Ulu öndər Heydər
Əliyev elmin və təhsilin böyük himayədarı
idi
Bakı Dövlət Universitetinin
rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmovun
müsahibəsi
Ümummilli lider Heydər Əliyev canlı məktəb,
canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi,
parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad
sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən
çıxılmaz vəziyyətlərdən, mürəkkəb
situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi.
O, anadangəlmə lider, misilsiz təşkilatçı,
mükəmməl və universal şəxsiyyət idi. İctimai həyatın elə aparıcı sahəsi
yox idi ki, ulu öndər ona dair ən zəruri biliklərə
malik olmasın. Böyük iqtisadçı kimi ölkənin
sosial-iqtisadi həyatının bütün sahələri məhz
onun kursu əsasında inkişaf edirdi... Hüquq nəzəriyyəçisi
kimi dövlət quruculuğunun əsas yükü onun
çiyinlərində idi... Usta diplomat kimi ölkəmizin
dünya birliyində layiqli yer tutması onun xidmətləri
idi... Böyük sərkərdə kimi müstəqil Azərbaycanın
Milli Ordusunu o qurmuşdu... Milli mədəniyyətimizin,
milli-mənəvi dəyərlərimizin, dilimizin, dinimizin ən
böyük bilicisi kimi bu dəyərlərin həm də ən
böyük hamisi o idi. Bəzən təəccüblənməmək
olmur: o, bütün bunları, bunca azman fəaliyyəti balaca
bir insan ömrünə necə sığışdıra
bilirdi? Amma bu suala cavab var. Ulu öndərimizin
“Xalqın, vətənin taleyi hər bir insanın öz
taleyinə çevrilməlidir” kəlamında gizlənir bu
cavab. H.Əliyev heç vaxt öz şəxsi
həyatını yaşamadı. Azərbaycanın
taleyini öz taleyinə çevirdi, həyatını bu
xalqın, bu ölkənin yolunda şam kimi əritdi.
- Abel
müəllim,Heydər Əliyev fenomeninin
xalqımızın taleyindəki rolunu qısa necə
xarakterizə etmək olar?
- Bu nöqteyi-nəzərdən ulu öndər Heydər Əliyev 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə və lider kimi xatırlanır. Tam cəsarətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bu bütöv və prinsipial xarakteri sayəsində ulu öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Xalqa layiqli rəhbərlik missiyası onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən bəhrələnmişdir.
Antikyunan filosofu Demokrit yazırdı ki, siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir. Şəxsiyyətcə bütöv, milli və mütərəqqi olmayan liderlərin cəmiyyətin konsolidasiyası prosesinə nüfuz və təsir imkanlarından danışmaq da mümkün deyildir. Siyasi liderin etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst və saf olarsa, xalqın həmin şəxsiyyətə inamı da bir o qədər güclü olar. Bəşər tarixinə öz möhürünü vurmuş fenomenal liderlər ilk növbədə toplum üçün cəlbedici və real görünən mütərəqqi ideyalarla öz cəmiyyətlərinin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail ola bilmişlər.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən birinə çevrilmişdir. Xalqımızın yaddaşında bütöv və milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. Dövlətçiliyin taleyi baxımından ən ağrılı və çətin günlərdə xalq öz gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə qəlbən güvəndiyi liderə – Heydər Əliyevə etibar etmiş, onun rəhbərliyi altında üzləşdiyi fəlakətdən xilas olacağına böyük ümid bəsləmişdir. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmiş, əsil liderlərə xas bir şəkildə dövlətinin üzləşdiyi faciələrə sinə gərmişdir.
Ümummilli lider Heydər Əliyevin qısa müddətdə vətəndaş sülhü və həmrəyliyinə, milli barışa nail olması, paralel olaraq respublikada tənəzzül prosesini dayandıraraq iqtisadi dirçəliş yönümündə praktik addımlar atması da məhz xalqın öz rəhbərinə olan dəstəyindən irəli gəlmişdir. Heydər Əliyev hakimiyyətinə – iqtidarda olan Yeni Azərbaycan Partiyasına sonsuz ictimai inam və etimad qarşılığında dövlətçiliyə «diş qıcamış» bir çox daxili və xarici qüvvələr mərkli niyyətlərindən əl çəkməyə məcbur olmuşlar.
Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında YAP sədri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” - deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş və onun həyata keçirilməsinə başlamışdır.
- Ümummilli liderin dünənin, bu günün və sabahın Partiyası adlandırdığı YAP-ın yaradılması və xalqın tarixindəki böyük rolu onun adı ilə bağlıdır. Bu barədə nə demək olar?
