“Milli mənəvi dəyərlərimiz:
Tarixilik, varislik və
müasirlik”
Bu mövzuda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında gənclərlə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərimiz: Tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə görüş keçirilib. Əvvəlcə iştirakçılar Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qərargahı qarşısındakı abidəsinin önünə güllər düzüb, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənib. O, Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə mühüm xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı həyata keçirdiyi işlərdən danışıb. Mübariz Qurbanlı bu tədbirin əsas məqsədinin milli mənəvi dəyərlərimizin tarixi, bu günü haqqında gənclərlə fikir mübadiləsi aparmaq olduğunu bildirib: “Bizim məqsədimiz müstəqil dövlətimizi inkişaf etdirmək, gücləndirmək, bununla yanaşı, milli mənəvi dəyərlərimizi, dini və milli kimliyimizi qoruyub saxlamaqdır. Azərbaycan müsəlman ölkəsi hesab edilir, İslam dininin rəmzi sayılan yaşıl rəng bizim bayrağımızda əks olunub və İslam bizim mənəvi dəyərimizdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Dinimiz milli mənəvi sərvətimizdir”. Biz hər hansı xarici qüvvələrə milli mənəvi dəyərlərimizə müdaxilə etməyə imkan verməyəcəyik. İndi ideoloji mübarizə gedir. Bizim ideologiyamızın adı “Azərbaycançılıqdır”.
Mübariz Qurbanlı qeyd edib ki, milli mənəvi dəyərlərimiz gənclərin həyatında müstəsna rol oynayır: “Dinimiz, ənənələrimiz milli mənəvi dəyərlər olduğundan onun qorunması bizlər, xüsusilə də gənclər üçün vacib məsələlərdəndir. Bu baxımdan, gənclər öz üzərlərinə düşən məsuliyyəti dərk etməli, bu yöndə öz müsbət fikirləri ilə cəmiyyətə töfhələrini verməlidirlər”.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov mövzunun aktual olduğunu vurğulayıb. Azərbaycan xalqının zəngin tarixə malik olduğunu deyən Əli Əhmədov bildirib ki, xalqımıza məxsus olan milli mənəvi dəyərlər əsrlərdən keçərək bu günümüzə qədər gəlib çatıb. Onun sözlərinə görə, bu dəyərlər sırasında dini dəyərlər də xüsusi yer tutur. Əli Əhmədov bildirib ki, hazırda dünya yeni bir təlatümlü dövrünu yaşamaqdadır: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bunların fonunda radikalizm deyilən anlayış özünü açıq şəkildə göstərir. Bu radikalizmin əhəmiyyətli bir hissəsi dini radikalizm formasında təzahür edir. İslam dini ən azından dünyaya, bəşəriyyətə bu formada təqdim edilir. Bəlkə də kimlərsə bunu səbəb, kimlərsə nəticə kimi dəyərləndirirlər. Amma hesab edirəm ki, bu gün bizim hər birimizi narahat edən onun səbəb və nəticə olması deyil, onun bir reallıq olaraq bizim yaşadığımız region ətrafında cərəyan edən proseslər fonunda ciddi bir təhlükəyə səbəb olması ilə bağlıdır. Vətəndaşlarımız radikalizmin sabitlik, əmin-amanlıq üçün nə qədər böyük təhlükələr yaratdığını Azərbaycanın çox da uzaq olmayan tarixindən daha aydın şəkildə bilirlər. Əlbəttə, Azərbaycanda dini radikalizm olmayıb. Siyasi radikalizm Azərbaycanın 20-25 il bundan əvvəlki tarixində yer alıb və Azərbaycan cəmiyyətinə çox ciddi ziyanlar gətirib, ölkəmizdə xaos, anarxiya, qarşıdurmalar radikalizmin birbaşa nəticələri idi. Radikalizm cəmiyyətdə ahəngdarlığı, sabitliyi, əmin-amanlığı pozur, sivil vətəndaş dialoqunu vətəndaş qarşıdurması ilə əvəzləyir. Bütün bunların hamısı cəmiyyətin normal inkişafı üzərində çox ciddi təhlükələr yaradır. Azərbaycan cəmiyyəti bu təhlükələrin hansı formada ölkəmizə zərbələr vurduğunu yaxşı xatırlayır, gənclərimiz də istər televiziya verilişləri, istərsə də oxuduqları kitablar vasitəsilə radikalizmin acı nəticələrinin nədən ibarət olduğunu dərk edirlər. