Qərib Məmmədov: Kənd təsərrüfatına yararlı torpaqların özbaşına tutulmasına görə cərimələrin artırılması üçün Nazirlər Kabinetinə müraciət olunub

 

“Ötən il ölkə ərazisində 422 qanunvericiliyin pozulması halı aşkar edilib, bundan 150 hal üzrə 15372 manat məbləğində inzibati cərimə tətbiq olunub

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun APA-ya müsahibəsi:

- Əvvəllər torpaqların satılmasına dair hərraclar keçirilirdi, bu tədbirlərə mətbuat da dəvət edilirdi. Nə üçün indi mətbuat bu tədbirlərə dəvət edilmir? Hərraclar keçirilmirmi?

- “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9-cu bəndində nəzərdə tutulduğu kimi, bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrini bilavasitə torpaq hərracları və müsabiqələri vasitəsilə icarəyə, mülkiyyətə və istifadəyə verməli olduqları halda bu əməliyyatları birbaşa həyata keçirməyə üstünlük verirdilər ki, bu da neqativ halların yaranmasına şərait yaradırdı.

Torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi məqsədilə Komitənin təklifi əsasında bələdiyyə torpaqlarının yalnız müsabiqə və ya hərracla mülkiyyətə və icarəyə verilməsi ilə əlaqədar “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ölkədə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə oluna biləcəyini qanuniləşdirdi. Bununla da, bu qanun bələdiyyələrin mülkiyyətlərində olan torpaq sahələrinin bilavasitə qanunsuz olaraq satışına son qoydu. Torpaq müsabiqələri və hərraclarının keçirilməsi təşkilatçı olaraq Komitəyə həvalə olundu. Şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış 5 nəfər tərkibdən ibarət torpaq müsabiqə və hərrac komissiyalarında yalnız 2 nəfər Komitə əməkdaşlarından, qalan 3 nəfər isə ictimaiyyət nümayəndəsindən ibarət oldu.

Artıq 7 ilə yaxındır ki, ölkədə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə olunur. Bu barədə əvvəlcədən “Torpaq” qəzetində və DTXK-nın rəsmi saytında müvafiq məlumatlar yerləşdirilir. Nəzərinizə çatdırım ki, hərrac və ya müsabiqələr açıq şəraitdə keçirilir və KİV nümayəndəsi olaraq sizinburada iştirak etmək hüququnuz var.

- Ölkədə kənd təsərrüfatına yararlı torpaqlarda fərdi evlər tikilib. Onların taleyi necə həll olunacaq?

- Son dövrlərdə mütəxəssislərimizin yerlərdə apardıqları araşdırmalardan və monitorinqlərdən, eləcə də Komitəyə daxil olmuş məlumatlardan məlum olub ki, torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətlərinə verilmiş kənd təsərrüfatına yararlı torpaq sahələrinin və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları qanunsuz zəbt olunaraq orada ayrı-ayrı fiziki, hüquqi və vəzifəli şəxslər tərəfindən (təyinatı özbaşına dəyişdirilərək) fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, istirahət zonaları və s. tikililər aparılır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarının qarşısının alınması məqsədilə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi üçün cərimə hədləri aşağı olduğundan həmin halların qarşısının alınmasında çətinliklər yaranır. Komitənin mütəxəssisləri tərəfindən 2013-cü il üzrə respublika ərazisində 422 qanunvericiliyin pozulması halları aşkar edilib, bundan 150 hal üzrə 15372 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Odur ki, qiymətli kənd təsərrüfatı torpaqlarının zəbt olunaraq, onlardan qanunsuz istifadə edilməsinin qarşısının alınması məqsədilə mövcud qanunvericilik aktlarının sərtləşdirilməsi, bu istiqamətdə yeni qanun layihəsinin hazırlanması məqsədəmüvafiq hesab olunub.

Bu məqsədlə Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində torpaqların, o cümlədən, kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədləri üçün özbaşına tutulması, təyinatının dəyişdirilməsi, münbitliyinin aşağı salınması halları ilə bağlı cərimələrin miqdarının (sanksiyasının) artırılması məqsədilə Komitə tərəfindən müvafiq qanun layihələri hazırlanıb, həmin qanun layihələri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.

