87 yaşlı Hüseyn
Həsənov şəxsi mənzilində Aşıq Ələsgər
üçün muzey
yaradıb
Hüseyn Həsənov: Aşıq Ələsgər bu sənətin zirvəsində dayanır
Azərbaycan xalqı zəngin folklora malikdir. Əsrlərdən ötüb gələn şifahi xalq ədəbiyyatı bu gün milli sərvətimiz kimi qorunub saxlanılır və öyrənilir.
Şifahi xalq ədəbiyyatından
söz düşmüşkən
aşıq sənəti
xüsusi vurğulanmalıdır.
Bu sənət yüzillər boyu yaşayır və inkişaf edir, millətimiz tərəfindən
sevilir. Şübhəsiz ki, Azərbaycanda
tarixən çox istedadlı aşıqlar yetişib. Onların arasında isə
Aşıq Ələsgər
aşıqlar dünyasının
sultanı hesab olunur. Elə məhz bu səbəbdəndir ki, Aşıq Ələsgər
məktəbinin çox
böyük yetirmələri
olub. Göyçə mahalının Ağkilsə
kəndində dünyaya
gələn, yaşayıb
yaradan dədə Ələsgərin şöhrəti
Azərbaycanın digər
guşələrini də
əhatə edib.
O, Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən
və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. O, aşıq
poeziyasını bol həyati müşahidələrlə
zənginləşdirib, həm
məzmun, həm forma
rəngarəngliyi, həm
də saf, duru xalq dilindən
istifadə baxımından
Azərbaycan, ümumən
türk şeirinə
misilsiz xidmətlər
göstərib. Aşıq Ələsgər
aşıq yaradıcılığının
bütün sahələrinə
müraciət edib və Azərbaycan ədəbiyyatında böyük
iz buraxıb. Dodaqdəyməz, müxəmməs,
qıfılbənd, təcnis,
cığalı təcniz,
gəraylı, divani və s. bu kimi
şeir növləri
Aşıq Ələsgər
yaradıcılığında özünü, bəlkə
də, ən
gözəl şəkildə
büruzə verməkdədir.
Görkəmli Azərbaycan
şairi Səməd Vurğun öz çıxışlarının birində belə deyib: “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram
altında Dədə
Ələsgərdən bir
nişanə görürəm”.
Görkəmli ədib Mir Cəlal Paşayev də Aşıq Ələsgər
yaradıcılığına yüksək qiymət verib. “Azərbaycan ədəbiyyatı tarixi”
kitabının 2-ci cildində
Mir Cəlal Paşayev
Aşıq Ələsgərdən
söhbət açıb,
onun yaradıcılığının
diqqəti cəlb edən xüsusiyyətlərindən
danışıb, dodaqdəyməz
təcnislərini bədii
sənətkarlıq cəhətincə
çox yüksək
qiymətləndirib.
Sadə
insanlar Aşıq Ələsgərin yaradıcılığını
yaşadırlar
Qeyd edək
ki, Aşıq Ələsgər yaradıcılığına
dövlət səviyyəsində
həmişə yüksək
qiymət verilib. Belə ki,
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə
1972-ci ildə Moskvada böyük sənətkarımızın
150 illik yubileyi qeyd olunub. Eyni zamanda, 1997-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə
Aşıq Ələsgərin
175 illik yubileyi dövlət səviyyəsində
qeyd olunub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən
davam etdirilib və dövlət başçısının Sərəncamı
ilə 2011-ci ildə ustad aşığın
190 illik yubileyi ölkəmizdə böyük
təntənə ilə
qeyd edilib.
Onu da xüsusi vurğulayaq ki, təkcə dövlət səviyyəsində
deyil, sadə insanlar səviyyəsində
də Aşıq Ələsgərin zəngin
irsi yaşadılır. Bunlardan biri
də sadə peşə adamı Hüseyn Hacıqulu oğlu Həsənovdur.
Qeyd edək ki, Hüseyn
Həsənov özünün
şəxsi evində
- Nərimanov rayonu, Atatürk prospekti 37, mənzil 75-də Aşıq
Ələsgər muzeyi
yaradıb. Bir sözlə,
5 otaqlı evinin 4 otağını muzey edib.
Kimdir Hüseyn Həsənov?
