Qaradağ rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və perspektivlər
“Müasir Bakı: Gələcəyin
başlandığı şəhər”. Məşhur
ukraynalı fotoqraf və səyyah Aleksandr Çebanın
paytaxtımız haqqında təqdimatı bu ifadələrdə
öz əksini tapıb. Koreya Respublikasında
nəşr olunan nüfuzlu “İmazine” jurnalında isə
paytaxtımız oxucularına orta əsrlərə aid gözəl
qalaları, küçələri ilə tanınan, həmçinin
çoxlu sayda hündür müasir binaları olan əsl
Avropa şəhəri kimi təqdim olunub. “Moskovski
komsomolets” qəzetinin müxbiri Janna Qolubitskayaya görə isə
Bakı Şərq ilə Qərbin heyrətamiz və
çox uğurlu sintezidir. Əlbəttə,
paytaxtımız Bakı haqqında bu qəbildən olan
gözəl ifadələrin sayını kifayət qədər
artırmaq olar. Çünki Bakı
paytaxtımıza qonaq gələn hər kəsi özünə
valeh edir. Bakıda olub, bu qədim, eyni
zamanda, müasir şəhəri sevməmək, ona heyran
olmamaq mümkün deyil. Və Bakı
dünyadakı bugünkü imicini və statusunu çox yox,
cəmi bir neçə ildə qazanıb. Bakı həm
də simvoldur: Azərbaycan dövlətinin inkişaf simvolu.
Qaradağ rayonu Azərbaycanın güclü sənaye
mərkəzinə çevrilir
Şübhə yoxdur ki, Azərbaycanın,
o cümlədən, paytaxt Bakının inkişafı həyata
keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
uğurla reallaşdırılan regionların sosial-iqtisadi
inkişafı üzrə Dövlət proqramları, həmçinin,
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının uğurla icrası paytaxtımızda və
onun rayonlarında sıçrayışlı inkişafı
şərtləndirib. Paytaxtın ən
böyük rayonu olan Qaradağ rayonu da son illərdə
böyük inkişaf yolu keçib. Kifayət
qədər geniş sənaye potensialı olan rayonun iqtisadi
göstəriciləri də qarşıya qoyulan hədəflərin
uğurla reallaşdırıldığını və
Qaradağın ölkəmizin dinamik inkişafında öz
üzərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gəldiyini göstərir. Məqsədyönlü
tədbirlər nəticəsində Qaradağ artıq
respublikanın mühüm sənaye mərkəzlərindən
birinə çevrilib. Heç də təsadüfi
deyil ki, Prezident İlham Əliyev də Qaradağ
rayonundakı inkişafı yüksək qiymətləndirib,
bu işlərin davamı üçün lazımi dəstəyin
göstəriləcəyini bildirib. Dövlətimizin
başçısı qeyd edib ki, Qaradağ rayonunun iqtisadi və
sənaye inkişafı sürətli gedir: “Qaradağ rayonu Azərbaycanın
güclü sənaye mərkəzinə çevrilir. Burada
yaradılan müəssisələr və tikilməkdə
olan zavodlar rayonun iqtisadi gücünü artıracaq, yeni
iş yerlərinin açılmasına gətirib
çıxaracaqdır”.
Qaradağ rayonunun statistik göstəriciləri kifayət
qədər yüksəkdir
Dövlətimizin
başçısının da vurğuladığı kimi,
Qaradağ rayonunda görülən işlər rayonun iqtisadi
gücünün artırılmasında öz ifadəsini
tapıb. Elə bu səbəbdəndir
ki, Qaradağ rayonunun statistik göstəriciləri kifayət
qədər yüksəkdir. Qaradağ rayon İcra
Hakimiyyəti başçısının müavini Elnur
Qurbanov deyib ki, ötən doqquz ayın yekunlarına əsasən
rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447,0
milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7
milyon manat olub. Onun sözlərinə görə,
sosial-iqtisadi sahələrin inkişafı üçün
bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib.
