“Akademiyanın institutları birləşdirilsin, orta məktəblərdə müəllimlər ixtisar edilsin, maaşlar artırılsın”

 

Modern.az saytının müsahibi Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdur

 

- Siyavuş müəllim, bir müddət öncə parlamentdə məsələ qaldırmışdınız ki, Azərbaycanda elm arxasınca gedənlər bəzən elə mövzularda müdafiə edirlər ki, həmin mövzular o qədər də aktual deyil. Və ondan xalq heç bir xeyir görmür. Biz Elmlər Akademiyasının institutlarının rəhbərlərinin yaşı barədə araşdırma apardıq. Məlum oldu ki, onların əksəriyyəti 70-80 yaş aralığındadır. Yaşlı insanlardan bəzilərinin, doğrudan da, fiziki gücü yoxdur, ancaq institut direktorudur. Bu məsələyə siz necə baxırsınız?

 

- Elm hər bir ölkənin göstəricisidir. İstər iqtisadiyyatın inkişafında, istərsə də sosial problemlərin həllində, bütün məsələlərdə ən sonda buna gəlib çıxılır. Elm də, təhsil də həmişə öndə olmalıdır. Azərbaycan elmi müxtəlif dövrlərdə öndə gedib və kifayət qədər elm xadimlərimiz olub. İlk dəfə neftin xüsusi növünü Elmlər Akademiyasının prezidenti mərhum Yusif Məmmədəliyev kəşf edib. Hərbi təyyarələrin, uçuş vasitələrinin benzinlə təmin olunması da onun adı ilə bağlıdır. Akademiyanın digər prezidenti Həsən Abdullayev fizika sahəsindəki kəşflərinə görə dünyada səs salıb. Akademiya rəhbərliyində olanlar zaman-zaman elmin inkişafında böyük xidmətlər göstəriblər. Elmlər Akademiyasının indiki prezidenti Akif Əlizadə haqqında da bunu deyə bilərik. İşgüzarlıq yaşdan asılı deyil.

Amma təbii ki, yaşın da öz rolu var. Akademiyada elm sahəsində ciddi islahatlar gedib. Mən hesab edirəm ki, bir az da bizim fərqli yanaşma mexanizmimiz olmalıdır. Büdcə müzakirələrində bu məsələ də öz əksini tapdı. Bu sahədə 2 yanaşma var: birinci ondan ibarətdir ki, akademiya sistemindən uzaqlaşmamalıyıq. Amma bu, o demək deyil ki, elm adamı gəlsin işləsin, özünə bir dissertasiya yazsın. Öz işini bitmiş saysın. Bunun xalq üçün nə xeyri var?! Elm xalq, millət üçün lazımdır. Bununla yanaşı, elm müəyyən qədər gəlir gətirə də bilər. Kimsə gedib Azərbaycanın hər hansı bölgəsinin tarixini yazıb qrant ala bilər. Bu yaxınlarda İrəvan, Naxçıvan tarixi ilə bağlı dövlət sifarişi əsasında belə işlər görüldü.

Dəqiq elm sahələrinin isə özü gəlir gətirməlidir. Bizdə əsasən neft, kimya sənayesi prioritetdir, amma başqa infrastrukturlar da var. İstər ekologiya, istər informasiya texnologiyaları ilə bağlı, istərsə də neft-kimya ilə bağlı layihələr hazırlanmalıdır.

Bu sahənin alimləri ancaq dövlətin büdcəsinə baxmamalıdırlar. Keçən il Xəzərdə qaz çıxan buruğun birində yanğın baş verdi. Bu yanğını söndürmək üçün Amerikadan mütəxəssis gəldi.

Əgər alimlər görürsə ki, belə bir təhlükə var, o təhlükənin qarşısını almaq üçün dövlət şirkətinə onun həlli ilə bağlı iş planı verməlidirlər. “Ebola” virusu gəlir. Biz gözləməliyik ki, hansısa ölkədən mütəxəssis gəlib məsələni həll etsin?!