Bəs H.Həsənovu
bunu yaratmağa nə vadar edib? Kimdir Hüseyn Həsənov? O,
1927-ci ildə Qərbi
Azərbaycanın Göyçə
mahalının Ardanış
kəndində (indiki Ermənistanın Krasnoselsk
rayonu) dünyaya gəlib. Dediyinə görə, atası Hacıqulu kişi
mahalın, o cümlədən
kəndin ən hörmətli, nüfuzlu insanlarından olub. H.Həsənov söyləyir
ki, eyni mahaldan olan Aşıq
Ələsgər onun
babası Məşədi
Həsənlə çox
yaxın dost olublar: “Aşıq Ələsgər
mənim babam Məşədi Həsənlə
yaşıd olublar. Həm də dost imişlər. Deyilənlərə görə, babam
Kəvərdə 1865-70-ci illərdə
pristavın köməkçisi
olub. Oradan da onu kəndimizə koxa göndəriblər. Atam Hacıqulu
isə ailənin böyük oğlu olub. Atam da Aşıq Ələsgərlə dost olub.
Eşitdiyimə görə, atamın
evinə 4 dəfə
qonaq gəlib. Dədə Ələsgər bizim evimizə hər dəfə qonaq gələndə kəndimizdə
böyük şadyanalıq
olurmuş. Aşıq Ələsgər
Göyçə mahalının
şan-şöhrəti, aşıq
dünyasının sultanıdır.
Onun yaradıcılığı tək
Azərbaycanda deyil, başqa ölkələrdə
də məşhurdur.
O, atamı həmişə Hacı Həzrətqulu deyə
çağırarmış. Bu da təsadüfi
deyil. Çunki atam mərd,
torpağını sevən və onu qoruyan insan olub”.
H.Həsənovun sözlərinə görə,
atasının qorxusundan ermənilər bu eldə at oynada bilməyiblər. Çünki
hamı Hacıqulu kişini mərdliyinə görə kəndin
ağsaqqalı kimi qəbul edib. Amma sovet
hakimiyyəti qurulandan sonra ermənilər öz məkrli niyyətlərini
həyata keçirməyə başlayıblar. İlk vaxtlarda öz məqsədlərinə
çata bilməyən ermənilərin 1925-ci ildən bu kəndi
ələ keçirmək istəyi Hacıqulu kişinin
nüfuzu hesabına baş tutmayıb. Amma
Ermənistan SSR Mərkəzi Komitəsinin dəstəyi ilə
bir neçə ildən sonra bu kəndi təsir altına
almaq üçün el ağsaqqalı Hacıqulu şərlənərək
həbs edilib. İki ildən sonra həbsdən
çıxsa da, ona və ailəsinə rahatlıq verilməyib.
1933-cü ildə dünyasını dəyişən
el ağsaqqalının ailəsi hakimiyyətin təzyiqləri
səbəbindən 1938-ci ildə Gədəbəy rayonunun
Arıqıran kəndinə köçüblər. Hüseyn Həsənov da 4-cü sinfə qədər
doğma kəndi Ardanışda orta təhsil alıb. Amma Gədəbəyə köçdükdən
sonra orta təhsilini burada davam etdirib. 1947-ci
ildə Bakıda hərbi xidmətə başlayıb və
özünün dediyi kimi bakılı dostlarının
tövsiyəsi ilə paytaxtda qalıb. Belə
ki, şəhərdə sürücülük məktəbinə
gedib və 1951-ci ildən bu peşə ilə məşğul
olub. Hüseyn kişi nə az-nə
çox, düz 56 il sürücülük edib.
“Sürücülük
edə-edə Aşıq Ələsgərə və onun
yaradıcılığına dair məlumatlar toplamışam”
“Mən ağır yük maşınlarının,
“KrAZ”, “KamAZ” sürücüsü olmuşam. İşimlə
əlaqədar Azərbaycanın bütün guşələrini
gəzmişəm. Amma sürücü olsam da,
dünyagörüşüm, savadım heç də az deyil. Həmişə məlumatlı
olmağa çalışmışam. Aşıq
Ələsgər muzeyinin yaradılması ideyası isə məndə
elə sürücülük etdiyim ilk vaxtlardan yarandı.