Hesab edirik ki, müvafiq qanunlarla tənzimlənəcək torpaq üzərində hüquqların pozulması, xüsusən də kənd təsərrüfatı torpaqlarının keyfiyyətinin pisləşdirilməsinə, eləcə də dövriyyədən çıxarılmasına yönəldilən bu hərəkətlərin qarşısının alınmasında sərtləşdirilmiş sanksiyalar özünəməxsus xüsusi əhəmiyyət kəsb edəcək.

- Gürcüstanla Azərbaycan arasında aparılan sərhəd delimitasiyası və demarkasiyası prosesi hansı mərhələdədir?

- Hazırda Azərbaycanla Rusiya Federasiyası arasında dövlət sərhədlərinin demarkasiyası və Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının üzvləri və ekspertləri delimitasiya ilə bağlı bütün tədbirləri həyata keçirirlər. Azərbaycan və Gürcüstan arasında 480 kilometr uzunluğu olan sərhədin 300 kilometrə yaxın sahəsi dövlət komissiyaları səviyyəsində razılaşdırılıb.

- Rusiya ilə sərhədlərin demarkasiyası prosesində vəziyyət nə yerdədir?

- Rusiya ilə sərhəddə demarkasiya işlərinə yeni başlanılıb və hazırda demarkasiya ilə bağlı birgə komissiya tərəfindən qəbul olunacaq təlimatlar üzərində aparılır.

- Xəritəçəkmə işləri üçün pilotsuz uçuş aparatlarının alınması gündəmdə varmı?

- İndiyə qədər çəkilişlər, fotoplanların hazırlanması və digər məsələlər üçün məlumatlar Yerin zondlanma peyklərindən alınırdı. Müasir texnologiyalar belədir ki, kiçik pilotsuz təyyarələr vasitəsilə lokal çəkilişlər aparılır. Bundan sonra xüsusi proqram təminatı onu lazım olan formata gətirir və onun üzərində artıq görmək, hər cür elektron xəritələr yaratmaq mümkündür. Bunlardan əldə etmək və istifadə etmək gündəmdə olan məsələlərdən biridir. Qeyd edək ki, 1 neçə sınaq uçuşu həyata keçirilib.

- Turizm, biolojizooloji xəritələrin hazırlanması və xəritəçəkmə sənayesinin inkişafı ilə bağlı hansı təklifləriniz var?

- Bakı Kartoqrafiya Fabrikinin istehsal etdiyi çoxçeşidli kartoqraf məhsulları içərisində ölkəmizin zəngin bitki örtüyünün, heyvanlar aləminin təsnifatını, yayılmasını və ekologiyasını, ölkə iqtisadiyyatının inkişafı, təbiətinin füsunkar gözəlliyini, tarixi-mədəni irsini özündə əks etdirən çoxlu sayda botaniki, zoolojiturist atlas və xəritələri mühüm yer tutur. Bitki örtüyüheyvanlar aləmini, turizmin inkişafında əks etdirən “Azərbaycan Respublikasının Torpaq Atlası”, “Azərbaycan Respublikasının Ekoloji Atlası”, “Azərbaycan Respublikasının Turist Atlası” və dövri olaraq nəşr edilən “Azərbaycan Respublikasının Bitki örtüyü”, “Azərbaycanın zoocoğrafi xəritəsi”, “Azərbaycanın Turist xəritəsi”, o cümlədən Bakı, Gəncə, Mingəçevir, Yevlax, Naftalans. turist-məlumat xəritələri buna misal ola bilər.

Hazırda Bakı Kartoqrafiya Fabriki müasir texniki avadanlıqlarla tam təmin olunub. Fabrikə “KBA-142” tipli yeni 5 rəngli ofset maşını alınıb, daha geniş mövzuda atlas və xəritələrin hazırlanması və dövlət tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi üçün geniş imkanlar açılıb.

Ölkə müdafiəsi və iqtisadiyyatının bütün sahələrini əhatə edə biləcək yeni məzmunda kartoqrafik məhsulların hazırlanması fabrikin inkişaf perspektivlərinin strateji planlaşdırılmasında əksini tapıb.

 

Yeni Azərbaycan.- 2014.- 6 dekabr.- S.9.