Azərbaycan-İtaliya əlaqələri sürətlə inkişaf edir

 

İki ölkə arasındakı münasibətlər möhkəm və tarixi bağlara əsaslanır

Xəbər verildiyi kimi, bir neçə gün öncə İtaliyanın “Exportiamo” portalı Azərbaycanda müxtəlif sahələrdə əldə edilən uğurların təhlil olunduğu məqalə yayıb. Məqalədə bildirilir ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq və Qərb arasında körpü rolunu oynayır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktordur.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan müəllif qeyd edir ki, əlaqələrimiz sürətlə inkişaf edir. 2007-ci ildən etibarən İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu ölkədə xarici iş adamlarının fəaliyyəti üçün əlverişli mühit yaradılıb. Təsadüfi deyil ki, bir sıra İtaliya şirkətləri Azərbaycanda müxtəlif sahələrə böyük maraq göstərir.

Yazıda Bakıda fəaliyyət göstərən italiyalı iş adamı Luigi D’Apreanın müsahibəsi yerləşdirilib. Müsahibəsində ölkəmizdə xarici iş adamları üçün yaradılmış münbit şəraitdən razılığını ifadə edən Luigi D’Aprea “2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərirəm. Bu ölkəyə çox qısa müddətdə uyğunlaşdım və isti münasibət gördüm. Burada xarici iş adamları üçün münbit şərait yaradılıb”, - deyib.

İtaliyalı iş adamı vurğulayıb ki, sürətli inkişaf yoluna qədəm qoyan Azərbaycan Qafqaz regionunda ən dinamik tərəqqinin müşahidə olunduğu ölkədir. Paytaxt Bakıda yeni tikilmiş möhtəşəm otellər, “Alov qüllələri” kompleksi, şəhərin müasir arxitektura tarixində yeni səhifə olan Heydər Əliyev Mərkəzi və gözqamaşdıran göydələnlər bu şəhərə xüsusi gözəllik verir. Bakı artıq müasir meqapolis kimi tanınır.

Azərbaycan-İtaliya münasibətlərinin möhkəm və tarixi bağlara əsaslandığını deyən italiyalı iş adamı 1972-ci ildə Bakı və Neapol şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasını bu yaxınlığın göstəricisi kimi qiymətləndirib. O qeyd edib ki, son illər hər iki ölkənin dövlət rəsmilərinin qarşılıqlı səfərləri müxtəlif sahələrdə əlaqələrin qurulmasına və inkişafına imkan yaradıb. 2019-cu ildə başa çatdırılması nəzərdə tutulan TAP qaz boru kəməri layihəsi əməkdaşlığımıza müsbət təsirini göstərməkdədir. TAP Avropanın enerji təminatı baxımından önəmli layihədir.

Məqalədə Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə də məlumat verilir. Diqqətə çatdırılır ki, bu Konsepsiyada ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin təkmilləşdirilməsi, ətraf mühitin mühafizəsi və bir çox digər istiqamətlərdə önəmli məqamlar əks olunub.

Azərbaycanın dünyada ən qədim neft istehsal edən ölkələrdən biri olduğunu yazan müəllif ölkəmizin neft sənayesinin tarixi, “Neft Daşları”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti, 2015-ci ildə inşası planlaşdırılan “Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi” ilə bağlı da məlumat verir.

Sözügedən məqalədə, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs olunur. Bildirilir ki, Azərbaycan paytaxtında bütün Avropa xalqlarını birləşdirəcək möhtəşəm idman tədbiri keçirmək üçün yüksək səviyyəli hazırlıq işləri aparılır.

Bu məqamda qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri içərisində ölkəmizlə ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri gücləndirən ilk dövlətlərdən biri məhz İtaliya olub. İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci il tarixində tanıyıb. Eyni zamanda, 8 may 1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. Bununla belə, məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlər inkişaf etməyə başlayıb. 1997-ci ilin martında İtaliya Respublikasının Azərbaycanda, 2003-cü ilin dekabrında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilib. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında indiyədək 30 sənəd imzalanıb.

İki ölkə arasında əməkdaşlıq rəsmi səfərlər sayəsində daha da möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin İtaliya Respublikasına ilk rəsmi səfəri 24-27 sentyabr 1997-ci ildə baş tutub. Prezident İlham Əliyev isə 2005-ci ilin 24-26 fevral tarixlərində İtaliyada rəsmi səfərdə olub. Eyni zamanda, 2 iyun 2011-ci il tarixində İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirdə iştirak etmək məqsədilə Prezident İlham Əliyev həmin ölkəyə səfər edib. Onu da qeyd edək ki, 2013-cü ilin 5-6 mart tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyeva İtaliyada səfərdə olub və Romada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışında iştirak edib. Qarşılıqlı səfərlər parlament və hökumət nümayəndələri səviyyəsində də davam etdirilib ki, bu da Azərbaycanla İtaliya arasında əlaqələrin bütün sahələr üzrə inkişafına təkan verib. Bu məqamda onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, birgə əməkdaşlığa dair mühüm razılaşmaların əldə olunması İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı-faydalı əməkdaşlığın güclənməsinə əlverişli zəmin yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində İtaliya şirkətlərinin təmsil olunması isə ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına təkan verib. Enerji sahəsində əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi, sosial, humanitar, elmi-mədəni, təhsil, səhiyyə, turizm və digər bölmələrdə intensiv əlaqələrin inkişafı İtaliya-Azərbaycan münasibətlərində yeni dinamikaya səbəb olub. İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında yaradılmış hökumətlərarası komissiyanın intensiv fəaliyyəti hər iki dövlətin siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementləri əlavə edib. Son illərdə möhkəm təməllər üzərində dərinləşən Azərbaycan-İtaliya əlaqələri, öz növbəsində, ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fazasına qədəm qoyub. Hər iki dövlət Trans-Avropa enerji şəbəkəsinin formalaşmasında həlledici rola malik olmaqla strateji əhəmiyyət kəsb etməyə başlayıb.

