Ulu öndər Heydər Əliyev
Azərbaycanı müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi
Müstəqil Azərbaycan dövlətinin qurucusu - memarı, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.
ÜMUMMİLLİ
LİDER HEYDƏR ƏLİYEV NAXÇIVAN MUXTAR
RESPUBLİKASININ QURTULUŞUNU, DİRÇƏLİŞİNİ
VƏ HƏMRƏYLİYİNİ TƏMİN ETDİ
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün Ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq məqsədəmüvafiqdir. Bu baxımdan, Ulu öndərin fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyət daşıyır.
1990-cı ildə Azərbaycanın mürəkkəb situasiya qarşısında olduğu zaman Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin Sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Bu baxımdan, milli dövlətçilik ənənələrinin bərpası xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
Bununla da Naxçıvan MR-in müstəqil inkişafı üçün ilkin zəmin yaradıldı və sabitliyə real təhdid yaradan faktorların neytrallaşdırılması istiqamətində mühüm işlər görüldü.
Ulu öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.
Bütün bunlarla yanaşı, Ulu öndərin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional miqyaslı beynəlxalq münasibətlər sisteminin formalaşdırılması yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması blokada şəraitində olan Naxçıvanın vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət töhfə oldu.
Beləliklə, siyasi fəaliyyətinin
Naxçıvan dövründə Ulu
öndər Heydər Əliyev gördüyü
işlər, atdığı rasional, praqmatik addımlarla Muxtar
Respublikanın qurtuluşunu, dirçəlişini
və həmrəyliyini təmin etmiş oldu.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV XALQIMIZIN
VƏ DÖVLƏTÇİLİYİMİZİN
XİLASKARIDIR
Sirr deyil ki, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Məhz Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına etinasız olmasının nəticəsi idi ki, onlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsi istiqamətində konkret olaraq heç bir addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr göstərdi ki, o zamankı rəhbərlik təbii situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi strateji missiyanı da reallaşdırmaq iqtidarında deyildi. Bu şəraitdən istifadə edən təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi daha da artmışdı. 1993-cü ilə qədər bu vəziyyət davam etdi və ölkədə tam bir anarxiya yarandı, daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı.
Qeyd etdiyimiz kimi, bu durum 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, simmetrik sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji missiyaları müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri, Əbədiyaşar lideri olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla bir daha sübut etdi.
UĞURLU DÖVLƏT QURUCULUĞU PROSESİ AZƏRBAYCANIN
MÜSTƏQİLLİYİNİ ŞƏRTLƏNDİRDİ
Bu məqamda qeyd
etmək lazımdır
ki, müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz
xidmətlərindən biri
də uğurlu dövlət quruculuğu prosesinin əsasının
qoyulmasıdır. Bu sıraya təkmil
siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının
qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata
keçirilməsi, eyni zamanda, milli həmrəylik və
bütövlüyü təmin edən ideologiyanın
yaradılması aid edilə bilər.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Ən əsası isə odur ki, Ulu öndər Heydər Əliyev siyasi sistemin komponentləri olan ayrı-ayrı institutları legitimləşdirməklə açıq - demokratik cəmiyyət qurdu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır.
Eyni zamanda, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu.
Şübhəsiz, Ümummilli
lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu
siyasətinin fonunda əldə edilən
nailiyyətlərin sayını istənilən qədər
artırmaq olar. Amma təkcə
sadalananlar da onu deməyə əsas verir
ki, Ulu öndər
Heydər Əliyev Azərbaycanı, sözün
əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
YENİ AZƏRBAYCAN PARTİYASI XALQIMIZI
VAHİD MƏQSƏD ƏTRAFINDA BİRLƏŞDİRDİ
Ulu öndər
Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı
misilsiz xidmətlərini
anlamaq və təsvir etmək üçün toxunulması
zəruri olan başlıca məsələlərdən
biri də ümumxalq partiyası olan Yeni Azərbaycan
Partiyasının (YAP) yaradılmasıdır.
Bəlli olduğu kimi, YAP ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən, 91 nəfər ziyalı 1992-ci ilin oktyabr ayının 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.
Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.
ÇOXŞAXƏLİ ENERJİ SİYASƏTİ
DÖVLƏT MÜSTƏQİLLİYİNİ GÜCLƏNDİRDİ,
YENİ İNKİŞAF ÜFÜQLƏRİ AÇDI
Ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən
inkişaf və tərəqqi strategiyasının
mühüm istiqamətlərindən
birini də müstəqil enerji siyasəti təşkil edir. Heç şübhəsiz, Ümummilli liderin uzaqgörən
enerji siyasətinin fonunda milli sərvətimiz milli mənafeyə
yönləndirildi və bunun sayəsində ölkəmizin
sosial-iqtisadi inkişafı daha da sürətləndi, eyni
zamanda, Azərbaycan beynəlxalq münasibətlər sistemində
etibarlı strateji tərəfdaş imici qazandı və
bununla da dünya siyasətinin nüfuz və güc
iyerarxiyasında sürətli irəliləyişin əsasını
qoymuş oldu.
1994-cü
il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında
dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə
“Əsrin müqaviləsi” adlanan beynəlxalq sazişin
imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə
inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin
möhkəm təməli qoyuldu.
“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük mailli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tanker dünya bazarlarına çıxarıldı.
Bundan başqa, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının fonunda daha sonra reallaşdırılan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də, regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb olub. Beləliklə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil enerji siyasəti və gerçəkləşdirilən nəhəng layihələr həm də milli iqtisadiyyatımızın inkişafına fundamental töhfələr bəxş etdi. Məhz bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqları və çağırışlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində Azərbaycan regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynamaqdadır.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN
ƏSASINI QOYDUĞU SİYASƏT UĞURLA DAVAM
ETDİRİLİR
Bu gün Azərbaycan
Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir. Ulu öndər Heydər Əliyevin
əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinin nəticəsi
kimi, Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələr sırasında
öncül yerlərdən birini tutur. Bununla yanaşı, həyata
keçirilən siyasət sayəsində Azərbaycan
Respublikasının siyasi sisteminin inkişafı davam edir,
dövlət quruculuğu istiqamətində əhəmiyyətli
nailiyyətlər əldə edilir. Prezident İlham Əliyevin
siyasi kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Bu
da ölkəmizdə fərdlərin siyasi
iştirakçılıq səviyyəsini artırmaqla
yüksək siyasi mədəniyyətin daha da inkişaf etməsinə,
siyasi-hüquqi islahatların davamlı xarakter
daşımasına, ümumiyyətlə, müstəqilliyin
möhkəmlənməsinə təkan verir.
Bununla yanaşı, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Başqa sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırır.
Bir sözlə, müstəqil
Azərbaycan Ümummilli lider
Heydər Əliyevin ideyaları əsasında inkişaf
edir.
Nurlan Qələndərli.
Yeni Azərbaycan. – 2014.- 11 dekabr. S.
3.