- YAP-ın ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla bahəm, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirmişdir. Ulu öndər Heydər Əliyevin bu prinsiplərə söykənməklə yeritdiyi milli siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etmiş, qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin hakim partiyaya axını başlamış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdır. Xalqına, dövlətinə güvənən Heydər Əliyev dühası 1994-1995-ci illərdə bəzi daxili qüvvələrin dövlət çevrilişi, qiyam cəhdlərinin qarşısını qətiyyətlə almış, beləliklə Azərbaycanda silahlı yolla hakimiyyəti ələ keçirmək “ənənəsinə” son qoymuşdur. 1994-ci ilin oktyabr, 1995-ci ilin mart hadisələri zamanı ümummilli liderin bir çağırışı ilə milyonlarla həmvətənimizin Prezident Aparatının qarşısına toplaşması, ona dəstək verməsi çağdaş tariximizə milli birlik və həmrəyliyimizin ən ali təcəssümü kimi iz salmışdır.
Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev də təcrübəli dövlət xadimi və hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir.
Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanmışdır. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq “Haqlı həmişə güclüdür” düsturundan çıxış etmiş, hakimiyyətin daim hər bir fərdin maraq və mənafeyini uca tutmasına çalışmışdır.
Ulu öndərin müəllifliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir. Məhz bu mərhələdən hüquq-mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş¬dir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun (Ombudstan) yaradılması, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. Eyni zamanda Heydər Əliyev respublikamızın Avratlantik məkana sürətli inteqrasiyasına çalışmış, bu məqsədlə müxtəlif demokratik institutlarla, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyi və s. təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur.
Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi dövlətçilik fəlsəfəsi milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün də möhkəm ideoloji zəmin yaratmışdır. Ümummilli lider müxtəlif səbəblərdən Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir.
Diaspor və lobbi quruculuğuna göstərilən xüsusi diqqət Heydər Əliyevin yüksək diplomatik və peşəkar siyasətçi keyfiyyətlərindən qaynaqlanırdı. Bu gün böyük öndəri haqlı olaraq Azərbaycan hüdudlarına sığmayan və daha böyük çoğrafi məkana rəhbərlik etməyə qadir olan siyasətçi də adlandırırlar. Bu, həqiqətən belə idi - Heydər Əliyev öz siyasətçi qüdrəti, xarizmatik liderlik keyfiyyətləri, yüksək idarəçilik qabiliyyəti, diplomatik məharəti ilə çoxdan Azərbaycan hüdudlarını adlamış, böyük siyasətə gəldiyi gündən dünya miqyasını əhatə etmişdi. Ümummilli liderin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissinin, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün ömrü elə Azərbaycan üçün yaşanmışdı - bu xarüqüladə şəxsiyyət bütün həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdi. Ulu öndər hər zaman və hər yerdə Azərbaycan üçün çalışır, həyatının ən böyük qayəsini milliliyin, həmrəyliyin qorunub saxlanılmasında görürdü. “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.
Ulu öndərin böyük müdrikliklə söylədiyi bu fikirlər bir daha sübut edir ki, Azərbaycan xalqının çox böyük çətinliklər bahasına əldə etdiyi müstəqilliyi qoruyub saxlamaq əzmi və bu tarixi nailiyyətin daimiliyini təmin etmək arzusu onun gələcəyə doğru inamla addımlamasına və dünya birliyində, sözün həqiqi mənasında, öz layiqli yerini tutmasına imkan vermişdir. Şübhəsiz, indiyə qədər Azərbaycanın bir dövlət olaraq bütün sahələrdə qazandığı uğurların hər biri böyük ictimai-siyasi xadim, tarixi şəxsiyyət, dünya siyasətinin ən parlaq simalarından biri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycanda milli dövlətçilik ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının formalaşdırılması və xalqımızın tarixi yaddaşının bərpası istiqamətində göstərdiyi xidmətlər indi bütün dünya tərəfindən təqdir olunur.
- Elmimizin, təhsilimizin inkişafında onun rolu barədə nə deyə bilərsiniz?
