1969-cu ildən başlayan böyük inkişaf yolu

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də milli inkişafımız baxımından misilsiz xidmətlər göstərmiş, əvəzolunmaz nailiyyətlərə imza atmışdır

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu - memarı, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.

Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Ona görə də Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə (1969-1982-ci illər) nəzər yetirmək lazımdır.

Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış respublikaların önündə gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor və destruktiv substrat idi.

Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən substrat oldu.

Həmin dövrə qədər Azərbaycan SSRİ miqyasında xammal mənbəyi qismində çıxış edən aqrar respublika kimi tanınırdı. Odur ki, ölkəmizin yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini aradan qaldırmaq və davamlı, sürətli inkişafı təmin etmək üçün kompleks səciyyəli strateji islahatlar aparmaq, genişmiqyaslı tədbirlər görmək zəruri idi. Bunun üçünsə ilk növbədə sosial-iqtisadi islahatlar həyata keçirməklə milli inkişafın maddi bazasını formalaşdırmaq lazım idi. Ulu öndər Heydər Əliyev də məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bunun məntiqi və qanunauyğun nəticəsi kimi, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı. Eyni zamanda, müəssisələrin maddi-texniki bazası daha da yaxşılaşdırıldı, çoxsaylı yeni komplekslər, emal zavodları istifadəyə verildi. Bunlar isə yüngül və yeyinti sənayesinin inkişafına təkan verdi.

Sənaye sahəsinin inkişaf etdirilməsi aqrar sektorun da tərəqqisinə təkan və töhfə verən əsas oldu. Aqrar sahədə görülən işlər bu sektorda sürətli və sıçrayışlı inkişafın şərtləndiricisi qismində çıxış etdi. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü və səyləri ilə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” Qərar kənd təsərrüfatının inkişafı yönündə həyata keçirilən yeniliklərin normativ əsasını təşkil etdi. Bunun ardınca 9 iyul 1975-ci il tarixli “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək haqqında” Qərar da bu sahənin inkişafının hüquqi substratı qismində çıxış etdi.

Həyata keçirilən tədbirlərin fonunda kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmiilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi.

Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Neft hasilatı xeyli artırıldı. Artıq 1970-ci ildə neft hasilatı 17,3 milyon tona çatdırıldı ki, bu da mühüm göstərici idi. Bununla yanaşı, Xəzər dənizində “28 aprel”, “Bahar”, “Günəşli” kimi zəngin ehtiyatlara malik olan neft və qaz yataqları aşkar edildi. Neftçıxarma texnologiyasında sürətli təkmilləşdirmə işləri aparıldı. Xəzər dənizində 2800-6500 metr dərinliyində neft quyuları qazıldı və sualtı neft kəməri çəkildi. 1972-ci ilədək Azərbaycanda neft yataqlarından bir milyard ton neft çıxarıldı. 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodu, 1982-ci ildə isə Bakı Neftayırma Zavodunda neftin ilkin emalı üçün ELOU-AVT qurğusu işə salındı. Bu müəssisələrdə 30 adda müxtəlif neft məhsulları istehsal olunurdu. Neft sektorunda əldə edilən bu nailiyyətlər, o cümlədən, dənizdə neft istehsalı üçün tikilmiş “Dərin özüllər” zavodunun yaradılması, əslində, gələcəkdə “Əsrin müqaviləsi” adlandırılan və müstəqil Azərbaycanın inkişafını təmin edən müqavilənin imzalanmasına gətirib çıxardı ki, bu da hazırkı iqtisadiyyatımızın inkişafında başlıca stimullaşdırıcı amildir.

Nəticə etibarilə, neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi milli inkişafa mühüm töhfələr bəxş etmiş oldu. Eyni zamanda, sənaye müəssisələrinin sayının və sənaye istehsalının illik həcminin artırılması, kənd təsərrüfatında məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, enerji sektorunun mütəmadi inkişafının təmin edilməsi milli inkişafı təmin etməklə yanaşı, respublikamıza milli inkişafa sərf etmək üçün əhəmiyyətli dərəcədə kapital gətirmiş oldu.

Beləliklə, görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın SSRİ səviyyəsində ən yüksək inkişaf tempinə malik olan respublikaya çevrilməsinin təminatçısı qismində çıxış etdi.

