropaya çıxarılmasına töhfə verə bilər. Azərbaycanın fəal iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün Xəzər, Aralıq dənizi və Qara dəniz hövzələrini iqtisadi baxımdan bir-birinə daha sıx birləşdirib. Türkdilli dövlətlərin iqtisadi əlaqələri gücləndirməsi bütövlükdə Avropa ilə Asiyanı möhkəm iqtisadi tellərlə bağlayır, Avrasiya regionunda qarşılıqlı əməkdaşlıq və etimad mühitini möhkəmləndirir.

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2014.- 4 dekabr.- S.16.