Həmişə düşünmüşəm
ki, Göyçə mahalının şöhrəti,
xalqımızın fəxri olan Dədə Ələsgər
yaradıcılığı qorunub saxlanmalı, onu
yaşatmalıyıq. Bu səbəbdən də,
rayonlara səfər edərkən, aşıqları ziyarət
edirdim, soraqlaşa-soraqlaşa Aşıq Ələsgərlə
bağlı nə məlumat əldə edirdimsə, həmin
məlumatları, əşyaları, onun haqda yazılan
şeirləri, kitabları, digər maddi nümunələri
toplayıb evimə gətirmişəm. 1988-ci
ildə Qərbi Azərbaycandan bütün
soydaşlarımız məcburiyyət qarşısında
doğma yurdumuzu tərk etdilər. Aşıq
Ələsgər yurdu olan Göyçə mahalı da mənfur
ermənilərə qaldı. Belə olan halda onun adına nəsə yaratmağa qərar verdim”,
- deyən Hüseyn Həsənov bu istəyini
reallaşdırıb.
Muzeydə
Aşıq Ələsgərə məxsus olan saz, xrom çəkmə
və bel kəməri də var
Beləliklə,
Hüseyn kişi özünün dediyi
kimi, 2002-ci ildə öz evində aşıq
dünyasının akademiki - Dədə Ələsgərin
muzeyini yaradıb. Bu muzeyi yaradandan sonra
müvafiq dövlət qurumlarına məlumat verib. H.Həsənov
deyir ki, 5 otaqlı evini Aşıq Ələsgərə
bağışlamaqla məyus olmayıb, əksinə,
çox sevinir: “Doğrudur, Aşıq Ələsgərin
adı tarixə düşüb, amma muzey onu bu gün də
yaşadır. Bir çox el sənətkarı
olan aşıqlarımız var ki, bəzilərinin nəsillərində
imkanlı adamlar olduğu üçün onların yaradıcılığını
daha yüksək təbliğ edirlər. Amma
Ələsgər bütün aşıqların ən zirvəsində
dayanır. Bir çoxları Ələsgərin
dizinin üstündə oturub saz çala-çala
aşıqlıq öyrəniblər. Həmin
aşıqlar Dədə Ələsgərin
yaradıcılığını yaşadıblar və bu
gün də yaşadırlar. Mən həmin
aşıqlar haqqında da məlumatları toplamışam.
Eyni zamanda, müxtəlif bölgələrin
tanınmış aşıqlarının fotolarını,
bu haqda kitabları əldə etmişəm. Bu muzeydə
3000 eksponat var. 1500 aşığın fotoşəkilləri,
900 val səsi, şair-aşıqların 500 kitabı var. Eyni
zamanda, muzeydə 5 müqəddəs saz, 4 ədəd
aşıqlarımızın geyim paltarı, 4 cüt xrom
çəkmə, 4 dəst bel kəməri, buxara papaq
saxlanılır. Muzeydə, həmçinin, 4 ədəd
bahalı qrammofon, 3 patefon, lent yazıları, kasetlər və
s. qorunur”.
Muzeydə
Aşıq Ələsgərə məxsus olan saz, xrom çəkmə
və bel kəməri var. Hüseyn Həsənov söyləyir
ki, 1956-cı ildə işi ilə bağlı Neftçala
rayonuna gedərkən burada Aşıq Ələsgərin
xalası oğlunun ailəsinin yaşadığını
öyrənir. Beləcə, onları da ziyarət
edir. Bu ziyarət zamanı isə özünün dediyi
kimi böyük sərvət əldə edir: “Mən onlardan
Aşıq Ələsgərə aid olan hansısa əşyanın
olub-olmadığını soruşdum. Dədə
Ələsgərin xalası nəvəsi bir saz gətirdi ki,
“bəs bu saz Aşıq Ələsgərə məxsusdur.
Sazı da onun oğlu Talıb atama hədiyyə
edib”. Saz təmirsiz idi, mən aşıq
Ələsgərin bu yadigarını onlardan aldım və təmir
etdirdim. İndi bu muzeydə saxlayıram”.