Hazırda müharibə vəziyyətindəyik. Kim təminat verə bilər ki, müharibə başlamayacaq, ermənilər kimyəvi silahdan istifadə etməyəcək. Alimlərimiz bunun qarşısını almaq üçün düşünməlidirlər. Bunun qarşısının alınması üçün elmin köməyinə ehtiyac var. Amerika ordusu 3 sahə üzərində qurulub: hava qoşunları, dəniz və quru qoşunları. Hava qoşunlarına raket sistemi də daxildir. Dördüncü sahə olaraq informasiya-kommunikasiya sistemi növü də yaradılıb. Amma o əhəmiyyətinə görə dördüncü yox, birinci yerdə gedir.

Silahlar texnologiya ilə işləyir. Nə qədər Nizamidən, Füzulidən müdafiə etmək olar?! Hesab edirəm ki, burada da qruplaşma lazımdır. Azərbaycan kimi kiçik bir ölkədə kifayət edər ki, müəyyən institutlar birləşsin, yeniləri yaradılsın. Çünki biz geriyə yox, irəliyə baxmalıyıq. Keçmişdə biz sovet hökumətinin bir hissəsi idik. İndi müstəqilik. Baxın, Azərbaycanda Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu, Etnoqrafiya və Arxeologiya İnstitutu, Əlyazmalar İnstitutu fəaliyyət göstərir. Bunların hamısı tarix elminin qollarıdır. Biri qazır çıxarır, biri tarixini araşdırır, o biri başqa bir tərəfdən araşdırır. Axı bunun hamısı eyni şeydir!

Burada söhbət ondan getmir ki, elmi instituta kim rəhbərlik edir. Təklif verəndə bəzən yanlış anlaşılır. Söhbət sistemin fəaliyyətindən və işlək müxanizmdən gedir. Əsas məqsəd odur ki, həm işçi yaxşı işləsin, yaxşı əməkhaqqı alsın, həm dövlət sifarişləri olsun, həm də elmimiz inkişaf etsin. Bu cür mexanizm işlədikdən sonra heç kim dövlət işinə getməyəcək.

Hamı elm arxasınca gedəcək. Alimlər, ziyalılar dövlət işi olan kimi elmi bir kənara qoyub dövlət işində işləyirlər.

- Hələ bu yaxınlarda Elm Tarixi İnstitutu, Dünya Siyasəti İnstitutu yaradıldı...

- Onda bir dənə də Avropa tarixi institutu açılsın. Bunların hamısı qruplaşmalıdır. Azərbaycan kiçik ölkədir. 9 milyon əhalisi, 86 min kvadratkilometr də ərazisi var. Burada nə tapıldısa, birlikdə tapsınlar, araşdırsınlar, birlikdə təqdim etsinlər. Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Dilçilik İnstitutu ayrı-ayrıdır. Amma onların hamısı ədəbiyyatın qollarıdır. Bu cür ayrılma keçmişdə vacib idi. Bu, Sovet İttifaqına lazım idi ki, məsələn, ayrıca Şərqşünaslıq İnstitutu açıb Şərqi, Şərq xalqlarının psixologiyasını, tarixini, adətlərini öyrənsin. Artıq istila edəndə də onun əlində hazır materiallar olsun. Sovet Şərqşünaslıq İnstitutuna Primakov kimi bir adam rəhbərlik edirdi. O, “KQB”nin sədri idi. Çünki institutda milli təhlükəsizlik məsələsi əsas idi. Biz indi Şərqdən nə öyrənəcəyik?

- İsa Həbibbəyli akademiyaya vitse-prezident təyin olunduqdan sonra fikirləşdik ki, ciddi dəyişikliklər olacaq. Hətta 3 ay bu barədə kifayət qədər səs-küy oldu. Ancaq sonra nəsə elə bil hər şey dayandı.

- Akademiyanın prezidenti Akif Əlizadə, vitse-prezident İsa Həbibbəyli, bir qrup ziyalı adamlar akademiya rəhbərliyinə gəldikdən sonra xeyli problemləri həll etdilər. Hər şeyi birdən-birə həll etmək isə mümkün deyil.

Akademiyada 15 mindən çox insan çalışır. Birdən-birə onları azad etmək olmaz. Zamanla, islahatla həll ediləcək. O zaman oraya yeni beyinlər, yeni düşüncələr daxil olacaq.