İstifadə olunmuş vəsaitin 312,3
milyon manatı tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinə sərf olunub: “İqtisadiyyatın
aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi
müəssisələrində 430,0 min ton xam neft və 653,3
milyon kubmetr təbii qaz hasil olunub. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı
istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin
həcmi 1,7 milyon manat təşkil edib. Pərakəndə
əmtəə dövriyyəsi 1,4 milyard
manat, əhaliyə göstərilən pullu xidmətlər isə
84,7 milyon manat olub. Ötən dövr ərzində rayonumuzda
orta aylıq əməkhaqqı 765,0 manat
olub”.
Elnur Qurbanov vurğulayıb ki, rayonda əhalinin
məşğulluq probleminin həlli üçün də əsaslı
işlər görülüb. Əhalinin daimi iş
yerləri ilə təmin olunması rayon rəhbərliyinin ən
çox diqqət ayırdığı məsələlərdən
biridir: “Ötən 9 ayda əhalinin məşğulluğunun
artırılması və ehtiyacı olan işsiz vətəndaşların
ixtisasına uyğun işlə təmin edilməsi istiqamətlərində
rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü
işlər görülüb. Rayon Məşğulluq
Mərkəzi ilə birgə əhalinin məşğulluğunu
təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə
səyyar əmək yarmarkaları keçirib. Bundan əlavə, bp-Azərbaycan Şirkətinin təşkilatçılığı
ilə Səngəçal qəsəbəsində həyata
keçiriləcək yeni layihələrlə bağlı
“Azfen”, “Tekfen” şirkətləri ilə birlikdə Sahil qəsəbəsində
işə qəbulla əlaqədar mütəmadi tədbir
keçirilir”.
Rayonda yeni istifadəyə verilən, o
cümlədən, hazırda tikintisi davam edən müəssisələr
eyni zamanda, işsizlik probleminin həllində də
mühüm rol oynayır. Belə
ki, hazırda Ələt qəsəbəsində Beynəlxalq
Dəniz Limanının inşası uğurla davam etdirilir.
Puta qəsəbəsində Metanol zavodunun
tikintisi başa çatıb və açılışa
hazır vəziyyətdədir. Zavod nəinki
respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng
özəl müəssisələrdən biri sayılır.
Rayonun Səngəçal qəsəbəsi ərazisində
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması
üçün 1875 hektar yer ayrılıb (ümumi sahəsi
3850 hektar). Bu kompleksdə təqribən 2000 nəfər
işlə təmin olunacaq. Bu ərazidə
yeni yaşayış massivləri salınacaq, parklar, otellər,
idman meydançaları, mədəni istirahət yerləri və
digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin
yaşayışı üçün yüksək səviyyəli
müasir standartlara uyğun şərait yaradılacaq.
Əhalinin və sosial obyektlərin enerji
daşıyıcıları və kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması
istiqamətlərində də xeyli işlər
görülüb. Əhalinin elektrik enerjisi,
qaz və içməli su ilə fasiləsiz təminatı məqsədilə
əlaqədar qurumlar və rayon rəhbərliyi tərəfindən
müxtəlif işlər görülüb, artıq köhnəlmiş
xətlər yenilənib, xidmət səviyyəsinin yüksəldilməsi
diqqət mərkəzində saxlanılıb.
Vətəndaşların rifahını xarakterizə
edən keyfiyyət göstəriciləri əhəmiyyətli
dərəcədə yaxşılaşıb
Qaradağ rayonunun inkişaf səviyyəsi
mütəxəssislər tərəfindən də yüksək
qiymətləndirilir. Yeni Azərbaycan Partiyası (YAP)
Qaradağ rayon təşkilatının sədri, partiyanın
İqtisadi məsələlər komissiyasının sədr
müavini Aydın Hüseynov isə deyib ki, son illər Azərbaycanın
paytaxtı Bakı şəhəri, o cümlədən,
bütün regionları yüksək inkişaf yolu
keçib. Onun sözlərinə görə, ötən 10
ilin təcrübəsi göstərir ki, ölkənin
sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən
edilmiş və neft-qaz gəlirlərindən səmərəli
istifadə etməklə regional tarazlığın təmin
edilməsində regional inkişaf üzrə Dövlət
proqramları mühüm rol oynayıb. İcrası başa
çatmış iki Dövlət Proqramı çərçivəsində
Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib,
ölkədə işgüzar fəallıq artıb,
regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib,
geniş və ölkənin bütün coğrafi
hüdudlarını əhatə edən iri infrastruktur layihələri
həyata keçirilib.