Qeyd edək ki, bu muzey yaradılandan sonra onu ziyarət edənlər
də çoxdur. Azərbaycanın tanınmış elm
adamları, ictimai xadimlər, millət vəkilləri,
dövlət qurumlarının nümayəndələri
muzeyi ziyarət ediblər. Ziyarətçilər
arasında xarici dövlətlərin Azərbaycandakı səfirləri
də olub. Belə ki, Hindistanın ölkəmizdəki
səfiri olmuş Debnat Şou, 2013-cü ildə Hindistanın
səfiri Vinod Kumar, bu il Fransanın ölkəmizdəki
səfiri Paskal Mönye öz xanımı ilə muzeyi ziyarət
ediblər. “Fransa səfirinin həyat yoldaşı Kalina
xanım dedi ki, “mənim üçün Fransada 1 milyard dollar
dəyərində olan muzeydən daha çox bu muzey
maraqlı gəlir. Çünki onu bir sadə insan öz
evində Aşıq Ələsgər yaradıcılığına
olan sevgisi sayəsində yaradıb”, - deyə Hüseyn kişi söyləyib. Onun
sözlərinə görə, muzeyi ziyarət edənlər
arasında Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin
direktoru Əhməd Sami də var.
Muzeyin yaradıcısı bildirir ki, Ümummilli lider Heydər
Əliyev daim Aşıq Ələsgər
yaradıcılığına yüksək qiymət verib. Sovet
dövründə də, müstəqillik illərində də
böyük sənətkarın yubileyləri keçirilib.
Onun sözlərinə görə, bu siyasət
hazırda Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir. Eyni zamanda, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
Azərbaycan mədəniyyətinə böyük
qayğı göstərir. H.Həsənov deyir ki,
Aşıq Ələsgər Muzeyinə diqqət və
qayğı göstərənlər az
deyil. Xüsusilə, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, nazirliyin digər nümayəndələri
daim bu muzeyi diqqət mərkəzində saxlayırlar.
Buna görə nazirə minnətdarlığını bildirən
Hüseyn kişi bu muzeyin daha yaxşı
yerlə təmin olunması üçün zəruri tədbirlər
görüləcəyinə inanır. O, muzeyə
qayğı göstərənlərin sırasında Azərbaycan
Aşıqlar Birliyinin sədri, Xalq yazıçısı Zəlimxan
Yaqubun, Göyçə mahalı, Basarkeçər rayonunun Zərkəndindən
olan Akif Musa oğlu Nəbiyevin və Göyçənin ən
ziyalı insanlarından biri Abbas Əli oğlu Mazanovun (Vəfadağlı),
Ardanışlı aşıq Məhəmmədəli Sadiq
oğlu İsmayılovun və başqalarının da
adını çəkib.
Şəxsi
mənzil bu muzey üçün çox darısqaldır
Hazırda
Hüseyn Həsənovu düşündürən məsələ
Aşıq Ələsgər Muzeyinə müvafiq statusun
verilməsi və daha münasib yerlə təmin
olunmasıdır. Çünki şəxsi mənzil bu muzey
üçün çox darısqaldır. Dediyinə görə,
artıq Mədəniyyət və Turizm Nazirliyi bu məsələ
ilə məşğuldur: “Mən bu məsələ ilə əlaqədar
Mədəniyyət və Turizm Nazirliyinə müraciət
etmişəm. Müraciətimə cavab olaraq bildirilib ki, Muzey
Mərkəzində Aşıq Ələsgər Muzeyi
üçün 100 kvadratmetr yerin ayrılması nəzərdə
tutulur. Təbii ki, bu da diqqətin nümunəsidir. Amma hesab
edirəm ki, Muzey Mərkəzində Aşıq Ələsgər
Muzeyi üçün 150 kvadratmetr yer ayrılsa daha
yaxşı olar. Çünki Aşıq Ələsgər
yaradıcılığı çox zəngindir.
İnanıram ki, məsələ öz müsbət həllini
tapacaq”.
Onu da qeyd
edək ki, Hüseyn Həsənovun bu günlərdə -
dekabrın 14-də 87 yaşı tamam olur. O hesab edir ki, ad
gününə ən böyük hədiyyə Aşıq
Ələsgər Muzeyinin Muzey Mərkəzində yerləşdirilməsi
ola bilər. 10 övladı, 40 nəvə-nəticəsi olan
Hüseyn kişi 50 nəfərlik ailənin
başçısıdır. Onun sadə zəhmət
adamı olması ilə yanaşı, Aşıq Ələsgər
yaradıcılığının yaşaması
üçün göstərdiyi fədakarlıq Hüseyn Həsənovu
hamının sevimlisinə çevirib. Bir çox qəzetlər
H.Həsənov haqda yazılar dərc edib, şairlər ona
şeirlər həsr edib. İnanırıq ki, 87
yaşlı Hüseyn kişinin muzeylə bağlı əsas
arzusu da tezliklə öz həllini tapacaq.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2014.- 9 dekabr.- S.9.