Bilirsiniz, indi elmlə məşğul olmaq üçün ən az 3 dil bilmək lazımdır. O 3 dili bilmədinsə, elmlə məşğul ola bilməyəcəksən. Ədəbiyyat-tarix sahəsində məşğul olursansa, ən azından rus dilini, ərəb və ya fars dilini bilməlisən. Çünki tariximizdə zaman-zaman fars, ərəb və rus dili hökmran olub. Mən hərdən görürəm, müəyyən müəlliflər Nadir şah, Təhmasib və digər tarixi şəxslərlə bağlı kitablar yazırlar. Qardaş, bunun üçün ən azı 20 ərəb, ya da fars mənbəsi araşdırmalısan. Çünki bizim tariximizin çoxu fars arxivlərindədir. O dilləri bilmirlərsə, nə hazırlaya bilərlər? O, nə kitab olacaq?! Bu səpkidə islahatlar aparılmalıdır. Kim ləyaqətlidirsə, institutlara rəhbərlik etsin, müavinlik etsin. Bununla işimiz yoxdur.

- Bizdə hazırda humanitar sahələrə daha çox üstünlük verilir, əvvəllər isə Azərbaycanda dəqiq elmlərə diqqət çox olub. Neft Akademiyası vaxtilə dünya çapında barmaqla göstərilən institut idi. Bu sahədə geriləməyimizi kimin adına yazaq?

- Elə hüquq sahəsinin özünə diqqət edək: daxil olur 100 nəfər, diplom alır 500 nəfər. Başqa ölkələrdə daxil olur 100 nəfər, bitirir 30 nəfər. Sovet dövründə Neft-Kimya İnstitutuna daxil olmaq asan, bitirmək isə çətin idi. Artıq ayrıca Neft Məktəbi yaradılıb və çox yüksək səviyyədə dərslər keçilir. Ora yalnız 600-dən yuxarı balla daxil olurlar. İngilis dilində də fəaliyyət göstərir. Çox adam cəhd edir ki, orada təhsil alsın. İslahatdan qorxmaq lazım deyil, islahata getmək lazımdır.

Vaxtında Ümummilli lider Heydər Əliyev torpaq islahatını keçirməsəydi, indi biz yenə çörək növbəsində dururduq. Bu islahat torpağı kəndliyə verdi. Çox ölkədə bu proses hələ də həyata keçməyib. Ancaq bizdə birinci mərhələ çox uğurla nəticələndi. İndi bizdə “Elm haqqında” qanun hazırlanır. Bu sahənin mütəxəssisləri də öz fikirlərini bildirəcəklər. Elm çox sürətlə inkişaf edir. Hər gün dünyada yeni nəsə kəşf olunur. Adi telefon aparatında hər dəfə yeni funksiyalar meydana çıxır. Köhnə baqajla fikirləşmək lazım deyil.

- Vurğuladınız ki, hamı Nizamidən, Füzulidən yazır. Heç Nizami də olduğu kimi çatdırılmır. Nəsiminin cəmiyyətə lazım olan tərəfi saxlanılır, onun qəliblənmiş tərəfi çatdırılır. Alimlər qəliblərindən çıxa bilmir, yoxsa onların idrakı buna imkan vermir?