Aydın Hüseynovun sözlərinə
görə, bu müsbət inkişaf dinamikası Qaradağ
rayonunda da özünü göstərir. Belə ki,
rayonda həyata keçirilən uğurlu tədbirlər nəticəsində
istehsal sahələrinin dinamik və effektiv fəaliyyəti təmin
olunub, sənaye potensialı əsaslı şəkildə gücləndirilib:
“Rayonda ən müasir texnologiyaların tətbiq olunduğu və
beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli
və ixracyönümlü məhsullar istehsal edən yeni
müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə
təmin olunan vətəndaşların rifahını
xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli
dərəcədə yaxşılaşıb. Rayonda
çox geniş infrastruktur şəbəkəsi
yaradılıb, yeni müasir tipli müəssisələr,
xidmət obyektləri, istirahət və yaradıcılıq
guşələri, parklar, səhiyyə, təhsil, idman qurğuları
və s. həm rayonun inkişafına töhfələr verir,
həm də vətəndaşların güzəranının
daha da yaxşılaşmasında ifadə olunur”.
Məqsədyönlü siyasət, ardıcıllıq
və prinsipiallıq nailiyyətlərin təminatıdır
Qeyd olunduğu kimi, rayonun sosial-iqtisadi sahədə
əldə etdiyi nailiyyətlər digər sferalarda da işin
səmərəli təşkilini təmin edir. O cümlədən,
rayonun ictimai həyatında pozitiv hadisələr qeydə
alınır. Qaradağ sakinləri ümumrayon
və ümumrespublika tədbirlərində fəallıq
göstərir, dövlət gənclər siyasətinin layiqincə
həyata keçirilməsi, yeniyetmə və gənclərlə
işin təkmilləşdirilməsi rayon İcra Hakimiyyətinin
diqqət mərkəzindədir. Həmçinin,
əlamətdar günlərlə bağlı keçirilən
tədbirlərə sakinlərin marağı yüksəkdir.
Musiqi məktəbləri və mədəniyyət
işçilərinin, yaradıcı kollektivlərin
iştirakı ilə Novruz bayramı, Gül bayramı və
Milli Qurtuluş Günü ilə əlaqədar rayonda
maraqlı tədbirlər təşkil olunub.
Respublikamızın bütün bölgələrində
olduğu kimi, Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin
tibbi müayinədən keçirilməsi tədbirləri
uğurla başa çatdırılıb, rayon məktəbliləri
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur
aksiyaya fəal qoşulublar.
Ölkəmizdə ekoloji siyasətin
uğurla reallaşdırılması məqsədilə
görülən işlərə Qaradağ sakinləri də
dəstək verir, iməcilik və yaşıllaşdırma
aksiyalarına qoşulurlar. 2014-cü ilin doqquz
ayında rayon ərazisində ümumilikdə 42 min 621 kv.metr
ot və yaşıllıq sahələri salınıb, 10
mindən artıq gül, 12 mindən artıq müxtəlif
növ ağac və bəzək kolları əkilib.
Beləliklə, məqsədyönlü
siyasət, ardıcıllıq və prinsipiallıq Qaradağ
rayonunda əldə olunmuş yüksək nailiyyətlərin
təminatçısıdır. Görülən
işlər isə bir daha bu reallığı ortaya qoyur ki,
ölkəmizin ən böyük sənaye mərkəzlərindən
biri olan Qaradağı yaxın gələcəkdə daha
parlaq gələcək gözləyir.
Aqşin
ŞAHİNOĞLU,
“Qaradağ
rayon İcra Hakimiyyəti və Azərbaycan
Respublikasının
Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi
Fondunun birgə keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”
Yeni Azərbaycan.-
2014.- 4 dekabr.- S.15.