Ümummilli inkişafın strateji detallarını aşkar etmək üçün sosial-iqtisadi tərəqqinin fonunda müxtəlif sahələrin dinamik inkişaf tempinə nəzər yetirmək məqsədəmüvafiqdir.

İlk növbədə təhsil sektorunda ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Xüsusi intellektual təbəqənin formalaşdırılması istiqamətində normativ baza yaradıldı və buna müvafiq olaraq praktik müstəvidə əhəmiyyətli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə müxtəlif bölgələrdə 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi istifadəyə verildi. Eyni zamanda, ümumtəhsil məktəblərinin maddi-texniki bazası mütəmadi surətdə yaxşılaşdırıldı və əhəmiyyətli keyfiyyət dəyişikliklərinə nail olundu.

Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən alitəhsil müəssisələrinə göndərildilər. Belə ki, azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi.

Ulu öndər Heydər Əliyev təhsil sektorunun inkişafının zərurətini məhz bu cür dəyərləndirirdi: “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyətləri heç vaxt unutmamalıyıq”.

Azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi.

Bunlardan başqa, milli mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü.Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı.Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər verildi, təqaüdlər ayrıldı.Bütün bunlar isə cəmiyyətin intellektual - yaradıcı təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı.

Səhiyyə sektorunda da fundamental yeniliklər həyata keçirildi və əhəmiyyətli tədbirlər görüldü. 1969-cu ilin dekabr ayında Heydər Əliyevin təşəbbüsü ilə səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi haqqında qərar qəbul edildi. Bunun ardınca isə Sağlamlıq Məcəlləsi və “Səhiyyə haqqında” Azərbaycan SSR-in Qanunu qəbul edildi. 1970-1980-ci illərdə Heydər Əliyev 30-a yaxın gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə SSRİ miqyasında doktoranturaya qəbul edilməsinə müvəffəq oldu.

Bundan başqa, Heydər Əliyevin təşəbbüsü ilə paytaxt Bakı müvafiq sahədə müxtəlif seminar və konfranslara evsahibliyi etdi. 1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının Bakıda keçirilməsi barədə qərar qəbul edildi.

Bunlarla yanaşı, səhiyyə işçilərinin çalışma və məişət şəraitinin yaxşılaşdırılması yönündə də əhəmiyyətli tədbirlər görüldü. Səhiyyə sektorunda çalışanların əməkhaqları artırıldı və onlar müxtəlif orden, medal və fəxri fərmanlarla təltif edildilər.

Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və 70-ci illərin sonu-80-ci illərin əvvəlində bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alındı.

Eyni zamanda, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi 1978-ci ildə Ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsinin mühüm əsaslarından biri də ölkəmizə qarşı ermənilərin təşkil etdikləri təbliğat və hücumların qarşısının məharətlə alınmasıdır. Belə ki, ermənilərin ölkəmizə qarşı təşkil etdikləri antitəbliğatın SSRİ miqyasında Ulu öndər Heydər Əliyev tərəfindən məharətlə qarşısının alınması tarixi nailiyyət kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi, həmin ərəfədə ermənilər mütəmadi surətdə Dağlıq Qarabağ məsələsini gündəmə gətirməyə cəhd edirdilər. 1977-ci ildə də belə təşəbbüs edilməsinə baxmayaraq, Ulu öndərin operativ və effektiv tədbirləri sayəsində bunun qarşısı məharətlə alındı.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 13 il ərzində (1969-1982) respublikamızın regionları da daxil olmaqla bütün şəhərlərində ciddi tarixi inkişaf baş verdi. Bu inkişaf ölkənin həm iqtisadi, həm də sosial-mədəni sferasını əhatə edirdi. Bütövlükdə, Bakı şəhərinin milliləşməsi, paytaxtımızda onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi və kadr kimi ixtisaslaşdırılması və s. kimi məsələlər Heydər Əliyev hakimiyyətinin əsas xüsusiyyətləri idi.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Ümummilli liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi. Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi.

Bütövlükdə, Ulu öndər Heydər Əliyevin bəhs olunan mərhələdə ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf tendensiyaları ilə tarixə daxil oldu. Eyni zamanda, siyasi-ideoloji müstəvidə həyata keçirilən işlər milli həmrəylik və bütövlüyümüzün təminatçısı rolunda çıxış etdi.

 

Nurlan Qələndərli.

Yeni Azərbaycan. -2014.- 10 dekabr. S. 3.