Yuxarıda da vurğuladığımız kimi, İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi münasibətlərin əsas prioriteti neft və qaz sahəsində əməkdaşlıqla bağlıdır. Belə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql olunan neftin əsas alıcılarından biri İtaliyadır. Hazırda Avropa bazarlarına nəql olunan neft resurslarının böyük bir hissəsi məhz İtaliya limanları vasitəsilə Avropa İttifaqı (Aİ) ölkələrinə çatdırılır. Bu dövlət ölkəmizə məxsus neftin 40 faizini öz ərazisi ilə Avropaya tranzit edir. İtaliya Respublikası Avropa İttifaqında yüksək nüfuza malik dövlət kimi regionda Azərbaycanla enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə töhfə verməsi ilə diqqəti cəlb edir. Rəsmi Roma öz enerji siyasətini həyata keçirərkən Azərbaycan Respublikası ilə uzunmüddətli və davamlı xarakterə malik strateji layihələri prioritet kimi qəbul edir.

Məlum olduğu kimi, İtaliya Respublikası neftlə bərabər, qaz resurslarının da əsas alıcısıdır. Xatırladaq ki, hələ 2007-ci ilin dekabrında Azərbaycanla İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair protokol imzalanıb. Əlavə edək ki, “Şahdəniz” konsorsiumu 28 iyun 2013-cü ildə elan edib ki, “Şahdəniz-2” layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans-Adriatik boru kəmərini (TAP) seçib. 13 fevral 2013-cü ildə Yunanıstan, İtaliya və Albaniya hökumətləri Trans-Adriatik boru kəməri üzrə hökumətlərarası saziş imzalayıb. Bir sözlə, İtaliya Azərbaycanın şaxələndirmə siyasətini dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin yaradılmasına təşəbbüs göstərən əsas dövlətlərdən biridir. Beləliklə, görünən odur ki, enerji əməkdaşlığı formatı gələcəkdə daha geniş coğrafi miqyas alacaq. Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin coğrafiyası daha da genişlənəcək və Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi yaranmış olacaq. Yanacağın Azərbaycandan Türkiyə və Yunanıstana, oradan isə İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixracı üçün regionda ən iri qaz marşrutu mövcud olacaq. Eyni zamanda, bu enerji sistemi şaxələnərək Mərkəzi Avropanın bir çox dövlətlərini əhatə edəcək. Yanacağın sözügedən marşrut üzrə Xəzər hövzəsindən, Orta Şərqdən və Mərkəzi Asiyadan Avropaya çatdırılması nəzərdə tutulur. Gələcəkdə, həmçinin, Qazaxıstanın və Türkmənistanın da qaz resurslarının bu dəhlizlə nəqli mümkün sayılır. Bu amil İtaliya ilə Azərbaycan arasında iqtisadi təmasları dərinləşdirməklə yanaşı, məhz respublikamızın enerji strategiyası nəticəsində bu ölkənin də regionda tranzit dövlətə çevrilməsinə səbəb ola bilər. Yəni, İtaliya təkcə Azərbaycan qazının alıcısı deyil, həm də yanacağın digər Avropa dövlətlərinə ixracı üçün tranzit ölkə rolunu oynamış olacaq. Azərbaycan qazı Avstriyaya, Bolqarıstana, Macarıstana, həm də bu ölkənin ərazisindəki marşrutlarla çatdırılacaq. Bu strateji addım, eyni zamanda, respublikamızın Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq gücünü ortaya qoyur.

Yeri gəlmişkən, İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq enerji resursları ilə məhdudlaşmır. Belə ki, indiyədək keçirilən Azərbaycan-İtaliya biznes forumlarında müzakirə olunan əsas məsələlər neft və qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə tutur. Tərəflər iqtisadiyyatın bir çox sahələri üzrə geniş əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətindədir.