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə siyasi radikalizmin bütün təzahürlərinə son qoyulması, sabitliyi, əmin-amanlığı bərqərar etməsi Azərbaycanın normal inkişaf yolunun əsasını qoydu. Bugünkü Azərbaycanın inkişafı da ölkədə sabitlik, əmin-amanlıq, demokratik ənənələrin əsaslarının qoyulması və möhkəmləndirilməsi ilə, sivil vətəndaş cəmiyyəti normalarının qərarlaşması və bu kimi müsbət cəhətlərlə bilavasitə əlaqədardır. Bu gün biz böyük məmnunluq hissi ilə Azərbaycanın inkişafından danışırıq. Sabitliyin, əmin-amanlığın olmadığı, radikalizm meyillərinin kök saldığı yerdə hər hansı inkişafdan söhbət açmaq mümkün deyil. Bu gün bizim müşahidə etdiyimiz Orta Şərq ölkələrində baş verən hadisələr qeyd etdiyimiz tezisin nəticələridir. Bütün bunların qarşısını alan alətlər nədən ibarət ola bilər? Gənclər bu məsələdə öz missiyasını nədə görməlidirlər? Bütün bunları gənclərə aydın şəkildə ifadə etməliyik”.
Azərbaycan cəmiyyətinin gənc olduğunu deyən YAP Sədrinin müavini bildirib ki, ölkəmizdə gənclər əhalinin tərkibində xüsusi çəkiyə malikdirlər. Digər tərəfdən, cəmiyyətdə gənclər kifayət qədər təhsilləri, ictimai-siyasi proseslərdə yaxından iştirak etmələri ilə fəaldırlar. Əli Əhmədov qeyd edib ki, neqativ məsələlərin qarşısının alınması amilləri içərisində milli mənəvi dəyərlərimiz əhəmiyyətli rol oynayır. “Milli mənəvi dəyərlər əsrlərlə, on illər, yüz illər boyu formalaşan, insanların qanına hopan, insanların özünü dərk, ifadə etməsi aləti kimi çıxış edən bir reallıqdır. Düşüncəmə görə, milli mənəvi dəyərlər fərd səviyyəsində, şəxsiyyət səviyyəsində davranış modelinin müəyyənləşdirilməsi aləti kimi çıxış edir. Toplum, millət, xalq səviyyəsində milli mənəvi dəyərlər milli özünüdərk, milli eyniləşmə alətidir. İnsanlar milli mənəvi dəyərləri ilə toplumun bir ünsürü, elementi olduğunu dərk edir və dəyərləndirir”, - deyən Baş nazirin müavini qeyd edib ki, din özü də milli mənəvi dəyərlərin nüvəsini təşkil edir. “Bu konteksdə yanaşdıqda milli mənəvi dəyərlər kimi din də şəxsiyyət səviyyəsində insanın davranış modelinin mexanizmi kimi çıxış edir. Dini dəyərlər vasitəsilə nəyin yaxşı, nəyin pis olduğunu dəyərləndirmək, “nə etmək olar”, “nə olmaz” kimi suallara cavab tapmaq mümkündür. Amma eyni zamanda, toplum səviyyəsində milli mənəvi dəyərlərə malik olan funksiya din tərəfindən də yerinə yetirilir. Toplumun özünü dərk, ifadə etməsi, bir fərdin topluma mənsubluğunun müəyyənləşdirilməsi din vasitəsilə də gerçəkləşdirilir. Müəyyən tarixi dövrlərdə din bu mənada həlledici və yeganə vasitə olub. Bəlkə də, 150-200 il bundan əvvəlki dövrə qayıtsaq, Azərbaycanda yaşayan insanlar özlərini islamçı kimi dərk edirdilər. Bütövlükdə müasir cəmiyyət üçün dinin bu funksiyada çıxış etməsi artıq həlledici rol oynamır, çünki bir çox ölkələr, xalqlar, o cümlədən də biz özümüzün eyniləşməsini yalnız din amili ilə əlaqələndirmirik”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, din milli mənəvi dəyərlərin nüvəsi olsa belə, özünü bu rolda ifadə etməklə kifayətlənmir. Onun sözlərinə görə, din özünü ictimai-siyasi proseslərin tənzimləyicisi rolunda görür: “İctimai-siyasi həyata nəzarət etmək, insanların həyatını tənzimləmək, bunların hamısı dinin özünü ictimai-siyasi proseslərin tənzimləyicisi kimi ifadə etdiyini təsdiqləyir. Hesab edirəm ki, bu formada özünü təqdim edən din cəmiyyətdə və dinin özündə müəyyən böhran və ziddiyyətli vəziyyətlərin yaranmasına gətirib çıxarır. Çünki cəmiyyətdə ictimai-siyasi prosesləri tənzimləyən icra mexanizmi mövcuddur. Dövlət, ictimai-siyasi qurumlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları mövcuddur ki, bunlar bütövlükdə sivil cəmiyyət tərəfindən birmənalı dərk olunan və qəbul olunan ictimai-siyasi həyatı tənzimləyən mexanizmlərdir”.