- Heydər Əliyev xalqına rəhbərlik etdiyi bütün dövrlərdə dövlətçilik ənənələrinin bərpa edilməsində və milli ruhun yaşadılmasında bir ziyalı kimi hər bir alimdən, şairdən, elm xadimindən, yazıçıdan daha çox mübarizə aparmış, daha çox iş görmüşdür. Ulu öndər Heydər Əliyev ana dilimizi xalqımızın ən böyük milli sərvəti hesab edirdi. Çıxışlarında daim vurğulayırdı ki, milli dövlət quruculuğunun çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Dövlət müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə əlverişli şərait yaranmışdır. Belə böyük və məsuliyyətli vəzifəni az qala təkbaşına həyata keçirən Heydər Əliyevə qarşı çıxanlar, min bir əziyyətlə yaratdığı dövlətçiliyimizə zərbə vurmaq istəyənlər az olmadı. Onlar ölkədəki dinamik inkişafı, ciddi demokratik proseslərin getdiyini görmək istəmir, sivil mübarizə metodlarını mənimsəmirdilər. Lakin ümummilli lider Heydər Əliyevin «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olundu. Məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçmişdir. Bu, müəyyən mənada inzibati addım təsəvvürü yaratsa da, əslində ölkədəki gerçəklikdən doğan obyektiv zərurət olmuşdur.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilini müstəqil dövlətçiliyin əsas rəmzlərindən saymaqla, onun inkişafı, zənginləşməsi və saflaşması, milli həmrəyliyin əsas leytmotivinə çevrilməsi naminə daim xüsusi tədbirlər həyata keçirmişdir. Bu istiqamətdə atılmış vacib addımlardan biri də 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.
Müstəqillik illərində Heydər Əliyev təhsil sistemində baş verən boşluqları, deformasiyaları da aradan qaldırmaq üçün də böyük qüvvə sərf etmiş, xüsusilə də Bakı Dövlət Universitetinə böyük diqqətlə yanaşmışdır. Ölkənin ciddi problemlər içində olmasına baxmayaraq məhz ulu öndər Heydər Əliyevin qayğısı sayəsində 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyi yüksək səviyyədə keçirilmişdir. Ümummilli lider özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söyləmiş, çıxış yollarını göstərmişdir.
1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev deyirdi: «Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum».
1999-cu ilin yanvarında ulu öndər Heydər Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinə rektor təyin edilərkən, ulu öndərin qəbulunda oldum və bu fenomen şəxsiyyətlə bir saata yaxın söhbət etdik. Bu ünsiyyət zamanı ümummilli liderin universiteti daha yaxından tanıması, burada baş verən proseslərdən ətraflı xəbərdar olması, istər-istəməz, belə bir təsəvvür yaradırdı ki, ulu öndərin özü də universitetdə çalışır. Fenomenal şəxsiyyət universitetlə bağlı hər bir detalı xırdalığına qədər bilirdi. Heydər Əliyev bu ali təhsil ocağının gələcək inkişafı ilə bağlı elə tövsiyələr verdi ki, bu, miqyasca bir elmi institutun görə biləcəyi işlərdən də böyük idi.
Ümummilli liderin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssini yetişdirməkdən ibarətdir. “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” - deyən ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Universitetin 1999-cu ildə 80 illik yubiley mərasiminin keçirilməsi yenə də ümummilli liderin adı ilə bağlıdır. Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş beş yubiley mərasiminin dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu mənada, Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır. Bu da təsadüfi deyildir ki, universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafında göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəkliklərə qaldırdığına görə Bakı Dövlət Universitetinin 80 illik yubileyi ərəfəsində ulu öndər Heydər Əliyevə BDU-nun fəxri doktoru diplomunu təqdim etmişdir.
Böyük strateq Heydər Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı ən mühüm və unudulmaz addımlarından biri də 13 iyun 2000-ci ildə bu ali təhsil ocağına özünüidarəetmə - muxtariyyət statusunun verilməsidir. Müəyyən prinsiplər əsasında ali məktəbə belə bir statusun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda, beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir. Xarici ölkələrin mütərəqqi təcrübəsinin universitetdə tətbiqi, tədris-tərbiyə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönlü addımlar atılmışdır.
- Siz tez-tez deyirsiniz ki, o xalq xoşbəxtdir ki, onun ümummilli lideri var və onun yolu uğurla davam edir. Dahi strateqin müəyyənləşdirdiyi yolun davamı barədə bir neçə kəlmə deyin.
- Ulu öndərin siyasi kursunu böyük müdrikliklə davam etdirən Prezident İlham Əliyev onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də, regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.
Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geo¬siyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü uğurlu siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.