- Keçmişdə bunu sovet baxışı ilə yazırdılar. Nizaminin əsas əsərlərini qoyub zəhmətkeş insanları, kərpickəsən kişini və s. verirdilər. “Xosrov və Şirin”i, “İsgəndərnamə”ni, “Leyli və Məcnun”u - Nizaminin əsas ideyaları yatan əsərlərini tədris etmirdilər. Müdafiə edənlərin çoxu o sahədən müdafiə edirdi. O biri sahələrə getsəydilər, imkan verməzdilər. Nəsiminin allahsız olduğunu deyirdilər. Ancaq Nəsimidən çox Allaha inanan yox idi. Nəsiminin Həzrəti Əliyə aid xeyli sayda qəzəli var. Onların heç biri kitablarda öz əksini tapmayıb. Sovet psixologiyası elə qurulmuşdu ki, onların böyüklüyünü göstərməyə imkan vermirdi. Dəfələrlə Azərbaycan alimləri sübut etmişdilər ki, Rustavellinin “Pələng dərisi geymiş pəhləvan” əsəri Nizamidən oğurlanıb, Mirzə Şəfi Vazehin əsərlərini Bodenşteyn oğurlayıb. Amma bunların açılması üçün onlar gedib arxivlərdə işləməlidirlər. Ora pul köçürülməlidir. Sovet dövrünün arxivləri satılır. O dövrü tədqiq edən tarixçilər onu oxumasa, izləməsə, o dövr üçün heç nə yaza bilməzlər. Ona görə vəsait ayrılmalı və o vəsaitin hesabına da onlar gedib işləməlidirlər. Hazırda Nizamiyə nə qədər iddialılar çıxır?! Farslar, müəyyən Şərq ölkələri, hətta Ermənistan da bir ara ona iddia edirdi. Dağıstan xalqları da 15 il əvvəl Nizami haqqında kitab çap edib öz nümayəndələri kimi göstəriblər. Təbii ki, Nizami Azərbaycan şairidir. Doğum yeri də bəllidir, məzarı da bəllidir. Çoxları onun yazdığı dilə görə bu fikri bildirirlər. Ancaq o vaxt bu dildə yazırdılar. Bir vaxtlar bizim yazıçılarımızın çoxu rus dilində yazırdı. Bu, o demək deyil ki, onlar rusdular. Sadəcə, dövrün sistemi belə idi. O boyda Osmanlı imperiyasının yazışmaları ərəb-fars dillərində olurdu. Nizami vaxtında da fars dili ədəbi dil olduğu üçün o da məcburiyyət qarşısında qalıb o dildə yazırdı. Bu, onların milliyyətinə dəlalət etmir. Bu gün çoxu ingilis dilini öyrənmək istəyir ki, Avropaya çıxsın. Bu, o demək deyil ki, onlar ingilisdir.

- Elmin fəaliyyəti ilə bağlı müəyyən təkliflər irəli sürdünüz. Buradan belə bir nəticəyə gəlmək olar ki, elmimizin inkişafı arzuladığımız kimi deyil. Elm həm də təhsillə bağlı olan məsələdir. Cəmiyyətimizdə elmlə təhsilin vəhdəti və ortaq işlər mexanizmi sizi qane edir?

- Bunların hamısı biri-birilə bağlıdır. Yaxşı təhsil alandan sonra elmə gəlib çıxılır. Vaxtilə təhsil sistemi elə qurulmuşdu ki, məktəbi qurtaran müəllim yanına getmədən yaxşı oxuyurdusa, instituta daxil olurdu. O vaxt ən prestijli iş ya institutda qalmaq, ya da Elmlər Akademiyasına təyinat almaq idi. Sizə deyim, elə bizim özümüzün də yaxşı mütəxəssisə ehtiyacımız olur. Yaxşı da əməkhaqqı təklif olunur. Amma tapmaq olmur. Hərənin əlində bir diplom var. Ancaq o, kağız parçasından başqa bir şey deyil. O diplomun ekvivalenti olan bilik o adamda yoxdur. Bununla da orta və ali məktəb məşğul olmalıdır. Bu, elə bir sahədir ki, heç kəs yaxasını çəkə bilməz. Burada hamı məsuliyyət daşımalıdır.

Cənab Prezident 5 mindən artıq tələbəni dövlət hesabına xaricdə təhsil almağa göndərir ki, oxusunlar, sonra da Azərbaycana qayıdıb fəaliyyətlərini burada davam etdirsinlər. İndi yeni bir sistem tətbiq etmək istəyirlər ki, buradan göndərmək yox, xaricdən alimləri dəvət etsinlər. Bu gün ali məktəblərin səviyyəsi olduqca yüksəkdir. Həm təmiri, həm texniki təchizatı yüksək şəkildədir. Onun tərkibində dəyişiklik etmək lazımdır. Dəyişiklik də əməkhaqqından asılıdır. Bu, olduqca çətin islahatdır. Ona biz getməliyik. Bunun üçün müəllimlərin sayı azaldılmalıdır, maaş isə artmalıdır. Kimin qabiliyyəti çatır, oturub işləməlidir, kimin də qabiliyyəti çatmır, həm xalqın uşağını şikəst etməməlidir, həm də digərlərin boğazına şərik olmamalıdır. Müəllim sinifdə yaxşı dərs deyəndən sonra uşağın repetitor yanına getməyinə ehtiyac qalmır. Oturub kitabdan oxuyar, istiqamətə uyğun hazırlaşar. Yaxşı müəllimin özü istiqamət verir. İndi bizdə bəzi universitetlərdə tələbə müəllimdən savadlıdır. Çünki tələbə girir internetə, hər bir yerdən oxuyur. Müəllimlərin isə çoxu ötən əsrin 70-80-ci illərdə yazdığı konspektlə gəlib tələbəyə dərs deyir. Tələbə də ona qulaq asmır.