Əli Əhmədov çıxışında milli-mənəvi dəyərlər kontekstində normal, optimal, kafi cəmiyyət-din münasibətlərinə diqqət yönəldərək, bu münasibətlərin hansı formada mövcudluğuna aydınlıq gətirib və bildirib ki, bu, o zaman ola bilər ki, din cəmiyyət tərəfindən milli mənəvi dəyərlərin nüvəsi kimi qəbul olunsun, ictimai-siyasi tənzimləyici iddialardan çıxış etməsin. Daha çox davranış, daha çox şəxsiyyətin daxili aləmi, şəxsiyyətin özünü dərk etməsi formasında çıxış etsin. Belə olan halda cəmiyyətdə dini zəmində hər hansı qarşıdurmanın, gənginliyin meydana gəlməsi, dini radikalizmin meydana gəlməsi ehtimalları əhəmiyyətli dərəcədə aradan qalxır.
YAP Sədrinin müavini vurğulayıb ki, bu gün cəmiyyətdə rəsmi şəkildə olmasa da, diskussiya predmeti olan məsələlərdən biri də hər bir vətəndaşın nə dərəcədə özünü müsəlman hesab etməsi ilə əlaqədardır: “Bir halda ki, biz dini dəyərləri milli mənəvi dəyərlərimizin tərkib hissəsi hesab edirik, ona görə də bir fərdin özünü müsəlman hesab etməsi üçün hansı şərtlər lazımdır sualı ətrafında fikirlərimi ifadə etmək istərdim. Əlbəttə, bu suala mütəxəssislər daha aydın şəkildə cavab vermək imkanındadırlar. Mənim fikrimcə, bir fərd özünü müsəlman kimi tanıyırsa, o, müsəlmandır. Müasir cəmiyyət üçün mən digər şərtlərin irəli sürülməsini vacib və gərəkli hesab etmirəm. Bununla bağlı fərqli yanaşmalar ola bilər. İndiki dövrün tələblərini, şərtlərini də yaddan çıxarmamalıyıq”.
Əli Əhmədov onu da qeyd edib ki, tarixin hansısa dövrlərində din uğrunda savaş o dinin qorunması üçün, həm də hüdudlarının genişlənməsi üçün vacib imiş: “Bu, o zamanlar idi ki, din təsisatlanmış bir qurum olaraq fəaliyyət göstərirdi. Dinin hüdudları ilə dövlətin hüdudları eyniyyət təşkil edirdi. Din suveren bir funksiyanı yerinə yetirirdi. İndi isə həyat dəyişib. Din o şəkildə təsisatlanmış struktur olaraq mövcud olmadığından, təbii ki, aydın şəkildə cızılmış sərhədləri də yoxdur. İndi Avropada qeyri-müsəlman məkanında kifayət qədər müsəlmanlar yaşayır. Düşünürəm ki, demokratik, dünyəvi, inkişaf etmiş, zəngin, insanlara böyük hörmət bəslənilən, insan hüquqlarının qorunduğu cəmiyyətin qurulması İslam cəmiyyəti üçün bütün dünyada göstərilən daha əhəmiyyətli xidmət sayıla bilər. Məsələn, Heydər Əliyev ideyaları əsasında, Onun xidmətləri sayəsində, bu gün Prezident İlham Əliyevin böyük əməyi sayəsində iqtisadiyyatı güclənən, insanların rifahı gündən-günə yaxşılaşan, demokratik dəyərlərə sahib olan, insan hüquqlarına hörmətlə yanaşan müasir Azərbaycan cəmiyyəti dünyada İslamın təbliği üçün daha böyük işlər görür, nəinki İslamın mənafeyinin qorunması üçün seçilmiş radikal hərəkətlər, radikal mübarizə formaları”.