Onu da bildirmək yerinə düşər ki, hazırda hər iki ölkə çox sıx ticari-iqtisadi əməkdaşlığa malikdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda İtaliya öncül sıralarda qərarlaşıb. Bütövlükdə Azərbaycanın xarici ticarət dövriyyəsində ixracatda 35,2 faizlə İtaliya, idxalda isə 16,8 faizlə Rusiya öndə durur. Yeri gəlmişkən, 2010-cu ildə Bakıda keçirilən biznes forumunda hər 2 ölkənin dövlət rəsmiləri, kənd təsərrüfatı, qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat, enerji və s. sahələri təmsil edən 60-dan çox şirkətin nümayəndələri iştirak edib və tədbirdə işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. İşgüzar görüşlərlə davam etdirilən tədbirin yekunu olaraq İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb. Həmin sənəddə iki ölkə arasında ticarətin inkişafı, iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə müəssisələrin yaradılması, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı, eləcə də, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların cəlb edilməsi və s. sahələrdə əməkdaşlığın inkişafı nəzərdə tutulub. Ötən müddət ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasında daha bir neçə şirkəti fəaliyyətə başlayıb. Bu məqam ötən il noyabrın 13-də Bakıda keçirilmiş Azərbaycan-İtaliya biznes forumunda bir daha vurğulanıb. Ümumiyyətlə, italyanlar respublikamızda kənd təsərrüfatı, qida sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət avadanlıqları, geyim, mebel və digər sahələr üzrə fəaliyyət göstərirlər.

İtaliya Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələdə dövlət səviyyəsində xüsusi olaraq, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Faktlara diqqət yetirək. Məlum olduğu kimi, bir neçə il öncə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub. Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini ilə olub. Görüş zamanı Azərbaycan parlamentinin spikeri bildirib ki, ölkələr arasında siyasi dialoqun davam etdirilməsi baxımından yüksəksəviyyəli səfərlərin həyata keçirilməsi olduqca vacibdir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Həmin görüş zamanı Azərbaycanın neçə illərdən bəri üzləşdiyi ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ xüsusilə diqqət mərkəzində olub. İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini isə bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoyaraq qeyd edib: “Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir”.

Əlbəttə, bu fakt onu göstərir ki, İtaliya bu problemə beynəlxalq hüquq müstəvisində çox həssaslıqla yanaşır. Xatırladaq ki, İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Senat Yeni Avropa Xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsinin vacibliyini qeyd edir. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında əlaqələrin inkişafına təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Qeyd etdiyimiz kimi, bu vaxta qədər Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair təxminən 30 sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, iqtisadi münasibətlərin gücləndirilməsində maraqlıdır. Regionda beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycanın Avropanın etibarlı strateji tərəfdaşına çevrilməsi İtaliya tərəfindən də yüksək dəyərləndirilir. Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də, onların parlament assambleyaları səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq edir və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, hazırda iki ölkənin qanunvericilik orqanları arasında əlaqələr də yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edək ki, İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupuna olan diqqətin və marağın artmasının şahidi oluruq. Senat üzrə dostluq qrupunun üzvlərinin sayı 32 nəfərdən ibarətdir.

İtaliya Respublikası, həmçinin, Avropa İttifaqında da söz sahiblərindən biridir. 2006-cı ilin noyabrında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin martında Avropa İttifaqı Şurasının “Şərq Tərəfdaşlığı” haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadır və bu baxımdan, Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən, İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır. Qeyd olunmalıdır ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. Vurğuladığımız kimi, İtaliyanın iş adamları, şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər.

Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avroatlantik qurumlara inteqrasiya, o cümlədən, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesində İtaliyanın ölkəmizə dəstəyi şübhə doğurmur. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək.

Bir sözlə, İtaliyanın Trentino Alto Adige regionunun dil azlıqları və sülh üçün ədalət üzrə konsulu Cüzeppe Detomasın da vurğuladığı kimi, Azərbaycan ilə İtaliyanı dərin köklərə əsaslanan münasibətlər birləşdirir. Bu ilin martında AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışan C.Detomas diqqətə çatdırıb ki, bu sıx əməkdaşlığı bir çox sahələrdə müşahidə etmək mümkündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan C.Detomas problemin tezliklə tənzimlənəcəyinə əminliyini bildirib. Vurğulayıb ki, İtaliya münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli dünyanın bir sıra bölgələrində davam edən münaqişələrə son qoyulması üçün nümunə ola bilər.

Yeri gəlmişkən, əksər ekspertlərin də vurğuladıqları kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 13-də İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına növbəti təkan olub. Məlumat üçün bildirək ki, səfər çərçivəsində Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Azərbaycanla İtaliya arasında mühüm sənədlər də imzalanıb. Beləliklə, bütün bu sadalananlar onu deməyə əsas verir ki, son illərdə dinamik inkişaf edən Azərbaycanın Avropa ölkələri, o cümlədən İtaliya üçün strateji əhəmiyyəti getdikcə daha da artmaqdadır və bu məqam İtaliyanın “La voce del Trentino” xəbər portalında dərc edilən məqalədə də xüsusi olaraq vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təminatı və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində önəmli və real layihə olan TAP-ın məhz Azərbaycan qazı hesabına reallaşacağı vurğulanan məqalədə bildirilir ki, Avropa ölkələri, o cümlədən İtaliya üçün Azərbaycan təkcə enerji ehtiyatlarına görə deyil, eləcə də qədim tarixə və zəngin mədəniyyətə malik olması baxımından önəmlidir.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2014.- 11 dekabr.- S.12.