- Bayaq bir məsələni qeyd etdiniz, müəyyən bir iş üçün 10 nəfər gəlir. Amma onların arasından normal savadı olan az tapılır. Sizi bu qayğılandırır. YAP 20 ildən artıqdır ki, iqtidardadır. Bu məsələdə özünüzü nə qədər günahkar sayırsınız?

- Biz bununla bağlı insanlara müraciət edirik. Diplom dalınca yox, təhsil dalınca getsinlər. Baxın, kiminsə maddi imkanı yoxdur. Ancaq ali təhsil müəssisəsi seçərkən ödənişli yeri yazır. Bilir ki, ödəyə bilməyəcək. Valideyn qapı-qapı gəzir ki, uşağım ödənişliyə düşüb, ancaq təhsil haqqını ödəyə bilmir. Biri bir ilini ödəyir, bəs sonra? Diplom xatirinə universitetə sənəd verirlər. Düşünmürlər ki, yaxşı oxuyum, ailəmə kömək edim, təqaüd alım. Uşaq onu düşünür ki, gələn il də qapı-qapı gəzib ödəniş edə biləcək. Dünyanın bir çox yerində artıq peşə yönlü texniki məktəblər arxasınca gedirlər.

Amerika, Almaniyada sənəd verirlər ki, yaxşı çilingər olsunlar. Çünki cəmiyyətin bu gün bu cür şeylərə ehtiyacı çoxdur. Bu gün hər bir idarədə kompüter var, onun yaxşı mütəxəssisi varsa, həmin mütəxəssisə ali təhsil lazım deyil. O, peşəsi ilə öz ailəsini də saxlaya bilər. Texniki peşə təhsilinə önəm vermək lazımdır ki, həmin adam ali məktəb haqda düşünməsin. Görürsən ki, əli qızıldır, yaxşı sənətkar ola bilər. Ancaq “heç kimdən geri qalmayım” deyib, universitetə sənəd verir. İndiki zamanda özəl sektorda da belə, ata oğulu işə götürmür. Deyir, sənə pul verim, xərclə, ancaq işləmə. Bilir ki, həmin adamı işə alsa, bankrot olacaq.

- Azərbaycan elmi beynəlxalq nüfuzumuza nə zaman xeyir verəcək?

- Biz Təhsil Nazirliyinin kollegiya iclaslarında iştirak edirdik. Bizim uşaqlar dünyanın bir çox ölkələrində yüksək göstəricilərə yiyələnirlər...

- Onlar Azərbaycan elmi haqqında müsbət fikir yarada biliblərmi?

- Keçmişdə xarici ölkələrdə tibb və hüquq sahəsindən azərbaycanlı götürmürdülər. Ancaq indi azərbaycanlıları özləri axtarırlar. Bank, iqtisadiyyat sektorunda da Böyük Britaniyada, Avstriyada, digər yerlərdə çalışan azərbaycanlılar var.

- Özünüz də elm adamısınız. Elmi fəaliyyətiniz haqqında mümkünsə danışardınız...

- Mən hüquq sahəsində müdafiə etmişəm. Dissertasiya işim seçki texnologiyaları ilə bağlı olub. Müdafiə etdiyim mövzu “Seçki kampaniyasının planlaşdırılması və idarə olunmasının hüquqi əsasları” olub. Azərbaycanda bu sahə üzrə mənə qədər müdafiə edən olmamışdı. Uzun müddət Amerikanın müxtəlif institutları ilə seçkiləri müşahidə etmişəm. 1995-ci ildən Şərqi Avropa ölkələrinin çoxunun seçki kampaniyasında iştirak etmişəm. İki dəfə Amerikada olmuşam bu məsələ ilə bağlı. Seçki Məcəlləmizdə nəzəri və praktiki cəhətlər var. Təvazökarlıqdan uzaq olsa da, Seçki Məcəlləsini Azərbaycanda 10 adam bilirsə, onun biri də mənəm.

 

 

Siyavuş Novruzov.

Yeni Azərbaycan. – 2014.- 11 dekabr. S. 4.