Son illərə qədər respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdən keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Şübhəsiz, keçid dövrünün müddəti hər bir dövlətin özünəməxsus inkişaf xüsusiyyəti, təbii resursları ilə şərtlənir. Keçid iqtisadiyyatı yaşayan ölkələr üçün mövcud olan ümumi qanunauyğunluq müxtəlif şəraitlərdə fərqli formalarda özünü göstərir. Bununla belə, iqtisadiyyatın dövlət inhisarından çıxarılması və özəlləşdirilməsi, bu əsasda sahibkarlığın, rəqabət mühitinin inkişaf etdirilməsi, qiymətlərin liberallaşdırılması, bazar infrastrukturlarının formalaşdırılması, əhalinin güclü sosial müdafiəsi sisteminin təşkili, fəal investisiya siyasətinin aparılması keçid dövrünü başa vuran ölkələr üçün ümumi cəhətlərdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə bərabər, investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, tədiyyə balansı, kənd təsərrüfatı kimi bölmələrdə dinamik inkişafı təmin etmişdir. Eyni zamanda, beynəlxalq iqtisadi münasibətlərin milli maraqların qorunması çərçivəsində gücləndirilməsi qlobal strukturlara səmərəli inteqrasiyanı daha da sürətləndirmişdir. Bu fonda əhalinin sosial müdafiəsi məsələsi də daim ön planda tutulmuş, bunun üçün əməli addımlar atılmış, müvafiq dövlət proqramları qəbul olunmuş, qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.
Ümumiyyətlə, Azərbaycan iqtisadi sahədə islahatları uğurla başa çatdırmaqla, MDB məkanında keçid dövrünü başa vurmuş öncül dövlətlər sırasındadır. Möhtərəm Prezident İlham Əliyev 2009-cu il noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyindəki dərin məzmunlu nitqində Azərbaycanın iqtisadi sahədə keçid dövrünü başa vurduğunu bəyan etmişdir. Bundan sonrakı dövrü isə daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Cənab İlham Əliyev praqmatik siyasətçi kimi bu mərhələdə də qarşıda duran strateji vəzifələri düzgün qiymətləndirir, xalqın mənafeyi baxımından bir sıra strateji məqsədləri önə çəkir. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş dövlətlər sırasında görməkdir. Dövlət başçısı cəmiyyətdə müəyyən azlığın skeptik yanaşdığı bu məqsədin reallaşdırılması üçün son illərdə kompleks tədbirlər həyata keçirir.
Bəşəriyyətin çoxəsrlik tarixi göstərir ki, elm və təhsil hər bir xalqın mütərəqqi inkişafını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli, ilk növbədə, bu sahələrin tərəqqisindən, habelə vətənpərvər və yüksək ixtisaslı kadr hazırlığından keçir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, cəmiyyət həyatındakı fundamental dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin mütərəqqi maarifçilik ənənələrinin, müasir informasiya və innovasiya texnologiyalarının mənimsənilməsini, mənəvi-intellektual yüksəlişə xidmət edən siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi də məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılması, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Cənab İlham Əliyev xüsusi qeyd edir ki, respublikamızda “qara qızıl”ı “insan qızılı”na, insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtututlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması ideyası dayanır.
Ölkədə həyata keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, insan kapitalına xidmət etməlidir. “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu, olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir” - deyən dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın standartlarına uyğun intellektual, yüksək ixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə MDB məkanının liderlərindən biridir.
Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: BDU-nun da əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bunu düzgün dərk edən universitetin professor-müəllim heyəti qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. Onlar gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün daim əzmkarlıqla işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini günü-gündən gücləndirməyə çalışırlar. Sivil dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil sahəsində tətbiqi universitetin Elmi Şurasını düşündürən başlıca məsələlərdəndir.
BDU-nun professor-müəllim heyəti bu gün həm də milli ideologiyamızın formalaşması, genişləndirilib inkişaf etdirilməsi və təbliği sahəsində böyük fəallıq nümayiş etdirir. Təhsil müəssisəsində ulu öndər Heydər Əliyevin mənəvi irsinin, bu fövqəlbəşər şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifə kimi qiymətləndirilir. Hazırda universitetdə fəaliyyət göstərən “Heydər Əliyev muzeyi” bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə göstərilməsi, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.
Bütün bunlar göstərir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.Müstəqil Azərbaycanın son illər qazandığı böyük iqtisadi nailiyyətləri bu gün Bakı Dövlət Universitetinin çoxsaylı tələbə-müəllim heyəti də öz gündəlik həyatında hiss edir və ardıcıl olaraq həyata keçirilən, hər bir ölkə vətəndaşının mənafeyinə əsaslanan islahatları böyük rəğbətlə qarşılayırlar. Hamıda belə bir səmimi inam var ki, milli müstəqilliyə davamlı təminat yaratmış ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyev yaxın perspektivdə Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə qaldıracaq, xalqın dəstəyi ilə bütün problemlərin həllinə nail olacaqdır.
Yeni Azərbaycan. – 2014.- 12 dekabr. S.
8.