Əli Əhmədov təəssüf hissi ilə qeyd edib ki, bu gün dünyanın əksər hissəsində İslam haqqında formalaşan təsəvvürlər o qədər də müsbət deyil. Onun sözlərinə görə, terrorizm, radikalçılıq meyilləri var və müəyyən qüvvələr İslamı bu cür təqdim etməyə çalışırlar: “Bu mənzərə fonunda demokratik, tolerant, dözümlü, iqtisadi cəhətdən inkişaf edən və müasir dünyanın tələbləri səviyyəsində formalaşan Azərbaycan cəmiyyətinin özünü dünyaya təqdim etməsi İslam haqqında bu nümunə əsasında daha fərqli, düzgün təsəvvürlərin yaranmasına çox ciddi əsas formalaşdırır. Buna görə də Azərbaycan vətəndaşı olaraq üzərimizə düşən vəzifə ondan ibarətdir ki, biz bütün səylərimizi cəmiyyətin bu potensialının inkişaf etdirilməsinə yönəldək. Bu potensial daha da güclənsin. Azərbaycan nə qədər güclü olacaqsa, Azərbaycan cəmiyyəti nə qədər tolerant olacaqsa, Azərbaycan cəmiyyətində müasir dəyərlər nə qədər dərindən kök salacaqsa, Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiyası bir o qədər güclənəcək, dünya birliyi tərəfindən Azərbaycan bir o qədər müasir cəmiyyət kimi qəbul olunacaq. Bu, Azərbaycan cəmiyyətinin İslam cəmiyyəti kimi qəbul olunmasının üzərinə heç bir kölgə salmır. Əksinə, İslamın dəyərlərinin güclənməsinə, İslam haqqında təsəvvürlərin daha da yaxşılaşmasına, İslamın obrazının müasirləşməsinə kömək edəcək. Buna görə də gənclərimizin bütün səyləri məhz bu istiqamətə yönəldilməlidir. Bunun sayəsində biz milli mənəvi dəyərlərimizin, cəmiyyətimizin, bizim daşıyıcısı olduğumuz dinimizin imicini daha da yaxşılaşdıra, formalaşdıra bilərik. Bunun üçün din və müasirlik mövzusu aktualdır, onun detallarına toxunmamaq qeyri-mümkündür. Digər parametrlərlə yanaşı, milli mənəvi dəyərləri müasirləşdirmək müasir cəmiyyətin tələb etdiyi səviyyəyə yüksəltmək üçün vacib şərtlərdən biridir. İslahatlar dedikdə fundamental dəyərlərin dəyişdirilməsi nəzərdə tutulmur. Fundamental dəyərlər toxunulmazdır, onların çərçivəsində müəyyən islahatların həyata keçirilməsi mümkündür, eyni zamanda, vacibdir”.
YAP Sədrinin müavini qeyd edib ki, müasirləşmək, yeniləşmək dövrün, zamanın tələbidir. Gənclər bu yeniliklərə, müasirləşməyə öz töhfəsini verməyə çalışmalıdırlar. Azərbaycanda yüksək intellektli gənc nəslin yetişdiyini deyən Əli Əhmədov qeyd edib ki, gənclik milli-mənəvi dəyərlərə daim sadiqlik nümayiş etdirir. O, bu istiqamətdə gənclərə öz tövsiyələrini verib.
“Azərbaycanın inkişafı və artan imkanları gənclərlə bağlı siyasətimizin daha əhatəli şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu gün ölkəmizdə layiqli gənclik formalaşıb. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi yetişirlər. Biz Azərbaycanın gələcəyini bu gün formalaşan, gələcəyə ümidlə baxan və özünü gələcəyə hazırlayan gənclərdə görürük. Təbii ki, hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini Ümummilli lider Heydər Əliyev tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Həqiqətən, bütün parametrləri ilə Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan gənclik formalaşıb”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Daha sonra gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2014.- 6 dekabr.- S.4.